Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Moskvadan vətənə yola düşməzdən əvvəl \"Vnukovo-2\" aeroportunda jurnalistlərə bəyanatı - 20 yanvar 1996-cı il

Azərbaycan nümayəndə heyəti Moskvaya səfərindən çox razıdır. Ən əvvəl ona görə ki, müstəqil dövlətlərin başçılarının çox yaxşı görüşü oldu. Görüşdə biz olduqca mühüm məsələləri müzakirə etdik, Rusiya prezidenti Boris Nikolayeviç Yeltsini MDB Dövlət Başçıları Şurasının 1996-cı il üçün sədri seçdik.

Dövlət başçılarının işində hökm sürmüş mühit - həm MDB başçıları görüşən vaxtda da, həm nümayəndə heyətlərinin ümumi iclası keçirilən vaxtda da çox yaxşı, xeyirxah, mehriban bir mühit idi. Bütün bunlar onu göstərir ki, birlik inkişaf edir, möhkəmlənir və Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrin daha geniş inteqrasiyasının təmin olunması üçün çox mühüm bir təşkilata çevrilir. Mən dövlət başçılarının işinin yekunlarını prinsipcə müsbət qiymətləndirir və buradan yaxşı əhval ilə gedirəm.

Bizim ikitərəfli görüşlərimiz oldu. Mən ən əvvəl Boris Nikolayeviç Yeltsin ilə görüşdüm. Mən bu görüşdən, söhbətdən çox razıyam. Onun gedişində biz bir sıra məsələləri müzakirə etdik. Əlbəttə, müzakirəmizin mövzusu Dağlıq Qarabağla əlaqədar Ermənistanla Azərbaycan arasında münaqişənin aradan qaldırılması ilə bağlı idi.

Boris Nikolayeviç indi bu məsələ ilə daha fəal məşğul olmaq, daha böyük səy göstərmək istədiyini bildirdi. Təbiidir ki, atəşin müvəqqəti olaraq dayandırılmasının böyük sülhə çevrilməsi üçün istər Ermənistan, istərsə də Azərbaycan tərəfindən səylər göstərilməlidir. Əlbəttə, burada Rusiya da öz mühüm rolunu oynaya bilər. Mən bu fikirdəyəm ki, Boris Nikolayeviç bu məsələ ilə ciddi məşğul olmaq niyyətindədir. Mən bunu hiss etdim.

Bu görüşlərin - həm Rusiya prezidenti ilə, həm də xarici işlər naziri Yevgeni Maksimoviç Primakov ilə görüşlərin nəticəsində MDB dövlətlərinin başçılarına müraciət qəbul edildi. Ən əvvəl Azərbaycan və Ermənistan prezidentlərinə, bütün dövlət başçılarına ünvanlanmış bu müraciətdə tərəflər atəşkəs rejimini möhkəmlətməyə, Böyük Sülh Sazişi imzalanan vaxtadək həmin rejimin pozulmasına yol verməməyə, bu sazişin tezliklə imzalanması üçün səy göstərməyə çağırılır. Müraciətin mətni dərc ediləcəkdir. Özünüz görəcəksiniz, orada çox yaxşı fikirlər var.

Boris Nikolayeviçlə biz bütün sahələrdə Azərbaycan ilə Rusiya arasında münasibətlərin daha da genişləndirilməsi ilə bağlı digər mühüm məsələləri də müzakirə etdik. Söhbətimizin gedişində toxunulmuş bütün məsələlər barəsində aramızda yekdillik və qarşılıqlı anlaşma oldu. Bütün bunlar inam yaradır ki, biz fəal əməkdaşlıq edəcəyik. İndiki mərhələdə bizim üçün əsas isə 2000-ci ilədək Rusiya ilə Azərbaycan arasında uzunmüddətli əməkdaşlıq haqqında sazişdir. Onu Rusiya hökuməti sədrinin müavini Aleksey Alekseyeviç Bolşakov və bizim baş nazir Fuad Quliyev imzaladılar. Biz 1996-cı ildə ticarət-iqtisadi əməkdaşlıq haqqında saziş də imzaladıq. Bununla əlaqədar mən Rusiya Federasiyası hökumətinin baş naziri Viktor Stepanoviç Çernomırdin ilə görüşə və danışıqlara çox böyük əhəmiyyət verirəm.

Biz onunla Azərbaycan və Rusiya arasında əməkdaşlığın daha da genişləndirilməsi problemləri ilə bağlı məsələlərin, demək olar, hamısını müzakirə etdik və Ermənistan ilə Azərbaycan arasında münaqişəyə, digər məsələlərə də toxunduq. Viktor Stepanoviç Çernomırdin ilə danışıqlarımızda Azərbaycandan neftin Rusiya ərazisi ilə nəql edilməsi məsələləri mühüm yer tutdu. Mən hesab edirəm ki, biz Rusiya ərazisi ilə Qara dəniz sahilinə gedəcək neft kəmərinin çəkilməsinə dair çox mühüm sənəd imzaladıq. Bu sənəd son vaxtlar Rusiyada da, Azərbaycanda da, başqa ölkələrdə də çox böyük maraq doğurmuşdur. Zənnimcə, onun imzalanması hər cür şayiələrə, söz-söhbətlərə və uydurmalara son qoyur, ən başlıcası isə, apardığımız böyük işə yekun vurur. Bu mühüm sənədi V.S. Çernomırdinlə mən imzaladıq.

Digər görüşlər də oldu. Mən yalnız əsas görüşlərdən danışdım. Buna görə də Moskvadan xoş duyğularla və yaxşı əhval ilə gedirəm. Burada bizə, dövlət başçılarına həmişəki kimi, yenə də böyük qonaqpərvərlik göstərildi. Biz hamımız özümüzü çox səmimi şəraitdə, dostluq şəraitində hiss edirik. Əslinə qalsa, həmişə belə olmuşdur və indi də belədir. Bu, çox böyük minnətdarlıq hissi doğurur.

Nəqliyyat kommunikasiyalarının açılması perspektivləri məsələsi də müzakirə edildi.