Naxçıvan qarnizonu \"N\" hərbi hissəsinin şəxsi heyəti ilə görüşdə Azərbaycan Prezidenti, Ali Baş Komandan Heydər Əliyevin nitqi - 11 oktyabr 1999-cu il

Əziz əsgərlər, zabitlər, generallar!

Müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasında yerləşmiş qoşun hissələri!

Mən sizin hamınızı səmimi qəlbdən salamlayıram. Sizə müstəqil Azərbaycanın Silahlı Qüvvələrinə, hər bir əsgərə, hər bir zabitə, hər bir döyüşçüyə özünüzü vətənin müdafiəçisi kimi gözəl bir peşəyə həsr etdiyinizə görə hörmət və ehtiramımı bildirirəm.

Azərbaycan 8 il bundan öncə öz dövlət müstəqilliyini bərpa etmək haqqında Konstitusiya Aktı qəbul edibdir. 8 ildir ki, Azərbaycan öz müstəqilliyini qoruyur, saxlayır, möhkəmləndirir. Hər bir müstəqil dövlətin öz torpaqlarını, ərazisini, dövlətini, xalqını müdafiə etməyə qadir olan ordusu, silahlı qüvvələri olmalıdır. Mən məmnuniyyət hissi ilə deyə bilərəm ki, müstəqil Azərbaycanın bu gün güclü ordusu, silahlı qüvvələri - Azərbaycanın dövlətini, dövlətçiliyini, müstəqilliyini, Azərbaycan xalqının təhlükəsizliyini, ölkəmizin torpaqlarını qorumağa, müdafiə etməyə qadir olan silahlı qüvvələri vardır. Bu, bizim son illər əldə etdiyimiz ən böyük nailiyyətdir.

Bilirsiniz ki, Azərbaycan öz dövlət müstəqilliyini əldə edən zaman onun ordusu yox idi, amma bununla bərabər artıq 1988-ci ildən Ermənistanın Azərbaycana etdiyi hərbi təcavüz nəticəsində torpaqlarımızı müdafiə etmək üçün ölkəmiz döyüşlər aparırdı. Təbiidir, mütəşəkkil ordusu olmayan, Ermənistanın təcavüzünə hazır olmayan bir ölkədə uğurlu döyüşlər aparmaq mümkün deyildi. Bu uğursuzluqların səbəblərindən biri də ondan ibarət idi ki, hələ sovet hakimiyyəti dövründə, 1988-ci ildə Ermənistan Azərbaycana Dağlıq Qarabağ ilə əlaqədar torpaq iddiası edərkən Azərbaycan bunun qarşısını almaq üçün lazımi dövləti tədbirləri görə bilmədi. Ermənistan tərəfi belə bir təcavüzə hazırlaşırdı, - bu, artıq göz qabağında idi, - əhali orada silahlanırdı. Ancaq təəssüflər olsun ki, Azərbaycan isə, - Azərbaycan deyəndə mən onun rəhbərlərini nəzərdə tuturam, - bu məsələlərə çox biganə yanaşmışdı, Azərbaycan torpaqlarının qorunması üçün xalqın döyüş ruhunu yüksəltmək, xalqı öz torpağını müdafiə etməyə qaldırmaq, vətənpərvərlik tərbiyəsi aparmaq işlərini demək olar ki, tamamilə buraxmışdı.

Bundan əlavə, Ermənistan silahlı qüvvələrinin təcavüzü başlayandan sonra Azərbaycanda bəzi qüvvələr özlərinə silahlı dəstələr yaratdılar və Azərbaycan torpaqlarını, Dağlıq Qarabağ ətrafında olan torpaqları müdafiə etmək əvəzinə, bu fürsətdən istifadə edərək silah əldə edib daxildə silahlı dəstələrlə bir-biri ilə vuruşmağa, hakimiyyət mübarizəsinə başladılar.

Bunlar hamısı Azərbaycanın daxilində ictimai-siyasi sabitliyi pozdu. Bunlar hamısı Azərbaycan xalqının birləşməsinə, bir yumruq kimi güc toplayıb Ermənistan silahlı qüvvələrinin qarşısını almasına nəinki təminat vermədi, hətta çox maneçilik etdi. Bütün bunların nəticəsində Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunubdur. İşğal olunmuş torpaqlardan bir milyondan artıq azərbaycanlı öz yerindən, yurdundan zorla çıxarılıbdır.

Azərbaycanda bu cür hərc-mərclik, hakimiyyətsizlik, dərəbəylik bir neçə il hökm sürdü. Nəhayət, bunlar bir tərəfdən Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasına gətirib çıxardı, digər tərəfdən isə Azərbaycanın daxilində vəziyyəti daha da gərginləşdirdi. 1993-cü ilin iyun ayında Azərbaycanda artıq vətəndaş müharibəsi başlandı, Azərbaycan parçalanmağa başladı. Ölkəmiz dağıdılmaq təhlükəsi qarşısında idi. Bu zaman da Azərbaycanın lazımi səviyyədə ordusu yox idi. Artıq dövlət müstəqilliyi əldə edəndən iki ildən çox bir dövr keçməsinə baxmayaraq, daxili münaqişə, hakimiyyət mübarizəsi o yerə gətirib çıxardı ki, o vaxtkı Azərbaycan iqtidarı Ermənistan silahlı birləşmələri ilə vuruşmağı, torpaqların müdafiəsini də unudaraq bir çox silahlı qüvvələri cəbhədən çıxarıb Azərbaycanın daxilində hakimiyyət mübarizəsi etməyə başladı.

Həmin silahlı qüvvələrin bir qismini o vaxt Xalq Cəbhəsi iqtidarı tərəfindən Dağlıq Qarabağda Azərbaycan prezidentinin səlahiyyətli nümayəndəsi, Azərbaycan Ordusunun hamısının baş komandanı təyin edilmiş, heç bir hərbi peşəyə malik olmayan Surət Hüseynov ölkədə hakimiyyəti ələ keçirmək üçün cəbhədən geri çəkdi. Bununla bərabər, o vaxtkı Xalq Cəbhəsi iqtidarı Surət Hüseynovun dəstələrindən özünü qorumaq üçün ordunun digər hissəsini cəbhədən çəkib Bakıya gətirdi.

Eyni zamanda, yenə də Azərbaycanı dağıtmağa cəhd göstərən, Xalq Cəbhəsinin içindən çıxmış, heç bir hərbi peşəyə malik olmayan, ancaq polkovnik rütbəsinə kimi gəlib çatan və böyük bir hərbi dəstəyə rəhbərlik edən Əlikram Hümbətov həmin hərbi dəstəni cəbhədən çıxararaq, Lənkəran bölgəsinə aparıb orada özü üçün yeni bir \"respublika\" yaratmağa cəhd göstərdi.

Beləliklə, Azərbaycan artıq parçalanırdı və müxtəlif qüvvələr hakimiyyət mübarizəsi apararaq vətəndaş müharibəsinə qoşuldular. Ən ağır cəhət ondan ibarət idi ki, Azərbaycanın o vaxt hələ tam yaranmamış ordusuna rəhbərlik edən adamlar da peşəkar hərbçilər yox, küçədən çıxmış - biri yun fabrikinin direktoru, yaxud yun tədarükçüsü, digəri hansısa məktəbdə müəllim, o biri hansısa polis idarəsində, nə bilim, xırda bir vəzifədə işləmiş adamlar idilər.

Azərbaycan Ordusunun yaranmasının ilk illəri belə ağır, çətin dövrdə oldu. Məhz bunların nəticəsində, ancaq buna görə, Azərbaycanın o vaxtkı iqtidarları - 1988-ci ildən başlayaraq 1993-cü ilə qədər - yalnız özləri haqqında düşündüklərinə görə, yalnız öz hakimiyyətlərini bərkitmək üçün, yaxud birinin o birisinin əlindən hakimiyyəti alması üçün daxili mübarizə apardıqlarına görə Azərbaycanın vətənpərvər, canını torpaq yolunda şəhid etməyə hazır olan yüz minlərlə insanı başsız qaldı.

Ancaq buna baxmayaraq, Azərbaycan oğulları bütün bu daxili münaqişələrdən, bütün bu cürbəcür çirkin hərəkətlərdən kənarda olaraq torpaqlarımızı qoruyurdular. Onların bir çoxu torpaqlarımızı qoruyarkən şəhid oldular. O illərdə Azərbaycan tarixdə görünməmiş qədər şəhidlər verdi. O şəhidlərə nə hakimiyyət, nə var, nə də dövlət lazım idi. Onlar torpaq uğrunda, Azərbaycan uğrunda, öz xalqının mübarizəsi uğrunda qəhrəmancasına döyüşürdülər, şəhid olurdular.

Ancaq təəssüflər olsun ki, onların ümumi bir rəhbərliyi, ümumi peşəkar komandanlığı olmadığına və bu döyüşləri aparmaq üçün onlara lazımi silah-sursat verilmədiyinə və başqa səbəblərə görə biz çox itkilər verdik, qan töküldü, Azərbaycan xalqı şəhidlər verdi. Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarını işğal edə bildilər. Bu, bizim ordumuzun yaranmasının və müstəqil Azərbaycan dövlətinin yaranmasının ilk illəri haqqında qısaca fikirlərdir.

1993-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu, dövlətçilik, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesi başlandı. Biz bu işi sürətlə aparırdıq. Ancaq yenə də bizə mane olmaq istəyirdilər. O silahlı dəstələr Azərbaycanda hələ yenə də mövcud idi. Onlar 94-cü ilin oktyabr ayında yenə də silah gücü ilə Azərbaycanda dövlət çevrilişi etməyə cəhd göstərdilər. Amma xalq öz sözünü dedi və o cinayətlərin qarşısı alındı, onlar öz cəzalarını çəkdilər. Ondan altı ay sonra - 1995-ci ilin mart ayında başqa bir silahlı dəstə yenidən silah gücü ilə Azərbaycanda hakimiyyəti ələ almaq istədi. Bunun da qarşısı Azərbaycanın artıq güclü silahlı qüvvələri tərəfindən alındı.

Bunlar hamısı Azərbaycan Silahlı Qüvvələrinin böyük sınaqdan keçməsini göstərdi. Bu hadisələr - 94-cü ilin oktyabr, 95-ci ilin mart hadisələri Azərbaycan xalqının birliyini, yekdilliyini nümayiş etdirdi. Həmin o qanunsuz silahlı dəstələr və vaxtilə hakimiyyətdə olub, sonra qaçıb gizlənib, bir müddətdən sonra müxalifət kimi fəaliyyətə başlayan insanlar gördülər və əgər kor deyillərsə, görməlidirlər ki, dövləti necə qurmaq olar, ordunu necə yaratmaq olar, ordu necə yarana bilər.

İndi, son illərdə bizim Azərbaycanın dövlətçiliyimizə layiq, müstəqilliyimizə layiq güclü ordusu yaranıbdır. Burada Naxçıvan Muxtar Respublikasının ərazisini, torpağını daim müdafiə etməyə hazır olan hərbi dəstələr yerləşir.

Azərbaycanda gedən bu proseslər Naxçıvan Muxtar Respublikasında da müəyyən qədər öz əksini tapdı. Naxçıvanlılar bilir və bütün Azərbaycana məlumdur ki, 1990-91-ci illərdə biz burada ordumuz olmadan, lazımi qədər silahlı dəstələrimiz olmadan Naxçıvanı qoruduq, saxladıq. Naxçıvanla Ermənistan arasında mümkün olan bəzi fitnəkarlıqlar yaranmasının qarşısını aldıq, münaqişəyə yol vermədik və Naxçıvan qorundu.

Mənim xatirimdədir, o vaxtlar - 90-91-ci illərdə, 92-ci ilin avqustuna qədər burada hələ sovet ordusunun hissələri yerləşirdi: 75-ci motoatıcı diviziya. Onun da bir alayı burada yerləşirdi. Mən o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olaraq hələ Azərbaycanda, o cümlədən Naxçıvanda olan hərbi hissələrlə sıx əlaqə saxlayırdım. Çünki bunlar bizə lazım idi. Naxçıvanı Ermənistanın hərbi təcavüzündən qorumaq üçün bu əlaqələr, bu əməkdaşlıq bizə lazım idi. O vaxt da mən buraya gəlmişdim. O, sovet ordusunda ən yüksək göstəricilərə malik olan bir alay idi.

1992-ci ilin yayında, Azərbaycan dövlət müstəqilliyini artıq əldə edəndən sonra Azərbaycan ərazisindəki Rusiya qoşunları, yəni sovet ordusunun hissələri Rusiyanın sərəncamına keçmişdi. Rusiyanın hərbi hissələri Azərbaycanda ilk dəfə Naxçıvandan çıxarıldı. Biz öz əməkdaşlığımızla, apardığımız düzgün siyasətimizlə onlara anlatdıq ki, 75-ci diviziyanın Azərbaycanda qalmasına ehtiyac yoxdur. Onlarla danışıqlar apardıq və mənim danışıqlarım çox ciddi xarakter daşıyırdı. Mən o vaxt Moskvaya, Rusiyanın rəhbərliyinə də müraciət etdim, onlara da anlatdım ki, burada Rusiya diviziyasının qalması mümkün deyildir. Biz xoşluqla, razılıqla həmin diviziyanın, o cümlədən burada yerləşmiş hərbi hissənin şəxsi heyətini buradan çıxardıq.

Ancaq nə cür çıxardıq? Danışdıq, buradan ancaq şəxsi heyət çıxdı, öz əşyaları ilə. Bütün silah-sursat, burada yaradılmış hərbi qurğular, diviziyanın burada olan bütün əmlakı Naxçıvan Muxtar Respublikasına təhvil verildi. O təhvil-təslim aktları indi də buradadır. Orada hər bir tüfəng, hər bir tapança, hər bir bir pulemyot yazılmışdır. O vaxt Naxçıvanın başçısı kimi, mənim məqsədim ondan ibarət idi ki, nizami ordu hissəsinin silah-sursatını, maddi-texniki bazasını, binalarını qoruyub saxlayaq.

Ancaq təəssüflər olsun ki, artıq o vaxt Azərbaycanda Xalq Cəbhəsi hakimiyyətdə idi və onlar Naxçıvanda təxribatla məşğul idilər. O vaxt Azərbaycanın müdafiə naziri müdafiədən, hərbi işdən heç bir məlumatı olmayan Rəhim Qazıyev kimi yaramaz adam idi. Amma bu, təkcə müdafiə nazirinin işi deyildi, başqalarının da işi idi. O cümlədən, Azərbaycanın o vaxtkı prezidentinin işi idi.

Bəli, bizdən soruşmamış vaxtilə sahə müvəkkili olmuş bir adamı gətirib burada komandan qoydular. Mən o vaxt ürək ağrısı keçirirdim - mənə məlumatlar gəlirdi ki, burada olan şeylər dağıdılır, satılır, hərbi sursat satılır, burada olan böyük hərbi texnika sıradan çıxarılır və böyük cinayətlər edilir. Böyük zərbə vuruldu.

Ancaq 93-cü ildə mən Azərbaycanda hakimiyyətə yenidən dönəndən sonra çalışdım ki, burada vurulan zərbələrin qarşısı alınsın. Qarşısını da ala bildik. Təkcə burada yox, o vaxt Sovet İttifaqının Naxçıvanda yerləşən 41-ci sərhəd dəstəsinin də şəxsi heyətini buradan çıxarıb onun bütün əmlakını, silah-sursatını, maddi-texniki bazasını Azərbaycanın, Naxçıvanın sərəncamına aldıq. Oranı da dağıtdılar, qısa bir müddətdə dağıtdılar. O vaxt mənim ürəyim ağrıyırdı. Ancaq hakimiyyət o vaxt Xalq Cəbhəsinin əlində idi, onlar bu işləri birbaşa görürdülər. Buraya toplaşmış quldurlar, yaramaz adamlar, heç bir savada, biliyə malik olmayan adamlar böyük zərbələr vurdular.

İndi mən yenidən bu hərbi hissəyə gəlmişəm. Məlumatım var, daim soruşuram, Naxçıvandakı silahlı qüvvələrin vəziyyətini bilirəm. Eyni zamanda, görürəm ki, son illərdə burada böyük bərpa işləri gedibdir, bu alayın keçmiş siması özünə qayıdıbdır. Burada deyildi ki, hərbi hissələrə 98 faiz zabitlər rəhbərlik edirlər. Yararlı, qəhrəman əsgərlər var. Burada lazımi işlər görülür və deyə bilərəm ki, Naxçıvan Muxtar Respublikasının ərazisində olan hərbi hissə Azərbaycan Ordusunun qabaqcıllarından biridir.

Hörmətli zabitlər, hörmətli komandirlər, hörmətli əsgərlər, bunları siz yaratmısınız. Burada Azərbaycan Ordusunun çox güclü bir hissəsi yerləşibdir. Burada Azərbaycan Ordusunun yüksək vətənpərvərlik ruhu ilə yaşayan, hərbi peşəni mənimsəyən və hər an, hər saniyə Azərbaycanın torpaqlarını qorumağa qadir olan, özünü vətən yolunda şəhid etməyə qadir olan döyüşçüləri yerləşibdir. Bu, məni çox sevindirir, həddindən artıq sevindirir.

Bilin ki, Azərbaycan Ordusunun başqa hissələrində də eyni vəziyyətdir. Beləliklə, son illərdə Azərbaycanda müstəqil dövlətimizə layiq olan və bu gün Azərbaycanı müdafiə etməyə qadir olan ordu yarada bilmişik. Bu, bizim böyük nailiyyətimizdir. Ancaq əgər o təxribatlar olmasaydı, Azərbaycan dövlət müstəqilliyini əldə edən kimi ölkədə layiqli rəhbərlik olsaydı, ordu quruculuğu prosesi normal vəziyyətdə aparılsaydı, şübhəsiz ki, torpaqlar da əldən getməz, ordumuz daha da güclü olardı.

Ancaq mən inanıram ki, Azərbaycan Ordusunda, o cümlədən Naxçıvanda gedən işlər ordumuzu gündən-günə gücləndirir. İndi yüksək hərbi peşə əldə etmək, onu mənimsəmək hər bir zabitin, hər bir əsgərin müqəddəs vəzifəsi olubdur. Mən belə hiss edirəm. Ancaq arzu edirəm ki, bundan da yaxşı olsun. Arzu edirəm ki, hər bir Azərbaycan əsgəri, birincisi, vətənpərvərlik ruhu ilə yaşasın. İkincisi, əsgərlik dövründə hərbi peşəni tam mənimsəsin. Üçüncüsü, ordu nizam-intizamına həmişə sadiq olsun. Dördüncüsü, ordunun nüfuzunu, ölkəni, xalqı müdafiə etmək kimi şərəfli peşəni sevsin. Əsgərlik vaxtı qurtarandan sonra da, harada işləyib-işləməməsindən asılı olmayaraq, istənilən vaxt yenə də ordu sıralarında durmağa hazır olsun.

Mən arzu edirəm ki, bizim zabitlər öz biliklərini, təcrübələrini artırsınlar. Hərbi peşələrini təkmilləşdirsinlər, əsgərlər üçün nümunə - nizam-intizam nümunəsi, qəhrəmanlıq nümunəsi, peşəkarlıq nümunəsi, vətənpərvərlik nümunəsi olsunlar.

Mən arzu edirəm ki, bütün Azərbaycan xalqı bizim yaratdığımız ordu ilə fəxr edərək, eyni zamanda böyük hərbi vətənpərvərlik hissi ilə yaşasın. Mən arzu edirəm ki, hər bir Azərbaycan vətəndaşı ordunu sevsin və orduya yardım etsin.

Mən arzu edirəm ki, hər bir Azərbaycan gənci Azərbaycan Ordusunda xidmət etməyi özünün müqəddəs vəzifəsi kimi qəbul etsin. Orduda xidmət etməyən gənc cəmiyyətdə böyük hörmət qazana bilməz. Cəmiyyətdə, gələcək həyatda hörmət qazanmaq istəyən gənc gərək mütləq, mütləq əsgərlik borcunu yerinə yetirsin. Əsgərlik borcunu yerinə yetirmək hər bir azərbaycanlı gəncin müqəddəs vəzifəsidir. Mən bu gün bir daha bütün Azərbaycan gənclərini bu müqəddəs borclarını yerinə yetirməyə dəvət edirəm.

Mən bu gün Azərbaycanın əsgərlərinə, Azərbaycanın zabitlərinə, Azərbaycanın Ordusuna bir daha böyük məhəbbətimi bildirirəm. Əmin ola bilərsiniz ki, Azərbaycanın prezidenti, Ali Baş Komandan kimi mən orduya qayğını, diqqəti gündən-günə artırıram və bundan sonra da artıracağam. Sizdən də dövlətin bu qayğısına, diqqətinə cavab olaraq sədaqətli xidmət gözləyirəm. Əminəm ki, belə də olacaqdır.

Azərbaycan Ordusuna uğurlar olsun!

Naxçıvan Muxtar Respublikasında xidmət edən əsgərlərə, zabitlərə, bütün ordu hissələrinə uğurlar olsun!

Azərbaycan torpaqlarının müdafiəsinə həmişə hazır olun! Sağ olun.

Əziz əsgərlər və zabitlər! Mənim proqramım indi başqa böyük tədbirlərlə əlaqədardır. Ona görə də mən burada, sizinlə birlikdə olmaq imkanına malik deyiləm. Təəssüf edirəm ki, burada sizin təntənəli marşınızı öz gözümlə görməyəcəyəm. Amma bilirəm ki, çox yüksək nizam-intizama və qanun-qaydaya maliksiniz. Ona görə də mən sizi tərk edir və bu işlərə rəhbərliyi komandana həvalə edirəm. Sağ olun.

\"Azərbaycan\" qəzeti, 12 oktyabr 1999-cu il.