Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 5-ci ildönümü munasibətilə keçirilən təntənəli yığıncaqda nitqi - Şəhriyar adına Mədəniyyət mərkəzi, 7 oktyabr 1996-cı il

Əziz əsgərlər, zabitlər, Azərbaycanın Silahlı Qüvvələrinin döyüşçüləri!

Hörmətli xanımlar və cənablar!

Sizi, bütün xalqımızı Azərbaycan Respublikası Milli Ordusunun, Silahlı Qüvvələrinin yaranmasının beşinci ildönümü münasibətilə ürəkdən təbrik edirəm!

Bu salondan, Azərbaycanın paytaxtından cəbhə bölgələrinə, torpağımızın keşiyində duran əsgərlərimizə, zabitlərimizə, döyüşçülərimizə bayram salamları göndərirəm.

Bu gün biz Silahlı Qüvvələr gününü qeyd edirik. Bu, bizim milli bayramımızdır. Ordumuzun beş yaşı tamam olur. Ordumuzun əsgərlərinin, zabitlərinin əksəriyyəti cəbhə bölgələrindədir. Onlar Azərbaycanın hüdudlarını, ölkəmizin ərazilərini qorumaqdadırlar, səngərdədirlər, öz xidmətlərini həyata keçirirlər. Bu gün mən arzu edərdim ki, onlar bu salonda səslənən sözləri, bizim salamlarımızı eşitsinlər, təbriklərimizi qəbul etsinlər, Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü keşiyində bundan sonra da qəhrəmancasına dursunlar.

Ordumuzun yaranmasından beş il keçir. Bu beş ildə bizim ordumuz böyük, keşməkeşli, ziddiyyətli yol, ancaq ümumən şərəfli yol keçibdir. Bu gün biz böyük iftixar hissi ilə deyirik ki, müstəqil Azərbaycan Respublikasının Milli Ordusu var. Bu, Azərbaycan xalqının böyük milli nailiyyətidir.

Bu beş il içərisində, Azərbaycan Ordusunun yaranması, formalaşması mürəkkəb şəraitdə keçibdir, çətinliklər, maneələr olub xəyanətlər, təxribatlar olub. Məhz bunlara görə də Azərbaycan Ordusu yaranmağa başladığı ilk gündə ayağa dura bilməyibdir. Məhz bunlara görə də xalqımız, Vətənimiz böyük itkilər veribdir, ölkəmizin ərazisinin bir qismi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunubdur, Azərbaycanın sərhədləri, ərazi bütövlüyü pozulubdur. Amma eyni zamanda Azərbaycanın mərd, igid oğulları, vətənpərvər insanları respublikamızın müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü qorumuş, qoruyub saxlamaq üçün mübarizə etmiş və canlarını qurban vermişlər.

Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda şəhid olmuş övladlarımızı bu bayram günü bir daha böyük minnətdarlıq hissi ilə xatırlayırıq. Onların qəhrəmanlıq nümunələri bizim qəlbimizdə əbədi yaşayacaqdır və ordumuzun bugünkü əsgərləri, gələcəkdə döyüşçülər üçün nümunə, örnək olacaqdır. Onlar öz qəhrəmanlıqları ilə özlərini əbədiləşdiriblər. Ordumuz məhz həmin qəhrəmanlıq nümunələri əsasında formalaşır, qurulur, böyüyür, artıq bu gün Azərbaycanın dövlət mustəqilliyini, ölkəmizin hüdudlarını, ərazisini qoruya bilən qüdrətli bir orduya çevrilibdir.

Ordumuzun dövlət quruculuğu işi ləng gedibdir. Bu iş əsasən 1993-cü ilin noyabrında başlanıbdır. 1993-cü ilin noyabrından sonra gedən döyüşlərdə Azərbaycan Ordusu, igidlərimiz, oğullarımız xüsusi qəhrəmanlıq nümunələri göstəriblər. Sübut ediblər ki, Azərbaycan xalqının özünü, öz dövlətini qoruya bilən əsgərləri, zabitləri, ordusu var. Mən əminəm ki, xalqımızın çoxəsrlik tarixinə həkk olunmuş qəhrəmanlıq, rəşadət ənənələri əsasında, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin, ərazi bütövlüyünün qorunması, torpaqlarımızın müdafiəsi uğrunda nümayiş etdirilmiş qəhrəmanlıq ənənələri əsasında Milli Ordumuz günü-gündən möhkəmlənəcək, güclənəcək, qüdrətlənəcək və Vətənimizin müstəqilliyini, ərazi bütövlüyünü qətiyyətlə müdafiə etməyə qadir olacaqdır.

Ordu quruculuğunda böyük səhvlər buraxılıbdır. Eyni za­manda biz bu gün iftixar hissi ilə deyə bilərik ki, böyük nailiyyətlərimiz də var. Bir daha qeyd edirəm, nailiyyətlərimiz ondan ibarətdir ki, Azərbaycan Ordusu artıq formalaşıb, qurulub və dövlətçiliyimizi, dövlətimizin torpaqlarını, ərazisini, müstəqilliyini qorumağa qadirdir. Ancaq indiyə qədər görülən işlərə yüksək qiymət verərək bu gün - Milli Ordumuzun beş illik yubileyi, bayram günü bilməliyik ki, hələ qarşıda böyük və gərgin iş durur. Keçmişdə buraxılan səhvlərdən nəticə çıxarmaq lazımdır, bundan sonra onlara yol vermək olmaz. Ordu həqiqi Milli Ordu olmalıdır, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasına, dövlətçiliyinə sadiq ordu olmalıdır. Ordu siyasətdən kənar olmalıdır. Ordu Azərbaycan dövlətinin, dövlətçiliyinin siyasəti əsasında yaşamalıdır, fəaliyyət göstərməlidir.

Keçən illərdə Azərbaycanın başına gələn bəlaların və ordu quruculuğunda olan geriliklərin, buraxılan səhvlərin əsas səbəbi də məhz ondan ibarətdir ki, respublikamızda ordu qurularkən, eyni zamanda cürbəcür qeyri-qanuni silahlı dəstələr mövcud olmuşdur. Ordu qurmaq əvəzinə ayrı-ayrı vəzifəli şəxslər, siyasətə qoşulmuş insanlar ordunun hissələrindən öz şəxsi məqsədləri üçün istifadə etməyə çalışmışlar və beləliklə də, ordu quruculuğunda böyük pozuculuğa yol vermişlər. Məhz bunlar hamısı həm Azərbaycanın dövlət quruculuğunda, həm də ordu quruculuğunda böyük itkilərə, fəlakətlərə gətirib çıxarmış və Azərbaycanın ərazisinin bir qisminin işğal edilməsinin əsas səbəbi olmuşdur.

Bunları xatırlayaraq, dərk edərək, buraxılan səhvlərdən, əyintilərdən nəticə çıxararaq bu gün artıq hamı bilməlidir ki, ordu quruculuğunda keçmişdə olan hallara yol verilə bilməz. Ordumuz sağlam ordu olmalıdır. Azərbaycan xalqının milli, mənəvi ənənələri əsasında tərbiyələnən, möhkəmlənən, hazırlanan və inkişaf edən ordu olmalıdır. Qarşıda duran vəzifəmiz ordumuzu məhz bu yolla aparmaq, gücləndirmək, hər bir əsgərin döyüş qabiliyyətini artırmaq, ordumuzun peşəkarlığını, zabitlərin, komandirlərin peşəkarlığını inkişaf etdirməkdən ibarətdir.

Ordumuz peşəkar zabitlər, komandirlər tərəfindən idarə olunmalıdır. Onlar bir tərəfdən öz biliklərini, təcrübələrini təkmilləşdirməlidirlər. Bununla yanaşı olaraq, ordu hissələrində nizam-intizamı möhkəmləndırib, əsgərlərimizi, döyüşçülərimizi yüksək döyüş ruhunda tərbiyə etməlidirlər, hazırlamalıdırlar.

Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir əsgər, zabit, döyüşçü vətənpərvərlik hissini, Vətənə, torpaga, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır. Məhz bu keyfiyyətləri özündə cəmləşdirən, əks etdirən Azərbaycan Ordusunun döyüşçüsü ordumuzu möhkəmləndirə bilər və hər an qələbəyə nail ola bilər.

Hər bir hərbi hissədə təlim-tərbiyə işləri yüksək səviyyəyə qaldırılmalıdır. İndi ordumuz döyüşlər aparmır. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində baş vermiş müharibə gedişində 1994-cü ilin may ayında atəşkəs haqqında saziş əldə olunubdur. İki il beş aydır ki, biz atəşkəs şəraitindəyik. Bu müddət bizim ordumuzun qurulmasına, inkişaf etməsinə çox böyük imkanlar yaradıbdır. Ancaq qeyd etdiyim kimi, qarşıda bundan sonra da böyük vəzifələr durur. Ermənistanla Azərbaycan arasında olan hərbi münaqişəni biz sülh yolu ilə həll etmək istəyirik. Bütün dünyaya məlumdur ki, biz sülh tərəfdarıyıq, müharibəyə son qoymaq istəyirik, döyüşlərin bir daha baş verməsinin tərəfdarı deyilik. İşğal olunmuş torpaqlarımızın sülh yolu ilə azad edilməsinə nail olmağa çalışırıq, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasına çalışırıq.

İndiyədək bu sahədə çox işlər görülmüşdür. Biz bundan sonra da əzmlə çalışacağıq. Bütün imkanlardan istifadə edirik və bundan sonra da edəcəyik. Ancaq bununla yanaşı, ordu quruculuğu işində də qarşıda duran vəzifələri layiqincə yerinə yetirməliyik. Möhkəm, daimi sülh üçün müstəqil dövlətin, ölkənin güclü ordusu olmalıdır. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir. Bu sözləri həyata keçirmək, buna nail olmaq üçün müstəqilliyimizi həmişə qoruya bilən güclü ordumuz olmalıdır.

Bəyan etmişik ki, biz atəşkəs rejimini qoruyub saxlayacağıq. Amma eyni zamanda, bizim ordumuz, Silahlı Qüvvələrimiz atəşkəsin pozulmasının, ərazimizə hücum edənlərin qarşısını almağa hər an, hər dəqiqə, hər saat hazır və layiqli cavab verməyə qadir olmalıdır. Ordumuz daim sayıq olmalıdır. Hər bir hərbi hissədə sayıqlıq yüksək səviyyəyə qaldırılmalıdır.

Azərbaycan Ordusuna yeni çağırış başlanıbdır. Gənclər orduya səfərbər olunurlar. Xidmət edənlərin bir qismi təxris olunur. Bu, tamamilə normal prosesdir. Şükürlər olsun ki, indi belə bir normal şəraitdə bir tərəfdən xidmətini bitirmiş əsgərləri evlərinə buraxmağa imkanımız, eyni zamanda, gəncləri or­duya normal şəraitdə səfərbər etməyə şəraitimiz vardır. Bu şəraitdən çox səmərəli istifadə etmək lazımdır.

Azərbaycanın hər bir vətəndaşı bilməlidir ki, orduda xidmət hər kəsin müqəddəs, şərəfli borcudur. Dövlət müstəqilliyimizi əldə edənə qədər bizim Milli Ordumuz olmamışdır. İnsanlarımız, gənclərimiz o zaman mənsub olduğumuz dövlətin ordusunda xidmət etmişlər. Bu gün böyük iftixar hissi ilə demək olar ki, Azərbaycan oğulları o illərdə də ləyaqətlə xidmət etmişlər, böyük qəhrəmanlıq nümunələri göstərmişlər. Ancaq bütün keçmiş dövrlərdən fərqli olaraq, indi bizim ordu­muz öz dövlətimizin, xalqımızın ordusudur. Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm ölkənin qüdrətini artırır, həm də ordunu daha da qüvvətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir.

İndi orduya çağırılan gənclər bilməlidirlər ki, onlar öz şərəfli vəzifələrini yerinə yetirməyə çağırılırlar. O gənclərin valideynləri bilməlidirlər ki, onların övladları ölkə, dövlət qarşısında öz vətəndaşlıq borclarını layiqincə yerinə yetirməlidirlər. Orduya payız çağırışını məhz bu prinsiplər əsasında həyata keçirmək lazımdır. Hərbi hissəyə çağırılanlara xüsusi qayğı göstərilməlidir. Onlar ilk günlərdən nizam-intizama dəvət olunmalıdırlar. Şübhəsiz ki, əsgərlik xidmətini layiqincə yerinə yetirmək üçün onlara lazımi şərait yaradılmalıdır.

Nizam-intizam ordunun qüdrətinin əsasını təşkil edir. Təəssüflər olsun ki, keçən illərdə orduda, hərbi hissələrdə özbaşınalıq geniş yayılmışdı. Şübhəsiz ki, bu, nə əsgərlərin, nə də zabitlərin əksəriyyətinin günahı deyildi. Bu, sadəcə olaraq ayrı-ayrı siyasətbazlar, özlərini siyasətçi hesab edib ordudan, hərbi hissələrdən- şəxsi məqsədləri üçün istifadə edənlər tərəfindən meydana gəlmiş hallar idi. Bir daha qeyd edirəm ki, bunlar da ordu quruculuğumuza, ümumiyyətlə, ölkənin müdafiəsinə böyük zərbələr vurmuşdur. Ona görə də indi orduda, hər bir hərbi hissədə yuxarıdan aşağıyadək qanun-qayda, nizam-intizam, yüksək tələbkarlıq mövcud olmalıdır.

Hər bir zabit, komandir əsgərdən, özünə tabe olan zabitdən nizam-intizam tələb edərkən, qanun-qaydaya riayət etməyi tələb edərkən özü bu barədə nümunə göstərməlidir. Yüksək rütbəli zabitlərin, generalların nümunəsi, şübhəsiz ki, bütün or­duda sağlam mühit, sağlam əhval-ruhiyyə, möhkəm nizam-inti­zam yaratmaq üçün əsasdır.

Mən bu gün bütün zabit heyətindən, Müdafiə Nazirliyinin rəhbərliyindən tələb edirəm ki, orduda, Silahlı Qüvvələrdə, Müdafiə Nazirliyində nizam-intizamın, qanun-qaydanın möhkəmlənməsinə daha da çox fikir verilsin. Bu sahədə hələ nöqsanlar da çoxdur, səhvlər də buraxılıbdır. Bu nöqsanları, səhvləri aradan qaldırmaq lazımdır. Bir sözlə, indi biz elə bir mərhələdəyik ki, müstəqil Azərbaycanın bu günü, gələcəyi üçün layiqli, sağlam, çox qüdrətli ordu yarada bilərik. Bu imkanlardan istifadə etmək lazımdır. Bu, bizim şərəfli vəzifəmizdir. Bu, bizim borcumuzdur.

Ordu daim dövlət qayğısı altında olmalıdır, xalqın qayğısı ilə əhatə edilməlidir. Bu gün mən bütün vətəndaşlara bildirmək istəyirəm ki, ordunun möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün dövlət tərəfindən, Azərbaycanın prezidenti tərəfindən lazımi qayğı və diqqət göstərilir və bundan sonra da göstəriləcəkdir. Bir prezident kimi, Ali Baş Komandan kimi mən bunu özümün əsas vəzifəm hesab edirəm. Eyni zamanda, bütün hakimiyyət orqanlarını orduya daim qayğı göstərməyə dəvət edirəm. Bir daha qeyd edirəm, ordu dövlətin, xalqın, millətin qayğısı ilə əhatə olunmalıdır.

Bu gün ordunun təchizatında çətinliklər, problemlər var. Biz bunları həll etməyə çalışırıq. Amma eyni zamanda, yerli hakimiyyət orqanları da, təsərrüfat kollektivləri də, müəssisələr də, iş adamları da ordunun qayğılarının həll olunması üçün orduya yardım etməlidirlər. Bizim belə bir təcrübəmiz, ənənəmiz vardır. Xüsusən, 1993-cü ilin noyabr ayının əvvəlindən orduya xüsusi diqqət, güclü qayğı hərəkatı başlanmışdır. Amma indi bu, müəyyən qədər soyuyubdur. Hesab edirəm ki, bu proses daim davam etməlidir. Hər kəs orduya qayğı göstərməlidir, öz imkanlarından istifadə edib ordunun problemlərinin həll olunmasına çalışmalıdır, ordunun inkişaf etməsi üçün əlindən gələni əsirgəməməlidir.

Ordu bizim doğma ordumuzdur. Ordu xalqımızın tərkib hissəsidir. Ordu ölkəmizin, millətimizin dövlətimizin müstəqilliyinin dayağıdır. Ona görə də biz heç vaxt bunu unutmamalıyıq və orduya olan qayğını daim əsas vəzifəmiz kimi dərk etməliyik.

Hesab edirəm ki, Azərbaycanın Silahlı Qüvvələri, Milli Ordumuz bundan sonra da qarşısında duran vəzifələri layiqincə yerinə yetirəcəkdir. Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü uğrunda döyüşə, vuruşa daim hazır olacaqdır.

Mən əminəm ki, bizim ordumuz bu gün Azərbaycanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəldilmiş hər hansı bir qəsdə layiqli cavab verməyə hazırdır.

Xalqımızın, dövlətimizin ən ümdə məqsədi Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, işğal olunmuş torpaqlarımızı azad etmək, yerlərindən-yurdlarından didərgin düşmüş vətəndaşlarımızın evlərinə qayıtmasını təmin etməkdir. Biz bu yolda sülh addımlarımızı bundan sonra da davam etdirəcəyik, buna nail olmağa çalışacağıq. Eyni zamanda, xalqımız, ordu­muz bilməlidir ki, biz torpaqlarımızın bir qarışını belə heç kəsə güzəşt edə bilmərik, biz bununla heç vaxt razı ola bilmərik. Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün hər bir doyüşə, hər bir vuruşa hazır olmalıyıq!

Bu gün, bu bayram günü şəhid ailələrinə mən xususi hörmət və ehtiramımı bildirirəm. Azərbaycan torpaqlarının müdafiəsi yolunda xəsarət almış övladlarımıza öz hörmət və ehtiramımı bildirirəm. Torpaqlarımızın müdafiəsi uğrunda gedən müharibənin bütün iştirakçıları, qəhrəmanları dövlət və ictimaiyyət tərəfindən daim böyük qayğı ilə əhatə olunmalıdırlar. Mən bu gün hamını bir daha bu yola çağırıram. Sizi bu bayram münasibətilə bir daha təbrik edirəm. Azərbaycan Ordusuna yeni uğurlar, zəfərlər arzulayıram.

Azərbaycan əsgərinə eşq olsun!

Yaşasın Azərbaycan Milli Ordusu!