Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Trabzon zirvə görüşünün açılış mərasimində nitqi - \"Zorlu Qrand\" mehmanxanası, 29 aprel 2002-ci il

Türkiyə Cümhuriyyətinin Prezidenti hörmətli Əhməd Necdət Sezər!

Gürcüstan Prezidenti hörmətli Eduard Şevardnadze!

Xanımlar və cənablar!

Sizi səmimi-qəlbdən salamlayıram.

Qonşu və dost ölkələrimizin dövlət başçılarının bu görüşünü yüksək səviyyədə təşkil etdiyi üçün, bizə göstərilən qonaqpərvərliyə görə Türkiyə Cümhuriyyətinin prezidenti, əziz dostum Əhməd Necdət Sezərə minnətdarlığımı bildirirəm.

Ümid edirəm ki, region ölkələrinin dövlət başçıları arasında belə görüşlərin keçirilməsi bölgədə sülh və sabitliyə xidmət edir, iqtisadi inkişafa və tərəqqiyə təkan verir. Biz artıq bir müddətdir ki, Rusiya, Gürcüstan, Azərbaycan və Ermənistanın daxil olduğu «Qafqaz dördlüyü»nün mütəmadi görüşlərini keçiririk. Bir neçə gün bundan əvvəl Xəzəryanı dövlətlərin başçıları ilk zirvə görüşünə toplaşmışdılar. Bu görüşdə biz mövcud problemlərin həlli üçün, əməkdaşlığın daha da dərinləşdirilməsi və genişləndirilməsi üçün region dövlətlərinin birgə səylərinin nə qədər vacib olduğunu bir daha yəqin etdik. Mən Türkiyə, Gürcüstan və Azərbaycan prezidentlərinin bugünkü toplantısına da qarşılıqlı dialoqun yeni bir təzahürü kimi yanaşıram və Trabzon görüşünün işinə uğurlar arzulayıram.

Türkiyə, Gürcüstan və Azərbaycan tarixən həmişə sıx əlaqədə olublar. Xalqlarımızın çoxəsrlik tarixində heç vaxt nifaq və qarşıdurmaya yol verilməyibdir. Yeni şərait, yeni siyasi reallıqlar bizə bu tarixi ənənələri daha da inkişaf etdirmək üçün gözəl imkan yaradıbdır. Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndən sonra digər region dövlətləri ilə bir sırada Türkiyə və Gürcüstanla da sıx qarşılıqlı əlaqələr və əməkdaşlıq yolunu tutubdur. Biz bu gün həm ikitərəfli qaydada, həm də beynəlxalq qurumlar çərçivəsində uğurla əməkdaşlıq edirik. Ona görə də haqlı olaraq düşünürük ki, həyata keçirmək əzmində olduğumuz mühüm iqtisadi layihələr təkcə regionun simasını dəyişdirməyəcək, həm də xalqlarımızı və dövlətlərimizi bir-birinə daha da yaxınlaşdıracaq, demokratik proseslərə daha böyük vüsət verəcəkdir. Bu, eyni zamanda, regionun sabitliyinə və iqtisadi rifahına xidmət edəcəkdir.

Enerji daşıyıcılarının hasilatı və nəqli sahəsindəki əməkdaşlığımız qarşılıqlı iqtisadi münasibətlərimizdə mühüm yer tutur. 1994-cü ilin sentyabrında Bakıda «Əsrin müqaviləsi» imzalandıqdan sonra Xəzər dənizinin mineral resurslarından istifadə olunması sahəsində ciddi uğurlar əldə edilmişdir. Bakı-Supsa və Bakı-Novorossiysk boru kəmərlərinin istifadəyə verilməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələrinin reallaşması bu gün Şərq-Qərb enerji dəhlizi ideyasının birgə səylərimizlə gerçəkliyə çevrildiyini göstərməkdədir.

Digər tərəfdən, regionumuzun irimiqyaslı nəqliyyat qovşağı olması da qarşılıqlı əməkdaşlığımız və dünya iqtisadi sisteminə inteqrasiyamız üçün mühüm şərtdir. Torpaqlarımızdan keçən tarixi İpək Yolunun bərpası Türkiyənin və Cənubi Qafqaz regionunun əhəmiyyətini daha da artırmışdır. Nəticədə ticarətin inkişafına, təbii ehtiyatların istifadəsi və nəqlinə, sivil və demokratik cəmiyyət quruculuğuna, mənəviyyatların və mədəniyyətlərin dialoquna yeni imkanlar açılmışdır.

Bu gün xalqlarımız və ölkələrimiz böyük inkişaf perspektivləri qarşısındadır. Lakin təəssüflər olsun ki, həm dünya miqyasında, həm də regionda cərəyan edən bir sıra proseslər bu ictimai və iqtisadi tərəqqini ləngidir. Hətta bir sıra hallarda qarşımıza qoyduğumuz məqsədlərin həyata keçirilməsinə ciddi təhlükə törədir. Bunu deyərkən mən, ilk növbədə beynəlxalq terrorizmi, təcavüzkar separatizmi, mütəşəkkil cinayətkarlığı, dövlətlərə və xalqlara qarşı çevrilmiş digər ağır cinayətləri nəzərdə tuturam. Əgər bizim regionda bütün bu ağrılı proseslər baş verməsəydi, əgər Cənubi Qafqaz münaqişələr meydanına çevrilməsəydi, bu gün üzləşdiyimiz mənzərə tamamilə fərqli olardı. Təəssüf ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü və torpaqlarımızın beşdə bir hissəsinin işğal altında olması, qonşu Gürcüstanın ərazi bütövlüyünün pozulması, habelə regionda mövcud olan bir sıra digər problemlər sürətli iqtisadi inkişafın, qarşılıqlı fayda prinsipinə əsaslanan əməkdaşlığın imkanlarını məhdudlaşdırır. Öz həllini tapmamış münaqişələr, ilk növbədə isə artıq on dörd illik bir tarixə malik olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionda qeyri-sabitliyin ən böyük amilidir.

Bütün bunlara baxmayaraq, biz beynəlxalq xarakterli böyük iqtisadi layihələri həyata keçiririk. Bu layihələrin ideydan reallığa çevrilməsi qarşımıza bir sıra yeni vəzifələr qoyur. Bu da Şərq-Qərb enerji və nəqliyyat dəhlizlərinin tam təhlükəsizliyinin təmin olunmasıdır. Biz birgə səylərimizlə etibarlı təhlükəsizlik sisteminin yaradılmasına nail olmalıyıq. Enerji və nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin təmin edilməsi üçün həm üçtərəfli əməkdaşlıq, həm də beynəlxalq qurumlarla və maraqlı olan dövlətlərlə əlaqələr yaradılması çox zəruridir. Çünki həyata keçirdiyimiz layihələr yalnız Türkiyə, Azərbaycan və Gürcüstanda deyil, beynəlxalq birliyin üzvü olan bir çox dövlətlərdə də iqtisadi baxımdan maraq doğurur.

Müasir mərhələdə terrorizmlə mübarizə ayrı-ayrı dövlətlərin milli təhlükəsizliyini, beynəlxalq miqyasda təhlükəsizliyi təmin etmək üçün mühüm şərtdir. Azərbaycan Respublikası əvvəllər olduğu kimi, yenə də beynəlxalq birliyin bu istiqamətdəki səylərini tam şəkildə dəstəkləyir. Biz qarşıya qoyulmuş məqsədlərdən asılı olmayaraq, terrorizmin bütün forma və təzahürlərini qətiyyətlə pisləyirik. 2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın dərhal, qeyd-şərtsiz və tərəddüdsüz olaraq antiterror koalisiyasına qoşulması və beynəlxalq terrorizmə qarşı mübarizəyə öz töhfələrini verməsi bu məsələyə münasibətdə mövqeyimizin nə qədər ardıcıl və prinsipial olduğunu bir daha göstərir. Beynəlxalq terrorizmlə mübarizənin hədəfi yalnız ayrı-ayrı terror təşkilatları və qrupları deyil, bütünlükdə bu dəhşətli bəlanı doğuran səbəblər və mənbələr olmalıdır. Məmnunluq hissi ilə qeyd etməliyəm ki, Azərbaycan Respublikası beynəlxalq terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni ticarəti, çirkli pulların yuyulması, silah qaçaqmalçılığı və insan alveri ilə mübarizə sahəsində qəbul edilmiş bütün əsas beynəlxalq sənədlərin iştirakçısıdır. Eyni zamanda, bu cinayətkar əməllərlə mübarizəni həyata keçirən beynəlxalq universal və regional təşkilatlar da Azərbaycan Respublikası ilə fəal əməkdaşlıq edirlər. Nəticə etibarilə, bizim birgə səylərimiz BMT, ATƏT, Avropa İttifaqı, Avropa Şurası və NATO-nun «Sülh naminə tərəfdaşlıq» proqramı kimi beynəlxalq təsisatlar çərçivəsində daha səmərəli nəticələrin əldə olunmasını təmin edir.

Regionun siyasi sabitliyinin və iqtisadi inkişafının əsas şərtlərindən biri regional təhlükəsizliyin təmin olunmasıdır. Bu isə ilk növbədə mövcud regional münaqişələrin dinc yolla nizama salınması və yalnız bundan sonra bütün sahələrdə hərtərəfli əməkdaşlığın həyata keçirilməsi sayəsində mümkündür. Türkiyə, Gürcüstan və Azərbaycan son illərdə regional əməkdaşlığın əyani nümunəsini yaratmışlar. Biz Trabzon görüşünə həmin əməkdaşlığı daha da möhkəmləndirmək niyyəti ilə gəlmişik. Terrorizmə, mütəşəkkil cinayətkarlığa və digər ağır cinayətlərə qarşı mübarizə haqqında üç dövlət arasında imzalanacaq saziş də niyyətimizin konkret təzahürüdür. Sülhün və sabitliyin qorunub saxlanması, ümumbəşəri dəyərlərin və prinsiplərin ardıcıl şəkildə həyata keçirilməsi, iqtisadi və sosial tərəqqinin əldə olunması regionumuzun gələcək inkişafı ilə bağlı əsas vəzifələrimizdir. Bu vəzifələrin yerinə yetirilməsi hər üç dövlətin bundan sonra da siyasi, iqtisadi, sosial, mədəni, hüquqi sahələrdə, demokratiyanın inkişafı, əsas insan hüquq və azadlıqlarının qorunması sahələrində əməkdaşlığını zərurətə çevirir.

Ümidvaram ki, Türkiyə, Gürcüstan və Azərbaycan prezidentlərinin Trabzon görüşü bu çoxtərəfli və çoxşaxəli əməkdaşlığımızın mühüm bir mərhələsi olacaqdır. Diqqətinizə görə təşəkkür edirəm.