Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 28 may – Respublika günü münasibətilə paytaxta gəzintiyə çıxması - 28 may 2002-ci il

Azərbaycan Prezidenti Heydər Əliyev mayın 28-də, ölkəmizin milli bayramı olan Respublika günü paytaxta qısa gəzintiyə çıxmışdır.

Ölkəmizin qədim və gündən-günə gözəlləşən paytaxtının sakinləri dövlətimizin başçısını hər yerdə böyük sevinclə, hörmət və ehtiramla salamlayır, bayram münasibətilə təbriklərini, xoş arzularını yetirirdilər. Respublikamızın rəhbəri onları əlamətdar bayram münasibətilə ürəkdən təbrik etdi, səadət, firavanlıq arzuladı.

Prezident Heydər Əliyev Bakının mərkəzi meydan və kücələrini, yeni tikilmiş yaraşıqlı binaları seyr etdi, öz mülahizələrini, tövsiyələrini söylədi.

Azərbaycan prezidenti paytaxtın ən füsunkar güşələrindən birində, dahi Nizaminin adını daşıyan meydanda yerləşən «MakDonalds» yeməkxanasında da oldu. Dövlətimizin başçısı şəhər sakinlərinə və qonaqlara təklif edilən yeməklərin çeşidi, müştərilərə göstərilən xidmətin səviyyəsi ilə maraqlandı, özü də burada yemək yedi.

Prezident Heydər Əliyev Space televiziyası müxbirinin xahişi ilə bayram münasibətilə xalqımıza arzularını çatdırdı: Bayramınızı təbrik edirəm, sizin televiziya kanalının işçilərini təbrik edirəm, xoşbəxt həyat, sülh, əmin-amanlıq, rifah arzulayıram.

Görürsünüzmü, indi insanlar necə rahat yaşayırlar, gəzirlər, istirahət edirlər. Mən bu gün işdən evə gedirdim, amma dedim ki, gəlim buralara baxım, görüm insanlar necə istirahət edirlər. Çox yaxşı istirahət edirlər, rahatlıqdır. Heç kəs heç kəsə toxunmur, yaxud zərər gətirmir. Siz gəncsiniz, ancaq yeddi-səkkiz il bundan öncə Bakıda belə deyildi. Ona görə bu bayram günü deyə bilərəm ki, bizim ən böyük nailiyyətimiz odur ki, Azərbaycanda ictimai-siyasi sabitlik yaratdıq, insanlara rahat yaşamaq imkanı yaratdıq. Baxın, hamının –gözəl qızların, oğlanların, uşaqların, böyüklərin əhval-ruhiyyəsi yaxşıdır. Görürəm ki, kefiniz yaxşıdır, istirahət edirsiniz. Sizə baxdıqca, mənim də kefim daha yaxşı olur.

Gəzintini davam etdirən Azərbaycan prezidenti paytaxt sakinlərinin qayğıları ilə maraqlandı, bunların həlli ilə bağlı müvafiq tapşırıqlar verdi.

Dövlətimizin başçısı daha sonra Bakının ən qələbəlik guşələrindən biri olan və Kitab passajı adı ilə tanınan əraziyə gəldi, burada satışa qoyulmuş boyakarlıq əsərlərinə baxdı, rəssamlarla söhbət etdi.

Paytaxtda bayram gəzintisi sakinlərdə və respublikamızın rəhbərində xoş ovqat yaratdı.