Azərbaycan Prezidenti Heydər Əliyevin Bakıda ilk Beynəlxalq Telefon Stansiyasının və yenidən qurulmuş şəhərlərarası rabitə stansiyasının təntənəli açılış mərasimində çıxışı - 9 dekabr 1995-ci il

Hörmətli prezident, əziz dostumuz, qardaşımız Süleyman Dəmirəl!

Hörmətli qonaqlar, hörmətli xanımlar və cənablar!

Bu gün biz Azərbaycanda yeni bir əlamətdar hadisənin şahidi və iştirakçısıyıq. Azərbaycan Respublikasının müstəqilliyini daha da möhkəmləndirmək, dünyaya çatdırmaq üçün rabitənin inkişafı yolunda yeni bir addım atılır. Rabitə vasitəsilə biz dünyaya öz ölkəmizdə, respublikamızda olan məlumatları çatdırırıq və rabitə vasitəsilə bütün dünya ölkələrindən, kürreyi-ərzin hər yerindən məlumatlar alırıq. Müasir dövrdə bunsuz yaşamaq mümkün deyildir. Ona görə də rabitə sahəsində görülən işlər həm iqtisadi xarakter daşıyır, həm də insanların işləməsi, çalışması üçün çox böyük şərtdir, eyni zamanda ictimai-siyasi xarakter daşıyır. Biz bunlara çox diqqət, fikir veririk.

Son vaxtlar bu sahədə bir sıra addımlar atılmışdır və bunlar hamısı Azərbaycanın rabitə potensialını inkişaf etdirir, Azərbaycanı bütün dünya ilə daha sıx bağlamağa, daha sürətlə əlaqələr yaranmasına kömək edir. Bu işlərin görülməsində Azərbaycan Respublikası Türkiyə ilə, onun şirkətləri - \"Teletaş\", \"Netaş\" və s. şirkətlərlə artıq bir neçə ildir ki, əməkdaşlıq edir. Doğrudur, bu sahədə dünyanın başqa ölkələrinin - Böyük Britaniyanın, Amerika Birləşmiş Ştatlarının, Almaniyanın və s. şirkətləri ilə də əlaqələrimiz var. Ancaq rabitə sahəsində buraya cığırları, yolları məhz Türkiyə şirkətləri açıblar. Bu da təbiidir, çünki müstəqilliyimizi əldə edəndən sonra dünya ilə əlaqələrimizdə Türkiyə həmişə bizim yanımızda olub, bizimlə bərabər olubdur. Təbiidir ki, Azərbaycana bütün ölkələrdən tez Türkiyənin iş adamları, şirkətləri gəlib. Biz bunu məmnuniyyətlə qeyd edirik və bu günlərdə hörmətli prezident, dostumuz Süleyman Dəmirəlin Azərbaycanda olduğu zaman bu məsələlər barəsində çox işlər görüldü, biz yeni mərhələyə çatdıq və gələcəkdə görüləsi işlərin proqramını müəyyənləşdirdik. Əminəm ki, bu proqram sürətlə həyata keçiriləcək və əlaqələrimiz genişlənəcəkdir.

Bu gün biz buraya həmin bu əməkdaşlığın, müştərək işin nəticəsi olan yeni rabitə qovşağının, rabitə stansiyasının açılması münasibətilə toplaşmışıq. Çox işlər görülübdür və bunun nəticəsində biz artıq bu yeni telefon stansiyasını açmağa gəlmişik. Çox əlamətdar, sevindirci haldır ki, bunu bizim rabitəçilər, şübhəsiz ki, Türkiyə ilə Azərbaycanın bərabər çalışan mütəxəssisləri məhz Türkiyənin prezidenti, hörmətli qonağımız Süleyman Dəmirəlin buraya gəlişi münasibətilə öz işlərini sürətləndirib bu vaxta çatdırıblar. Bu, çox rəmzi xarakter daşıyır. Yəni bizim şirkətlərimiz, ayrı-ayrı təşkilatlarımız əlaqə yaradıb iş görürlər və işlərini dövlət başçılarına nümayiş etdirmək istəyirlər. Biz, dövlət başçıları da bu işləri qiymətləndirərək, bu işlərə daha da sürət vermək üçün sizin dəvətinizi qəbul edib buraya gəlmişik və sizinlə birlikdə yeni böyük nailiyyəti məmnuniyyətlə qeyd edirik.

Mən Türkiyə şirkətlərinin Azərbaycanda indiyə qədər gördükləri işdən məmnun olduğumu bildirmək istəyirəm, bu işlərə görə onlara təşəkkür edirəm. Azərbaycanın bütün müəssisələrinin, iqtisadiyyatla məşğul olan nazirliklərin, o cümlədən Rabitə Nazirliyinin qarşısında duran vəzifəni bir də qeyd edirəm ki, biz təşəbbüskar olmalıyıq, çalışmalıyıq, bu əlaqələrin yaradılmasına bundan sonra daha da səy göstərməliyik. Müştərək işlərin görülməsi üçün daha yaxşı şərait yaratmalıyıq ki, əlaqələrimiz genişlənsin. Dünən imzaladığımız birgə bəyanatda Türkiyə ilə Azərbaycan arasında olan əlaqələrin bütün sahələrdə bundan sonra da inkişaf etməsi üçün öhdəliklər qəbul etmişik. Bunları yerinə yetirmək üçün təşkilatlarımız, şirkətlərimiz, müəssisələrimiz bundan sonra daha fəal işləməlidirlər.

Bugünkü hadisə münasibətilə sizi təbrik edirəm. Hörmətli dostumuz, qardaşımız, Türkiyənin prezidenti Süleyman Dəmirəlin bu mərasimdə iştirak etməsini çox yüksək qiymətləndirirəm, hamınıza bundan sonra da müştərək işləri davam etdirməyinizi arzu edirəm. Sizi bu hadisə münasibətilə ürəkdən təbrik edirəm. Sağ olun.