Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəlin Binə hava limanında qarşılanma mərasimində jurnalistlərin suallarına cavabı - 10 may 1998-ci il

Sual: Biz Türkiyədən gəlmişik. Sizi 75 illik yubileyiniz münasibətilə təbrik edirik. Biz görürük ki, azərbaycanlılar Sizin bu əziz gününüzü hər yerdə qeyd edirlər. Bu sevgi, istək Sizi məmnun edirmi?

Cavab: Bu, hər bir insanı məmnın edə bilər. Şübhəsiz, məni də məmnun etməyə bilməz. Mən öz vətəndaşlarıma çox minnətdaram. Onlar məni heç vaxt unutmayıblar. Bir bu gün yox, həmişə onların əksəriyyəti mənə çox böyük hörmət və ehtiram göstərib. Mənim də 75 il, indiyə qədər yaşamağımın və xüsusən çalışmağımın əsas mənbəyi, kökü elə bundan ibarətdir ki, mənə xalq, millətimiz, vətəndaşlarımız həmişə etimad göstəriblər, ehtiram və hörmət ediblər. Bu da mənə həmişə güc veribdir. Ona görə də görürsünüz, 75 yaşındayam, amma sizinlə güləşə bilərəm.

Sual: Onlar Sizə \"Heydər baba\" deyirlər. İndi Siz Türkiyənin babasınımı qarşılayacaqsınız?

Cavab: Bəli, Türkiyənin babası mənim çox əziz dostumdur, qardaşımdır. Bizim dostluğumuzun böyük tarixi vardır. Biz 30 il bundan əvvəl görüşüb tanış olmuşuq və dost olmuşuq. Mən çox məmnunam ki, bu 30 il ərzində illər keçib, dünyada çox dəyişikliklər olub, amma biz - Süleyman Dəmirəl də, mən də dostluğumuza sadiq qalmışıq. Ona görə də mənim üçün Süleyman Dəmirəl çox doğma və əziz bir insandır.

Sual: Türkiyə prezidenti ilə siyasi məsləhətləşmələrdə hansı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur?

Cavab: Bilirsiniz, bu gün siyasi məsləhətləşmələr günü deyildir. Ancaq biz siyasət adamı olduğumuz üçün bundan da yan keçə bilmərik. Əsas məsələlər, - ölkələrimiz arasında olan münasibətlər, dünyada gedən proseslər, ümumiyyətlə, məsələlər çoxdur. Bizim kimi adamlar görüşəndə o qədər məsələlər meydana çıxır ki, onların hamısını müzakirə etməyə vaxt çatmır.

Sual: Bayramınız, ad gününüz mübarək olsun! Bəs bu gün Siz öz ad gününüzü harada və necə qeyd edəcəksiniz?

Cavab: Sadəcə qeyd edəcəyəm. Mən başqa cür qeyd etmirəm.

Sual: Bəs nə üçün onu şənliklərsiz keçirməyi qərara almısınız? Deyirlər ki, hətta Luçano Pavarottini dəvət etmək istəyirdiniz?

Cavab: Yox, bu uydurmadır. Mən heç vaxt belə fikirdə olmamışam, heç kimi də dəvət etmək niyyətinə düşməmişəm. Ümumiyyətlə, ömrümün 75 ilinin xeyli hissəsini mən yüksək dövlət işində olmuşam, 50 yaşım tamam olanda da, 60 yaşım tamam olanda da heç vaxt heç bir təntənəli mərasim düzəltməmişəm. Uzaqbaşı, yol verdiyim bu olub ki, ailəmin üzvləri həmin gün nəsə hazırlamış, bəlkə də bayram süfrəsi açmışlar və biz bayram süfrəsi arxasında görüşmüşük. Mən bu gün də belə etməyi planlaşdırırdım, lakin dostlarım mənə hətta ailə üzvləri ilə görüşməyə də imkan vermirlər. Dünən dostum Eduard Şevardnadze buraya gəldi. Bildiyiniz kimi, MDB-yə daxil olan ölkələrin və Şimali Qafqaz respublikalarının nümayəndə heyətləri burada oldular. Bu gün isə mənim sədaqətli dostum Süleyman Dəmirəl gəlir. Buna görə də ailə üzvlərim üçün vaxt qalmır. Bununla da hər şey qurtarır.

Sual: Yəni ailənizlə bir yerdə olmayacaqsınız?

Cavab: Yəqin ki, evə gələndə ailəmlə görüşəcəyəm. Biz ailəmizlə bir yerdəyik.

Sual: Biz Sizi yubileyiniz münasibətilə təbrik edirik. Sizin üçün bu gün ən böyük hədiyyə nə ola bilər?

Cavab: Mənim üçün ən böyük hədiyyə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və Azərbaycanın tamamilə münaqişədən xilas olmasıdır. Bundan böyük hədiyyə ola bilməz.

Sual: Cənab Heydər Əliyev, Türkiyə ilə Azərbaycan arasında neft boru xətti ilə əlaqədar işçi qrupları olacaqdır. Bununla əlaqədar məsələləri araşdırmaq üçün Azərbaycandan Türkiyəyə işçi qrupu gəlməli idi. Ancaq bu, başqa vaxta saxlanıldı. Bunun səbəbi nədir?

Cavab: Bu, başqa vaxta dəyişdirilibdir. Bunun elə bir səbəbi yoxdur. Yəni Türkiyə tərəfdən və Azərbaycan tərəfdən olan adamların münasib bir vaxtı olmayıbdır. Bunu mənə dedilər. Amma onlar bu günlərdə görüşəcəklər. Heç kəs narahat olmasın. Bunların hamısı bizim planlarımız əsasında yerinə yetiriləcəkdir.

Sual: Cənab prezident, icazə verin, Sizə möhkəm cansağlığı, uzun ömür və qələbələr arzulayım. Sizin ad gününüz sayəsində biz MDB çərçivəsində gözəl bir ənənənin şahidi oluruq. Gözləmək olarmı ki, gələcəkdə yeni münasibətlər yaradılması üçün bu çür yaxşı bünövrə qoyulacaq və yubileylər kimi gözəl səbəblərdən istifadə ediləcəkdir?

Cavab: Bilirsinizmi, əgər mənim ad günüm kimi gün MDB ölkələri nümayəndə heyətlərinin bir gündə bir yerə toplanmasına və heç bir fikir ayrılığı olmadan, heç bir mübahisə olmadan öz səylərini birləşdirməyə, bir-birinə xoş sözlər deməyə və birlik çərçivəsində əməkdaşlıq niyyətini nümayiş etdirməyə imkan vermişsə, artıq bu, böyük işdir. Mən, məsələn, şadam ki, ad günüm, 75 illik yubiley günüm bunu etməyə imkan vermişdir. Zənnimcə, bu, birliyin bütün ölkələrinin, o cümlədən də Azərbaycanın xeyrinədir.

Sual: Mən Sizi \"Space\" televiziya kanalının əməkdaşları adından təbrik edirəm. Bu gün həmin kanal vasitəsilə Sizin həyatınıza həsr olunmuş \"Ömür və tale\" adlı film göstəriləcəkdir. Bilmək istərdim, vaxt tapıb həmin filmə baxa biləcəksinizmi?

Cavab: Görüm, əgər vaxtım olsa baxaram. Amma vaxtım olmasa da kasseti göndərərsiniz, vaxt tapıb baxaram. Təşəkkür edirəm. Sağ olun.