Akademik Zərifə Əliyeva adına istirahət parkının açılışı mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - 28 aprel 2000-ci il

Əziz həmvətənlər!

Bacılar, qardaşlar, əziz balalar!

Əziz dostlar!

Mən sizi - Bakının Binəqədi rayonunun sakinlərini səmimi qəlbdən salamlayıram, bu gün sizinlə görüşümdən çox böyük sevinc hissi keçirdiyimi bildirirəm.

Binəqədi rayonu Bakının böyük sənaye rayonlarından biridir. Ancaq son onilliklərdə Binəqədi rayonunda çoxlu yaşayış binaları, evlər tikilibdir və onun əhalisi artıbdır. Vaxtilə Binəqədi rayonu ancaq Binəqədidə çıxarılan neftlə əlaqədar, neft buruqları, neft mədənləri ilə tanınırdı. Ancaq indi Binəqədi, dediyim kimi, əhalisinə görə Bakının ən böyük rayonlarından biri olubdur. Burada Azərbaycanın, Bakının çox dəyərli vətəndaşları yaşayırlar.

Sevindirici haldır ki, bizim vaxtilə, otuz il bundan öncə başladığımız inşaat işləri, Bakının genişlənməsi, yaşayış binalarının tikilməsi və paytaxtımızın inkişaf etməsi proqramı yerinə yetirilib, çox işlər görülüb və son illərin çətinliklərinə baxmayaraq, yenə də çox işlər görülməkdədir.

Bunlarla bərabər məni bu gün ən çox sevindirən odur ki, sizi çox gözəl əhval-ruhiyyədə görürəm. Bu, hər şeydən üstündür. Bizim ölkəmiz Azərbaycan müstəqillik dövrünün ilk illərini yaşayır. Ölkəmiz demokratiya yolu ilə gedir, hüquqi dövlət qurmaq yolu ilə gedir. İqtisadiyyatımız bazar iqtisadiyyatı yolu ilə inkişaf edir.

Bütün bunlar, təbiidir ki, Azərbaycanda, o cümlədən onun hər bir güşəsində bir çox problemlər yaradıbdır. Biz bu problemlərin öhdəsindən gəlməyə çalışırıq. Bu problemlər insanların bir hissəsinin həyat tərzinə mənfi təsir göstəribdir. Biz bunları aradan qaldırmaq istəyirik. Bunları aradan qaldırmaq, vətəndaşlarımızın hamısının həyat tərzini yaxşılaşdırmaq istəyirik. Bunlar hamısı da indi bizim apardığımız iqtisadi siyasət vasitəsilə ola biləcəkdir. Bu iqtisadi siyasət Azərbaycanın iqtisadiyyatını ardıcıl olaraq inkişaf etdirəcək, Azərbaycanda hər bir vətəndaş işləmək, yaxşı yaşamaq üçün şərait əldə edəcəkdir. O günlər də uzaqda deyildir.

Son illərdə iqtisadiyyat sahəsində gördüyümüz işlər, ölkəmizdə ictimai-siyasi sabitliyin təmin olunması, vətəndaşlarımızın rahat, sakitlik şəraitində yaşaması - bunlar hamısı Azərbaycanın, bizim paytaxtımızın, o cümlədən Binəqədi rayonunun böyük insan potensialının, böyük iqtisadi potensialının hərəkətə gətirilməsini təmin edəcəkdir. Biz artıq bunları görürük.

Mən buradan baxıram, keçmişdə tikdiyimiz binaları görürəm. Onlar 70-ci illərdə tikilmişdir. Onlarla yanaşı, burada yeni tikilən binaları da görürəm. Burada gözəl bir park salınmışdır, bu parkı görürəm. Burada aparılmış abadlıq işlərini görürəm. Bunlar hamısı sizin zəhmətinizin, fədakarlığınızın nəticəsidir. Bütün bunlar dövlətimizin, müstəqil Azərbaycan dövlətinin apardığı siyasətin və həyata keçirdiyi tədbirlərin nəticəsidir.

Mənim buraya gəlməyimin əsas səbəbi sizin yaratdığınız yeni parkla tanış olmaqdan ibarətdir. Təbiidir ki, parkla tanış olarkən onu quranlarla, yaradanlarla, onun ətrafında yaşayanlarla və bu parkdan istifadə edənlərlə, faydalananlarla da görüşmək nəzərdə tutuldu və bu, mənə nəsib olubdur.

Bilirsiniz ki, 30 il bundan öncə mən Azərbaycanda birinci növbədə paytaxtımızın - Bakının yaşıllaşdırılması proqramını irəli sürmüşəm. O illərdə - 70-ci illərdə və 80-ci illərin sonuna qədər bu proqram ardıcıl surətdə yerinə yetirilibdir. Həm ayrı-ayrı guşələrdə, həm böyük prospektlərin sağ-sol tərəfində, həm də küçələrdə tikilmiş yaşayış evlərinin önündə, ətrafında, müxtəlif yerlərdə ağaclar əkilib və bunlar 20-30 il ərzində böyüyüb, Bakı şəhəri yaşıllaşıbdır.

Buraya yığışanların içərisində bütün nəsillərin nümayəndələri var: yaşlı nəslin də, orta nəslin də nümayəndələri var, gənc nəslin də, uşaqların da nümayəndələri var. Biz - yaşlı nəsil 30 il bundan öncə başladığımız işləri hansı şəraitdə başladığımızı yaxşı bilirik. O, nə şərait idi? Bakı - gözəl şəhər, böyük sənaye şəhəri yaşıllıqdan məhrum idi. Keçmiş zamanlardan, əsrin əvvəllərindən Bakıda bir neçə yerdə ağaclar əkilmiş, onlar böyümüşdü və Bakının bir neçə guşəsində ayrı-ayrı bağlar və kiçik parklar var idi. Onlardan ən böyüyü, təbii ki, əsrin əvvəlində yaranmış Dənizkənarı bulvar idi. O vaxt, o illər - təkcə əsrin əvvəlində yox, sonrakı illərdə, 30-cu, 40-cı illərdə, - bu şəxsən mənim xatirimdədir, - Bakı əhalisinin ən böyük istirahət yeri, yəni ağac altında , kölgədə oturub istirahət etmək yeri, hava udmaq, təmiz havada olmaq yeri Bakının Dənizkənarı bulvarı idi.

Biz onu yaradanlara minnətdar olmalıyıq. Bilirsiniz ki, bulvarı yüksək qiymətləndirərək, mən ona Milli park statusu vermişəm, xüsusi fərman imzalamışam. Əminəm ki, bundan sonra bizim Milli parkımız daha da gözəlləşəcək, inkişaf edəcək və bütün Azərbaycan üçün nümunə olacaqdır.

Ancaq şəhər əsrin əvvəlində olan şəhər deyildir. Heç 40-cı, 50-ci illərdə olan şəhər də deyildir. Şəhər böyüyüb, yeni-yeni mikrorayonlar yaranıb, həddindən çox yaşayış binaları tikilib, insanlar burada yaşayırlar. Ancaq insana təkcə mənzil lazım deyil, yaşamaq üçün yer lazım deyil, - o, azdır. İnsanın gərək istirahət etmək üçün də imkanı olsun. Onun üçün yaranmış mikrorayonlarda yaşıllıq işlərinin aparılması, hər evin qarşısında ağaclar əkilməsi və hər mikrorayonda müəyyən bir sahədə yeni parkların yaranması mənim 70-ci ildən başladığım həmin proqramın həyata keçməsidir.

Mən qeyd etdim ki, 80-ci illərin axırına qədər bu proqram yerinə yetirilibdir. Ancaq sonra Azərbaycanda, o cümlədən Bakıda hərc-mərclik dövrü, hakimiyyətsizlik dövrü və müxtəlif cinayətkarların, cinayətkar dəstələrin cəmiyyətdə özlərinə yer tutaraq cəmiyyəti dağıtmaq prosesi, dövrü idi - o vaxt nəinki ağaclar basdırmırdılar, hətta əkilmiş ağacları da qırırdılar, kəsirdilər, yandırırdılar, yaxud başqa məqsədlər üçün istifadə edirdilər.

Mən 1993-cü ildə yenidən Bakıya qayıdarkən öyrəndim ki, bizim yaratdığımız bəzi böyük mikrorayonlarda, parklarda ayrı-ayrı mafioz adamlar ağacları kəsib özləri üçün evlər tikmişlər. Demək, bu insanlar öz şəxsi mənafelərinə görə xalqın, dövlətin, millətin, vətəndaşların mənafelərini tapdalamışlar, hüquqlarını tapdalamışlar. Bu isə cəmiyyətdə qəbul oluna bilməz. Cəmiyyət buna dözə bilməz, cəmiyyət bununla razı ola bilməz və dözmədi, razı ola bilmədi. Xalqa, millətə, vətəndaşlarımıza zərər gətirən, onlara qarşı cinayət edən və deyə bilərəm ki, xəyanət edən bütün o qruplar, dəstələr - hamısı bizim tərəfimizdən ləğv olundu. Biz Azərbaycanı bu cinayətkar dəstələrdən təmizlədik, cinayətkar ünsürlərdən təmizlədik, cinayətkarların vətəndaşlar üzərində olan hakimiyyətini aradan götürdük və indi gözəl, sakit, sərbəst yaşamağa imkan yaratmışıq.

Azərbaycanda ictimai-siyasi sabitlik bərpa olubdur və Bakıda, Azərbaycanın bütün yerlərində hökm sürür. Demək, belə bir şəraitdə indi quruculuq prosesi gedir və quruculuq prosesinin də bir hissəsi, dediyim kimi, Bakıda yaşıllaşdırmanı davam etdirmək, yeni-yeni parklar salmaq, yaşayış binalarının ətrafında ağaclar əkməkdir. Bunların hamısı Bakını yaşıl bir şəhərə döndərir. Ancaq gələcəkdə Bakı bundan da gözəl şəhər olacaqdır. Çünki hər bir şəhər nə qədər çox yaşıl olsa, o qədər də gözəldir.

Ancaq mən 30 il öncə bu proqramı başlayarkən bunu təkcə gözəllik naminə etməmişəm. Bakı sənaye şəhəridir. Hər bir sənaye şəhərində, təbiidir ki, ətraf mühit, xüsusən hava, xüsusən su sənaye müəssisələrindən müxtəlif maddələr atılması nəticəsində müəyyən qədər çirklənir, müəyyən qədər zəhərlənir. Ona görə də havanın təmizlənməsi üçün, ətraf mühitdə təmiz havanın təmin olunması üçün yaşıllıqdan, ağaclardan faydalı, səmərəli vasitə yoxdur.

Havanın təmizlənməsini ağaclardan başqa heç bir yol ilə, heç bir vasitə ilə təmin etmək olmaz. Yəni bunu heç bir şeylə əvəz etmək olmaz. Ağacların, yaşıllıqların havanı təmizləməsi heç bir başqa vasitə ilə əldə oluna bilməz. Yəni başqa bir üsul bunun əvəzini verə bilməz. Məhz buna görə də mən Bakının yaşıllaşması işinə başlamışam.

O vaxt mən müraciət etdim ki, hər bir Bakı sakini iki ağac əksin və böyütsün. Çoxları bunu etdilər və kim etmədisə, onun əvəzinə başqaları iki yox, üç, dörd, beş, on, on beş ağac əkdilər, yetişdirdilər. İndi görürsünüz, buradan bu ağaclara baxın. İndi burada yaratdığınız parka baxın! Ora baxın, bura baxın! Bunlar hamısı insan zəhmətinin işidir, sizin əlinizin zəhmətinin bəhrəsidir. Sizin fədakarlığınızın nəticəsidir. Bax, bu, məni sevindirir.

Mən burada, yenə də deyirəm, bu parka baxmağa gəlmişdim, amma sizi görməkdən daha da şadam. Təbiidir ki, bu park da məni sizi görmək kimi sevindirir.

İnanmayanlar da, anlamayanlar da, dərk edə bilməyənlər də artıq inanmalıdırlar, anlamalıdırlar, dərk etməlidirlər ki, insan gərək öz ətrafını həmişə gözəl etsin. İnsan yaşadığı evin ətrafını, öz evinin içini də, eşiyini də, yaşadığı rayonu, yaşadığı şəhəri gözəlləşdirməlidir, təmizləməlidir.

Bilirəm, indi bizim yerli hakimiyyət orqanlarının bəlkə də böyük imkanları yoxdur ki, hər yerdə təmizlik işi aparsınlar. Ancaq əgər hər bir vətəndaş, hər bir Bakı sakini öz evinin ətrafında, yaşadığı binada təmizlik işləri aparsa və buna nail olsa, ərazini yaşıllaşdırsa, öz binasını gözəlləşdirsə, bilin ki, bu, bizim hakimiyyət orqanlarına da kömək olacaqdır. Ancaq bunun nəticəsi xalq üçün, sizin üçün və vətəndaşlar üçün olacaqdır.

Mən sizi bax, bu yola dəvət edirəm. Mən sizdən bu cür fədakarlıq gözləyirəm və məmnunam ki, Bakıda bu iş son illər çox böyük vüsət alıbdır, bir çox belə parklar yaranıbdır, hər birində insanlar istirahət edir. İndi baxıram, o tərəfdə də, bu tərəfdə də, sol tərəfdə də, sağ tərəfdə də, arxada da, öndə də - hamısında yaşayış evləri var. Amma insan gəlib elə öz mənzilinin içərisində istirahət edə bilməz. Buradan durub gedəsən Dənizkənarı bulvara, bizim Milli parka - buna nə qədər vaxt sərf etmək lazımdır. Bakının hamısı ora yığışsa, onda orada yer olmayacaqdır. Amma öz evinin yanında, öz ərazisində hər bir vətəndaşın parkda istirahət etmək imkanı əldə etməsi – bu, böyük nemətdir və mənim də məqsədim bundan ibarətdir.

İndi görürəm, burada nə qədər çox gənc var, nə qədər gözəl uşaqlar var. Bu, məni nə qədər sevindirir. Amma mən bir də ona görə sevinirəm ki, bu gənclərin, bu uşaqların bax, bu çiçəklərin arasında, bu parkda istirahət etməyə, oynamağa imkanları vardır. O ki qaldı yaşlı nəslə, bizim təqaüdçülərə, - onlar üçün mütləq belə yerlər lazımdır. Çünki onlar işləyiblər, çalışıblar, haqq qazanıblar ki, istirahət etsinlər. Amma istirahət etmək elə evində oturub, çarpayının üzərində uzanmaqdan ibarət olmamalıdır. İstirahət etmək üçün gərək təmiz hava alsın, qonşusu ilə görüşsün, danışsın, nə bilim, nərd oynasın, qeybət etsin.

Görürəm ki, bu söz hamısından çox xoşunuza gəldi. Qeybət edin, qeybət ümumi mənada pis şey deyildir: fikrini deyirsən, başqasının fikrini öyrənirsən. Amma biri onun-bunun dalınca danışır, biri düz danışır, biri yalan danışır. Bunlar hamısı bizim insan cəmiyyətində əsrlər boyu mövcud olan bir haldır. Biz bunu nə dəyişdirə bilərik, nə də bundan xilas edə bilərik və buna ehtiyac da yoxdur. Ancaq mən hamınızdan xahiş edirəm ki, qeybət edəndə ədalətli olun və ədalətsiz qeybətçilərə qarşı mübarizə aparın.

Mən əminəm ki, Bakı Şəhər İcra Hakimiyyəti və Bakı şəhəri rayonlarının icra hakimiyyətləri tərəfindən son illər aparılan bu işlər davam edəcəkdir. Mən bu işləri - həm Bakı Şəhər İcra Hakimiyyətinin fəaliyyətini, həm də şəhərimizin rayonlarının icra hakimiyyətlərinin fəaliyyətini yüksək qiymətləndirirəm. Ancaq təbiidir ki, onlar bu işləri təkcə özləri görə bilməzlər. Onlar bu işləri müəyyən müəssisələr, təşkilatlar vasitəsilə görürlər. Onlar bu işləri ayrı-ayrı mikrorayonlarda yaşayan vətəndaşlar vasitəsilə, sizinlə birgə görürlər. Yəni öz torpağına, öz elinə, öz rayonuna xoş münasibət, ürək yanğısı göstərən insanlarla, sizinlə birgə görürlər.

Bir halda siz buraya yığışmısınız, mən hesab edirəm ki, siz hamınız bu gözəl parkın yaradılmasının iştirakçısısınız. Ona görə də mən hakimiyyət orqanlarına da, sizə də bu gözəl, xeyirxah işlərinizə görə təşəkkür edirəm.

Bizim heykəltəraşlar, memarlar təşəbbüs göstəriblər - akademik, professor Zərifə xanımın, mənim mərhum həyat yoldaşımın büstünü bu parkda qoyublar. Doğrudur, mən bunu bilmirdim. Bu, onlar tərəfindən göstərilən təşəbbüsdür. Mən bu təşəbbüsə görə çox məmnunam. Bu işdə təşəbbüs göstərənlərin, mənim ailəmə münasibət göstərənlərin hamısına dərindən minnətdarlığımı bildirirəm. Çox sağ olun.

Mən burada çoxlu gənclər görürəm. Yenə də deyirəm, bu, məni sevindirir. Çünki gənclər müstəqil Azərbaycanın, ölkəmizin gələcəyidir. Mən gənclərdə xoş əhval-ruhiyyə görürəm, hər bir insanın sifətinə, geyiminə, paltarına baxıram, - Alaha şükürlər olsun, görürəm ki, pis deyil. Təbiidir ki, bundan da yaxşı olmalıdır. Mən istəyirəm bundan da yaxşı olsun. Bax, bugünkü bu mənzərənin hamısı məni sevindirir. İnanıram ki, heç kəs xüsusi bayram paltarı geyib buraya gəlməyibdir. Burada hər kəs öz adi paltarındadır.

Respublikamıza bəzən xarici ölkələrdən qonaqlar, dövlət başçıları gəlir. Mən hava limanında onları qarşılayıram, sonra şəhərə gətirirəm. Onlar şəhərdə gəzərkən fikir verirlər ki, xalqımızın əhval-ruhiyyəsi, xarici görünüşü, geyimi, paltarı necədir. Mən onlara şikayət edirəm ki, bizim ölkənin bəzi çətinlikləri vardır - torpaqlarımızın 20 faizi işğal olunubdur, işğal edilmiş torpaqlardan bir milyondan çox azərbaycanlı yerindən-yurdundan qaçqın düşübdür, çadırlarda yaşayırlar. Bunlar həqiqətdir. Yurdlarından didərgin düşərək çadırlarda yaşayan insanlar çox ağır vəziyyətdədirlər. Biz onların yaşayışını müəyyən səviyyədə saxlamaq üçün nə mümkündür edirik. Mən xarici ölkələrin dövlət başçılarına müraciət edirəm ki, bizə yardım göstərin.

Onların çoxu həmin çadırları görmür, amma şəhərimizin küçələrində, prospektlərində insanlarımızı - gənclərimizi, qadınları, qızları, oğlanları görürlər və deyirlər ki, sizin insanlar belə gözəldirlər, gözəl əhval-ruhiyyədədirlər, yaxşı geyimləri vardır, siz niyə belə çox narahatlıq keçirirsiniz? Mən isə onlara deyirəm ki, bizim xalqın bir xüsusiyyəti var - onlar heç vaxt öz çətinliklərini başqalarına göstərməzlər. Onlar öz çətinliklərini özləri həll edərlər və heç vaxt göstərməzlər ki, çətinlikləri var. Bu, bizim xalqımızın xüsusiyyətidir.

Ancaq bununla bərabər, görürəm və sevinirəm ki, hamınız yaxşısınız. Gənclərimiz, uşaqlar çox gözəldirlər. Bu, məni sevindirir. Çünki Azərbaycanın prezidenti kimi mən təkcə bu gün haqqında yox, gələcək haqqında da düşünürəm. Mən inanıram ki, bir müstəqil dövlət kimi Azərbaycan daim müstəqil, xalqımız həmişə azad yaşayacaqdır. Bizim gördüyümüz bu işlər xalqımızı gələcəkdə daha da yaxşı yaşadacaqdır. Biz bunları gənclərə əmanət edirik, etibar edirik. Ona görə də gənclərimiz bu gün həm fiziki, həm zehni cəhətdən nə qədər sağlam olsalar, Azərbaycanın gələcəyi də o qədər etibarlı əllərdə, o qədər gözəl olacaqdır. Mən buna inanıram.

Mən sizin hamınıza cansağlığı, işlərinizdə uğurlar arzu edirəm. Problemlərə, çətinliklərə gəldikdə isə onu demək istəyirəm ki, bilin, inanın - biz gecə də, gündüz də bu çətinliklərlə vuruşuruq, mübarizə aparırıq və onları ilbəil aradan qaldırırıq. Bilin ki, biz onları aradan qaldıracağıq.

Bizim əsas problemimiz işğal olunmuş torpaqlarımızı Ermənistan silahlı qüvvələrindən azad etmək və yerindən-yurdundan didərgin düşmüş soydaşlarımızı öz elinə, obasına qaytarmaqdır. Biz buna mütləq nail olacağıq, sülh yolu, danışıq yolu ilə nail olacağıq. Mən müharibənin başlanmasının, gənclərimizin yenidən gedib şəhid olmasının tərəfdarı deyiləm. Mən bu məsələnin sülh yolu ilə həll edilməsinə çalışıram və əmin ola bilərsiniz ki, biz bu məsələni həll edəcəyik, qaçqınlar, köçkünlər öz yerlərinə qayıdacaqlar, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Ölkəmizin başqa problemləri də həll ediləcəkdir.

Bilirsiniz ki, neft sərvətlərimizin istifadə edilməsi barədə son beş ildə apardığımız işlər artıq öz gözəl nəticələrini verir. Dünyanın ən böyük neft şirkətləri Azərbaycana gəlibdir. Onlar bizimlə bərabər Xəzər dənizinin Azərbaycan sektorunda böyük işlər görürlər. Bunlar ölkəmizin gələcəyinə çox böyük əsas yaradıbdır. 5-10 ildən sonra Azərbaycan dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ən zəngin ölkələrindən biri olacaqdır. Biz bunu sizin üçün, xalqımız, millətimiz üçün, gələcək nəsillər üçün edirik.

Mən sizinlə bu görüşümdən sevinc hissi keçirdiyimi bir daha bildirirəm. Sizin hamınıza cansağlığı, səadət, bütün işlərinizdə uğurlar arzu edirəm. Mənə göstərdiyiniz bu məhəbbətə, Azərbaycan prezidenti kimi mənə göstərdiyiniz bu etibara, dəstəyə görə hamınıza səmimi qəlbdən təşəkkür edirəm. Sağ olun.

\"Azərbaycan\" qəzeti, 29 aprel 2000-ci il.