Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xalq şairi Mirvarid Dilbaziyə təbriki - Bakı şəhəri, 18 avqust 1997-ci il

Hörmətli Mirvarid xanim!

Sizi – Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini anadan olmağınızın 85 illiyi münasibətilə ürəkdən təbrik edirəm.

Xalqımızın əsrlərlə formalaşmış yüksək mənəvi dəyərlərini tərənnüm edən şeir və poemalarınız oxucular tərəfindən uzun illərdir ki, dərin rəğbətlə qarşılanır. Ölkəmizin müstəqilliyi uğrunda vətənpərvər mübarizlərin yetişməsində poeziyanızın danılmaz rolu olmuşdur. İyirminci əsrdə xalqın başına gəlmiş böyük faciələri öz yaradıcılığınızda canlı şahid kimi əks etdirməklə yanaşı, Siz daim nikbin şair qalaraq sabaha böyük ümid və inam ifadə edən əsərlər yaratmisiniz. Qarabağ dərdi, Göyçə həsrəti, taleyin hökmü ilə bir-birindən uzaq düşmüş soydaşlarımızın ayrılıq ağrısı Sizin poeziyanızda tarix və ibrət dərslərinə çevrilərək gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə edir.

Füsunkar Azərbaycan təbiətinin gözəlliklərinə həsr olunmuş hər bir misranız da oxucuları Vətənə, xalqa, ana dilimizə qırılmaz tellərlə bağlayır. Azərbaycan uşaq şeirinin inkişafındakı xidmətləriniz də yüksək qiymətə layiqdir. Sizin poetik tərcümələriniz sayəsində Azərbaycan oxucuları dünya poeziyasının bir çox gözəl nümunəsi ilə tanış olmaq imkanı əldə etmişdir. Siz Azərbaycanın qadın şairlərinin poeziya ənənələrini davam etdirərək şeirimizin uca zirvələrini fəth etmisiniz. Buna məhz əsərlərinizə xas olan bəşərilik, səxsiyyətinizdən irəli gələn nəciblik sayəsində çatmisiniz.

Yetmiş illik ədəbi fəaliyyətiniz Vətənə sonsuz sədaqət, xalqa fədakar xidmət məktəbi olmuşdur. İnanıram ki, siz poeziya həvəskarlarının müstəqil Azərbaycanımızı, onun azad xalqını tərənnüm edən yeni əsərlərlə bundan sonra da sevindirəcəksiniz.

Sizi bağrıma basıram, möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti