Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Böyük Britaniyanın aparıcı kütləvi informasiya vasitələrinin yüksək vəzifəli nümayəndələri ilə görüşdə bəyanatı və suallara cavabı - London, \"Klaricis\" mehmanxanası, 20 iyul 1998-ci il

Hörmətli xanımlar və cənablar!

Mən sizi salamlayıram və bu gün səhər sizinlə görüşməyimdən məmnun olduğumu bildirmək istəyirəm.

Bildiyiniz kimi, mən dünən axşam Londona, Birləşmiş Krallığa rəsmi səfərə gəlmişəm, bu gün və qarşıdakı günlərdə burada bir çox görüşlər keçirəcəyəm.

Mənim bu səfərim Azərbaycan ilə Birləşmiş Krallıq arasında mövcud olan əlaqələri inkişaf etdirmək məqsədi daşıyır. Bildiyiniz kimi, bu əlaqələr 1991-ci ilin sonunda Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra yaranıbdır. 1992-ci ilin mart ayında Birləşmiş Krallıq ilə Azərbaycan arasında diplomatik əlaqələr yaranıb, 1993-cü ilin sonunda Birləşmiş Krallığın Bakıda səfirliyi açılıbdır. 1994-cü ilin yanvar ayında Birləşmiş Krallıqda - Londonda Azərbaycanın səfirliyi açılıbdır.

1994-cü ilin fevral ayında mənim - Azərbaycan prezidentinin Birləşmiş Krallığa ilk rəsmi səfərim olmuşdur. Bu səfər zamanı Birləşmiş Krallıq ilə Azərbaycan arasında bir çox hökumətlərarası vacib sənədlər imzalanmışdır. Bu sənədlərdən ən mühümü, ən əsası Böyük Britaniya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq haqqında birgə bəyannamədir. Birləşmiş Krallığın Baş naziri və Azərbaycanın prezidenti tərəfindən imzalanmış bəyannamə ölkələrimiz arasında əlaqələrin ilk hüquqi-normativ bazasını yaratmışdır. 1994-cü ilin fevral ayında bir neçə başqa müqavilə də imzalanmışdır.

Ondan sonrakı dövrdə həm Londonda, həm də Bakıda Azərbaycan ilə Birləşmiş Krallıq arasında müqavilələr və sazişlər imzalanmışdır. Ölkələrimiz, dövlətlərimiz arasındakı əlaqələrin hüquqi-normativ bazası yetərli qədər yaranmışdır.

Ötən illərdə ölkələrimiz arasında, demək olar ki, bütün sahələrdə əməkdaşlıq yaranmış və genişlənmiş, iqtisadi əlaqələrimiz sürətlə inkişaf etməkdədir. Birləşmiş Krallığın bir çox böyük şirkətləri Azərbaycanda bizimlə müştərək işlər görürlər. Bu, birinci növbədə neft sahəsinə aiddir və onunla əlaqədar başqa sənaye sektorlarına aiddir. Eyni zamanda telekommunikasiya, infrastruktur və başqa sahələrdə də uğurlu əməkdaşlıq edirik.

Bilirsiniz ki, Azərbaycan Qafqazda yerləşən və çox strateji əhəmiyyətə, çox əlverişli coğrafi mövqeyə malik olan bir ölkədir. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi gedir. Bu sahədə çox işlər görülübdür. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub və 1995-ci ilin noyabr ayında çoxpartiyalı sistem, demokratik prinsiplər əsasında Azərbaycanın ilk parlamenti seçilibdir.

Azərbaycanın həyatının bütün sahələrində demokratik islahatlar həyata keçirilir və bu proses siyasi, iqtisadi, sosial sahələri əhatə edir. İqtisadi sahədə Azərbaycan bazar iqtisadiyyatı yolu ilə getməyi özünün strateji yolu kimi müəyyən edib və bu yolla irəliləyir. Artıq bir çox iqtisadi islahatlar aparılıbdır. Özəlləşdirmə proqramı ardıcıl surətdə həyata keçirilir. Aqrar sahədə islahatlar aparılır, biz torpağın xüsusi mülkiyyətə, yəni kəndlilərə verilməsi haqqında qanun qəbul etmişik. Bunu həyata keçiririk və müsbət nəticələrini əldə edirik.

Həyata keçirilən islahatlar əvvəlki illərdə iqtisadiyyatda ardıcıl surətdə davam edən geriləmənin qarşısını alıb və son illərdə iqtisadiyyatda artım müşahidə olunur. Bu, şübhəsiz ki, vətəndaşlarımızın rifah halının az da olsa yaxşılaşmasını təmin edibdir.

Sizə məlumdur ki, Azərbaycanın böyük və ağrılı problemi də var. Hələ 1988-ci ildə, Azərbaycan Sovetlər İttifaqının tərkibində olduğu zaman, Ermənistanın Azərbaycana qarşı təcavüzü başlayıbdır. O il, 1988-ci ildə Ermənistan Azərbaycanın tərkibində olan Dağlıq Qarabağ vilayətini Azərbaycandan ayırıb özünə birləşdirmək məqsədi ilə bu təcavüzə başlayıbdır. Sonra müəyyən səbəblərdən bu təcavüz genişlənib və nəhayət, müharibəyə çevrilibdir. Müharibə nəticəsində Azərbaycanın ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunubdur. İşğal edilmiş torpaqlardan bir milyondan artıq azərbaycanlı öz yerindən-yurdundan zorla çıxarılıbdır. Onlar indi Azərbaycanın başqa regionlarında qaçqın-köçkün vəziyyətində, ağır şəraitdə və əksəriyyəti çadırlarda yaşayırlar.

1994-cü ilin mayında biz atəşi, müharibəni dayandırmışıq. Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında saziş imzalanıbdır və münaqişənin sülh yolu ilə həll edilməsinə çalışırıq. Bu məsələ ilə ATƏT-in 1992-ci ildə yaratdığı Minsk qrupu məşğul olur. ATƏT bu məsələni 1994-cü ilin dekabr ayında Budapeşt zirvə görüşündə, 1996-cı ilin dekabr ayında Lissabon zirvə görüşündə müzakirə edibdir. 1996-cı ilin dekabrında Lissabon zirvə görüşündə bu münaqişənin sülh yolu ilə həll edilməsi üçün prinsiplər müəyyən olunmuşdur. Bu prinsiplər aşağıdakılardır: birincisi, Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünün tanınması; ikincisi, Dağlıq Qarabağda Azərbaycan dövlətinin tərkibində özünüidarəetmə statusu verilməsi; üçüncüsü, Dağlıq Qarabağın bütün əhalisinin - həm azərbaycanlıların, həm də ermənilərin təhlükəsizliyinin təmin edilməsi.

Minsk qrupunun həmsədrləri Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa 1997-ci ildə bu prinsiplər əsasında təkliflər hazırlayıb irəli sürmüşlər. Keçən il, 1997-ci ilin sentyabr ayında bu təkliflər Minsk qrupunun həmsədrləri tərəfindən həm Azərbaycana, həm də Ermənistana təqdim olunmuşdur. Biz bu təklifləri məsələnin həlli üçün, sülh danışıqlarının aparılması üçün əsas kimi qəbul etmişik. Ermənistanda isə bu təkliflər keçən il qəbul olunmuşdur. Sonra isə hələ ki, bu təkliflərə münasibət göstərilməyibdir.

Beləliklə, dörd ildən artıqdır ki, atəş yoxdur. Ancaq sülh də yaranmayıbdır. Azərbaycana vurulmuş bütün zərbələrə baxmayaraq, biz məsələnin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq və bu sahədə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Mən ümidvaram ki, Birləşmiş Krallıqda olduğum zaman bizim çox səmərəli danışıqlarımız olacaq və Birləşmiş Krallıq ilə Azərbaycan arasındakı əlaqələri bütün sahələrdə irəliyə aparmaq, inkişaf etdirmək üçün lazımi müştərək tədbirlər görə biləcəyik. Biz bunu istəyirik və bu məqsədlə də mən Londona gəlmişəm.

Diqqətinizə görə təşəkkür edirəm. İndi isə, əgər lazım olsa, suallara cavab verməyə hazıram.

Kristofer Lokvud: Burada mənim əlimin altında sizin, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı var. Bu bəyanatda Xarici İşlər Nazirliyi Rusiyanı Azərbaycanla Ermənistan arasındakı münasibətlərin destabilizasiya olunmasında günahlandırır. Xüsusilə, Rusiyanı Ermənistana silah verilməsində, C-300 raketlərinin göndərilməsində günahlandırır. Xahiş edərdim bu məsələ ilə əlaqədar Siz öz fikirlərinizi açıqlayasınız.

Heydər Əliyev: Şübhəsiz ki, Xarici İşlər Nazirliyinin bəyanatı elə mənim fikirlərimdir. Bilirsiniz ki, prezidentin razılığı olmasa, xarici işlər naziri belə bəyanatlar verə bilməz. Ancaq mən sizin sualınızı anlayıram. Yəqin ki, siz nəyisə dəqiqləşdirmək istəyirsiniz. Həqiqətən, bu məsələ bizi çox narahat edir. İndi Cənubi Qafqazda, Zaqafqaziyada üç müstəqil dövlət var: Gürcüstan, Azərbaycan, Ermənistan. Bu respublikaların üçü də keçmişdə Sovetlər İttifaqının müttəfiq respublikaları olmuşlar.

Mən artıq sizə bildirdim ki, hələ Sovetlər İttifaqının tərkibində olarkən - 1988-ci ildə Ermənistan Azərbaycana qarşı təcavüzə başlayıbdır. Mən hesab edirəm ki, o vaxt Sovetlər İttifaqının başçıları, hökuməti bu münaqişənin qarşısını ala bilərdilər. Ancaq bunu etməyiblər və mənim fikrimcə, bunu ona görə etməyiblər ki, o vaxtlar, hələ Sovetlər İttifaqının tərkibində olarkən Ermənistanla Azərbaycana münasibət eyni olmayıbdır.

SSRİ dağılandan sonra Azərbaycandan Sovetlər İttifaqının ordu hissələri, deməli, Rusiyanın ordu hissələri çıxarılıbdır. Bilirsiniz ki, Sovetlər İttifaqı dağılandan sonra Rusiya, Sovetlər İttifaqının varisi kimi onun hərbi hissələrinin də sahibi oldu. Ancaq Ermənistanda və Gürcüstanda Rusiyanın hərbi hissələri indiyə qədər var. Özü də nəinki keçmişdə olan hərbi hissələri var, son illər Rusiyanın Ermənistandakı hərbi hissələri çox gücləndiriblər.

Keçən il, 1997-ci ilin avqust ayında Rusiya ilə Ermənistan arasında böyük bir hərbi müqavilə imzalanıb, - hərbi müttəfiqlik haqqında, - Rusiyanın Ermənistanda olan hərbi hissələrinə Rusiyanın hərbi bazaları statusu verilibdir. Biz buna etiraz etmişik və bu gün də etiraz edirik. Çünki Ermənistanla Azərbaycan arasında hərbi münaqişə var.

Ermənistan da, Azərbaycan da MDB-nin üzvləridir. Azərbaycan MDB-nin üzvü olduğuna görə Azərbaycanın prezidenti kimi mən MDB-yə bəyan etmişəm ki, MDB-yə daxil olan dövlətlər arasında hərbi münaqişə olmamalıdır və olan bu münaqişələr də ləğv edilməlidir.

Beləliklə də, Rusiya MDB-nin üzvü olduğuna görə Azərbaycanla, Ermənistanla eyni münasibətdə olmalıdır. Ancaq buna baxmayaraq, Rusiya Ermənistandakı hərbi hissələrini ilbəil genişləndirir və gücləndirir. İyul ayının 15-16-da Rusiyanın müdafiə naziri Ermənistanda olduğu zaman orada hərbi hissələrdə olub, çıxışlar edib, bəyanatlar veribdir. Hətta bəyan edib ki, biz buraya C-300 raketləri də gətirəcəyik. Biz bu məsələlərə biganə qala bilmərik. Çünki Rusiyanın hərbi hissələrinin Ermənistanda olması Ermənistana daha da çox silahlanmaq üçün imkanlar yaradır.

Azərbaycanın işğal olunmuş torpaqlarında Ermənistanın silahlı qüvvələri yerləşibdir və bizə məlumdur ki, Rusiyanın Ermənistanda yerləşmiş hərbi hissələrində xidmət edənlərin təxminən 50 faizi yerli erməni millətinə və Ermənistan vətəndaşlığına mənsub olan adamlardır. Bu, məsələnin bir tərəfidir.

İkinci tərəfi isə ondan ibarətdir ki, hələ keçən ilin əvvəlində, yəni 1997-ci ilin mart ayında Rusiyanın rəsmi dairələri özləri bəyan etdilər ki, son üç ildə Rusiyanın Müdafiə Nazirliyi qanunsuz, gizli olaraq Ermənistan silahla qüvvələrinə 1 milyard dollar dəyərində cürbəcür xarakterli silah və hərbi sursat vermişdir. Biz buna etiraz etmişik. Mən Rusiyanın prezidenti Boris Yeltsinə müraciət etmişəm ki, bu məsələ ilə əlaqədar araşdırma aparılsın, Ermənistana qeyri-qanuni, gizli verilmiş silahlar geri qaytarılsın. Ancaq bu barədə də bir iş görülməyib və üstəlik, indi Rusiyanın müdafiə naziri gəlib Ermənistanda belə bəyanatlar verir. Bu bizi çox narahat edir və ümumiyyətlə, Qafqazda vəziyyəti gərginləşdirir. Ona görə də Azərbaycanın Xarici İşlər Nazirliyi belə bir bəyanat veribdir.

Riçard Biston: Azərbaycandan Qara dənizə çəkiləcək ixrac boru kəmərləri barədə kifayət qədər danışılıbdır. Bilmək istərdim ki, son dövrlərdə İranda baş verən hadisələr, xüsusilə, İranda liberal qüvvələrin hakimiyyətdə təmsil olunması, İran ilə Qərb arasında münasibətlərin mülayimləşməsi gələcəkdə əsas boru kəmərinin İrandan keçməsi imkanını yaradırmı? Beləliklə, gələcəkdə Azərbaycandan boru kəmərlərinin Qərbə deyil, Cənub istiqamətində, İran ərazisindən çəkilməsi ehtimalı varmı?

Heydər Əliyev: Bildirmək istəyirəm ki, Xəzər dənizi hövzəsində həddindən çox neft ehtiyatları vardır. Bu, həm Azərbaycanın ərazisində və Xəzərin Azərbaycana məxsus olan sektorundadır, eyni zamanda, Xəzərin şərq sahilində - Qazaxıstanın və Türkmənistanın neft yataqlarıdır, Xəzərin Qazaxıstan, Türkmənistan və Rusiya sektorlarında olan zəngin neft yataqlarıdır. Güman edirəm ki, Xəzərin İran sektorunda da neft yataqları var. Ona görə də bu neft və qaz məhsulunun gələcəkdə dünya bazarlarına uzunmüddətli ixrac edilməsi üçün bir neçə neft kəməri ola bilər. Güman edirəm ki, bu, belə də olacaqdır.

Ancaq biz indi bugünkü məsələ üzərində işləyirik. O da ondan ibarətdir ki, 1994-cü ilin sentyabr ayında biz dünyanın böyük neft şirkətləri ilə, o cümlədən, Birləşmiş Krallığın \"Bi-Pi\" şirkəti ilə, \"Ramko\" şirkəti ilə də böyük bir müqavilə imzalamışıq. Bu müqavilə əsasında biz təxminən 2003-2005-ci illərdə həmin bu müqavilə sahəsindən ildə 40 milyon tona qədər neft hasil edəcəyik. Ona görə də bu müqavilə imzalanarkən əsas neft kəməri orada yazılıbdır. Biz Azərbaycandan əsas neft kəmərinin Gürcüstan ərazisi vasitəsilə Türkiyə ərazisinə Bakı-Ceyhan marşrutu ilə keçirilməsini nəzərdə tutmuşuq. Azərbaycan bu gün də bu fikirdədir.

Ancaq bu böyük neft kəməri hələ çəkilənə qədər biz neftin ixracını təmin etməliyik. Ona görə də Bakıdan Qara dənizə, Rusiyanın Novorossiysk limanına bir neft kəməri artıq çəkilibdir, işləyir. Biz keçən ilin noyabr ayında aldığımız ilk nefti bu kəmərdə ixrac edirik. Azərbaycandan, Bakıdan Gürcüstanın Qara dəniz sahilindəki Supsa limanına boru kəməri çəkilir. 1999-cu ilin əvvəlində bu kəmərin tikintisi də başa çatacaq və şübhəsiz ki, biz ondan istifadə etməyə başlayacağıq. Ancaq bu neft kəmərlərinin tutumu böyük deyildir. İkincisi də, onlar nefti Qara dənizdə olan limanlara nəql edir, oradan isə tankerlərlə başqa yerlərə daşımaq lazım olur. Bakı-Ceyhan neft kəməri isə birbaşa Xəzər dənizi hövzəsindən təkcə Azərbaycan neftini yox, gələcəkdə Qazaxıstan, Türkmənistan neftini də Aralıq dənizindəki Ceyhan limanına nəql etmək məqsədi daşıyır. Bu, bizim əsas qərarımızdır.

Ancaq eyni zamanda, əgər şərait imkan versə, İrandan da bir neft kəməri keçə bilər. Ola bilər, Mərkəzi Asiyadan Şərq ölkələrinə də başqa bir neft kəməri olsun. Bunları istisna etmək olmaz.

Ruben Xalad: Mən Sizə bir ümumi sualla müraciət etmək istəyirəm. Səhv etmirəmsə, sonuncu dəfə Sizi ya 1986-cı, ya da 1987-ci ildə Qızıl meydanda görmüşəm. O zaman Siyasi Büronun üzvü kimi Siz orada paradın qəbul olunmasında iştirak edirdiniz. Səhv etmirəmsə, 1987-ci ildə Siz Siyasi Bürodan istefa vermisiniz. Bilmək istərdim ki, Siz o zamanlar Azərbaycanın bir müstəqil dövlət olacağı barədə düşünürdünüzmü?

Heydər Əliyev: Düşünürdüm. Mən daim Azərbaycanın müstəqil olmasını arzu etmişdim. Azərbaycanın gələcəkdə müstəqil dövlət kimi yaşaması üçün mən vaxtilə Azərbaycanın rəhbəri olduğum zaman, hesab edirəm ki, az iş görməmişdim. Moskvada Siyasi Büronun üzvü olmaqla bərabər, mən eyni zamanda, Sovetlər İttifaqının Nazirlər Soveti sədrinin birinci müavini, yəni Baş nazirin birinci müavini idim. Bu işlərdə işləmək yalnız öz xalqıma xidmət etmək məqsədi daşımışdır.

Biz hamımız, o cümlədən, mən də bizdən əvvəl, yəni bizim iştirakımız olmadan yaranmış bir quruluşda, bir dövlətdə yaşayırdıq. Belə bir dövlətdə, belə bir quruluşda yaşayaraq öz xalqıma, öz millətimə xidmət etmək mənim üçün əsas məqsədlərdən biri idi. Mən bunu Azərbaycanın başçısı olduğum zamanda da, - təxminən on dörd il, - hər gün etmişdim, Moskvada işlədiyim zaman da etmişdim. 1987-ci ilin oktyabr ayında Moskvada bütün vəzifələrdən istefa verməyimin də əsas səbəblərindən biri o idi ki, o vaxt Sovetlər İttifaqına mənsub olan millətlərə, ayrı-ayrı xalqlara ədalətli münasibət göstərilmirdi və bu məsələlərdən mən narazı idim.

Mən indi sizə danışdım, - Moskva, Rusiya Cənubi Qafqazda olan xalqlara, respublikalara eyni münasibət göstərmir. Mən sizə konkret faktlar gətirdim. Amma bu, yeni şey deyildir. Biz Sovetlər İttifaqının tərkibində olanda da bunu hiss edirdik. Mən Siyasi Büronun üzvü idim, amma hiss edirdim ki, bu Siyasi Büro və xüsusən Sovetlər İttifaqının lap böyük rəhbərləri hər bir xalqa eyni münasibət göstərmirlər. Bunlar məndə Azərbaycanın müstəqil olması hissələrini daha da gücləndirmişdi.

Təsadüfi deyil ki, mən istefaya gedəndən sonra və xüsusən 1990-cı ildə, hələ Sovetlər İttifaqı dağılmamışdan əvvəl artıq çıxış edirdim ki, Azərbaycan müstəqil olmalıdır və Sovetlər İttifaqı dağılmalıdır. 1990-cı ilin yanvar ayında Qorbaçovun göstərişi ilə sovetlərin böyük qoşun hissəsi Bakıya yeridilib qırğın törətdikdən sonra mən Kommunist Partiyası tərk etdim, bəyanat verdim və Azərbaycanın müstəqil olması haqqında çıxışlar etdim.

Sizi razı sala, sualınıza cavab verə bildim? Mən sizinlə görüşümdən məmnunam. Əgər 1987-ci ildə görüşəndə belə danışa bilməmişiksə, indi danışırıq. Amma 1986-cı ildə mən Moskvada mətbuat mərkəzində xarici müxbirlərlə böyük bir mətbuat konfransı keçirmişdim. Ola bilər ki, siz orada olmamısınız, çünki mən orada çox suallara cavab vermişdim.

Robert Mur: O zaman mən də həmkarım kimi, Qızıl meydanda Sizi müşahidə edənlər arasında olmuşdum. İstərdim ki, keçmiş Siyasi Büronun üzvü, Sovet İttifaqını yaxşı tanıyan bir şəxs, təcrübəli dövlət xadimi kimi Rusiyanın gələcəyi barədə Sizin fikirlərinizlə tanış olaq. Sizcə, Rusiyada demokratik proseslər o qədər dərin kök atıbmı ki, geriyə dönmək prosesi mümkün olmasın? Yaxud, Bakıdan baxarkən Rusiyanın gələcəyi barədə nə kimi narahatlıq yaranır? Rusiyanın gələcək taleyi barədə nə deyə bilərsiniz? Xüsusilə, istərdik ki, Sizin Yeltsin və qarşıdakı əsr barədə fikirlərinizi bilək.

Heydər Əliyev: Mən məmnuniyyətlə cavab verərəm. Bilirsiniz, mən ümumiyyətlə, proqnoz verməkdən həmişə çəkinirəm. Cürbəcür tədqiqatlar aparıb proqnoz verənlərə də o qədər inanmıram. Çünki mənim böyük həyat təcrübəm var.

Robert Mur: Biz tədqiqat işləri aparırıq və çörəyimiz də ondan çıxır.

Heydər Əliyev: Elə sizin çörəyinizin çıxması üçün də müəyyən cavablar verəcəyəm. Amma siz tədqiqatçısınız, mən isə əməli fəaliyyət göstərən adamam. Mən cürbəcür proqnozların həyata keçməməsinin dəfələrlə şahidi olmuşam.

Rusiya haqqında indi dəqiq fikir demək çox çətindir. Mən sizə açıq deyim: Rusiyadakı vəziyyət sizi maraqlandıran kimi, Azərbaycanı, bizi də maraqlandırır, hətta bizi narahat edir. Çünki biz bilavasitə Rusiya ilə sərhəddəyik və ətrafımız Rusiya qoşunları ilə doludur. Əgər hələ nəzərə alsanız ki, Rusiya indi İranla çox əməkdaşlıq edir və sizə dedim ki, Ermənistanla əməkdaşlıq edir. Biz bu üçlük alyansının ortasındayıq, ona görə də Rusiya bizi çox narahat edir.

Rusiyada iqtisadi vəziyyət çox gərgindir. İndi ölkə iqtisadi böhran keçirir. Beynəlxalq Valyuta Fondu söz verib onlara 15 milyard dollar kredit ayırsın. Amma kreditin şərtləri də çox ağırdır. Gələcəkdə bu kreditin altından necə çıxacaqlar, mən bilmirəm. Məsələn, baxmayaraq ki, bizdə 1 milyon qaçqın var və çox çətin şəraitdə yaşayırıq, biz heç vaxt belə kreditləri qəbul eləyə bilmərik. Çünki mən tək bu gün üçün yox, gələcək üçün də düşünürəm. Bəlkə də mənim yaşımda olan adam fikirləşərdi ki, nə kredit lazımdırsa alım, öz dövrümü yaşayım, gələcəkdə nə olur-olsun. Amma mən xalqımın gələcəyi haqqında bugünkündən daha çox düşünürəm. Xalqımın gələcəyi haqqında da düşünərək Rusiyadakı vəziyyətdən narahatam.

İndi orada kommunistlər müxalifətdədirlər. Məsələn, Azərbaycanda kommunistlər yoxdur. Sual olunur - bəs nə üçün? Sizin səfir də bunu yaxşı bilir. Nə üçün? Çünki Azərbaycanın bir nömrəli kommunisti Heydər Əliyev idi. Heydər Əliyev Kommunist Partiyasından hələ 1990-cı ildə imtina etdiyinə görə, qalanları Heydər Əliyevə o qədər inanırlar ki, bu gün Azərbaycanda Kommunist Partiyasına inam yoxdur. Bağışlayın, mən özümü tərifləmək istəmirəm, ancaq bu fakt yəqin sizə sübut edər ki, Heydər Əliyevə Azərbaycanda inanırlar.

Yeltsin də keçmiş kommunistdir, mənimlə bərabər Siyasi Büronun tərkibində idi. Düzdür, mən Siyasi Büronun üzvü idim, o, Siyasi Büro üzvlüyünə namizəd idi. Ancaq Kommunist Partiyasının ən böyük təşkilatının - Moskva Partiya Təşkilatının başçısı idi. İndi o, kommunistlərdən imtina edibdir. Amma Rusiyada olan adamlar, çoxları kommunistlərdən imtina etməyiblər.

Mən məsləhət görürəm ki, tədqiqatçı kimi siz bu paralellərə bir az fikir verəsiniz. Məsələn, mən Yeltsinlə və Rusiyanın indiki demokratik hökuməti ilə yaxşı əlaqələr yaradıram. Amma Rusiyanın kommunistləri ilə mənim əlaqəm yoxdur. Ayrı-ayrı respublikalarda, məsələn, Ermənistanda Kommunist Partiyası var, özü də güclüdür, Gürcüstanda da Kommunist Partiyası var, o da güclüdür və Rusiyada olan kommunist partiyaları onlarla əlaqədədir. Amma Azərbaycanda yoxdur və heç bir əlaqə də saxlaya bilmirlər.

Mən öz fikrimi deyirəm ki, Rusiya gərək demokratik prosesləri inkişaf etdirsin və Kommunist Partiyasının hakimiyyətə gəlməsinə imkan verməsin. Ona görə də Yeltsinlə bərabər, başqa liderlər də olmalıdır, hansılar ki, Kommunist Partiyasının liderlərinə qarşı dura bilərlər. Amma orada bəzi siyasi xadimlər var, doğrudan da, müəyyən bir nüfuza malikdirlər, ancaq onlar hansı məsləkə qulluq edirlər, - onu da mən başa düşmürəm. Rusiyada nə olacaq? Mən bunu deyə bilmərəm. Amma inanıram ki, Rusiyanın tutduğu bu demokratik yol inkişaf edəcəkdir. Yəni, kommunistlərin, kommunist sisteminin bərpa olunması mümkün deyildir.

Məsələn, mən sizə bir şey deyə bilərəm. Biz iki il bundan öncə parlamentdə qanun qəbul etmişik - torpağın şəxsi mülkiyyətə verilməsi haqqında. İnsanlara torpağı həm satmaq, həm də almaq hüququ verilibdir. Bu da yaxşı nəticə verir. Prezident Yeltsin çalışır ki, belə bir qanun qəbul etsin, amma bu qanunu parlamentdə keçirə bilmir. İki gün bundan öncə bu məsələ yenə də parlamentdə müzakirə edildi. Bəyan etdilər ki, Rusiyada torpağın satılmasına-alınmasına icazə vermək olmaz. Onların belə çətin problemləri var. Rusiyada özəlləşdirmə çox geniş gedibdir, aqrar sektordan başqa. Amma bu, hələ ki, onlarda iqtisadiyyatın inkişaf etməsinə bir şərait yarada bilməyibdir.

Mən bilmirəm, onlar nə üçün vergiləri yığa bilmirlər. Məsələn, biz vergiləri yığırıq və insanlara məvacib də veririk. Baxmayaraq ki, neftin qiyməti, bilirsiniz, çox aşağı düşübdür. Bizim gəlirimizin çoxu neftdən gəlir. Ona görə bu il iqtisadiyyatımızda müəyyən gərginlik əmələ gəlibdir. Amma buna baxmayaraq, biz vergiləri yığırıq və özü də daha da artıqlaması ilə yığıb bu vəziyyətdən çıxırıq.

Mən hesab edirəm ki, Rusiyada bu demokratik qüvvələr nəhayət, qalib gələcəklər. Mən nəinki bunu belə hesab edirəm, bunu çox arzu edirəm. Əgər bu olmasa, Rusiya yenə də imperiyaya çevriləcəkdir. Hələ bu gün də Rusiyada imperiya əhval-ruhiyyəsi var. Ona görə də mən həmişə deyirəm ki, bizə demokratik Rusiya lazımdır. Müasir Rusiya, yeniləşmiş Rusiya lazımdır. Biz yenidən rus imperiyası ilə yaşamaq istəmirik. Çünki biz iki yüz il rus imperiyasının hakimiyyəti altında yaşamışıq. Proqnoz verməyərək, mən bu fikirləri sizə çatdırdım.

Stefan Uoqstil: İcazənizlə, bu sualın davamı olaraq Sizə belə bir sualla müraciət edim: Sizcə, Rusiyanın yeni imperiya kimi meydana çıxmasının qarşısını almaq üçün Qərb nələr etməlidir? Xüsusilə, mən istərdim ki, Qərbin Qafqaz bölgəsinə olan münasibəti barədə Sizin fikirlərinizi öyrənim. Sizcə, Qərb Qafqazda daha fəal siyasət yeritməlidir? Sizcə, Qərb ölkələri Qafqazla və Rusiya ilə bağlı nələri etməli və nələri etməməlidir?

Heydər Əliyev: Birinci növbədə, Qərb bütün imkanlarından istifadə edərək çalışmalıdır ki, Rusiyada demokratik proseslər inkişaf etsin və dönməz olsun. İkincisi, Qərb Qafqazda və xüsusən Cənubi Qafqaz ölkələrində öz fəaliyyətini daha da genişləndirməlidir - həm iqtisadi cəhətdən, bu ölkələrdə bütün demokratik proseslərin həyata keçirilməsi cəhətdən, həm də ki, bu ölkələrin müstəqilliyini dəstəkləmək yolu ilə.

MDB-yə daxil olan dövlətlər - keçmiş Sovetlər İttifaqı respublikalarının heç birisi indi öz müstəqilliyini əldən vermək istəmir. Ancaq eyni zamanda, yenə də bəzən Rusiyada müəyyən qüvvələr - Belarus ilə Rusiya bir ittifaq yaratdılar, sonra başqaları ilə ittifaq yaradıb hansısa bir formada MDB-ni fövqəlmilli bir quruma çevirmək istəyirlər.

Rusiyanın hərbi hissələrinin, hərbi bazalarının Ermənistanda və yaxud MDB-nin başqa dövlətlərində olması onların müstəqilliyini, şübhəsiz ki, müəyyən qədər zəiflədir. Gürcüstanda da Rusiyanın hərbi hissələri var. Amma onlar özləri öz qanunları ilə yaşayırlar. Şübhəsiz ki, Gürcüstanın müstəqilliyinə bu, müəyyən qədər zərər gətirir. Mən bilirəm ki, Gürcüstanda xalq və prezident istəmirlər ki, Rusiyanın hərbi hissələri orada yerləşsin. Ermənistanın İranla, Türkiyə ilə olan sərhədlərini Rusiyanın sərhəd qoşunları qoruyur.

Bir-iki il bundan öncə bizə də dəfələrlə təklif edilirdi ki, Rusiyanın qoşunları gəlsin, Azərbaycanın İranla, Türkiyə ilə sərhədlərini bizimlə müştərək qorusunlar. Biz buna imkan vermirik. Mənə dəfələrlə müraciət etdilər, buna razı olmadım. Buna görə məndən narazıdırlar. Amma Ermənistan əksinə, bunu istəyir. Gürcüstan indi istəyir ki, Türkiyə ilə olan sərhədlərindən Rusiyanın qoşunlarını çıxartsın, amma Rusiya tərəfindən buna müqaviməti hiss eləyir.

Demək, bu faktlar göstərir ki, Rusiya tərəfindən bu və ya başqa yolla müstəqilliyə müəyyən qədər zərər gətirmək cəhdləri var. Buna görə Qafqaz ölkələrinin müstəqilliyinə daha da çox dəstək vermək lazımdır. İmperiya siyasətinin tamamilə ləğv edilməsi üçün lazımdır ki, Rusiya tam demokratik bir ölkə olsun. Bilirsiniz ki, Azərbaycan NATO ilə tərəfdaşlıq haqqında saziş imzalayıbdır. Biz bu sahədə əməkdaşlıq edirik və edəcəyik. Biz - Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova bir dördlük - GUAM qrupu yaratmışıq. Bunun özü də müəyyən qədər bizim müstəqilliyimizi təmin etmək üçün yaranmış bir qrupdur. Beləliklə, biz müstəqilliyimizi qoruyuruq, amma bizi dəstəkləmək lazımdır.

Saymon Skott Plamer: Cənab prezident, Siz Azərbaycanın xarici neft şirkətləri ilə imzaladığı müqavilələrə toxundunuz. Məni sualım \"Günəşli\" yatağının dayazda yerləşən hissəsinin reabilitasiyası ilə əlaqədardır. Bu məsələ ilə bağlı son dövrdə elə bir məlumat ala bilməmişik. \"Günəşli\" yatağının dayazda yerləşən hissəsinin reabilitasiyası layihəsinin həyata keçirilməsi nə vaxt olacaq və bu barədə nə deyə bilərsiniz?

Heydər Əliyev: Bu layihənin həyata keçirilməsi üçün bizim Dövlət Neft Şirkəti başqa şirkətlərlə - həm Amerika şirkətləri, həm də \"Konoko\" və \"Ramko\" şirkətləri ilə danışıqlar aparır. Güman edirəm ki, onlar müqavilənin şərtlərini razılaşdırandan sonra biz bunu həyata keçirəcəyik. Çünki bu, bizim üçün çox vacib məsələdir.

Robert Korzayn: Siz söylədiniz ki, proqnoz vermək fikrində deyilsiniz, proqnoz verməyi sevmirsiniz. Amma biz yenə də istərdik ki, bu ilin sonunda olacaq prezident seçkilərinin nəticələri barədə Sizin fikirlərinizi dinləyək.

Heydər Əliyev: Nəticələr məndən asılı deyil, seçkilərdən asılıdır. Oktyabr ayının 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcəkdir. Azərbaycanın bugünkü prezidenti kimi, mən bu seçkilərin tam demokratik şəraitdə keçirilməsi üçün bütün imkanları yaratmışam və bundan sonra da yaradacağam. Mən beş ildir ki, Azərbaycana rəhbərlik edirəm. Mənim əsas məqsədlərimdən biri də Azərbaycanda demokratik prosesləri yaratmaq və inkişaf etdirməkdir. Bu sahədə Azərbaycanda prezident seçkiləri xüsusi əhəmiyyətə malikdir.

Bilirsiniz ki, Azərbaycanda demokratiya yeni bir şeydir. Siz demokratiya ilə yüz illərlə məşğulsunuz. Amma biz cəmisi 6 ildir ki, müstəqillik əldə etmişik. Müstəqilliyi əldə edəndən sonra da Azərbaycanın başına gələn vəziyyətlər sizə məlumdur. Bir tərəfdən də müharibə şəraitindəyik. Amma buna baxmayaraq, imkanlarımız dairəsində demokratiyanı inkişaf etdiririk və etdirəcəyik. Güman edirəm ki, prezident seçkiləri bu sahədə böyük bir addım olacaqdır. Tam demokratik şəraitdə xalq kimə səs versə, o da prezident olacaqdır.

Riçard Biston: Siz Qərbin Azərbaycana dəstəyinin mühümlüyü barədə fikirlərinizi açıqladınız. Amma bilmək istərdim ki, Siz bunu deyərkən Qərbin Azərbaycan ilə hərbi alyansının yaradılmasını da nəzərdə tutursunuzmu? Siz Rusiyanın imperiya siyasətinin qarşısını, Qafqazdakı hərbi mövcudluğunun qarşısını almaq üçün Qərblə hərbi ittifaqların qurulmasını da nəzərdə tutursunuzmu?

\"İndependent\"dən olan cənab isə suala əlavə etdi ki, Siz NATO ilə Azərbaycanın əməkdaşlığı barədə fikirlərinizi açıqladınız, amma NATO-nun özünün də qəbul etdiyi, bəyan etdiyi kimi, \"Sülh naminə tərəfdaşlıq\" proqramı bir növ rəmzi xarakter daşıyan proqramdır. Yəni, bu proqram NATO ilə həmin ölkələrin ciddi hərbi alyansının yaradılmasına icazə vermir. Siz \"Sülh naminə tərəfdaşlıq\" proqramının fəal, işlək bir mexanizmə çevrilərək bu ölkələrə həqiqi hərbi yardım göstərilməsinə imkan yaratmamasından narahatsınızmı?

Heydər Əliyev: Bilirsinizmi, mən ümumiyyətlə, hərbi ittifaqların əleyhinəyəm. Əgər mən Rusiya ilə Ermənistan arasında yaranmış hərbi ittifaqı tənqid edirəmsə, başqa bir ölkə ilə hərbi ittifaq yaratmaq mənim üçün, əlbəttə ki, mümkün deyildir. Ona görə də hesab edirəm ki, bu hərbi ittifaqlar, ümumiyyətlə, bizim Qafqazda hərbi ittifaqlar olmamalıdır. Sizin kimi bəzi jurnalistlər məndən soruşurlar ki, bəs sizin hərbi müttəfiqiniz kimdir? Bir qonşunuz İrandır. Bir qonşunuz Rusiyadır. Bir qonşumuz Ermənistandır - onunla hərbi münaqişədəsiniz. Bir qonşunuz Gürcüstandır. Gürcüstanla bizim yaxşı dostluq əlaqələrimiz var. Mən isə deyirəm ki, biz müharibə etmək istəmirik. Ona görə də heç bir ölkə ilə hərbi ittifaq da yaratmaq istəmirik. Ona görə də mən Rusiyanın Ermənistan ilə hərbi ittifaqının əleyhinə belə cəsarətlə çıxıram. Belə olan halda mənim başqa cür düşünməyim məntiqsiz olardı.

Təşəkkür edirəm. Mən sizin hamınızı Azərbaycana dəvət edirəm. Azərbaycanda sizinlə danışmağa daha çox vaxtım olacaqdır. Mənim Londonda birinci görüşüm sizinlədir. Bu göstərir ki, mən sizlərə nə qədər hörmət edirəm. Sağ olun.

\"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir\" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı - 2005, 16-cı cild, səh.280