Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə Respublika sarayında keçirilmiş təntənəli toplantıda Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 27 dekabr 1997-ci il

Əziz həmvətənlər, bacılar və qardaşlar!

Hörmətli xanımlar və cənablar!

Sizi Dünya azərbaycanlılarının həmrəylik günü bayramı münasibətilə ürəkdən təbrik edirəm.

Bu möhtəşəm salondan sizin adınızdan, Azərbaycan vətəndaşları, Azərbaycan dövləti adından bütün dünya azərbaycanlılarına bayram salamlarımı və ən xoş arzularımı göndərirəm.

Dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə mənim fikirlərim, mülahizələrim və arzularım indicə oxunan müraciətdə öz əksini tapıbdır. Ona görə də mənim burada çıxış etməyimə bəlkə də ehtiyac yoxdur. Ancaq mən yalnız bir neçə söz demək üçün sizin qarşınızda durmuşam.

Azərbaycanlılar min illərlə öz tarixi, etnik, doğma torpaqlarında - böyük Azərbaycanda yaşamışlar, yaratmışlar və bəşər sivilizasiyasına dəyərli töhfələr vermişlər. Dünyada gedən müharibələr, inqilablar, hərbi münaqişələr, ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi yerlərindən-yurdlarından sürgün, deportasiya olunmuş, parçalanma nəticəsində bir-birindən ayrı düşmüşlər. Bəziləri isə özlərinə iş aramaq, təhsil almaq üçün doğma torpaqlarını tərk edib başqa ölkələrdə məskunlaşmışlar. Beləliklə, tarix boyu böyük Azərbaycan torpağından azərbaycanlılar dünyaya səpələnmişlər. İndi demək olar ki, dünyanın bir çox ölkələrində azərbaycanlılar yaşayırlar. Rusiyada, Müstəqil Dövlətlər Birliyinə mənsub olan digər ölkələrdə, Qafqazda, qonşu Gürcüstanda, Dağıstanda, İranda, Türkiyədə, Avropada, Amerikada, Şərq ölkələrində azərbaycanlıların böyük icmaları yaranıbdır. Onlarda millilik hissləri günü-gündən artır. Onlar bir-biri ilə daha sıx əlaqə qurmağa çalışırlar və həmrəylik hissləri güclənir.

Biz - bu torpaqda yaşayan azərbaycanlılar başqa ölkələrdə yaşayan soydaşlarımızın haqqında həmişə düşünmüşük, onlarla əlaqə yaratmaq istəmişik və onlarla həmrəyliyimizi bildirməyə çalışmışıq. Ancaq biz keçmiş zamanlarda - böyük Sovet İttifaqının tərkibində olduğumuz vaxt bu imkanlardan məhrum idik, ya da bu imkanlar çox məhdud olmuşdur.

1980-ci illərin axırında, Sovetlər İttifaqı zəifləməyə başladığı zaman bizim Azərbaycanda yaşayan azərbaycanlılar öz soydaşları, bacı-qardaşları ilə əlaqə qurmağa daha da çox cəhdlər göstərmişlər. Məhz bu istək, bu arzu, bu cəhdlər 1989-cu ilin sonunda gənc azərbaycanlıları İranda, Türkiyədə yaşayan azərbaycanlılardan bizi ayıran, Sovetlər İttifaqının sərhəd qoşunlarının yaratdığı mühəndis istehkamlarını, tikanlı simləri vurub dağıtmağa, qırmağa məcbur etmişdir. Bu, o vaxt - 1989-cu ilin dekabrında tarixi bir hadisə olmuşdur. O günlər Arazın o tayında da, bu tayında da azərbaycanlılar bir-birinə qovuşmağa, birləşməyə çalışmışlar. Bu arzular, bu istəklər yerinə yetmiş və bu gün biz böyük xoşbəxtlik hissi ilə deyə bilərik ki, başqa ölkələrdə yaşayan soydaşlarımızla, qohum-əqrəbalarımızla azad, sərbəst əlaqə yaratmaq imkanına malikik.

Biz 1989-cu ilin dekabr ayında baş vermiş bu hadisəyə xüsusi əhəmiyyət verərək və onu yüksək qiymətləndirərək 1991-ci il dekabr ayının 16-da Naxçıvanda Muxtar Respublika Ali Məclisinin bu barədə xüsusi qərarını qəbul etdik və 31 dekabr gününü Dünya azərbaycanlılarının həmrəylik günü elan etdik.

Bizim Naxçıvanda qəbul etdiyimiz bu qərar əsasında sonra Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Ali Sovetinin qərarını qəbul etdi. Beləliklə, 1991-ci ilin dekabrında indiyədək bizim çox əziz bir bayramımız, 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik günü bayramımız vardır. Bu, bizim üçün çox əzizdir. Ona görə ki, dünyada milyonlarla azərbaycanlılar yaşayırlar. Onlar müxtəlif ölkələrdədirlər.

Onları həmrəyliyə çağırmaq, bu barədə təşəbbüskarlıq etmək bizim müstəqil Azərbaycan Respublikasının tarixi missiyasıdır. Biz bu tarixi missiyamızı yerinə yetirdik.

Ümidvaram ki, altı il bundan öncə təməli qoyulmuş bu bayram günü bütün Dünya azərbaycanlıları tərəfindən ilbəil qeyd olunacaq və azərbaycanlıları bir-biri ilə qovuşmaq, bir-biri ilə əlaqələrini inkişaf etdirmək, bir-biri ilə sıx olmaq üçün daha da böyük fəaliyyətə dəvət edəcəkdir.

Bu günlər Azərbaycanın istiqlaliyyətinin, dövlət müstəqilliyinin də altı ili tamam olur. Biz altı ildir ki, müstəqillik şəraitində yaşayırıq. Biz bu illərdə böyük sınaqlardan, böyük imtahanlardan, çətin yollardan keçdik. Ən önəmlisi, ən əhəmiyyətlisi odur ki, dövlət müstəqilliyimizi, milli azadlığımızı qoruyub saxlamışıq və Azərbaycan Respublikası öz ölkəsində demokratik, hüquqi, dünyəvi dövlət quraraq Dünya Birliyində özünə layiq yerini tutubdur.

Bu günlər bir əlamətdar tarixi hadisəni də qeyd etmək lazımdır. 25 il bundan əvvəl Azərbaycanın paytaxtında, Bakıda, indi bu mərasimi keçirdiyimiz Respublika sarayı tikilib istifadəyə verilmişdir. 1971 - 1972-ci illərdə biz bu sarayın tikintisi ilə məşğul olduq. Bu böyük, əzəmətli saray iki il müddətində tikildi və 1972-ci ilin dekabr ayında istifadəyə verildi. Bu saray 25 ildir ki, Azərbaycan xalqına, respublikamıza xidmət edir. Artıq bu saray bizim dövlətçiliyimizin rəmzinə çevrilibdir. Bu saray Azərbaycan dövlətinin, xalqının, mədəniyyətinin ən böyük sərvətlərindən biri olubdur.

Mən o illəri xatırlayıram. O illəri xatırlayanlar bilirlər ki, bu saray yerləşən ərazi və onun ətrafı Bakının demək olar ki, ən xoşagəlməyən bir hissəsi idi. Biz burada gözəl şəhərimizin mənzərəsini pozan, artıq öz fəaliyyətini itirmiş binaları dağıtdıq, bu sarayı tikdik, yaratdıq. Sarayın önündə böyük bir meydan, hovuzlar, fəvvarələr yaratdıq, ağaclar, güllər, çiçəklər əkdik. 25 ildir ki, bu saray da, onun ətrafında olan meydan da Azərbaycan xalqının istirahətinə, mədəniyyətinə, əylənməsinə xidmət edir.

Mən bu münasibətlə sizi təbrik edirəm. Düşünürəm ki, Azərbaycanda 25 il müddətində bu saraya gəlməyən adam tapmaq olmaz. Çünki burada o qədər təntənəli mərasimlər, tamaşalar, gözəl konsertlər, görüşlər keçirilibdir ki, insanlarımız bura axışıb və buranı özlərinə doğma ev hesab edirlər.

1971 - 1972-ci illərdə bu binanın tikilməsi ilə gecə-gündüz məşğul olmuş inşaatçıların bir qrupu da bu gün bu salondadır. Mən xahiş etmişdim ki, onları dəvət etsinlər.

Mən o illəri xatırlayıram. O vaxt bu işlərə özüm şəxsən nəzarət edirdim, tez-tez, vaxtaşırı bu tikintiyə gəlirdim, bu tikinti prosesi ilə maraqlanırdım. Mən bilirəm ki, bu tikinti nədən ibarətdir. Bu tikintinin altında bəlkə üstündəkindən də çox binalar, qurğular, bütün bu sarayı idarə edən avtomat mexaniki qurğular, cihazlar yerləşibdir. Bunların hamısını iki il müddətində yaratmaq çox çətin idi. Ona görə də mən 25 il keçəndən sonra inşaatçılara yenə də öz təşəkkürümü bildirirəm və burada iştirak edən inşaatçıların nümayəndələrinin - başda Əliş Ləmbəranski olmaqla - hamısını təbrik edirəm, onlara təşəkkür edirəm.

Gözəl tikiblər. Bu saray xalqımıza 25 ildir ki, təmirsiz və mütəmadi olaraq xidmət edir. Bu, işin nə qədər keyfiyyətli görüldüyünü sübut edir. Eyni zamanda, bu 25 il müddətində bu saraya xidmət edənlər, onu qoruyub saxlayanlar, yaşadanlar - sarayın işçiləri, bu kollektiv də çox böyük zəhmətlər çəkiblər. Mən qapıdan buraya daxil olarkən bir qadın mənə yaxınlaşdı. O, 25 ildir ki, burada işləyir. Onun adı Dilarə xanımdır. O, gənc vaxtında buraya gəlibdir və 25 ildir ki, burada işləyir, xidmət göstərir. Belə zəhmət adamlarının qarşısında və ümumiyyətlə, bu sarayı tikən, yaradan və 25 il bu sarayın istismarında zəhmət çəkən adamların qarşısında mən böyük hörmət və ehtiramımı bildirirəm və onların hamısına təşəkkür edirəm.

Əziz dostlar, azərbaycanlıların həmrəylik gününü bayram edərkən onu demək lazımdır ki, altı illik istiqlaliyyət dövründə biz Azərbaycan Respublikasının gələcəyinin təməlini qoymuşuq. Bugünkü müstəqil Azərbaycan Respublikası bütün Dünya azərbaycanlılarının dayağıdır və bütün Dünya azərbaycanlıları üçün örnəkdir. Mən əminəm ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar da müstəqil Azərbaycan Respublikasına öz doğma münasibətlərini daim göstərəcəklər və bizim həmrəyliyimiz günü-gündən artacaqdır.

Məni sevindirən odur ki, azərbaycançılıq artıq həkk olunubdur. Azərbaycan dili - Azərbaycan xalqının ana dili, müstəqil Azərbaycan Respublikasının dövlət dili artıq dünya dilləri içərisində öz yerini tapıbdır. Dünya azərbaycanlılarında millilik, milli vətənpərvərlik hissləri günü-gündən artır, bu da bizim həmrəylimizin güclənməsinin rəmzidir. Mən əminəm ki, bütün bu proseslər bundan sonra daha da inkişaf edəcəkdir.

Əziz dostlar, biz Yeni il ərəfəsindəyik, 1988-ci il qarşımızdadır. İnanırıq ki, 1998-ci ildə Azərbaycan yeni uğurlu addımlar atacaq və Azərbaycan xalqının həyatı, yaşayışı, respublikamızın bütün sahələrində işlər 1997-ci ildəkindən daha da yaxşı olacaqdır. Mən bu fürsətdən istifadə edib sizi Yeni il münasibətilə təbrik edirəm. Sizə, bütün Azərbaycan vətəndaşlarına səadət və bütün işlərinizdə uğurlar arzulayıram.

Müstəqil Azərbaycanın altıncı ildönümü bizim hər birimizdə böyük iftixar hissi doğurur. Azərbaycan xalqı, Azərbaycan milləti yaşayıb, yaşayır və yaşayacaqdır! Azərbaycan dili, bizim dövlət dilimiz yaşayıb, yaşayır və yaşayacaqdır! Azərbaycan yaşayıb, yaşayır və müstəqil Azərbaycan Respublikası əbədi yaşayacaqdır!

\"Azərbaycan\" qəzeti, 28 dekabr 1997-ci il.