Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin İtaliyanın \"Enel\" korporasiyası Direktorlar Şurasının sədri cənab Tesma ilə görüşdə söhbətindən - Roma, Azərbaycan Prezidentinin iqamətgahı, 26 sentyabr 1997-ci il

Tesma: Hörmətli cənab Prezident! Azərbaycan dövlətinin başçısını səmimiyyətlə salamlayıram və zəmanəmizin görkəmli siyasi liderlərindən biri Heydər Əliyevlə görüşdən şərəf duyduğumu bildirirəm. Məlumat verirəm ki, rəhbərlik etdiyim \"Enel\" korporasiyası İtaliya əhalisinin 90 faizinə xidmət göstərir. Korporasiya su və elektrik stansiyalarında ildə 55 min meqavat enerji istehsal edir.

Cənab Prezident, biz dünyanın ən nüfuzlu şirkətlərinin respublikanızda geniş fəaliyyət göstərməsindən və onlara yaratdığınız şəraitdən yaxşı xəbərdarıq və ölkənizlə sıx əlaqələr qurmağa biz də böyük maraq göstəririk.

Hörmətli Prezident, biz Sizin müdrik, uzaqgörən, təcrübəli bir dövlət başçısı olduğunuzu yaxşı bilirik. Mən xoşbəxtəm ki, müasir dövrün ən böyük şəxsiyyətlərindən, liderlərindən biri olan Heydər Əliyevlə görüşmək imkanı qazanmışam. Əgər icazə versəniz, biz Sizin ölkəyə ekspertlərdən ibarət nümayəndə heyəti göndərərdik ki, onlar korporasiyamızla Azərbaycanın əməkdaşlıq imkanlarını dərindən öyrənsinlər və əlaqələrimizin inkişaf etdirilməsi üçün konkret layihələr hazırlasınlar.

Heydər Əliyev: Hörmətli cənab Tesma, İtaliyanın ən nüfuzlu korporasiyalarından biri olan \"Enel\"in Azərbaycanla əlaqələr qurmağa maraq göstərməsini müsbət qiymətləndirirəm. Sizin Azərbaycanla əməkdaşlığı genişləndirmək barədə təkliflərinizi razılıqla qarşılayaraq bildirirəm ki, bazar münasibətləri yolunu seçmiş, hüquqi demokratik dövlət quran respublikamız dünyanın bütün nüfuzlu şirkətləri ilə əməkdaşlığın durmadan möhkəmləndirilməsinə böyük əhəmiyyət verir.

Müstəqil Azərbaycan Respublikasının dövlət başçısı kimi İtaliyada ilk rəsmi səfərimdən məmnunluqla söhbət açaraq vurğulayıram ki, Romada keçirdiyim görüşlər, apardığım danışıqlar çox məhsuldar olmuşdur və nəticədə ölkələrimizin əlaqələrinin inkişaf etdirilməsi üçün möhkəm hüquqi baza yaradan olduqca faydalı sənədlər imzalanmışdır.

Avropanın böyük və iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərindən biri olan İtaliya Respublikası ilə Azərbaycanın əməkdaşlığını daha da sıxlaşdırmağın çox vacib olduğunu nəzərə çarpdıraraq bildirirəm ki, \"Xəzərin Azərbaycan sektorundakı \"Qarabağ\" yatağının birgə işlənməsi üçün imzalanmış müqavilədə \"Acip\" Şirkətinin yaxından iştirak etməsindən razılıqla söhbət açmaq istəyirəm.

İtaliyanın böyük korporasiyalarından biri olan \"Enel\"in də Azərbaycanda geniş fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılacağını vurğulayaraq bildirirəm ki, yaxşı imkanlara malik olan bu korporasiyanın təcrübəsinin ölkəmizdə öyrənilməsini faydalı hesab edirəm.

Nəzərinizə çatdırıram ki, Azərbaycanın elektrik enerjisi ilə təchizatı sahəsində 1970-1980-ci illərdə görülmüş böyük işlər bu sahədə güclü potensial yaratmışdır və bu potensialdan daha səmərəli istifadə olunması qarşıda durur. Buna görə də \"Enel\" korporasiyasının nümayəndə heyətinin Bakıya səfərə gəlmək təklifini razılıqla qarşılayıram.

Görüşə gəldiyinizə və qarşılıqlı faydalı təkliflərinizə görə Sizə təşəkkür edirəm.

\"Azərbaycan\" qəzeti, 28 sentyabr 1997-ci il