Xalq Artisti Cənnət Səlimovoya - Bakı şəhəri, 17 yanvar 2000-ci il

Hörmətli Cənnət Səlimova!

Sizi - Azərbaycan teatr sənətinin görkəmli nümayəndəsini 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirik.

Siz Azərbaycan klassik teatr məktəbinin ənənələrini qoruyub yaşatmaqla yanaşı, öz novətorluğu ilə seçilən bir rejissor kimi sənətsevarlərin boyük məhəbbətini qazanmış, milli dram əsərlərimizə, habelə Avropa və rus klassikasının bir çox nümunələrinə səhnə həyatı verməklə respublikamızın sənət aləmində yaxşı tanınmısınız. Malik olduğunuz zəngin yaradıcılıq imkanları və dərin səhnə duyumu sizin bütün fəaliyyətinizdə, xüsusilə müxtəlif səpgili əsərlərə maraqlı quruluş verməkdə öz əksini tapmışdır. Dram əsərləri ilə yanaşı, quruluş verdiyiniz musiqili komediya, operetta və opera tamaşaları mütəxəssislər tərəfindən həmişə yüksək qiymətləndirilmişdir.

Yaradıcılıq potensialınız rəhbərlik etdiyiniz Bakı Kamera Teatrının işində özünü xüsusilə büruzə vermişdir. Bu sənət ocağı üslub və janr baxımından olduqca maraqlı tamaşaları ilə Azərbaycanın teatr məkanında özünəməxsus yer tutmuşdur. Respublikamızda keçirilən bir çox kütləvi tədbirlərə böyük məharətlə verdiyiniz quruluşlar xalqımızın əlamətdar günlərinə xüsusi rövnəq verəcək tamaşaçıların ürəklərində silinməz izlər qoymuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi, gənc sənətkarlar nəslinin yetişdirilib formalaşdırılmasında və yaradıcılıq yollarında ilk addımlarını atmasında da xidmətləriniz böyükdür.

Əminəm ki, siz yeni sənət əsərlərinə səhnə hayatı verməklə və respublikamızın teatr səhnələrində hələ neçə istedadın üzə çıxmasına şərait yaratmaqla tamaşaçılarımızı bundan sonra da sevindirəcəksiniz.

Sizə cansağlığı, xoşbəxtlik və yaradıcılıq uğurları arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.