Azərbaycan Prezidentinin səlahiyyətlərinin həyata keçirən Heydər Əliyevin iştirakı ilə Amerikanın \"Ay-Di-Bi\" şirkəti ilə birgə quraşdırılan telekommunikasiya kompleksinin tərkibində beynəlxalq peyk rabitə sisteminin açılışı olmuşdur - 3 avqust 1993-cü il

Yeni peyk sistemi Amerika ilə 30 rabitə kanalı yaratmağa imkan verir. Bu kanalların 15-i respublika əhalisinin istifadəsinə, qalanları isə xarici ölkə səfirliklərinə və digər idarələrə veriləcək.

Açılış mərasimində respublika Prezidentinin səlahiyyətini həyata keçirən Ali Sovetin sədri Heydər Əliyev qısa çıxışında hələ 12 il əvvəl Bakı şəhərinin ən yüksək nöqtəsində inşasına başlanan tikintinin bu günə kimi istifadəyə verilməməsindən təəssüfləndiyini bildirdi. O qeyd etdi ki, vaxtilə respublika əhalisinin çox zəruri tələblərini ödəmək üçün bu binanın tikintisinə başlanmışdı. Respublika vətəndaşları da bu kompleksin tikintisi ilə dərindən maraqlanır və onun tezliklə başa çatdırılmasını arzulayırdılar. Lakin səhlənkarlıq ucbatından tikinti bu günə kimi başa çatmamış və indi də yarımçıq vəziyyətdə qalmışdır. Bütün bunlarla yanaşı Heydər Əliyev telekommunikasiya sisteminin tərkibində beynəlxalq peyk rabitəsi sisteminin yaradılmasını da təqdirəlayiq hal hesab etdi. Heydər Əliyev Amerikanın \"Ay-Di-Bi\" şirkəti ilə respublika Rabitə Nazirliyinin gördükləri bu işin çox böyük və iqtisadi əhəmiyyətə malik olduğunu söylədi. O, Azərbaycan Respublikasının müstəqil dövlət kimi öz fəaliyyətini genişləndirməsi, bütün dünya ölkələri ilə geniş əlaqə yaratması və Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında bu sistemin əhəmiyyətini xüsusi olaraq qeyd etdi və Amerika şirkətlərinə, eləcə də Rabitə Nazirliyinə öz minnətdarlığını bildirdi. Azərbaycan Respublikasının müstəqil siyasət yeritməsində bu sistemin xüsusi əhəmiyyəti olacağını açıqladı.

AzərTAc

\"Azərbaycan 1993 Anarxiyadan Sabitliyə\", Bakı 2000 səh 75.