Hörmətli xanımlar və cənablar!
Respublikamızda dövlət quruculuğu prosesində iqtisadiyyat mühüm rol oynayır. Dövlətin iqtisadiyyat sahəsində tutduğu yol, onun siyasəti Azərbaycanın iqtisadiyyatını bazar iqtisadıyyatı yolu ilə aparmaqdan və bu məqsədlə iqtisadi islahatlar həyata keçirməkdən ibarətdir. Bildiyiniz kimi, bu sahədə indiyədək çox iş görülmüşdür.
Birinci onu qeyd etmək lazımdır ki, müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyasında həyatımızın bütün sahələrində, o cümlədən iqtisadiyyat sahəsində yolumuz, prinsiplərimiz əks etdirilibdir. Konstitusiyada Azərbaycanın məhz bazar iqtisadiyyatı yolu ilə getməsi, dünya iqtisadiyyatı ilə sıx bağlanması və respublikamızda ciddi iqtisadi islahatların keçirilməsi öz əksini tapıbdır.
Iqtisadiyyatımızı bu istiqamətə yönəltmək, ciddi dəyişikliklər aparmaq üçün hüquqi-normativ əsaslar yaranıbdır. Bir çox qanunlar, qərarlar qəbul edilibdir. Bir çox tədbirlər həyata keçirilibdir. Mülkiyyətin özəlləşdirilməsi haqqında böyük proqram, qanun qəbul olunub. Bu proqram artıq həyata keçirilir. Azərbaycanda \"Torpaq islahatı haqqında\" qanun qəbul olunub. Bununla yanaşı aqrar sektorda islahatlar aparmaq üçün, kolxozların, sovxozların ləğv olunması ilə əlaqədar xüsusi qanunlar qəbul edilib. Bir çox başqa qanunlar da qəbul olunubdur. Sahibkarlıq fəaliyyəti haqqında, səhmdar cəmiyyətləri haqqında, müəssisələr haqqında və digər qanunlar qəbul edilibdir.
Bu qanunlar Azərbaycanda sərbəst iqtisadiyyat, iqtisadiyyatda yeni münasibətlər yaratmaq, sahibkarlığı inkişaf etdirmək üçündür və bunların hamısının əsasında ölkəmizin iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə aparmaq və inkişaf etdirmək üçün yaxşı hüquqi-normativ əsaslar yaranıbdır.
Respublikanın müvafiq orqanları, dövlət, Nazirlər Kabineti, nazirliklər və bu işlərə məsul olan başqa dövlət orqanları həmin qanunların həyata keçirilməsi üçün lazımi tədbirlər görürlər. Qanunların həyata keçirilməsi üçün prezidentin bir çox fərmanları və sərəncamları verilibdir və bir çox başqa sənədlər imzalanıbdır. Bunlar hamısı işlərin təşkil edilməsi üçündür və işlər də təşkil olunub, aparılır. Dövlət orqanları bu işlərlə məşğul olurlar.
Bu işləri daha da sürətləndirmək məqsədi ilə və xüsusilə bazar iqtisadiyyatına keçid prosesini, sahibkarlığı inkişaf etdirmək prosesini sürətləndirmək üçün bir neçə başqa tədbirin də həyata keçirilməsi nəzərdə tutulubdur. Azərbaycanda fəaliyyət göstərən sahibkarlarla da görüşməyi mən çox vacib hesab etmişəm. Ona görə də mən elan etdim ki, Azərbaycanda fəaliyyət göstərən sahibkarlarla, o cümlədən xarici ölkələrdən respublikamızda fəaliyyət göstərən sahibkarlarla, yəni artıq Azərbaycanda mövcud olan özəl sektorun nümayəndələri ilə sahibkarlıq etmək, özəl sektor yaratmaq istəyənlərlə görüşmək arzusundayam.
Mən istərdim ki, bu görüş sərbəst olsun. Ona görə də əvvəlcədən məlumat verildi ki, belə bir görüşün keçirilməsi avqustun 16-da nəzərdə tutulur və görüşmək istəyənlər müraciət edə bilərlər və belə bir görüşdə iştirak edə bilərlər. Dünən mənə verilən məlumatlardan aydın oldu ki, belə bir görüşə respublikamızda çox böyük həvəs, maraq oyanıbdır. Görüşmək istəyən iş adamları, dövlət sektorunun nümayəndələri müraciətlər ediblər. Müraciət edənlər bu gün buraya dəvət olunublar.
Yəni bu, tam sərbəst bir görüşdür, mənim arzumla və bu gün buraya toplaşmış iş adamlarının müraciəti ilə meydana gəlmiş bir görüşdür. Bu görüşün məqsədi ondan ibarətdir ki, respublikamızda həyata keçirilən tədbirlərin bundan sonra hansı istiqamətdə aparılması, sahibkarlığın yaranması, inkişaf etdirilməsi üçün hansı tədbirlərin görülməsini sizlərdən eşitmək istəyirəm. Mən bir şeyi nəzərə alıram ki, bu proses son proses deyildir. İnsanlar və xüsusən dövlət orqanlarında çalışan şəxslər uzun illər, yəni əmək fəaliyyətinə başlayandan indiyə qədər həm təhsilini, həm də iş təcrübəsini keçmişdə və indiyədək mövcud olan iqtisadi sistem prinsipləri əsasında alıblar. Bundan ötrü də heç kəsi günahlandırmaq və heç kəsə də irad tutmaq olmaz. Biz hansı cəmiyyətdə doğulmuşuq, hansı cəmiyyətdə təhsil almışıq, yaşamışıq və işləmişiksə, o cəmiyyətin, o dövlət iqtisadi sisteminin qanunlarına, qaydalarına uyğun olaraq yaşamalı, işləməli olmuşuq və aldığımız təhsil həmin prinsiplərin əsasında alınan təhsildir.
Indi respublikamızda böyük dəyişikliklər prosesi gedir. Bu proses asan proses deyil, yəni əgər insanlar illərlə, on illərllə müəyyən prinsiplər əsasında təhsil alıb, işləyib, öyrənib, təcrübə toplayıblarsa, onların həmin prinsiplərdən fərqli olan, bəlkə də əksinə olan prinsiplərə keçməsı asan proses, asan iş deyildir. Bu, təbiidir və buna heç təəccüblənmək lazım deyildir. Ancaq, eyni zamanda, bu psixoloji amillər həmin prosesin sürətlə həyata keçməsinə mane olur. Bunlar da həqiqətən cəsarətlə bazar iqtisadiyyatına keçmək, sahibkarlıqla məşğul olmaq istəyən insanların fəaliyyətinə maneçilik törədir və beləliklə, biz ümumən bu prosesin sürətlə irəliləməsində müəyyən əngəllərlə rastlaşırıq.
Ona görə də respublikanın prezidenti kimi mən dövlət orqanlarından aldığım məlumatlar, təkliflərlə yanaşı, eyni zamanda sərbəst iqtisadiyyatla, sahibkarlıqla məşğul olanlardan da məlumatlar, təkliflər, məsləhətlər almaq istəyirəm. Bu o demək deyil ki, verilən hər bir təklif, irəli sürülən hər bir məsələ olduğu kimi qəbul edilə bilər. Ancaq belə müzakirələr, belə danışıqlar bundan sonra görəcəyimiz işlərə çox kömək edə bilər.
Çox siqnallar gəlir ki, sahibkarların sərbəst işləməsi üçün cürbəcür bürokratik maneələr var. Yaxud da ki, ayrı-ayrı vəzifəli şəxslər öz mövqeyindən sui-istifadə edərək onların sərbəst işləməsinə imkan vermirlər. Guya başqa əngəllər də var. Bunların hamısını aydınlaşdırmaq və əgər varsa, aradan götürmək üçün mən belə bir görüşü zəruri hesab etmişəm.
Ümumiyyətlə, indi həyatımız çox mürəkkəbdir, çöx gərgin proseslər dövrünü yaşayırıq. Ona görə da daim bir-birimizlə məsləhətləşməliyik, bir-birimizə daim kömək etməliyik. Əgər hər birimizin amalı, məqsədi Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirməkdən, onu bundan sonra müstəqil dövlət kimi daim yaşatmaqdan ibarətdirsə, ölkəmizin böyük iqtisadi potensialını hərəkətə gətirib inkişaf etdirməkdən ibarətdirsə, hər birimizin məqsədi bütün bunların nəticəsində əhalinin, xalqımızın rifah halını yaxşılaşdırmaqdan ibarətdirsə, demək, biz əməkdaşlıq etməli və məsləhətləşməliyik. Dövlət orqanları, o cümlədən prezident də həmişə həm əhalinin ictimai rəyi ilə tanış olmalı, onunla hesablaşmalı, həm də müəyyən işlə məşğul olan ayrı-ayrı adamların fikirlərini bilməli və bunları nəzərə almalıdır. Bu məqsədlə mən belə bir görüşü lazımlı hesab etmişəm və məmnunam ki, bu görüşə həvəs göstərənlər çox olubdur və salonumuz tamamilə doludur.
Hesab edirəm ki, işimizin səmərəli getməsi üçün yaxşı olardı ümumi məlumat dinləyək. Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinin sədri Raqib Quliyevi dinləyək, görək, vəziyyət nə yerdədir. Ondan sonra isə burada iştirak edənlər çıxış edib öz sözlərini deyə bilərlər. Kim söz demək, çıxış etmək istəyirsə, öz xahişlərini mənə yazılı surətdə göndərsin.
Yekun nitqi
Hörmətli sahibkarlar, hörmətli xanımlar və cənablar!
Altı saatdır ki, görüşümüz davam edir, biz bu salonda bir yerdəyik. Mən bu görüş haqqında qərar qəbul edərkən və elan verərkən respublikamızın indiki vaxtında onun çox əhəmiyyətli olduğunu nəzərdə tutmuşdum. Ancaq bu gün bir neçə saat müddətində sahibkarlıqla əlaqədar məsələləri bir yerdə təhlil edərkən, müzakirə edərkən mən belə fikrə gəldim ki, həqiqətən bu görüş çox zəruri imiş. O, belə geniş tərkibdə bizim ilk görüşümüzdür və hesab edirəm, burada iştirak edən şəxslərin hamısı bu görüşdən çox böyük mənfəət götürdü və götürəcəkdir. Mənim üçün bu görüşün mühüm əhəmiyyəti ondan ibarətdir ki, sahibkarlığın Azərbaycanda indiki vəziyyəti haqqında daha ətraflı məlumat almaq mümkün oldu. Həqiqətən biz bu gün aydınlaşdırdıq - Azərbaycanda sahibkarlıq hansı səviyyədədir, hansı vəziyyətdədir və sahibkarlığı bundan sonra inkişaf etdirmək üçün hansı işləri görmək lazımdır. Mən çox məmnunam ki, bu salona toplaşanların çoxu söz demək, öz fikirlərini bildirmək istəyir.
Danışmaq üçün 150 adam yazılıbdır. Mən istərdim ki, onların 150-si də danışsın. Ancaq razı olarsınız ki, bu, fiziki cəhətdən sizin üçün də mümkün deyil. Mən bəlkə də dözə bilərəm, amma burada bəziləri, görürəm, dözə bilmir. Əgər görüşümüz başlanan zaman salonda bir dənə boş yer yox idisə, indi görürəm ki, bir neçə yer artıq boşdur. Yəni dözə bilməyənlər gediblər və bu da təbiidir, çünki mən əvvəl də dedim ki, bu görüşümüz ciddi inzibati qaydalar çərçivəsində yox, tamam sərbəst, demokratik əsaslarla keçirilir. Ona görə də kim dözə bilmir, əlbəttə, gedə bilər. Bunları nəzərə alaraq, mən hesab edirəm ki, bugünkü görüşümüzü yekunlaşdırmaq lazımdır. Onu qeyd etmək istəyirəm ki, burada çıxış edənlərin hər biri çox əhəmiyyətli məlumatlar verdi. Çıxış edənlərin çoxu konkret təkliflər verdi, məsələlər irəli sürdü. Bunlar bizim üçün çox vacibdir, çox əhəmiyyətlidir.
Mən tapşırıram Prezident Aparatına və konkret olaraq mənim müşavirim Vahid Axundova - Nazirlər Kabineti ilə birlikdə, aparatın işçiləri ilə birlikdə birinci növbədə bu çıxışların hamısı təhlil olunsun. Burada stenoqram aparılıbdır və hesab edirəm ki, bizim görüşümüz hamısı televiziya lentinə alınıbdır. Bunu ictimaiyyətə çatdırmaq üçün tamamilə efirə verilməsi haqqında da mən qərar qəbul edirəm.
Beləliklə, bizim aparatda material var və mən tapşırıram ki, təhlil edilsin, bütün çıxışlar, təkliflər, məsləhətlər - onların hamısı istifadə olunsun. Bir neçə konkret təklif haqqında, ola bilər, qərarlar qəbul edək, sərəncamlar verək. Ancaq bunların hamısı Azərbaycanda sahibkarlığın inkişafı haqqında indi hazırlanan proqramda nəzərə alınmalıdır. Bu gün görüşümüzün başlanğıcında çıxış edən Raqib Quliyev bildirdi ki, bu komitə tərəfindən belə bir proqram layihəsi hazırlanıbdır. Bu layihə artıq Nazirlər Kabinetindədir, onlar orada baxıb qısa müddətdə mənə təqdim etməlidirlər və biz yaxın zamanlarda bu proqramı qəbul etməliyik. Bu proqram da sahibkarlığın Azərbaycanda sürətlə inkişafını təmin etməlidir.
Ona görə burada verilən təkliflər, irəli sürülən fikirlər hamısı təhlil və istifadə olunmalıdır. Ola bilər, bəziləri haqqında konkret qərarlar, sərəncamlar qəbul olunsun.
Burada çıxış etməyənlər də oldu, amma gördüm ki, çox istəyirdilər çıxış etsinlər. Mən təəssüf edirəm ki, bu mümkün olmadı və güman edirəm ki, hər bir kəs bu vəziyyəti görür. Çıxış etmək istəyən hər bir kəs öz fikirlərini konkret şəkildə yazılı surətdə versin buraya - aparata, yəni Vahid Axundovun sərəncamında olan şöbəyə. Mən tapşırıram ki, təqdim ediləcək təkliflər, yaxud müraciətlər mütləq təhlil olunsun, öyrənilsin və onlar bir tərəfdən, hazırlanan proqramda istifadə olunsun, ikinci tərəfdən isə orada konkret, yaxud fərdi xarakter daşıyan məsələlər varsa, onlara baxılsın və onlar haqqında tədbirlər görülsün.
Bir sıra natiqlər burada çıxış edərkən yazılı surətdə bəzi materiallar veriblər. Hamısı buradadır. Mən onları bu gün verəcəyəm bizim şöbəyə, bunları cəmləyəcəklər, təhlil edəcəklər və istifadə edəcəklər. Yəni burada kimsə, hansısa fikri söyləmək istəyir, yaxud bizə çatdırmaq istəyirsə, əgər çıxış etmək mümkün olmadısa, onların heç biri nəzərdən qaçmayacaqdır.
Mən başa düşürəm ki, çıxış etmək istəyənlərin bəziləri, ola bilər, öz şəxsi məsələləri haqqında söz demək istəyirlər. Məsələn, burada çıxış edən Nəriman Əlizadə öz şəxsi vəziyyəti haqqında danışdı. Siz də, mən də onu çox səbirlə dinlədik. Həqiqətən, onun danışığı məndə böyük həyəcan doğurdu və mən də göstərişlər verərkən siz o göstərişləri alqışladınız. Ola bilər, belə vəziyyətdə olan şəxslər bu salonda yenə də var, ancaq bu gün öz fikirlərini çatdırmağa imkanları olmadı. Mən sizi əmin edirəm - siz öz işləriniz haqqında, yaxud qarşınıza çıxan çətinliklər haqqında məlumatları yazılı surətdə verin və mən tapşırıram ki, bunların hamısına baxılsın, onlara baxılmasının nəticələri mənə məruzə olunsun. Beləliklə, arxayın olun ki, həm bu gün burada gedən söhbət, həm sizin ürəklərinizdə olan, lakin çatdıra bilmədiyiniz və yazılı surətdə çatdıracağınız fikirlər - bunlar hamısı istifadə olunacaq, hamısı nəzərdən keçiriləcəkdir.
İndi bugünkü görüşümüzü yekunlaşdıraraq bir neçə kəlmə demək istəyirəm.
Azərbaycan Respublikası dövlət müstəqilliyinin beşinci ilini yaşayır. Bu dövr Azərbaycanın həyatında çox mürəkkəb bir dövr, çox gərgin ictimai-siyasi proseslər dövrü olubdur. Respublikamızın iqtisadiyyatında da böyiik çətinliklər, böyük dəyişikliklər dövrü olubdur. Və əbədi dövr kimi də yaşayır. Ancaq eyni zamanda biz bu gün artıq əldə olunmuş müsbət nəticələr haqqında da danışa bilərik. Müsbət nəticələr ondan ibarətdir ki, bu dövrdə biz birinci növbədə hamımız birlikdə Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmişik, inkişaf etdirmişik, onu dönməz etmişik, onu dəyişilməz etmişik. Bu, bizim böyük nailiyyətimizdir. Azərbaycan bir suveren, müstəqil dövlət kimi yaşayır və nəinki yaşayır, bu müddətdə öz müstəqilliyini qoruyubdur və heç bir xarici təzyiqə, təsirə baxmayaraq, öz müstəqilliyindən millimetr də olsa geriyə çəkilməyibdir, əksinə, biz günü-gündən dövlət müstəqilliyimizi möhkəmləndirmişik və bundan sonra da möhkəmləndirəcəyik. Bu, böyük nailiyyətdir.
Bilirsiniz ki, 1988-ci ildən Azərbaycana qarşı Ermənistan tərəfindən hərbi təcavüz başlanıbdır. Bu təcavüz nəticəsində Azərbaycan böyük faciələrlə üzləşibdir, Azərbaycanın ərazisi yaralanıbdır, ərazi bütövlüyü pozulubdur. Torpaqlarımızın 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunubdur. İşğal olunmuş torpaqlardan 1 milyondan artıq vətəndaşımız yerindən-yurdundan didərgin düşüb, məcburi köçkün vəziyyətində, qaçqın yəziyyətində yaşayır. Bunlar hamısı bizə böyük itkilər gətiribdir, böyük faciələr gətiribdir. Böyük dəhşətlərə düçar olmuşuq. Ancaq eyni zamanda iki il bundan öncə -1994-cü ilin may ayında biz atəşin dayandırılması haqqında saziş imzalamışıq və iki ildən artıqdır ki, Azərbaycan atəşkəs şəraitində yaşayır.
Mən dəfələrlə demişəm, bu gün bir daha bunu qeyd edirəm - şübhəsiz ki, bu hələ sülh deyil, biz sülhə nail olmamışıq. Amma eyni zamanda atəş dayanıbdır, atəş yoxdur, müharibə getmir, qan tökülmür, döyüşlər yoxdur, insanlar sakit yaşaya bilirlər. Bunu da mən müsbət nəticə hesab edirəm. Çünki bu, bir tərəfdən Azərbaycan vətəndaşlarının sakit yaşaması üçün şərait yaradıbdır, ikinci tərəfdən də Ermənistan - Azərbaycan münaqişəsinin, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün gərgin, çox ətraflı danışıqlar aparmağa şərait yaradıbdır. Bilirsinız ki, bu danışıqları biz mütəmadi olaraq, ardıcıl olaraq aparırıq, prinsipial mövqedən aparırıq və bundan sonra da aparacağıq ki, Azərbaycanı bu bəladan danışıqlar yolu ilə, sülh yolu ilə xilas edək.
Bu gün bu görüş başlanmamışdan saat yarım öncə mən Amerika Birləşmiş Ştatları Konqresinin nümayəndələrini qəbul etdim. Saat yarım onlarla söhbət eləmişəm və o söhbət qurtaran kimi birbaşa buraya, sizinlə görüşə gəlmişəm. Mən mövqeyimizi onlara bir daha ətraflı olaraq bildirdim. Amma bu, birinci görüş deyil. Bilirsiniz ki, bir neçə gün bundan öncə mən Moskvadaydım, orada Rusiyanın rəhbərləri ilə görüşdüm. Moskvada olarkən Ermənistanın prezidenti ilə də görüşdüm. Başqa görüşlərim də olubdur. Bu, son günlərdə olan görüşlərdir və bundan öncə də nə qədər görüşlər keçirmişəm. Bu görüşlərin hamısında biz Azərbaycanın sülhsevər dövlət olduğunu nümayiş etdiririk. Məsələnin sülh yolu ilə həll olunmasına üstünlük veririk və bəyan edirik ki, biz atəşin yenidən başlanmasının tərəfdarı deyilik. Ancaq eyni zamanda biz prinsipial mövqelərimizi bildiririk. Açıq-aydın bildiririk ki, biz sülh əldə edə bilərik və bu münaqişəni sülh yolu ilə həll edə bilərik. Yalnız və yalnız o şərtlərlə ki, Azərbaycanın işğal olunmuş əraziləri işğalçı ordulardan təmizlənəcəkdir, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisindən çıxarılacaqdır, işğal olunmuş ərazilərdən didərgin düşmüş Azərbaycan sakinləri, vətəndaşları öz yerlərinə-yurdlarına qayıdacaqlar. Belə olan təqdirdə Dağlıq Qarabağa Azərbaycan dövlətinin tərkibində yüksək muxtariyyət statusu veriləcək, Ermənistanla Azərbaycanın arasında sülh yaranması üçün saziş əldə ediləcəkdir və gələcəkdə biz sülhü get-gedə möhkəmləndirəcəyik və sülh şəraitində, qonşuluq şəraitində yaşayacağıq.
Bu şərtlərlə biz məsələnin sülh yolu ilə həll olunmasına gedə bilərik. Bunu biz prinsipial olaraq dünyanın hər bir yerində, hər bir səviyyədə - beynəlxalq təşkilatlarda da, ayrı-ayrı dövlətlərlə, dövlət başçıları ilə görüşlərdə də, ayrı-ayrı nümayəndə heyətləri ilə görüşlərdə də deyirik.
Ona görə də atəşkəs rejiminin iki ildən artıq davam etməsi, hesab edirəm ki, respublikamız üçün, Azərbaycan vətəndaşları üçün gərəklidir, faydalıdır və bu da son vaxtlar Azərbaycanda aparılan siyasətin və görülən işlərin müsbət nəticəsidir. Yenə də deyirəm, bu, gələcək üçün şəraitdir. Biz çalışırıq və çalışacağıq ki, Azərbaycanın tam suverenliyini təmin etmək, ərazi bütövlüyünü bərpa etmək üçün lazımi qərarlar qəbul olunsun.
Bu müddətdə, son zamanlarda əldə edilən nailiyyətlərdən biri və ən mühümü ondan ibarətdir ki, Azərbaycanın daxilində ictimai-siyasi vəziyyət sabitləşibdir. Üç il, dörd il bundan öncə, hətta iki il bundan öncə olan vəziyyəti xatirinizə salın. Azərbaycanın daxilində nə qədər ziddiyyətli proseslər gedirdi, nə qədər cinayətkar qruplar, nə qədər qeyri-qanuni silahlı dəstələr var idi. Azərbaycanın daxilində nə qədər qeyri-qanuni işlər görən, hərəkətlər edən və cəzasız işlər görən qurumlar var idi, nə qədər qan tökülürdü, nə qədər insan tələf olunurdu, günahsız insanlar öldürülürdü, reket, cinayətkarlıq baş alıb gedirdi.
Bunları unutmaq lazım deyil, bunlar iki il, üç il bundan öncə, Azərbaycanın həyatı, mənzərəsi haqqında təsəvvür yaradan bir vəziyyət idi. Qısa bir müddətdə görürsünüz, nə qədər böyük dəyişiklik əmələ gəlibdir, sabitlik əmələ gəlibdir, insanlar rahat yaşayır. Siz təsəvvür edin, 1988-ci ildən 1993-cü ilin sentyabr ayına qədər - bu illərdə Azərbaycan və xüsusən Bakı nə şəraitdə olubdur. Demək olar ki, o illərin əksər dövründə Azərbaycan və xüsusən Bakı fövqəladə vəziyyət şəraitində yaşayıbdır. Amma görürsünüz, 1993-cü ilin sentyabr ayından indiyə qədər Azərbaycanda rahatlıqdır, yəni heç bir fövqəladə vəziyyət yoxdur. Ancaq bu o demək deyil ki, biz buna elə 1993-cü ilin sentyabr ayından nail olduq, yox. Azərbaycanda həyat o zibillərdən tədricən təmizləndi.
Indi Azərbaycanda sərbəstlik var, ictimai-siyasi vəziyyət sabitdir, insanlar rahat yaşaya bilirlər. Cinayətkarlıq var, amma çox aşağı dərəcəyə endirilibdir və bir çox cinayətlər - keçmişlərdə olan cinayətlər də, indi baş verən cinayətlər də açılır. Bunlar hamısı həyatımızın bugünkü gerçəkliyidir və eyni zamanda, əldə olunan nailiyyətlərdir.
Biz dünyaya açıq bir ölkəyik. Azərbaycanda demokratik, hüquqi, sivilizasiyalı dövlət qururuq, demokratik cəmiyyət formalaşdırırıq. Bütün sahələrdə, o cümlədən iqtisadiyyat sahəsində ölkəmizi dünya iqtisadiyyatına bağlamaq istəyirik. Bu baxımdan, ölkəmizin böyük təbii sərvətlərini, iqtisadi potensialını hərəkətə gətirmək üçün, onu inkişaf etdirmək üçün şübhəsiz ki, bizim xarici şirkətlərlə, xarici ölkələrlə, xarici sərmayəçilərlə sıx əməkdaşlığımız lazımdır. Azərbaycana sərmayə gətirmək lazımdır. Azərbaycana sərmayə qoyuluşunu təmin etmək lazımdır. Bunun üçün isə - hər bir şirkətin, hər bir bankın, hər bir ölkənin başqa bir ölkədə sərmayə qoyması üçun, iş görməsi üçün birinci növbədə ictimai-siyasi vəziyyət, durum və ictimai-siyasi vəziyyətin sabitliyi nəzərə alınır.
Məhz bu sabitliyə görə artıq Azərbaycana xarici investisiya, xarici sərmayə gəlir. Əgər biz bu sabitliyi təmin edə bilməsəydik, əgər Azərbaycanın həyatında bu rahatlığı təmin edə bilməsəydik, o böyük neft müqavilələrini imzalaya bilməzdik. 1994-cü ilin sentyabr ayında Azərbaycanın həyatında ən böyük tarixi bir hadisə olan böyük neft müqaviləsi imzalandı, \"Əsrin müqaviləsi\" adlandı. Bu gün mən Amerika Konqresi Nümayəndələr Palatasının nümayəndələri ilə danışarkən onlar da qeyd edirdilər ki, bəli, Amerika Birləşmiş Ştatları kimi böyük dövlətin indi Azərbaycanda həm iqtisadi marağı var, həm də siyasi marağı var. Onlar maraqlı bır söz dedilər mənə. Deyir, bilirsiniz, vəziyyətin dəyişməsi nədən ibarətdir? Əgər əvvəllər Amerika Birləşmiş Ştatlarında Azərbaycan haqqında heç bir söz deyilmirdisə, Azərbaycanın olub-olmaması heç vaxt qeyd edilmirdisə, amma Azərbaycan Ermənistanla münaqişədə olduğuna görə Ermənistan haqqında orada daim danışıqlar gedirdi. Çünki bildiyiniz kimi, Amerikada nə qədər erməni diasporu var. Konqresin nümayəndələri mənə dedilər ki, əgər bir neçə il bundan öncə Azərbaycan haqqında Amerikada məlumat yox idisə, mətbuatda heç bir yazı yox idisə, indi və xüsusən Amerikanın böyük neft şirkətləri Azərbaycana gələndən sonra Azərbaycan Amerikanın həyatında daim yada salınır. Azərbaycan haqqında danışıqlar gedir - Konqresdə də, Dövlət Departamentində də danışıqlar gedir, mətbuatda məqalələr dərc olunur, ictimaiyyət də bu mövzuda danışır.
Bilirsiniz, bu, adi bir şey deyil, çox mühüm bir haldır, bizə verilən mühüm informasiyadır. Bunlar böyük ölkələrdə Azərbaycana olan münasibətin həqiqətən nə qədər dəyişildiyini göstərir. Bir Amerikada deyil, elə Fransanı götürün, Böyük Britaniyanı götürün, Rusiyanın özünü götürün. Bunlar hamısı Azərbaycanın bir tərəfdən müstəqil dövlət kimi möhkəmlənməsinin nəticəsidir, ikinci tərəfdən Azərbaycanda yaranmış ictimai-siyasi sabitliyin nəticəsidir və eyni zamanda, əlbəttə ki, Azərbaycanın apardığı çox məqsədyönlü xarici siyasətin nəticəsidir. Buna görə də respublikamızda indi əmələ gəlmiş iqtisadi-siyasi sabitlik xarici investisiyaların Azərbaycana gəlməsi üçün şərait yaradır. Bu, eyni zamanda Azərbaycanın daxilində olan sahibkarların işləməsi üçün şərait yaradır.
Xatırlayın, elə 1995-ci ilin mart ayına qədər Azərbaycanda XTPD dəstəsi var idi. Guya ki, bu, Daxili Işlər Nazirliyinin bir strukturu idi və Azərbaycanda, Bakıda ictimai asayişi qorumaq üçün idi. Amma əslində bu, bir cinayətkar quldur dəstəsinə çevrilmişdi. Nə qədər iş adamları həmin XTPD dəstəsinə mənsub olanlar tərəfindən təzyiqlərə məruz qalırdılar. Onların var-yoxlarını əllərindən alırdılar, onları öldürürdülər, oğurlayırdılar. Nə qədər! Amma indi belə hallardan bütün vətəndaşlarımız, o cümlədən sahibkarlarımız xilas olublar. Həm də görülən işlər bir bu deyil, çoxdur.
Beləliklə, Azərbaycanda sahibkarlığı inkişaf etdirmək üçün indi çox əlverişli və hesab edirəm ki, çox yaxşı şərait yaranıbdır və sahibkarlarımız bu şəraitdən istifadə edib öz fəaliyyətlərini artırmalıdırlar. Sahibkarlığın inkişaf etməsinə bizim bu qədər fikir verməyimizin səbəbi nədir? Səbəb ondan ibarətdir ki, sahibkarlıq bazar iqtisadiyyatına gedən yolumuzda əsas bir vasitədir. Mən bu gün görüşümüzün əvvəlində dedim, bir də qeyd edirəm - biz respublikanın iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə aparırıq və bundan sonra da aparacağıq.
Bazar iqtisadiyyatı o deməkdir ki, mülkiyyət özəlləşdirilir. Dövlət mülkiyyətinin özəlləşdirilməsi üçün biz qanunlar, proqramlar qəbul etmişik. Çox yaxşı qanunlar qəbul etmişik, cəsarətli qanunlar qəbul etmişik. Xüsusən torpağın xüsusı mülkiyyətə verilməsi haqqında qəbul etdiyimiz qanun həddindən artıq mütərəqqi, cəsarətli və hesab edirəm, respublikamızın gələcəyi üçün çox faydalı bir qanundur. Başqa qanunlar da qəbul etmişik. Bu qanunlar, başqa normativ sənədlər, bizim tədbirlərimız Azərbaycanda bazar iqtisadiyyatını inkişaf etdirmək üçün həm şərait yaradır, həm də onu təmin edir. Bu baxımdan, sahibkarlığın inkişaf etdirilməsi bazar iqtisadiyyatına gedən yolun daha da genişlənməsi deməkdir. Biz özəlləşdirmə aparırıq. Demək, dövlət mülkiyyəti şəxsi mülkiyyətə keçəcək, səhmdarların mülkiyyətinə keçəcəkdir. Belə olan surətdə siz sahibkarlar bu mülkiyyətə sahib olmalısınız, bu mülkiyyəti öz mülkiyyətiniz kimi inkişaf etdirməlisiniz və həm sahibkarlar üçün, həm respublikanın iqtisadiyyatı üçün, həm də xalqımızın rifah halının yaxşılaşdırılması üçün əvvəlkindən daha çox səmərə götürülməlidır.
Sahibkarlıq fəaliyyəti bizim üçün ən mühüm amillərdən biridir və ona şörə də bu görüşü mən lazımlı hesab etmişəm, ona görə də biz sahibkarlığın inkişaf etdirilməsi üçün proqram hazırlamışıq, onu qəbul etmək istəyirik. Sahibkarlıq üçün indi yaxşı, əlverişli şərait yaranıbdır. Biz bütün bu tədbirləri, bütün bu iqtisadi islahatları apararkən, şübhəsiz ki, məqsəd daşıyırıq. Məqsədimiz də ondan ibarətdir ki, respublikanın iqtisadiyyatını inkişaf etdirək. Burada başqa məqsəd yoxdur. İqtisadiyyatda bu qədər ciddi dəyişikliklər aparmaq, insanların psixologiyasında dəyişikliklər aparmaq, onlara yeni prinsiplər əsasında işləməyi öyrətmək, sahibkarlıq əhval-ruhiyyəsi yaratmaq -bunlar asan məsələlər deyil. Bınlar hamısı yalnız və yalnız iqtisadiyyatın inkişafı üçündür və iqtisadiyyatın inkişafı, istehsalın inkişafı, maliyyə sisteminin inkişafı şübhəsiz ki, respublikanın bütün sakinlərinin, bütün vətəndaşlarının rifah halının yaxşılaşdırılması üçündür. Bunu dünya təcrübəsi göstəribdir. İnkişaf etmiş ölkələrdə, bazar iqtisadiyyatı bərqərar olunmuş ölkələrdə bu, artıq görünür və biz bunu dəfələrlə müşahidə etmişik ki, bütün başqa yollardan fərqli olaraq bu yol həqiqətən sosial ədaləti təmin etmək, bütün insanların rifah halını yaxşılaşdırmaq üçün yeganə yoldur.
Bax, buna görə də biz sahibkarlığın inkişaf etməsinə çalışırıq və sizin hər birinizin həqiqi sahibkar olmasını istəyirık. Düzdür, sahibkarlıq yolu da asan yol deyil. Məsələn, burada bəziləri dedilər ki, 1988-ci ildən kooperativlər yaradıblar, sahibkar olmaq istəyiblər. Amma indi 1996-cı ildir, görürsünüz, 8 il keçibdir. Sahibkarlıq etmək asan deyil. Asan deyil, ona görə ki, bu işin də xüsusiyyətləri var. Onu bilmək lazımdır, onu öyrənmək lazımdır, mənimsəmək lazımdır. Burada müvəffəq olmaq üçün qanunları yaxşı bilmək lazımdır.
Bilirsiniz, biz keçmişdə sovet cəmiyyətində yaşayarkən çalışırdıq ki, insanlar o vaxt mövcud olan qanunları bilsinlər. Amma - düzünü deyim, keçən dövrün hamısı mənim hafizəmdədir, - insanlar o qanunları bilirdilər-bilmirdilər, bunun fərqi yoxdur. Təki Cinayət Məcəlləsini biləydilər ki, hansı cinayəti edəndə onları hansı cəza gözləyir - onu da çoxları bilmirdi. Bəli, Cinayət Məcəlləsini də bilmirdilər. Bir də ki, kim oğurluq etsə, ola bilər, həbs olunsun, kim adam öldürsə - həbs olunsun. Cinayət Məcəlləsinin başqa maddələrini bilmirdilər, başqa qanunları da bilmirdilər, çünki o cəmiyyət elə bir cəmiyyət idi ki, orada qanunların bilinməsi insanların yaşayışı üçün o qədər lazım deyildi. Hər şey o qədər reqlamentləşdirilmişdi ki, insanlar gedib zavodda, fabrikdə, idarədə, müəssisədə işləyir, məvacibini alır, yaşayır, mənzil alır və qanun-qaydalara, ictimai asayişə riayət etməli idilər. Amma indi sahibkar olmaq üçün, ümumiyyətlə, bu cəmiyyətdə - sərbəst iqtisadiyyat cəmiyyətində, bazar iqtisadiyyatı şəraitində yaşamaq üçün qanunları bilmək lazımdır.
Dünən burada Britaniya Şərq Bankının şöbəsi açıldı, mən açılış mərasimində iştirak etdim. Sonra o bankın Britaniyadan gəlmiş prezidenti ilə görüşdüm. Ona dedim ki, bilirsiniz, keçmiş zamanlarda Azərbaycanda, tək Azərbaycanda deyil, bütün Sovetlər Ittifaqında insanlar bankdan bilavasitə istifadə etmirdilər. Bankdan dövlət orqanları istifadə edirdi: pulu qoyurdu oraya, yaxud da ki, pulu, hesabı gəlirdi oraya, oradan da öz müəssisəsi üçün, idarəsi üçün büdcədən ayrılmış pulu götürür istifadə edirdi, insanlar da aylıq məvacibini alırdı. Kimin artıq pulu var idisə, əvvəl əmanət kassası deyirdilər, sonra əmanət bankı dedilər, - aparıb oraya qoyurdu, yaxud da çoxları qoymurdu, elə gizlədirdi, saxlayırdı. Bundan savayı, bizim sovet cəmiyyətində bank işini bilən yox idi. Amma indi bank bizim həyatımızda nə qədər böyük rol oynayır. Bankdan istifadə etmək, özü də səmərəli istifadə etmək indi hər bir vətəndaş üçün lazımdır. Bir bu deyil, bütün başqa qanunları -sahibkarlar üçün olan qanunları bilmək lazımdır. Bunları hər bir vətəndaş və xüsusən, sahibkarlıqla məşğul olan adamlar bilməlidirlər.
Mən bir də qeyd etmək istəyirəm ki, sahibkarlıq yolu Azərbaycanda, bütün keçmiş Sovetlər İttifaqında çox enışli-yoxuşlu yoldur. Sahibkar olanların bəziləri düz yol ilə getməyiblər. Cürbəcür yollarla gediblər - biri qanundan qaçıb, biri qanunu pozub, birı o tərəfdən gedib, biri bu tərəfdən gedib sahibkar olubdur, özünə dövlət düzəldibdir, müəssisə düzəldibdir, kooperativ düzəldibdir, kiçik müəssisə, ya böyük müəssisə düzəldibdir. Bunu hərə bir yolla edibdir. Amma bu yolla gedən adamlar bir tərəfdən çəkişib-bərkişiblər, bir tərəfdən də qanunları az-çox öyrəniblər. İndi o mərhələ gəlib ki, artıq həqiqi sahibkarlıq olmalıdır və sahibkarlıq halal sahibkarlıq olmalıdır. Qanunları pozmaq yolu ilə, qanunların o tərəfindən, bu tərəfindən keçmək yolu ilə, vergini gizlətmək yolu ilə, yaxud xaricə mal çıxararkən, xaricdən mal gətirərkən oğurluq yolu ilə keçməklə, gömrük idarələri ilə əlaqəyə girib, onlara pulu verib, rüsumu verməməklə, yaxud da bəzi vergi orqanları ılə əlaqəyə girib, onlara vergidən az pul verib, vergi verməməklə yox. Belə hallar var, mən ona görə bunları deyirəm. Bu yollarla həqiqi, halal sahibkar olmaq mümkün deyil.
Dünyada hər şey halallıq istəyir, təmizlik, düzlük istəyir. Keçmişdə bizim Azərbaycanda da böyük sahibkarlar, böyük mülk sahiblərinin əksəriyyəti, - deyə bilərəm hamısı, - halal yolla, halal qazandığı pulla mülk sahibi olub, sahibkar olub.
İndi biz özəlləşdirməyə gedirik. İstəyirik ki, insanlar mülk sahibi olsunlar, əmlak sahibi olsunlar, sahibkar olsunlar. İndiyə qədər nə olub-olubdur, bundan sonra düz yolla, halal yolla getmək lazımdır, qanunlara riayət etmək lazımdır. Yaxşı olar ki, qanuni yolla gedəsən, az qazanasan; nəinki qanunu o tərəfdən - bu tərəfdən keçəsən, bir az çox qazanasan. Onu onsuz da itirəcəksən, bir az kobud desəm, qusacaqsan. Amma halal yolla getsən nə itirəcəksən, nə də qusacaqsan.
Ona görə də mən arzu edərdim ki, bizim sahibkarlarımız qanuna riayət etsinlər, qanuni yolla getsinlər. Onlar qanuni yol ilə gedərək həqiqi sahibkar ola bilərlər.
İkinci tərəfdən, mən bu gün dövlət orqanlarından tələb edirəm ki, qanuni yolla sahibkarlıq etməkdə sahibkarlara maneçilik törətməsinlər, əngəllər yaratmasınlar, mane olmasınlar, qanuni tələbləri yerinə yetirərkən onları rüşvət verməyə sövq etməsinlər, rüşvət almasınlar, onlarla birlikdə qanunu pozmasınlar. Qanun nə cür pozulur? Qanunu pozan təkcə iş adamı deyil ki, qanunu pozan eyni zamanda o qanunun keşiyində durandır. Onlar əlaqəyə girəndə qanun pozulur. Əgər onlar əlaqəyə girməsələr qanun pozulmaz, sahibkar da düz yolla gedər. Amma sahibkar görəndə ki, bir dövlət orqanından istifadə etmək olar, onunla əlaqəyə girib gəlirin bir hissəsini ona verib, bir hissəsini özündə saxlamaq olar - onda o yola gedir. Amma görəndə ki, gömrük orqanı, vergi orqanı, başqa dövlət orqanı, hüquq-mühafizə orqanları belə çirkin yollara getmirlər, onda sahibkar da düşünəcək ki, niyə mən əyri yollarla getməliyəm, elə düz yolla gedim, az qazanım, amma halal qazanım.
Ona görə də mən sahibkarlara bu tövsiyəni verərkən, eyni zamanda dövlət orqanlarından tələb edirəm və qəti tələb edirəm ki, sahibkarlığın inkişaf etdirilməsi üçün indiyə qədər yaradılan və mövcud olan əngəllər aradan götürülsün, sahibkarlara onların normal fəaliyyət, qanuni fəaliyyət göstərməsi üçün şərait yaradılsın, kömək edilsin. Onlar hansı qanunları bilmirlərsə, o qanunları öyrətsinlər, başa salsınlar. Bu sahədə, mən hesab edırəm ki, hüquqi təhsil çox vacibdir. İndi bu, bütün cəmiyyət üçün və o cümlədən sahibkarlar üçün lazımdır. Sahibkarlar gərək bütün hüquq normalarını bilsinlər. Qanunları bilmək nə deməkdir? Yəni bütün hüquq normalarını bilsinlər. Onda öz hüquqları və dövlət orqanlarının hüquqlarını biləcəklər. Onlar öz hüquqları çərçivəsində iş görərək, arxayın ola bilərlər ki, hiiquqları dövlət orqanları tərəfindən pozularsa, onlar bu orqanların qarşısında dura bilərlər. Sahibkarların da hüquqları pozulmamalıdır və dövlətin də mənafeyinə zərər dəyməməlidir.
İndi biz belə mərhələdəyik. Biz geniş islahatlar aparırıq, özəlləşdirmə aparırıq. Lazımdır ki, bunlar normal şəraitdə getsin. Burada sahibkarların çoxu vəsaitin çatışmamasından şikayətləndi, kredit verilməməsi haqqında sözlər dedi və xahiş etdilər ki, kreditlər verilsin. Şübhəsiz ki, sahibkarlığa kömək etmək lazımdır və bizdə Sahibkarlığın İnkişafı Fondu var. Biz bu fondu gücləndirməliyik. Burada sual verildi və maliyyə naziri də cavab verdi ki, büdcədən 8 milyard manat ayrılıbdır ki, Sahibkarlığın İnkişafı Fonduna verilsin və sahibkarlığın inkişafına sərf olunsun. Bunu etmək lazımdır.
Ancaq bununla yanaşı, təsəvvür edin, sahibkarlıqla məşğul olan ayrı-ayrı adamlar nə qədər kredit alırlar, lakin qaytarmırlar. Dünən mən bu məsələlərlə məşğul olarkən, bugünkü görüşün materiallarına baxarkən, mənə məlumat verdilər kı, məsələn, birisi gəlir bir müəssisə yaradır, - kiçik müəssisə, yaxud bir şirkət yaradır, - kredit götürür. Müəyyən bir vaxt keçəndən sonra bu şirkəti ləğv edir, krediti də qaytarmır, gedir başqa yerdə yeni bir şirkət yaradır. Bu şirkət ləğv olundusa, kredit də batdı. Gedir o biri yerdə yeni bir şirkət, yeni bir müəssisə yaradır, kredit almaq istəyir... Bu gün Milli Bankın sədri mənə dedi ki, sahibkarlara 300 milyard manat kredit verilibdir. Elədir, yoxsa yox?
Elman Rüstəmov (Milli Bankın İdarə heyətinin sədri): Bəli, 300 milyard manat.
Heydər Əliyev: Nə qədər qayıtmayıbdır?
Elman Rüstəmov: 150 milyard manat qayıtmayıb.
Heydər Əliyev: 150 milyard manatı qayıtmayıbdır. Bizim Beynəlxalq Bank valyuta krediti veribdir. O valyuta kreditinin nə qədəri qayıtmayıbdır?
Fuad Axundov (Səhmdar Kommersiya Beynəlxalq Bankın İdarə Heyətinin sədri): 5 milyon dolları.
Heydər Əliyev: 5 milyon dolları qayıtmayıbdır. Siz çalışdınız, dediniz ki, 15 milyon dollar qaytarılıb.
Fuad Axundov: 15 milyon dollar qaytarılıb.
Yerdən səslər: Sahibkarlara vermirlər. Özləri bildiyi kimi edirlər.
Heydər Əliyev: Sakit olun, sakit olun. Mən sərbəstlik vermişəm, ancaq bu dərəcədə sərbəstlik verə bilmərəm, onu bilin. Əgər siz mənim danışmağıma mane olsanız, onda şübhəsiz ki, ara pozulacaqdır. Sakit olun. Bilirsiniz, 20 milyon dollar kredit verilibdir. O kreditlərin bir hissəsinin vaxtı keçibdir, amma qaytarmırlar. Bizim prokurorluq və baş prokuror bir neçə aydır ki, Milli Bank və Beynəlxalq Bank ilə birlikdə o kreditlərin inzibati yolla qaytarılmasına çalışırlar. Qaytarıblar, amma 5 milyon dollar hələ qayıtmayıb. Axı bu, bazar iqtisadiyyatı olmadı. Bu, normal münasibət olmadı. Kim kredit götürürsə, o gərək haqq-hesab eləsin: bu krediti nə vaxt, nə cür qaytara bilər. Əgər onun imkanı yoxdursa, gedib, aldadıb kredit götürüb, sonra qaçıb gizlənməsin. Bəziləri niyə qaytara bilmirlər? Kredit götürənlərin bir hissəsi Azərbaycanda yoxdur. Qaçıblar. Yaxşı, bir milyon, yaxud yarım milyon dollardan ötrü Vətənini tərk edəsən, qaçqın düşəsən, - belə olmaz. Axırda onsuz da Vətənə gələcəksən, Vətənsiz yaşaya bilməyəcəksən.
Mən burada deyilən təkliflərlə tamamilə razıyam ki, sahibkarlara kredit verilməlidir, kömək edilməlidir. Amma eyni zamanda gərək bu, zəmanətlə olsun və biz kredit verib bundan sonra inzibati orqanlara tapşırmayaq ki, o kreditləri qaytarmaq üçün inzibati tədbirlər görsünlər.
Bilirsiniz, bu münasibətlərdə - sahibkarların bank ilə münasibətində, kredit işlərində inzibati orqanlar iştirak etməməlidir. Bunlar hamısı sivilizasiya yolu ilə olmalıdır. Heç bir yerdə bankın verdiyi kredit inzibati orqanların vasitəsilə geri qaytarılmır. Siz inkişaf etmiş ölkələrdə müşahidə edə bilərsinizmi ki, inzibati orqanlar bu işə qarışsınlar? Belə şeylər yoxdur. Ona görə də biz Sahibkarlığın İnkişafı Fondunu gücləndirməliyik, sahibkarlara kömək etmək lazımdır. Ancaq eyni zamanda sahibkarlar da bilməlidirlər, ölçüb-biçməlidirlər ki, krediti nədən ötrü alırlar, bu kreditdən istifadə edərkən özləri üçün nə mənfəət götürəcəklər və krediti nə vaxt qaytaracaqlar.
Bu yaxın vaxtlarda bizim Milli Bank qiymətli kağızlar buraxacaqdır. Onlardan da istifadə etmək olar. Eyni zamanda bizə gəlib çatan məlumatlardan belə görünür ki, Azərbaycan vətəndaşlarının bir qisminin xarici banklarda çox məbləğdə valyutası var. Bu valyutanı onlar xarici banklarda nə qədər saxlayacaqlar? Nədən ötrü? Bunlar hamısı ölkəyə qayıtmalıdır. Milli Bankın sədri bu gün çıxış edərkən bildirdi ki, keçən ilin iyul ayında qanun qəbul etmişik. Mən o qanunu imzalamışam ki, əgər bir şəxs investisiya qoyursa, bir yerə vəsait sərf edirsə, heç kəs soruşmayacaqdır ki, onun mənbəyi hardandır, -gəlsin investisiyanı qoysun. Ona görə də o valyutanı ki, Azərbaycan vətəndaşları aparıb xarici banklarda yatırırlar, ola bilər, aldıqları faizdən faydalanırlar, onu gətirib Azərbaycanın banklarında saxlasalar yaxşı olar. Milli Bankın sədri dedi ki, bunun məxfiliyinə və toxunulmazlığına tam təminat verılsin. Bu barədə biz qanun qəbul etmişik.
Son vaxtlar iki qanun qəbul olunubdur: biri Milli Bank haqqında, biri də bank qaydaları haqqındadır. O qanunlarda bütün məsələlər öz əksini tapıbdır. Ona görə mən yenə də deyirəm, - qanunları yaxşı oxuyun. Məsələn, keçən ilin iyun ayında qəbul etdiyimiz qanun, - bunu bankın prezidenti dedi, mən də deyirəm, - bizim sahibkarlar hamısı bilirmi ki, qanun insanlara tamamilə azadlıq verir: sən harada, nə yolla pul qazanmısan, - heç kəs bunu soruşmur. Nə qədər pulun var, onu gətirib istifadə edə bilərsən. Əgər bu puldursa, ya daşınan, daşınmayan əmlakdırsa, bunu da heç kəsin ixtiyarı yoxdur sorğu-sual eləsin. Bu, bizim qanunda var.
Mən bu gün həmin qanundan çıxarışı götürmüşəm, bir də baxmışam. Bunu bir il bundan öncə mən imzalamışam. Amma eyni zamanda mən bu qanun haqqında məlumat verərək, Azərbaycanın prezidenti kimi, sizə zəmanət verirəm ki, arxayın olun, - bir sizə yox, mən demirəm ki, o xarici banklarda pulları olan sizsiniz. Sizin də var, amma buraya toplaşmayan adamların da çoxlarının var, - mən bu qanunu imzaladığım kimi eyni zamanda onun həyata keçirilməsinə hər bir vətəndaş üçün zəmanət verirəm. Bu lazımdır ki, insanlar sərbəstlik hiss etsinlər, azadlıq hiss etsinlər, bilsinlər ki, keçmişdə nə olub, qaldı keçmişdə. Bu gün bax, bu qanun əsasında yaşasınlar və öz vəsaitlərini xarici banklara yox, gətirib Azərbaycanın banklarına qoysunlar və arxayın olsunlar ki, onlara toxunulmayacaqdır. Bu, birincisi, Azərbaycanın milli mənafelərinə uyğun olacaqdır, ikincisi də vəsaiti bankda saxlamaq əvəzinə gətirin burada işə qoyun.
Bir tərəfdən sahibkarlar deyirlər ki, biz işləmək istəyirik, iş qurmaq istəyirik, istehsal yaratmaq istəyirik, vəsait yoxdur, kredit verin. İkinci tərəfdən də, deyilənə görə, xarici banklarda Azərbaycan vətəndaşlarının böyük məbləğdə sərvətləri var. Bu sərvətlər geri qayıtmalıdır. Bir neçə ölkənin həyatında belə bir təcrübə də olubdur. Məsələn, Türkiyənin həyatında 70-ci illərin sonunda, 80-ci illərin əvvəllərində belə bir təcrübə olubdur. O vaxt Türkiyənin bir çox adamları cürbəcür yol ilə qazandıqları pulları xarici banklarda saxlayarkən ölkənin o vaxtkı baş naziri rəhmətlik Turqut Özal bir bəyanat vermişdi ki, gətirin qoyun işə, qoyun Türkiyənin banklarına və onun cüzi hissəsini Türkiyə dövlətinə təqdim etsəniz, onda hamısının aşkarlığını təmin etmək olar. Belə bir təcrübə olubdur.
Yaxud dünən mənimlə söhbət edən adamların biri Hindistandandır, indi Londonda işləyir. Hindistanda da çox adam öz vəsaitlərini xarici banklarda saxladığına görə vaxtilə ölkənin baş naziri belə bir bəyanat vermişdi və hind millətindən olan həmin adam mənə dedi ki, o vaxt xarici ölkələrdən, banklardan Hindistanın banklarına çox böyük məbləğdə vəsait qayıtdı.
Mən bu barədə açıq, məndə olan məlumatları deyirəm və bildirirəm ki, keçən ilin iyun ayında qəbul olunmuş qanuna riayət edilməsinə bütün dövlət orqanları tərəfindən zəmanət verirəm. Ona görə də bildirirəm ki, vətəndaşlarımız qorxmasınlar, çəkinməsinlər, öz vəsaitlərini Azərbaycana gətirsinlər, Azərbaycanın banklarında saxlasınlar, beləliklə sərmayəçiliyin inkişafına, sahibkarlığın inkişafına kömək etsinlər. Kim bunu nə cür edəcək - bu onun öz işidir, bu şəxsi məsələdir. Ancaq hər halda dövlətin bu məsələyə münasibətini mən açıqlayıram və tam aşkar şəkildə deyirəm. Yəni bildirmək istəyirəm ki, sahibkarlığın inkişafına vəsait əldə etmək üçün bu yol da var. Bu yoldan da istifadə etmək lazımdır. Əgər sizin hər birinizdə elə imkanlar varsa, qorxmayın, gətirin öz vəsaitinizi qoyun burada, istifadə eləyin, iş qurun, o işin də nəticəsini görəcəksiniz, ondan da bir neçə qat artıq vəsait götürəcəksiniz. Buna arxayın ola bilərsiniz.
Bundan sonra bizdə özəlləşdirmə daha da sürətlə gedəcəkdır. Biz bu barədə əlavə tədbirlər görmüşük və mülkiyyətin özəlləşdirilməsində xarici ölkə vətəndaşlarının da iştirak etməsinin mümkün olduğunu bəyan etmişik. Mən bizim müəssisələrin xarici şirkətlərin idarəsinə verilməsi haqqında bəyanat vermişəm ki, biz bu yol ilə də gedirik. Nəhayət, Gəncədə gil-torpaq zavodunun Böyük Britaniya şirkətinin idarəsinə verilməsi haqqında müqavilə imzalanmışdı və bir neçə gün bundan öncə mən o müqaviləni sərəncamla təsdiq etdim. Demək, bu iş başlandı. Bir neçə başqa böyük müəssisəmiz də var, onların xarici şirkətlərin idarəsinə verilməsi haqqında indi danışıqlar aparırıq. Biz bu yoldan da istifadə edəcəyik ki, istehsalı canlandıraq və beləliklə, iqtisadiyyatımızı bazar iqtisadiyyatı yolu ilə aparaq.
Bilirsiniz ki, iyul ayının 18-19-da Nazirlər Kabinetinin geniş iclasında biz qərar qəbul etmişik, mən bir neçə göstəriş, o cümlədən özəlləşdirmənin sürətləndirilməsi və idarəetmə strukturunun təkmilləşdirilməsinin başa çatdırılması haqqında göstərişlər vermişəm. Indi Nazirlər Kabineti bu istiqamətdə işləyir, təkliflərə yaxın glinlərdə baxılmalıdır. Ancaq mən bu təklifləri gözləmədən bir neçə gün bundan öncə sərəncam verdim, iki böyük konsern, - keçmişdə nazirlik olmuşdu, biri Məişət Xidməti Nazirliyi idi, sonra onu konsern etmişdilər, o birisi də Yerli Sənaye Nazirliyi idi, sonra onu Ticarət-Sənaye Konserni etmişdilər, - sərəncam verdim, o konsernlərin ikisi də ləğv olundu. Heç bir problem yoxdur. Sərəncamda göstərilib ki, onların müəssisələri Əmlak Komitəsi tərəfindən özəlləşdirilməlidir. Beləliklə, iki dövlət strukturundan xilas olduq. Biz lazım olmayan, bu günün tələblərinə uyğun gəlməyən bıı strukturları cəsarətlə ləğv etməliyik, onların tabeliyində olan müəssisələri özəlləşdirməliyik və şübhəsiz ki, bu özəlləşdirilən müəssisələrdən özəl sektor tərəfindən səmərəli istifadə edilməlidir.
Yəni bu barədə sizə deyərək mən bir daha təsdiq etmək istəyirəm ki, özəlləşdirmə sürətlə gedəcəkdir. Siz sahibkarlar bu özəlləşdirmə prosesində iştirak etməlisiniz. Məsələn, mən o gün göstəriş vermişəm ki, Azərbaycanda olan çörək mağazaları sentyabr ayının axırına qədər hamısı özəlləşdirilməlidir. Bakı şəhərində 400-dən artıq çörək mağazası var. Çörəyin keyfiyyətindən şikayət edirlər, çünki çörəyi bişirən də bir şirkətdir, onu gətirib satan da bir şirkətdir. Hesab edirəm ki, çörək mağazaları qısa müddətdə, bir ay yarım ərzində özəlləşdirilsə, onda bu, çörəyin həm keyfiyyətinə, həm də satışına təsir edəcəkdir. Bu da əhali üçün əlverişli şərait yaradacaqdır. Bax, mən belə göstərişlər vermişəm, biz belə ciddi addımlar atmışıq və atırıq. Siz də bu proseslərin iştirakçısı olmalısınız. Bu işlərə qoşulun, bu işlərdə iştirak edin və daha güclü sahibkar olun. Mən istəyirəm ki, Azərbaycanda çox böyük, yüksək hörmətə malik sahibkarlar olsun.
\"Sahibkar\" sözü çox hörmətli bir sözdür. Ancaq həqiqətən hörmətli sahibkar olmaq üçün birinci növbədə gərək yaxşı iş qurasan, ikinci növbədə gərək sahibkar kimi öz nüfuzunu, adını, hörmətini, imicini daim qoruyasan. Mən istəyirəm ki, bizim Azərbaycanın sahibkarları bax, belə sahibkarlar olsunlar. O xırda-xuruş sahibkarlar və əyri yollarla sahibkar olmaq istəyənlər, ya olanlar artıq aradan çıxmalıdırlar. Yenə də deyirəm, indiyədək nə olub-olub, bundan sonra düz yolla getmək lazımdır.
Mən bu gün sizə bəyan edirəm ki, Azərbaycanda sahibkarlığın inkişaf etməsi üçün bundan sonra da lazımi şərait yaradılmasma çalışacağam. Nazirlər Kabineti bu barədə məndən göstərişlər alıb və bu gün bir daha göstəriş verirəm ki, sahibkarlığın inkişaf etdirilməsi üçün bütün imkanlar yaradılsın. Amma siz də çalışın ki, sahibkar kimi bu imkanlardan səmərəli istifadə edəsiniz və Azərbaycanda sahibkarlıq inkişaf etsin.
Hesab edirəm ki, bununla da bu görüşü qurtarmaq olar. Mən sizə və sizin simanızda Azərbaycanın özəl sektoruna, bütün sahibkarlarına gələcək işlərinizdə uğurlar arzulayıram. Bilin ki, Azərbaycan prezidenti sizin himayədarınızdır, sizə daim himayədarlıq edəcəkdir, sizin sağlam prinsiplər əsasında inkişaf etməyinizi daim dəstəkləyəcəkdir. Sağ olun, gələn görüşlərədək.