Azərbaycan xristianlarına - Bakı şəhəri, 6 yanvar 2000-ci il

Hörmətli həmvətənlər!

Xristianların müqəddəs Milad bayramı - İsa peyğəmbərin mövludu münasibətilə sizi ürəkdən təbrik edir, bu əziz gündə hamınıza ən xoş arzularımı bildirirəm.

Bu mübarək bayram 2000-ci ildə bütün dünyada olduğu kimi, Azərbaycanda da xüsusi təntənə ilə qeyd edilir. Xristianlığın ölkəmizdə qədim tarixi vardır. Qafqazda xristianlığın ilk məbədləri məhz Azərbaycan torpağında yaradılmışdır. Əsrlər boyu Azərbaycanda İslam, yəhudi və xristian dinləri yanaşı mövcud olaraq insanlar arasında sülh və əmin-amanlıq, mehriban dostluq və qardaşlıq münasibətlərinin yaranmasında əvəzsiz rol oynamışdır. Azərbaycan xalqına xas olan insanpərvarlik və tolerantlıq kimi yüksək mənəvi keyfiyyətlər tarixən Azərbaycanda milli-irqi ayrı-seçkilik, dini dözümsüzlük zəminində humanizmə zidd halların baş verməsini istisna etmişdir.

XX əsrin sonunda dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası bu gün də öz tarixi ənənələrinə sadiqdir. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları beynəlxalq prinsiplərə əsaslanan hüquq və azadlıqlara, o cümlədən vicdan və dini etiqad azadlığına malikdir.

Vətəndaş cəmiyyətinin əsas prinsiplərinin bərqərar olduğu bir dövrdə ölkəmizdə yaşayan hər bir insana öz dini dəyərlərini, milli adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün demokratik hüquqi siyasi şərait yaradılmışdır.

Müstəqilliyimizə aparan yollarda bir daha əmin olduq ki, Azərbaycanda bütün konfessiyaların nümayəndələri həm fərəhli, həm də çətin anlarda həmişə bir yerdə olmuşlar. Müstəqil Azərbaycan Respublikasının tam və bərabərhüquqlu vətəndaşları olan xristian icması bu gün də cəmiyyətimizin ayrılmaz hissəsidir və onlar əsl vətandaşlıq əzmi ilə həyatımızın bütün sahələrində yaxından iştirak edir, Azərbaycanın tərəqqisi və inkişafı üçün əllərindən gələni əsirgəmirlər.

Əziz bayramınız - İsa peyğəmbərin mövludu münasibətilə hamınızı bir daha təbrik edir, hər birinizə cansağlığı və xoşbəxtlik, ailələrinizə firavanlıq arzulayıram.

Bayramınız mübarək olsun!

 

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.