Azərbaycan Prezidenti Heydər Əliyev İranın xarici işlər nazirini qəbul etmişdir - 12 avqust 1998-ci il

Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev avqustun 12-də Prezident sarayında İran İslam Respublikasının xarici işlər naziri Kamal Xərrazi başda olmaqla qonşu ölkənin nümayəndə heyətini qəbul etmişdir.

Hörmətli qonaqları səmimiyyətlə salamlayan, İran ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayan, belə görüşlərin hər iki tərəf üçün qiymətli olduğunu bildirən dövlətimizin başçısı ötən ilin dekabr ayında Tehranda İslam Konfransı Təşkilatının konfransında iştirak etdiyini xatırlatdı, konfransın yüksək səviyyədə keçirildiyini və burada dəyərli qərarlar qəbul edildiyini yada saldı, orada Həzrəti Ayətullah Xamneyi, İranın yeni prezidenti cənab Məhəmməd Xatəmi, nazir Kamal Xərrazi ilə səmərəli görüşlərinin, danışıqlarının böyük əhəmiyyətə malik olduğunu söylədi.

Nazirin dəvəti qəbul edib geniş tərkibli nümayəndə heyəti ilə Bakıya gəlməsindən və nümayəndə heyətinin tərkibində Ağayi Rəfiqdustun da olmasından məmnun qaldığını qeyd edən prezident Heydər Əliyev Naxçıvanda yaşayarkən onunla görüşdüyünü xatırlatdı və Kamal Xərrazinin baş nazir Artur Rasizadə, xarici işlər naziri Tofiq Zülfüqarov ilə görüşməsi barədə məlumatı olduğunu bildirdi.

Dost və qardaş Azərbaycana səfərindən məmnun qaldığını, prezident Heydər Əliyevin İKT-nin konfransında iştirak etməsini böyük hadisə hesab etdiklərini söyləyən Ağayi Kamal Xərrazi Bakıda keçirdiyi görüşlərin əhəmiyyətli olduğunu, Şəhidlər xiyabanını, Bibiheybət məscidini ziyarət etdiyini vurğuladı, məscidin prezident Heydər Əliyevin göstərişi və nəzarəti ilə tikildiyini yüksək qiymətləndirdi, onun rəhbərliyi altında Azərbaycanda, eləcə də İranla münasibətlərdə böyük işlər görüldüyünü xüsusi qeyd etdi.

İran naziri öz ölkəsinin xarici siyasəti barədə söhbət açdı, dost və qardaş Azərbaycan ilə əlaqələrin genişlənməsinin vacibliyindən, Azərbaycanla İranın tarixi əlaqələrindən danışdı, ölkələrimizin arasında siyasi və iqtisadi sahədə böyük işlər görmək üçün imkanlar olduğunu söylədi. Cənab Xərrazi onları qəbul etdiyinə görə prezident Heydər Əliyevə təşəkkürünü bildirdi və nümayəndə heyətinin tərkibi haqqında məlumat verdi, Ağayi Rəfiqdustun rəhbərlik etdiyi \"Bünyade müstəzəfan\" Şirkətinin Bakıda iş görmək istəyini açıqladı.

Azərbaycanla İran arasındakı əlaqələrə xüsusi əhəmiyyət verdiyini bildirən, ölkələrimizin böyük və qədim tarixini, xalqlarımızın eyni dinə ibadət etdiyini yada salan prezident Heydər Əliyev Azərbaycanla İranın böyük sərhədi olduğunu, Xəzər dənizinin dövlətlərimizi bir-birinə daha da yaxınlaşdırdığını, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkələrimiz arasında çox yaxşı əlaqələr yarandığını, İran-Azərbaycan əlaqələrinin daim inkişaf edəcəyini vurğuladı, bunu təmin etmək üçün maneələrin aradan qaldırılmasının vacibliyini qeyd etdi.

İranda hakimiyyətə gəlmiş yeni rəhbərlərin apardığı işlərin Azərbaycanda diqqətlə izlənildiyini, bu işlərin İran xalqının milli mənafeyinə cavab verən siyasət olduğunu bildirən prezident Heydər Əliyev dedi: İranın yeni hökumətinin müsbət işləri sırasında Azərbaycanla İran arasındakı əlaqələrin inkişaf etməsi də özünəməxsus yer tutmalıdır. Güman edirəm ki, sizin səfəriniz məhz bu məqsəd daşıyır.

Hörmətli qonaqların qısa zamanda Şəhidlər xiyabanını, Bibiheybət məscidini ziyarət etmələrindən məmnun qaldığını, Şəhidlər xiyabanının Azərbaycan xalqının müstəqillik, milli azadlıq yolunda göstərdiyi qəhrəmanlığı, şücaəti nümayiş etdirən abidə olduğunu bildirən dövlətimizin başçısı dedi ki, Bibiheybət məscidi isə bizim sizinlə müştərək milli və mənəvi sərvətimizdir. O, ziyarətgahın tarixi barədə ətraflı məlumat verərək dedi: 1932-ci ildə oradakı məscid keçmiş Sovet hakimiyyəti tərəfindən partladılmışdır. Ancaq insanlar oranı heç vaxt unutmamışlar. Ora daim xalqın müqəddəs yerinə çevrilibdir, insanlar üçün pənah, ziyarətgah yeri olubdur. Mən 1994-cü ildə oranı ziyarət etdim. Məscidi bərpa etmək, abadlaşdırmaq imkanı yox idi. Amma bu imkan əldə olunan kimi biz bunu etdik. Çox məmnunam ki, artıq biz orada məscid binasını tikmişik və o açılıbdır. Artıq Həzrəti Hökümənin qəbiri orada öz yerini tapıbdır. Bilirsiniz ki, mən açılış münasibətilə oranı ziyarət edən zaman qərar qəbul etmişəm ki, onun ətrafında olan binalar hamısı köçürüləcək və orada geniş bir kompleks yaradılacaqdır. Bu müqəddəs yer, məscid, Həzrəti Hökumənin qəbiri bizim bir-birimizlə nə qədər doğma olduğumuzu göstərir. İmam Rzanın qəbiri Məşhəddədir və mən o ziyarətgahı böyük ehtiram hissi ilə ziyarət etmişəm. Həzrəti Hökumənin qəbiri isə Bakıdadır. Görürsünüz, İmam Rza və Həzrəti Hökumə doğma olduqları kimi, bizim millətlərimiz, xalqlarımız da doğmadırlar. Azərbaycanın görməli yerləri çoxdur və arzu edirəm ki, siz onları da görəsiniz.

Azərbaycana ilk dəfə gəldiyini söyləyən nazir Kamal Xərrazi növbəti dəfə Gəncə şəhərində Nizami Gəncəvinin abidəsini də ziyarət edəcəyini bildirdi, böyük, müdrik şair kimi onun çox qiymətli, dəyərli əsərləri olduğunu vurğuladı.

Nizami Gəncəvinin İranla Azərbaycanı doğmalaşdırdığını, onun Gəncədə doğulduğunu və bir azərbaycanlı kimi qəbirinin də Gəncədə olduğunu nəzərə çarpdıran dövlətimizin başçısı Heydər Əliyev Şərq şairlərinin çoxunun fars dilində gözəl şerlər yazdığını, Məhəmmədhüseyn Şəhriyarın böyük şair olduğunu, respublikamızda çox sevildiyini, onun həm fars, həm də Azərbaycan dilində şerlər yazdığını qeyd edərək dedi ki, sənətkarın \"Heydərbabaya salam\" əsəri Azərbaycanda dillər əzbəri olubdur. Bunlar bizim gələcək dostluğumuza bir daha əsas verir.

Xəzər dənizinin statusu haqqında danışan prezident Heydər Əliyev dedi: Məni sevindirən odur ki, biz Xəzər dənizi ilə bağlı İranla çox yaxşı əməkdaşlıq edirik. İranın Neft Şirkəti Azərbaycan Dövlət Neft Şirkəti ilə iki böyük beynəlxalq konsorsiumda iştirak edir. Bu, çox yaxşı haldır. Güman edirəm ki, bizim bu əməkdaşlığımız gələcəkdə daha da genişlənə bilər. İqtisadi əməkdaşlıq üçün başqa imkanlar da vardır. Vaxt itirmədən biz onlardan səmərəli istifadə etməliyik. Bu sahədə yaranmış fasiləni aradan götürmək lazımdır. Biz əlaqələrimizin intensivləşdirilməsinin tərəfdarıyıq.

Söylədiyi dəyərli fikirlərə görə prezident Heydər Əliyevə təşəkkür edən İranın Xarici Siyasət İdarəsinin rəhbəri Azərbaycanla sənaye, ticarət sahəsində əməkdaşlığın genişləndirilməsinin mümkünlüyündən danışdı, enerjinin nəqli və \"Xudafərin\" su bəndi, Ordubad su elektrik stansiyası haqqında baş nazirlə söhbət apardığını bildirdi.

Qarabağ böhranının aradan qaldırılması lüzumundan danışan nazir Xərrazi dedi: Biz belə fikirdəyik ki, Qarabağ böhranının həlli üçün bir siyasi yol tapmaq lazımdır. Sözsüz ki, iki ölkənin, yəni Ermənistanın və Azərbaycanın bütün gücünün, imkanlarının müharibəyə sərf olunması heyifdir. Cənab prezident, siz Ermənistan prezidenti Koçaryanı beynəlxalq İpək yolu konfransında iştirak etmək üçün Bakıya dəvət etmisiniz. Biz buna çox sevinirik və bu, gözəl düşünülmüş addımdır. Regionda əmin-amanlığın bərpa olunması və möhkəmlənməsi üçün görüləsi işlər çoxdur. Mənə elə gəlir ki, birbaşa Ermənistan-Azərbaycan danışıqları qurulmalıdır və bu səmərəli ola bilər. Bu sahədə lazım olarsa, İran hər cür köməyini göstərməyə hazırdır.

Sonra nazir Əfqanıstanda, Tacikistanda baş verən hadisələr barədə ətraflı danışdı, bunların aradan qaldırılması üçün öz ölkəsinin mövqeyini açıqladı.

\"Azərbaycan\" qəzeti, 13 avqust 1998-ci il.