Azərbaycan - Avropa Şurası

Azərbaycan Respublikası 25 yanvar 2001-ci ildən Avropa Şurasının (AŞ) tamhüquqlu üzvüdür, 28 iyun 1996-cı ildən isə xüsusi dəvət olunmuş qonaq statusunda AŞ-nın işində iştirak edirdi.

Azərbaycanın demokratik transformasiyasında ən ardıcıl və məqsədyönlü iş aparan təşkilat Avropa Şurası hesab olunur.

1996-cı il iyunun 28-dən etibarən Azərbaycan Respublikasının Avropa Şurasında xüsusi dəvət olunmuş qonaq statusunda iştirakı milli qanunvericiliyimizin Avropa standartları səviyyəsinə yüksəldilməsinin işlək mexanizmini hazırlamağa imkan verdi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1996-cı il iyulun 8-də "Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi tədbirləri haqqında", 1998-ci il yanvarın 20-də "Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında", 1999-cu il mayın 14-də "Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənefələrinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında" imzaladığı sərəncamlar ölkəmizin Avropa Şurasına qəbul edilməsi üçün səylərin artırılmasına və məqsədyönlü fəaliyyətə zəmin yaratmış oldu.

Bu sərəncamlarda Avropa ölkələrində hamılıqla qəbul edilmiş standartlara və normalara uyğunluq baxımından Azərbaycan Respublikasında Cinayət, Cinayət-Prosessual, Mülki və Mülki-Prosessual məcəllənin, respublikamızın Avropa Şurasının (AŞ) bir sıra konvensiya və sazişlərinə qoşulması məsələsinin öyrənilməsi tövsiyə olunmuşdur. Həmin tövsiyələrə uyğun olaraq qısa zamanda bu məcəllələr və hüquq-mühafizə orqanları ilə bağlı qanunların, demək olar ki, hamısı Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul olunmuşdur. Mühüm qanunlar sırasında "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Polis haqqında" və s. aktları göstərmək olar. Həmçinin, mövcud məhkəmə təsisatı tamamilə yenidən qurularaq üçpilləli məhkəmə sistemi yaradılmışdır. Azərbaycanın penitensiar sistemi beynəlxalq standartlara uyğunlaşdırılmışdır.

AŞ-ya üzv olmaq üçün Azərbaycan Respublikası müxtəlif sahələrdə çox ciddi addımlar atmışdır. Bu addımlardan biri də ölkədə ölüm cəzasının ləğvi və cəza siyasətinin humanistləşdirilməsi sahəsində görülən tədbirlərdir. 1998-ci il fevral ayının 3-də Ümummilli lider, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Milli Məclisə ölüm cəzasının ləğv olunması ilə bağlı müraciət etmişdir. Müraciətdə cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək idealları rəhbər tutmaqla ölkədə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəldiyini bildirmiş və bu tarixi bəyanatın zəruriliyini əsaslandırmışdır. Parlament ölüm cəzasının ləğvi ilə bağlı ölkə prezidentinin təklifini dəstəkləmişdir. Beləliklə, ümummilli lider H.Əliyev Şərqdə ilk dəfə olaraq ölüm cəzasının ləğv olunması ilə bağlı qətiyyətli və humanist qərar qəbul etmişdir.

Cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı qanunvericilik aktlarına edilmiş ciddi dəyişikliklər, xüsusilə də AŞ-nin 50 illiyi ilə bağlı 1998-ci ilin dekabrında verilmiş amnistiya Azərbaycanın AŞ-ya qoşulması istiqamətində atılan mühüm addım idi.

Ümummilli lider H.Əliyevin ölkədə demokratiyanın daha da inkişaf etdirilməsi tədbirlərinin genişləndirilməsi məqsədilə 1998-ci ilin 22 fevral tarixli "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərmanında insan hüquqları sahəsində həyata keçiriləcək tədbirlərin istiqaməti və konsepsiyası müəyyən edilmiş və ümumdövlət səviyyəsinə qaldırmışdır. Bunun ardınca təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair dövlət proqramı"nda Azərbaycanın konkret inkişaf mərhələsinə uyğun olaraq insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması, Elmi-Tədqiqat İnstitutunun yaradılması, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, mütəxəssislərin hazırlanması, öhdəliklərə əməl edilməsi və digər vəzifələrin həyata keçirilməsi nəzərdə tutulmuşdu. Bu fundamental sənədlərin fəlsəfəsi hər bir şəxsin Konstitusiyada təsbit edilmiş hüquqlarının həyata keçirilməsi üçün bütün imkanlara malik olmasından ibarət idi. Bu baxımdan, Konstitusiyada bəyan edilmiş hüquqların təmin edilməsi üçün bir sıra mühüm qanunlar qəbul olunmuş və çevik hüquqi mexanizmlər müəyyənləşdirilmişdir.

Azərbaycan Respublikası ilə AŞ arasında sıx əməkdaşlığın nəticəsi kimi ölkəmizin AŞ PA-nın 222 (2000-ci il) saylı rəyinə müvafiq olaraq bu təşkilat qarşısında üzərinə götürdüyü və vaxtında yerinə yetirdiyi öhdəliklərdən biri də ölkədə mətbuat azadlığı sahəsində atılan addımlar idi. Bu öhdəliklərə uyğun olaraq 1999-cu ilin dekabrında "KİV haqqında" qanun qəbul olunmuşdur və bu qanunla KİV üzərində dövlət senzurası aradan qaldırılmışdır.

Qeyd edək ki, 1996-2004-cü illər arasında Azərbaycan Respublikası tərəfindən Avropa standartlarına və beynəlxalq hüquq normalarının tələblərinə uyğun 1600-dən artıq qanun, qərar və digər normativ hüquqi aktlar qəbul edilmişdir.

2000-ci il iyunun 28-də AŞ PA -nın növbəti sessiyasında Nazirlər Komtəsinə Azərbaycan Respublikasının AŞ-nın tam hüquqlu üzvü seçilməsi tövsiyə edilmişdir.

Nəhayət, 2001-ci ilin yanvar ayında Azərbaycan Respublikası AŞ-na tam hüquqlu üzv qəbul edilmiş və bununla da Azərbaycan diplomatiyası Avropaya inteqrasiya proseslərinə qoşulmaq uğrunda mübarizədə böyük qələbə əldə edərək Avropanın üzvi hissəsinə çevrildiyini işdə sübut etmişdir.

Azərbaycan AŞ-ya daxil olarkən bu qurumun demokratik transformasiya öhdəliklərini yerinə yetirməklə yanaşı, həm də gələcəkdə tam hüquqlu üzv kimi AŞ-nın verdiyi imkanlardan bəhrələnmək sahəsində özünün milli proqramını hazırlamışdır. Bu proqram aşağıdakıları əhatə edir:

Azərbaycan reallıqlarını Avropa ictimaiyyətinə çatdırmaq, Ermənistanın təcavüzünü ifşa etmək, torpaqlarımızın 20%-nin Ermənistan tərəfindən işğal edildiyi faktını tanıtdırmaq, ölkənin cəlb olunduğu konfliktdən ərazi bütövlüyünü saxlamaq şərtilə dinc yolla xilas etmək;

- Demokratik, sivil dövlət quruculuğu işini davam etdirmək, müstəqilliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Avropa dəyərlərini mənimsəyərək, bu birliyə inteqrasiya etmək;

- Demokratik dövlət quruculuğu işində islahatları davam etdirmək üçün konkret öhdəliklərin yerinə yetirilməsini, vətəndaş cəmiyyətinin inkişafını və insan hüquqlarının müdafiəsini təmin etmək;

- Öz məqsəd və məramları haqqında məlumat vermək üçün AŞ tribunasından istifadə etmək.

Azərbaycan Respublikasında insan və vətəndaş hüquq və azadlıqlarının daha etibarlı şəkildə müdafiəsini təmin etmək məqsədilə 28 dekabr 2001-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən "Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" konstitusiya qanunu qəbul edilmiş, ölkəmizdə ilk dəfə olaraq ombudsman təsisatı yaradılmışdır.

Azərbaycan Respublikası Milli Məclisinin 25 dekabr 2001-ci il tarixli qərarı ilə AŞ-nın ən mühüm sənədi hesab olunan "İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında" konvensiya və onun 1, 4, 6 və 7 saylı protokollarını ratifikasiya etmişdir.

Ümumilli lider H. Əliyev qeyd edirdi ki, "Azərbaycanın AŞ-ya qəbul edilməsi onun nəinki müstəqil, suveren, demokratik, dünyəvi dövlət kimi tanınmasıdır, həm də Avropa ailəsinin bərabərhüquqlu üzvü kimi Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin başlanğıcıdır"

Azərbaycan nümayəndələrinin AŞ PA-dakı fəaliyyəti xüsusilə uğurlu olmuşdur. Bu uğurların qazanılmasında 2001-ci ildə millət vəkili olan İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyətinin mühüm rolu vardır. Məhz İ.Əliyevin işgüzar və qətiyyətli fəaliyyəti nəticəsində 24 sentyabr 2001-ci ildə AŞ PA Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması ilə bağlı qərar qəbul etmişdir. İ.Əliyevin 2003-cü ildə AŞ PA-nın qış sessiyasında AŞ PA sədr müavini və büro üzvü seçilməsi Azərbaycanın mövqelərinin AŞ-da daha da möhkəmlənməsinə zəmin yaratdı. İ. Əliyevin rəhbərlik etdiyi AŞ PA-dakı Azərbaycan nümayəndə heyəti Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı həqiqətləri özündə ehtiva edən 30-dan artıq sənədi hazırlayıb AŞ-da yaymışdır.

ASPA 25 yanvar 2005-ci il tarixdə Böyük Britaniyadan olan deputat David Atkinsonun hazırladığı məruzə əsasında “ATƏT-in Minsk konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə” adlı 1416 saylı qətnamə qəbul edib. Qətnamədə üzv dövlət tərəfindən xarici ərazinin işğalını həmin dövlətin AŞ üzvü kimi öz üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması demək olduğu bildirilib və münaqişə ərazisindən köçkün düşmüş şəxslərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtması hüququ təsdiq edilib.

12 may 2014-cü il tarixdə Nikosiyada AŞ PA-nın Sosial Məsələlər, Səhiyyə və Davamlı İnkişaf Komitəsinin iclasında Azərbaycanın işğal altında olan Sərsəng su anbarı ilə əlaqədar "Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair" qətnamə layihəsi əsasında məruzəçi təyin edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 24 iyun 2014-cü il tarixdə Fransaya işğüzar sədəri çərçivəsində Strasburqda Avropa Şurası Parlament Assambleyasının sədri xanım Ann Brasör ilə görüşüb. Görüşdə Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olundu. Azərbaycanda insan haqları və demokratikləşmə sahəsində görülən işlər, o cümlədən Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi dövründə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev həmçinin Avropa Şurasının Baş katibi Törbörn Yaqlandla da görüşüb. Elə həmin gün Azərbaycan Prezidenti AŞ PA Parlament Assambleyasında çıxış edib. Azərbaycanın bu təşkilatın Nazirlər Komissiyasının sədri seçilməsini məsuliyyətli vəzifə kimi xarakterizə edən İlham Əliyev demokratiyanın ümumi dəyərlərinə, qanunun aliliyinə böyük töhfə vermək üçün lazım olan hər şeyin ediləcəyini vurğulayıb. Prezident bildirib: “Avropa Şurasına qoşulmaq bizim düşünülmüş seçimimiz oldu. Çünki biz islahatların genişləndirilməsi üçün bu təsisatın üzvü olmaq istəyirdik. Əlbəttə, bilirdik ki, Avropa Şurasına qoşulmağımız, həmçinin öhdəlikləri nəzərdə tutacaqdır. Biz isə bunlara hazır idik. Bu günə qədər biz öhdəlikləri yerinə yetiririk.”

AŞ PA-nın 2 sentyabr tarixli Büro iclasında “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı məruzənin hazırlanması haqqında qərar qəbul edilib.

Oçerk 25 noyabr 2014-cü ildə yeniləşdirilib.