Azərbaycanı xalq artisti Sofiya xanım Hüseynovaya - 7 may 1996-cı il

Hörmətli Sofiya xanım!

Sizi - Azərbaycan teatr sənətinin görkəmli nümayəndəsini anadan olmağınızın 70 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Siz böyük tarixə və zəngin ənənələrə malik olan Naxçıvan Dövlət Dram Teatrındakı yarıməsrlik fəaliyyətiniz dövründə çoxlu klassik və müasir səhnə surətləri yaratmış, öz fitri istedadınızla onlara uzun ömür bəxş etmiş xoşbəxt sənətkarlardansınız. Yaddaşlara həkk olunmuş qəhrəmanlarınız tamaşaçıların dərin hörmət və məhəbbətini qazanmışdır.

Sizin səhnə həyatınız yeni nəsillər üçün əsl vətənpərvərlik, sənətə sədaqət və fədakarlıq nümunəsi olmuşdur. Əminəm ki, bundan sonrada yüksək mənəviyyatlı insan xarakterləri yaratmaq yolunda əlinizdən gələni əsirgəməyəcək və sənətinizə vurğun olan tamaşaçıları sevindirəcəksiniz.

Yubileyiniz münasibətilə sizi salamlayır, sizə möhkəm cansağlığı və xoşbəxtlik, işinizdə uğurlar arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.