Аzərbаycаn Rеspublikаsının Prеzidеnti Hеydər Əliyеvin Yunanıstan xarici işlər nazirinin müavini Andreas Loverdosun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü - Prеzidеnt sаrаyı, 11 аprеl 2003-cü il

Qonaqları səmimiyyətlə salamlayan Аzərbаycаn Prezidenti Heydər Əliyev dedi ki, ümidvaram bu səfər çox faydalı olacaqdır. Biz Yunanıstanla əməkdaşlıq edirik və bunu davam etdirmək istəyirik. Xüsusən iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığa hazırıq və indiyə qədər də bir çox işlər görülübdür. Güman edirəm, sizin səfəriniz bu əməkdaşlığın inkişafına daha da təkan verəcəkdir.

Dövlətimizin başçısı qonaqların Bakıda keçirdikləri görüşləri, aparılan müzakirələri müsbət qiymətləndirdi.

Səmimi qəbula görə minnətdarlığını bildirən cənab Andreas Loverdos dedi ki, cənab Prezident, Sizinlə fikir mübadiləsi aparmaq mənim üçün böyük şərəfdir. Sizi bizim ölkədə çox yaxşı tanıyır və yüksək səviyyəli siyasətçi kimi qiymətləndirirlər.

Qonaq Yunanıstan Prezidenti Konstantinos Stefanopulosun ən xoş arzularını, salamlarını yetirdi, onun bu ilin yayında Azərbaycana ilk rəsmi səfərə hazırlaşdığını söylədi. Nümayəndə heyətinin başçısı İqtisadi İnkişaf naziri Fərhad Əliyev ilə görüşdən sonra protokol imzalanacağını, mədəniyyət sahəsində əməkdaşlığa dair protokolun isə artıq imzalandığını bildirdi.

Yunanıstanın İxrac Agentliyi və Azərbaycanın Ticarət-Sənaye Palatası arasında memorondumun da imzalanacağını söyləyən nazir müavini dedi ki, Yunanıstan prezidentinin Bakıya səfəri zamanı mühüm sənədlər imzalanacaq və bununla da ölkələrimiz arasındakı münasibətlərin yeni dövrü başlanacaqdır.

Cənab Andreas Loverdos ölkəsinin prezidentinin səfəri zamanı Bakıda keçiriləcək iqtisadi forumdan sonra yunan iş adamlarının Azərbaycana marağının artacağını vurğuladı, 2004-cü ildən həyata keçiriləcək inkişaf proqramına əsasən, Yunanıstanın respublikamızın səhiyyə, təhsil sektoruna, habelə qaçqınlara, məcburi köçkünlərə 1 milyon dollar həcmində yardım göstəriləcəyini bildirdi.

Qonağın verdiyi məlumatdan məmnun qaldığını söyləyən Prezident Heydər Əliyev bir daha dedi ki, biz Yunanıstanla əməkdaşlığı genişləndirmək istəyirik. Azərbaycanın «Şahdəniz» yatağından çıxarılacaq qazın Türkiyəyə ixrac olunması barədə böyük bir layihəmiz vardır. Yunanıstan da buna maraq göstərmişdir.

Biz buna etiraz etmirik, əksinə, düşünürük ki, əgər sizin ölkəyə qaz versək, yəni qaz xətti çəkilsə, ondan sonra onu Avropanın digər ölkələrinə də vermək olar. Çünki bizim qaz yatağının ehtiyatları olduqca çoxdur. Güman edirəm, bu bizim əməkdaşlığımızda ən böyük layihələrdən biri olacaqdır. Başqa sahələrdə də əməkdaşlığı inkişaf etdirmək lazımdır.

Yunanıstan prezidentinin Azərbaycana rəsmi səfərini səbirsizliklə gözlədiyini bildirən dövlətimizin başçısı dedi ki, gərək siz də, biz də hazırlaşaq ki, bu səfər yaxşı keçsin, müəyyən sənədlər imzalansın, səfər Yunanıstan–Azərbaycan əlaqələrində yeni bir mərhələnin başlanğıcı olsun. İqtisadi İnkişaf Nazirliyi təkliflər hazırlamalıdır, Baş nazirə də xüsusi göstərişlər verəcəyəm.

Prezident Heydər Əliyev indi Yunanıstanın sədrlik etdiyi Avropa Birliyi ilə 1998-ci ildə Bakıda TRASEKA proqramı çərçivəsində qədim İpək Yolunun bərpası ilə əlaqədar böyük beynəlxalq konfransın keçirildiyini xatırlatdı və dedi ki, bu əməkdaşlığı davam etdirmək istəyirik. Güman edirəm, Avropa Birliyinin sədri kimi, Yunanıstan bu məsələyə diqqət yetirəcəkdir.

Çünki vaxtilə Avropa Birliyi İpək Yolunun bərpa olunması üçün həm Azərbaycana, həm də Gürcüstana və başqa ölkələrə xeyli vəsait ayırmışdı. Biz ondan istifadə edərək, Gürcüstanla Azərbaycan arasında dəmir yol xətlərinin müasir səviyyəyə gətirilməsini təmin etdik.

Dövlətimizin başçısı Xəzər dənizindən gəmilər vasitəsilə Avropadan Mərkəzi Asiyaya və əks istiqamətdə çoxlu yüklər daşındığını, Avropa Birliyinin bu məsələni daim diqqət mərkəzində saxlamasının vacibliyini söylədi.

Andreas Loverdos Avropa Birliyi ilə əlaqələrin inkişafında Yunanıstanın ölkəmizə yardımçı olmasına çalışdığını, Şərq–Qərb dəhlizi ideyasının dəstəkləndiyini vurğuladı, regiondakı mövcud münaqişələrin və problemlərin həllində bu təşkilatın roluna toxundu, Avropa Birliyinin Qafqaz regionuna nümayəndə təyin etməsinin vacibliyini bildirdi. O dedi ki, Yunanıstan Azərbaycanla Avropa Birliyi arasında dialoqun səmərəliliyi üçün əlindən gələni edəcəkdir. Texniki məsələlərin həlli üçün Avropa Birliyinin Bakıda nümayəndəliyinin olması da çox vacibdir və Yunanıstan bu ideyanı, eləcə də Azərbaycana maliyyə yardımı göstərilməsini hərtərəfli dəstəkləyəcəkdir.

Qonaq TRASEKA proqramı ilə bağlı fikirlərini də açıqladı, Yunanıstanın respublikamızın bütün təşəbbüslərini dəstəklədiyini bir daha vurğulayaraq dedi ki, qazın ixracı ilə bağlı Yunanistanla Türkiyə arasında boru xəttinin çəkilməsi barədə razılıq əldə olunmuşdur. Bu, Azərbaycanın təbii qazının Avropaya çıxışı olacaq və bundan sonra əlaqələrimiz daha da möhkəmlənəcəkdir.

Nümayəndə heyətinin başçısı Yunanıstan prezidentinin məktubunu və özünün xatirə hədiyyəsini dövlətimizin başçısına təqdim etdi.