Xalq artisti Əlibaba Məmmədova - Bakı şəhəri, 4 fevral 2000-ci il

Hörmətli Əlibaba Məmmədov!

Sizi - Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsini 70 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Siz xalq musiqimizin incəliklərini, klassik Azərbaycan poeziyasının nümunələrini gözəl bilən və öz orijinal ifa üslubu ilə milli musiqi xəzinəmizi zənginləşdirən sənatkarlardansınız.

Muğam, təsnif və xalq mahnılarımızın mahir ifaçısı kimi sizing əlli illik yaradıcılıq yolunuz milli xanandəlik məktəbinin ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi işinə xidmətin gözəl nümunəsidir. Klassik musiqimizin bir çox incilərinə yeni nəfəs, yeni həyat verməklə fitri istedadınızı, novatorluq bacarığınızı və böyük işgüzarlığınızı əyani şəkildə nümayiş etdirmisiniz. Yüksək səhnə mədəniyyəti, məlahətli səsə və bənzərsiz ifa tərzi ilə səciyyələnən sənətiniz xalqımızın böyük rəğbət və məhəbbətini qazanmışdır.

Uzun illər rəhbərlik etdiyiniz \"Humayun\" xalq çalğı alətləri ansamblı milli musiqimizin təbliğ olunmasında və ölkəmizdə yeni istedadların üzə çıxarılmasında mühüm rol oynamışdır. Öz repertuarının rəngarəngliyi və zənginliyi ilə seçilən bu ansamblın fəaliyyəti musiqi ictimaiyyətimiz tərəfindən həmişə yüksək qiymətləndirilmişdir.

El musiqisi əsasında yaratdığınız mahnı və təsniflər çoxşaxəli yaradıcılığınızın yeni çalarlarıın aşkar etmişdir. Vətən, xalq sevgisi, yüksək əxlaqi dəyərləri tərənnüm edən bu əsərlər ölkəmizin musiqi həyatında öz layiqli yerini tutmuşdur.

Sizin Asəf Zeynallı adına Musiqi Texnikumu və Bülbül adına Orta İxtisas Musiqi Məktəbindəki pedaqoji fəaliyyətiniz də təqdirəlayiqdir. Respublikada istedadlı ifaçıların yeni nəslinin yetişdirilməsində sizin zəhmətiniz böyükdür. Onların bir çoxu artıq öz yaradıcılığı ilə xalq arasında böyük hörmət qazanmış adlı-sanlı sənətkarlardır.

İnanıram ki, zəngin təcrübənizdən istifadə edərək yeni xanəndələr nəslinin yetişdirilməsi yolunda bundan sonra da əlinizdən gələni asirgəməyəcək və muğam ifaçılığı məktəbinin daha da inkişaf etdirilməsi üçün səylərinizi davam etdirəcəksiniz.

Sizə cansağlığı, xoşbəxtlik və yaradıcılıq uğurları arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.