Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərin həyata keçirən Ali Sovetin sədri Heydər Əliyev \"AMOKO\" Kaspian Si-Petroleum kompani\" şirkətinin sədri və prezidenti Robert Blantonu qəbul etmişdir - 1 iyul 1993-cü il

İyulun 1-də Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərin həyata keçirən Ali Sovetin sədri Heydər Əliyev \"AMOKO\" Kəspiən Si-Petroleum kompani\" şirkətinin sədri və prezidenti Robert Blantonu, şirkətin vitse-prezidenti və Azərbaycandakı nümayəndəsi Tim Hartnetti, digər nümayəndələri qəbul etmişdir.

Heydər Əliyev qonaqları salamladıqdan sonra ölkədəki ictimai-siyasi vəziyyət barədə məlumat vermişdir. O demişdir ki, \"AMOKO\"-nun dünyada tanınmış neft şirkəti olduğundan xəbərdardır və bu şirkətin Azərbaycanla mövcud əlaqələrindən məmnundur. Heydər Əliyev daha sonra bildirmişdir ki, ölkəmizdə daxili problemlərin çoxluğu mövcud məsələləri mərhələ-mərhələ həll etməyə vadar edir. Ölkədə yaranmış gərgin vəziyyətin - vətəndaş qarşıdurmanın tezliklə aradan qaldırılması əsas vəzifələrimizdəndir. 5 ildir ki, davam edən Qarabağ müharibəsinin ATƏM çərçivəsində, ABŞ, Türkiyə və Rusiyanın məlum təklifi əsasında həll olunması ölkəmiz tərəfindən müdafiə edilir.

Heydər Əliyev daha sonra qeyd etmişdir ki, bütün çətinliklərimizə baxmayaraq, biz xarici dövlətlərlə, o cümlədən ABŞ-la iqtisadi, diplomatik əlaqələrin tənzimlənməsi və inkişafının tərəfdarıyıq.

Sonra \"AMOKO\"nun sədri və prezidenti Robert Blanton şirkətin fəaliyyəti və məqsədləri barədə məlumat verərək bildirmişdir ki, zəngin Azərbaycan torpağında işləmək, bu dövlətin iqtisadi inkişafına kömək göstərmək amerikalılar üçün xoşdur.

AzərTAc

\"Azərbaycan - 1993. Anarxiyadan Sabitliyə\", Bakı - 2000, səh. 43.