Əziz dağıstanlı qardaş və bacılar!
Hörmətli toplantı iştirakçıları!
Adi milli azadlıq mübarizəsinin simvoluna çevrilmiş görkəmli sərkərdə, qüdrətli şəxsiyyət Şeyx Şamilin anadan olmasının 200 illik yubileyi münasibətilə Sizi salamlayır, hamınıza xoş arzularımı çatdırıram.
Ulu Qafqaz əsrlər boyu müxtəlif dövlətlərin təcavüzünə məruz qalsa da, bu diyarın mərd insanları əsarətə qarşı mübarizə qətiyyətini daim qoruyub saxlamışlar. Azadlıq uğrunda 25 ildən çox vuruşan Şeyx Şamil bir daha sübut etdi ki, xalqın istiqlal amalını, iradəsini və əzmini sındırmaq, məhv etmək mümkün deyil.
Şeyx Şamilin hürriyyət mücadiləsi Azərbaycan xalqının da yaddaşına əbədi həkk olunubdur. Qədirbilən xalqımız onu özünün milli qəhrəmanı sayır. Azərbaycanda Şeyx Şamil hərəkatı həmişə sevilə-sevilə dərindən öyrənilmiş, azadlıq mübarizi xalq düşməni elan edilən vaxtlarda da görkəmli alimlərimiz, yazıçılarımız həyatlarını təhlükə altında qoyaraq onun haqqında dəyərli əsərlər yaratmışlar. Azərbaycan mədəniyyəti və elmi indinin özündə də bu ənənələri yaşatmaqdadır. Bütün bunlar tarixi haqqına qovuşaraq müstəqillik qazanmış Azərbaycan xalqının Şeyx Şamilin şəxsiyyətinə, azadlıq uğrunda fədakar mübarizəsinə hörmət və ehtiramının ifadəsidir. Hər bir azərbaycanlinin qəlbində bu əfsanəvi qəhrəmana nəsildən nəslə ərmağan kimi çatdırılan məhəbbət yaşayır və bu məhəbbət respublikamızda keçirilən yubiley mərasimlərində Şeyx Şamilə tükənməz xalq ehtiraminin növbəti təsdiqinə çevrilir.
Əziz dostlar!
Sizi və sizin şəxsinizdə bütün Qafqaz xalqlarını bu qəhrəmanlıq bayramı münasibətilə ürəkdən təbrik edirəm. Azadlığı, sülhü, əmin-amanlığı qorumaq yolunda hər bir qafqazlıya Şeyx Şamil müdrikliyi, qətiyyəti və fədakarlığı arzulayıram. Əminəm ki, Şeyx Şamil ruhu bizi bir-birimizə daha da doğmalaşdıracaq, Rusiya Federasiyasinda yaşayan xalqlarla Azərbaycan xalqı arasındakı dostluq və qardaşlığı daha da möhkəmləndirəcəkdir.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.