Heydər Əliyev: Azərbaycana xoş gəlmisiniz. YUNİSEF ilə Azərbaycan arasındakı əlaqələrə və əməkdaşlığa biz çox böyük əhəmiyyət veririk. Ümumiyətlə, YUNİSEF kimi bir təşkilatın Birləşmiş Millətlər Təşkilatı çərçivəsində yaranması, təbii ki, çox böyük hadisədir. Onun gördüyü işlər olduqca əhəmiyyətlidir.
Azərbaycanın YUNİSEF-lə əməkdaşlığı 1993-cü ildən başlayıbdır. Xatirimdədir, 1994-cü ildə Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində olarkən mən YUNİSEF ilə Azərbaycan arasında bir sənədə imza atdım. Son illər Azərbaycanda bir çox məsələlərə, xüsusən, difteriyanın, polimielitin qarşısının alınmasına və başqa sahələrə YUNİSEF yardımlar edibdir. Mən YUNİSEF-in bu fəaliyyətini də yüksək qiymətləndirirəm.
YUNİSEF-in Azərbaycanla daha da səmərəli, Azərbaycan üçün çox faydalı əməkdaşlıq etmək üçün hələ böyük imkanları vardır. Güman edirəm ki, siz bu səfəriniz zamanı respublikamızda vəziyyətlə tanış olarkən mənim bu fikirlərimin nə qədər düzgün olduğunu da təsdiq edə bilərsiniz.
Biz istəyirik ki, YUNİSEF ilə Azərbaycan əməkdaşlığı daha da geniş olsun. Çünki buna böyük ehtiyac vardır. Xüsusən, qaçqın, köçkün vəziyyətində olan uşaqların, çadırlarda olan uşaqların vəziyyəti ilə əlaqədar. Buyurun.
Filip O\'brayan: Zati-aliləri, təşəkkür edirəm. Bu gün burada olmağımdan böyük şərəf duyuram. Sizin ölkənizdə bir çox sahələrdə YUNİSEF-in missiyasının həyata keçirilməsində təşkilatımıza qarşılıqlı yardımçı oldunuz. Mən hər şeydən öncə Sizi iki hadisə münasibətilə təbrik etmək istəyirəm.
Birincisi, müstəqilliyinizin 9-cu ildönümünü bayram etməniz münasibətilə Sizi təbrik edirəm. Çox məmnun oldum ki, Siz müstəqillik bayramınızı qeyd etdiyiniz dövrdə mən də Sizin ölkənizdə olmuşam.
İkinci təbrikim olimpiya oyunlarında Azərbaycanın yaxşı yer tutması ilə əlaqədardır.
Heydər Əliyev: Təşəkkür edirəm.
Filip O\'brayan: Bilirəm ki, bizim təşkilatımızın yardımçı olduğu, kömək göstərdiyi bir çox layihələrin Azərbaycanda həyata keçirilməsində Siz şəxsən iştirak etmisiniz. Azərbaycanda çoxsaylı qaçqın uşaqlarının olması ilə əlaqədar Sizin keçirdiyiniz narahatçılıqları biz bölüşürük.
Mən Azərbaycanın BMT-dəki təmsilçiliyinin YUNİSEF-in Direktorlar Şurasında sədr müavini vəzifəsində göstərdiyi müsbət fəaliyyətinə görə də Sizə YUNİSEF Təşkilatının icraçı direktorunun adından təşəkkürlərimi bildirmək istəyirəm. YUNİSEF-in uşaqların hüquqlarının müdafiəsi ilə məşğul olan daimi komitəsində Azərbaycanın daimi yer əldə etmək üçün namizədliyini irəli sürdüyünü eşidəndə çox məmnun oldum.
Zati-aliləri, Sizə məlum olduğu kimi, YUNİSEF gələn ilin sentyabr ayında Birləşmiş Millətlər Təşkilatı çərçivəsində uşaqların hüquqlarına aid sammit, zirvə görüşü keçirəcəkdir. Birləşmiş Millətlər Təşkilatının baş katibi Sizi bu zirvə görüşündə iştirak etmək üçün dəvət edibdir. Mən də öz növbəmdə YUNİSEF Təşkilatının icraçı direktoru adından bu dəvəti Sizə bir daha təkrar etməkdən, yetirməkdən məmnunluq duyuram. Hesab edirik ki, bu zirvə görüşü XXI əsrdə uşaqların hüquqlarının daha yaxşı qorunması və onların həyatının daha yaxşı təmin olunması baxımından fikir mübadiləsi aparılması üçün yaxşı imkan olacaqdır. Mən ümidvaram ki, qarşıdan gələn bir neçə il ərzində indiki vəzifəmdə Azərbaycan ilə daha sıx təmaslar saxlayacağam və Azərbaycanı, Sizin ölkənizi daha yaxından tanımaq imkanı əldə edəcəyəm.
Heydər Əliyev: Sağ olun. Əvvəla, Müstəqillik günü bayramı münasibətilə və Azərbaycanın olimpiya oyunlarında əldə etdiyi nailiyyətlərə görə təbrikinizlə bağlı təşəkkür edirəm. Həqiqətən, Azərbaycan ilk dəfə olaraq XXVII yay olimpiya oyunlarında belə yüksək səviyyəyə gəlib çatmışdır. Şübhəsiz ki, bu, Azərbaycanda uşaqlara, gənclərə göstərilən qayğının nəticəsində olmuşdur. Çünki olimpiadanın iştirakçıları və xüsusən uğurlu nailiyyətlər əldə edənlər hamısı gənclərdir. Biz iki qızıl medal və bir bürünc medal almağımızdan fəxr edirik. 199 ölkənin içərisində 34-cü yer tutmuşuq. Azərbaycandan həm ərazi nöqteyi-nəzərdən, həm əhalinin sayına, həm də iqtisadi vəziyyətinə görə güclü olan bir çox dövlətlər bizdən arxada qalıblar.
Bizim bürünc medal alan boksçumuz Vüqar Ələkbərovun cəmi 19 yaşı var. Qızıl medalı alanlar da gəncdirlər. Demək, Azərbaycanda gənclərə qayğı var, diqqət var və gənclər də öz imkanlarını nümayiş etdirə bilirlər.
Eyni zamanda, siz bilirsiniz ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunubdur. Bir milyondan artıq Azərbaycan vətəndaşı işğal edilmiş torpaqlardan zorla çıxarılıb və çox ağır şəraitdə, əksəriyyəti isə xeyli vaxtdır, 7-8 ildir ki, çadırlarda yaşayır.
Təsəvvür edin, XX əsr sona çatır, amma bizim insanların bir hissəsi çadırda yaşayır, çadırda uşaqlar doğulur, çadırda gənclər böyüyür, çadırda təhsil alırlar, ailə qururlar. Bütün bunlara görə Azərbaycandakı uşaqların vəziyyəti sizin əhatə etdiyiniz bir çox ölkələrdə olan uşaqların vəziyyətindən daha da ağırdır.
Biz bilirik, Afrikada, Asiyada elə ölkələr var ki, orada həm böyüklər, həm uşaqlar çox ağır xəstəliklərə düçar olurlar, çətinliklər keçirirlər. Bunlar bizə məlumdur. Ancaq Avropa qitəsində yerləşən Azərbaycan kimi bir ölkənin ərazisində olan bu vəziyyət təbiidir ki, dözülməzdir. Ona görə sizin təşkilatınız, yəni YUNİSEF gərək ölkələrin hamısına bərabər gözlə baxmasın, YUNİSEF hər bir ölkəyə onun vəziyyətinə görə münasibət göstərməlidir, yardım etməlidir.
Mən çox arzu edərdim ki, siz üç-dörd saat vaxt sərf edib, - bunu vertolyot vasitəsilə etmək olar, - çadır şəhərciklərinin birini gedib görəsiniz. Onda sizi dəhşət bürüyər. İndi görürsünüz, küçədə yağış yağır və bu, birinci gün deyildir. Sabah qar yağacaqdır. Sonra yay gələndə qızmar istilər başlayacaqdır. Çadırlarda yaşayan insanlar üçün hər fəslin öz çətinliyi vardır. Yağışın altında çadırda yaşamaq və çadırdan çıxan kimi palçığın içində hərəkət etmək böyüklər üçün çətindir, amma uşaqlar üçün nə qədər çətindir!
Mən bilirəm ki, bu problemlərin həll edilməsində sizin imkanlarınız yoxdur. Ancaq köçkün vəziyyətində yaşayan, çadırlarda yaşayan uşaqlara xüsusi diqqət göstərmək, onlara xüsusi qayğı göstərmək və onlara yardımı artırmaq, hesab edirəm ki, sizin üçün mümkündür. Arzu edərdim ki, siz, ümumiyyətlə, YUNİSEF, Azərbaycan ilə əlaqədar proqramında mənim dediyim bu səbəblərə görə müəyyən dəyişikliklər etsinlər.
Siz bəyan etdiyiniz kimi, 2001-ci ilin sentyabr ayında Birləşmiş Millətlər Təşkilatının uşaqlarla əlaqədar sammit keçirməsi çox təqdirəlayiq haldır. Mən bu dəvəti qəbul edirəm və mütləq bu sammitdə iştirak edəcəyəm. Çünki bizim orada deyiləcək sözlərimiz vardır. Bütün bunları nəzərə alaraq, bir daha deyirəm, sizin bu gün Azərbaycanda olmağınız, ölkəmizlə daha da yaxından tanışlığınız bizim üçün çox əhəmiyyətlidir. Ancaq arzu edərdim ki, sizin bu səfəriniz, mənim dediyim sözlər nəzərə alınmaqla, Azərbaycana olan münasibətinizi, yəni yardımınızı, burada iş fəaliyyətinizi genişləndirməyinizi təmin etsin. Mən bu arzularımı sizə bildirirəm.
Filip O\'brayan: Zati-aliləri, mən Sizin bu arzularınızı məmnuniyyətlə təşkilatımızın icraçı direktoruna çatdıracağam. Onu da demək istəyirəm ki, Sizin olduqca səmimi şəkildə, xüsusən Azərbaycanda olan qaçqın uşaqların dözülməz şəraiti barədə söylədikləriniz bizə çox təsir etdi. Elə bu sözləri söyləməyiniz onu göstərir ki, Siz o uşaqların vəziyyətinin yaxşılaşdırılması işinə sadiqsiniz. Hesab edirəm ki, Siz bu sadiqliyinizi Nyu-Yorkda olarkən bizim təşkilatımızla əlaqədar iki sənədə imza atmanızla bir daha təsdiq etmisiniz.
Zati-aliləri, arzu edərdim ki, YUNİSEF-in regional direkoru kimi mənim elə bir gücüm, qüvvəm olaydı ki, bütün bu münaqişələrə son qoyaydım. Amma doğru buyurdunuz ki, bu işlərin hamısını görmək heç də mənim imkanım daxilində deyildir. Müharibənin uşaqların vəziyyətinə etdiyi təsir göz önündədir və bu, bizi ağrıdır.
Siz doğru dediniz. Əslində, YUNİSEF-də elə biz də ayrı-ayrı ölkələrə, hətta uşaqlara eyni gözlə baxmırıq. Təşkilatımızın gücünü göstərən amillərdən biri də məhz ondan ibarətdir ki, biz ehtiyacı olan uşaqlara yardım əlimizi uzadırıq. Təşkilatımızın burada təmsil olunmuş nümayəndələri, mənim həmkarlarım sizin hökumətinizlə sıx əlaqələr quraraq, azərbaycanlı qaçqın uşaqların ehtiyaclarının öyrənilməsi və onlara yardım edilməsi işində səylə çalışırlar. Mən Sizi əmin etmək istəyirəm ki, bu gün burada qaldırdığınız ağrılı, ciddi problemlərin həll olunması üçün öz tərəfimizdən əlavə ehtiyatların tapılması və Azərbaycana yardımların artırılması üçün də əlimizdən gələni edəcəyik.
Əminəm ki, YUNİSEF Təşkilatının icraçı direktoru və Birləşmiş Millətlər Təşkilatının baş katibi zirvə görüşündə iştiraka dəvəti qəbul etməyiniz barədə xəbəri məmnuniyyətlə qarşılayacaqlar. Mən də çox məmnunam ki, Siz bu dəvəti qəbul etdiniz. Çünki indi burada mənə dediyiniz kövrəkliklə, həssaslıqla danışdığınız, azərbaycanlı qaçqın uşaqların vəziyyətini təsvir etdiyiniz kimi, həmin zirvə görüşündə də çıxış etsəniz, əminəm ki, bizim ümumi tədbirimizə töhfə vermiş olacaqsınız. Bir daha təkrar edirəm ki, YUNİSEF-in Bakıdada ofisi Azərbaycan hökuməti və qeyri-hökumət təşkilatları ilə bərabər çalışaraq azərbaycanlı uşaqların həyatının inkişaf etdirilməsini, onların həyatına yenilik gətirilməsini istəyir. Mən də Sizi əmin edirəm ki, şəxsən bu işlərlə yaxından məşğul olacağam. Sağ olun.
Heydər Əliyev: Təşəkkür edirəm. Sizin bu sözləriniz məndə ümid yaradır. Arzu edirəm ki, bu ümidlər yerinə yetsin.
Təbiidir, siz dediniz ki, arzu edirsiniz münaqişələr həll olunsun, münaqişələrə son qoyulsun. Bunu hamıdan çox biz istəyirik, Azərbaycan istəyir. Çünki Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın ərazi bütövlüyü pozulubdur.
Qeyd etdiyim kimi, ölkəmizin ərazisinin 20 faizi işğal altındadır və darmadağın olunubdur. Bir milyon insan yerindən-yurdundan didərgin düşübdür. Biz bunlara son qoymaq istəyirik və Ermənistanla sülh əldə etmək istəyirik. Azərbaycanın ərazi bütövlüyünü təmin etmək istəyirik. Köçkünlərin, qaçqınların öz yerlərinə qaytarılmasını təmin etmək istəyirik. Ancaq təəssüf ki, Ermənistan bu barədə çox anlaşılmaz və təcavüzkar bir mövqe tutur. Sizə onu da bildirmək istəyirəm ki, Ermənistan Azərbaycan torpaqlarını geniş şəkildə işğal etdiyi zaman, 1992-1993-cü illərdə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bu məsələləri dəfələrlə müzakirə edibdir və dörd qətnamə çıxarıbdır. Təəssüf ki, Təhlükəsizlik Şurasının qətnamələri, - hansılar ki, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş rayonlardan dərhal, qeyd-şərtsiz çıxarılmasını tələb edir, - indiyə qədər Ermənistan tərəfindən həyata keçirilmir. Dözülməz vəziyyət haqqında mən bu yaxınlarda, sentyabr ayının 7-də Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının tribunasından yenə də Azərbaycanın sözünü dedim və Birləşmiş Millətlər Təşkilatını, onun Təhlükəsizlik Şurasını tənqid etdim ki, onlar özlərinin qəbul etdiyi qətnamələrin yerinə yetirilməsini təmin edə bilmirlər. Birləşmiş Millətlər Təşkilatı, təbiidir ki, tarixi əhəmiyyətə malik bir təşkilatdır. Biz buna inanırıq. Ancaq onun qərarları, qətnamələri hansı ölkə tərəfindən yerinə yetirilmirsə, demək, o, bunun üçün müəyyən imkanlar tapmalıdır. Xahiş edirəm, mənim bu sözlərimi də çatdırasınız.
Mən gələn il sentyabr ayında gələcəyəm. Allah etsin ki, o vaxta qədər biz Ermənistan-Azərbaycan münaqişəsinə son qoya bilək. Əgər buna nail olsaq, ondan sonra hələ bir neçə il də lazımdır ki, yerindən-yurdundan didərgin düşmüş insanlar öz torpağına qayıtsınlar. Amma onların torpağında hər şey dağıdılıbdır, hər şey viran olubdur. Yaşayış məntəqələri, yaşayış evləri yenidən yaranmalıdır. Hələ bizim qarşımızda nə qədər vəzifələr durur. Mən mütləq gələcəyəm.
Filip O\'brayan: Zati-aliləri, mən bundan olduqca məmnunam. Çox sağ olun.
Heydər Əliyev: Sağ olun.
\"Azərbaycan\" qəzeti, 21 oktyabr 2000-ci il.