Yeniyetmələr arasında boks üzrə birinci dünya çempionatının iştirakçılarına - Bakı şəhəri, 12 oktyabr 2001-ci il

Əziz idmançılar!

Sizi-yeniyetmələr arasında boks üzrə birinci dünya çempionatının iştirakçılarını müstəqil Azərbaycan torpağında səmimi qəlbdən salamlayıram.

Beynəlxalq Həvəskar Boks Assosiasiyasının qərarı ilə belə bir mötəbər yarışın ilk dəfə olaraq müstəqil Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilməsini ölkəmizin idman aləmində tutduğu yerə verilən yüksək qiymət kimi dəyərləndirir, onu Azərbaycanın idman həyatında mühüm hadisə hesab edirəm. Bu çempionat bir də onunla əlamətdardır ki, onun keçirilməsi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin onuncu ildönümünə həsr olunmuş bayram tədbirləri ilə bir vaxta təsadüf edir.

Əhalinin, xüsusilə gənc nəslin daha sağlam və güclü olmasında bədən tərbiyəsi və idmanın müstəsna rolu vardır. Dünyanın bir çox ölkələrini təmsil edən yeniyetmə idmançıların belə beynəlxalq yarışlarda iştirakı həm də xalqlar arasında mehriban dostluq əlaqələrinin möhkəmləndirilməsi işinə böyük xidmət göstərir. Bu baxımdan planetimizin dörd qitəsini təmsil edən gənc idmançıların iştirak etdiyi bu nüfuzlu çempionat da müstəsna əhəmiyyət kəsb edir.

Fərəhli haldır ki, boksçularımızın son illərdə beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlər Azərbaycanı bu idman növü üzrə qabaqcıl ölkələr sırasına çıxarmışdır. İnanıram ki, Bakı şəhərində keçirilən bu çempionat Azərbaycan Respublikasında boksun, ümumiyyətlə, idmanın gələcək inkişafına əhəmiyyətli dərəcədə təkan verəcəkdir. Ümidvar olduğumu bildirirəm ki, dünya çempionatının bugünkü iştirakçıları gələcəkdə dünyanın adlı-sanlı idmançıları sıralarında öz ölkələrinin idman şöhrətini daha da yüksəklərə qaldıracaqlar.

Çempionatınıza böyük uğurlar arzulayır, hər birinizə yeni qələbələr, möhkəm can sağlığı və xoşbəxtlik diləyirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

\"Azərbaycan\" qəzeti, 13 oktyabr 2001-ci il.