Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Respublikasının mətbuat işçilərinə təbriki - Bakı şəhəri, 20 iyul 2002-ci il

Hörmətli mətbuat işçiləri!

Sizi 22 iyul Milli Mətbuat günü münasibətilə ürəkdən təbrik edir və hər birinizə ən səmimi arzularımı çatdırıram.

Azərbaycan mətbuatı yarandığı gündən zəngin və şərəfli inkişaf yolu keçmiş, bütün dövrlərdə mütərəqqi ictimai idealların carçısı olmuşdur. Mətbuatımız həmişə zəngin tarixi ənənələrə malik xalqımızın azadlıq və müstəqilliyə, mənəvi tərəqqiyə nail olmaq səylərinin gücləndirilməsində, milli şüurun, mənəviyyatın, mədəniyyətin formalaşdırılmasında mühüm rol oynamışdır.

Respublikamız dövlət müstəqilliyinə nail olduqdan sonra, milli və dünyəvi dəyərləri rəhbər tutan, demokratiya və aşkarlığın mühüm vasitəsi kimi çıxış edən Azərbaycan mətbuatının xalqımızın ali məqsədlərinin həyata keçirilməsi istiqamətində müstəsna xidmətləri var.

Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolu ilə gedən Azərbaycan Respublikasının Konstitusiyasında söz və fikir azadlığı təsbit olunmuşdur və bu nailiyyətin, siyasi plüralizmin müdafiəsi daim həyata keçirilir. Hazırda ölkəmizdə çoxtərəfli mətbuat və informasiya sistemi yaradılmışdır. Cəmiyyətimizin etibarlı media şəbəkəsini yaradan yüzlərlə mətbuat orqanı, agentliklər, tele-radio şirkətləri fəaliyyət göstərir. Müəyyən problemlərə baxmayaraq, XXI informasiya əsrində mətbuatın inkişaf etdirilməsi məsələləri daim dövlətin diqqət mərkəzindədir. Mətbuatın maneəsiz fəaliyyət göstərməsi, onun dünya təcrübəsi ilə zənginləşdirilməsi, xüsusilə kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, o cümlədən peşəkar səviyyələrinin yüksəldilməsi və jurnalistlərin hüquqlarının müdafiəsi üçün lazım olan bütün addımlar atılmışdır.

Jurnalistika - adi peşə deyil, o böyük zəhmət, xüsusi bilik tələb edir. Azərbaycan dövləti jurnalist əməyini həmişə yüksək qiymətləndirir, kütləvi informasiya vasitələrinin mövcud problemlərinin həlli üçün mümkün olan hər şeyi edib və gələcəkdə də edəcəkdir.

Siyasi plüralizmi və demokratiyanı dərinləşdirərək, vətəndaşların informasiya tələbatını təmin edərək, cəmiyyətimizin irəliyə doğru hərəkətində qarşıya çıxan maneələri dəf etməkdə mühüm rol oynayaraq mətbuat müstəqil dövlət quruculuğu prosesinin fəal iştirakçısı olmalıdır. Hər bir kütləvi informasiya vasitəsi müstəqil dövlət, vətəndaş cəmiyyəti quruculuğu, milli və dünyəvi dəyərlərin bərqərar olunması, ölkənin inkişafını təmin edən islahatların həyata keçirilməsi prosesində effektiv iştirak etməli, həyatın güzgüsü, həqiqət carçısı olmalıdır. İnsanları yüksək ideallar, humanist vətəndaş və demokratik cəmiyyət uğrunda mübarizəyə çağırmalı və səfərbər etməlidir.

Bu əlamətdar gündə əmin olduğumu bildirmək istəyirəm ki, öz mətbuatlarının zəngin və mütərəqqi ənənələri ilə fərqlənən Azərbaycan jurnalistləri respublikamızda və onun ətrafında baş verən hadisələri ictimaiyyətin diqqətinə təqdim edərkən, bu hadisələr barəsində dünyaya informasiya yayarkən, onları ətraflı analiz edərkən peşə şərəflərini yüksək tutacaq, obyektivlik, yüksək peşəkarlıq, əsl dövlətçilik və vətəndaşlıq mövqeyi və prinsipiallıq nümayiş etdirəcəkdir.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
 
\"Azərbaycan\" qəzeti, 22 iyul 2002-ci il.