Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Belçika Beynəlxalq Ticarət Mərkəzində çıxışı - Brüssel, 23 aprel 1996-cı il

Hörmətli prezident, möhtərəm xanımlar və cənablar!

Mən Belçika Xarici Ticarət Təşkilatının buraya toplaşan nümayəndələrini və ümumiyyətlə, Belçikanın ticarət, iş adamlarını səmimi qəlbdən salamlayıram və sizinlə görüşdən çox məmnun olduğumu bildirirəm.

Təəssüf ki, mənim bugünkü proqramıma görə burada sizinlə görüşümün vaxtı çox məhduddur. Ancaq mən bu məhdud vaxtdan da istifadə edib sizə qısa məlumat verməyə çalışacağam.

Azərbaycan Qafqazda yerləşən bir dövlətdir, onun çoxəsrlik zəngin bir tarixi var. Lakin Azərbaycan dövlət müstəqilliyini Sovet İttifaqı dağılandan sonra, beş il bundan öncə əldə edibdir və bir müstəqil dövlət kimi Dünya Birliyinə daxildir, dünyanın bütün beynəlxalq, o cümlədən iqtisadi, maliyyə, ticarət təşkilatlarının üzvüdür.

Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurulur. Ölkəmiz öz iqtisadiyyatını bazar iqtisadiyyatı prinsipləri əsasında təşkil edir və bu prinsiplər əsasında Azərbaycanda geniş miqyaslı iqtisadi islahatlar aparılır, mülkiyyətin özəlləşdirilməsi üçün çox ciddi tədbirlər həyata keçirilir. Azərbaycan çox mühüm coğrafi-siyasi mövqedədir və olduqca zəngin təbii sərvətlərə malikdir. Bu sərvətlərdən ən böyüyü neft və qaz yataqlarıdır. Azərbaycan dünyada ən məşhur neft ölkəsidir. Mən sizə bildirmək istəyirəm ki, bütün dünyada sənaye üsulu ilə neft ilk dəfə 1848-ci ildə Azərbaycanda istehsal edilibdir. İndiyədək bizim neft yataqlarından çox neft istehsal olunubdur. Lakin bu gün mövcud olan neft yataqları da çox zəngindir. İndi müstəqil Azərbaycan bu neft yataqlarından istifadə etmək üçün dünyanın böyük neft şirkətləri ilə müştərək iş aparır. Neft və qaz yataqlarımız əsasən Xəzərin Azərbaycan sektorundadır. Bununla yanaşı, ölkəmizin ərazisinin bir çox regionlarında da zəngin neft yataqları var.

Dediyim kimi, iqtisadiyyatımızı bazar iqtisadiyyatı yolu ilə inkişaf etdirərək, ölkəmizi dünya iqtisadiyyatına qoşmuşuq. Bizim qapılarımız xarici sərmayəçilərin üzünə açıqdır. Mən bu gün burada fürsətdən istifadə edib, Belçikanın iş adamlarını, şirkətlərini Azərbaycana dəvət edirəm və əmin edirəm ki, sizin Azərbaycanla müştərək işləriniz uğurlu olacaqdır. Biz Azərbaycanın neft sərvətlərindən, neft yataqlarından dünyanın böyük neft şirkətləri ilə müştərək istifadə etmək üçün bir neçə müqavilə imzalamışıq. Bu müqavilələr artıq əməli surətdə həyata keçirilir. Ancaq biz bir çox neft yataqlarında da hazırlıq işləri aparırıq və yeni müqavilələr də olacaqdır.

Azərbaycanın neft və qaz sənayesi ilə yanaşı, böyük sənaye, elmi və kadr potensialı da var. Ölkəmiz ərzaq malları istehsalı, kənd təsərrüfatı sahəsində də böyük imkanlara malikdir. Azərbaycan Avropa ilə Asiya arasında, Qafqazda çox mühüm coğrafi-siyasi mövqedə yerləşən bir ölkədir və bir tərəfdən Xəzər dənizi ilə, digər tərəfdən isə Qafqaz dağları ilə əhatə olunubdur. Qərb ilə Şərqi birləşdirən nəqliyyat yollarının, rabitə xətlərinin çoxu respublikamızdan keçir. Buna görə də Azərbaycan ilə nəqliyyat kommunikasiya işləri sahəsində də əməkdaşlıq etmək üçün çox geniş imkanlar var.

Ən əsası bundan ibarətdir ki, Azərbaycanda sərbəst sərmayə qoymaq üçün, sərbəst iş görmək üçün, ölkəmizdə birgə iş aparmaq üçün lazımi qanunlar qəbul edilibdir. Bu qanunlarda xarici sərmayənin Azərbaycana gəlməsi üçün çox güzəştli şərtlər nəzərdə tutulur. Mən qeyd etdim ki, biz demokratik dövlət qururuq, Azərbaycanın yeni konstitusiyası qəbul olunubdur, parlamentimiz demokratik prinsiplər əsasında seçilibdir. Azərbaycan dünya demokratiyasına qoşulmuş olan bir ölkədir. Ona görə də Azərbaycanda sərbəst iş aparmaq üçün, bir daha qeyd edirəm, çox böyük imkanlar var.

Mülkiyyətin özəlləşdirilməsində də xarici şirkətlərin iştirakı mümkündür və bu sahədə də imkanlar böyükdür. Mən bildirmək istəyirəm ki, son illər xarici ölkələrin böyük şirkətləri, iş adamları Azərbaycana gəliblər, biz müştərək işlər qurmuşuq, birgə müəssisələr yaratmışıq. Bu proses artıq inkişaf etməkdədir. Mən sizi Azərbaycana dəvət edirəm və bildirmək istəyirəm ki, kim Azərbaycana tez gəlsə, o, udacaqdır, kim geciksə, şübhəsiz, uduzacaqdır.

Mən bununla sözümü tamamlayıram. Diqqətinizə görə və mənimlə buraya görüşə gəldiyinizə görə sizə təşəkkür edirəm. Güman edirəm ki, biz gələcəkdə də görüşəcəyik. Mənimlə buraya gələn nümayəndə heyətində Azərbaycan iqtisadiyyatını təmsil edən şəxslər, o cümlədən Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti və başqa şəxslər mən sizi tərk edəndən sonra sizə daha geniş məlumat verə bilərlər. Təşəkkür edirəm.

\"Azərbaycan\" qəzeti, 25 aprel 1996-cı il.