Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin \"Utro Rossii\" qəzetinə müsahibəsi - 6 iyul 1994-cü il

- Heydər Əliyeviç, bir il əvvəl Azərbaycan rəhbərliyinə qayıdarkən Siz yəqin ki, üzləşəcəyiniz çətinlikləri qiymətləndirmişdiniz. Bir il ötdükdən sonra Sizin şəxsi proqnozunuz təsdiq olunmuşdurmu?

- Bilirsinizmi, mən gənc deyiləm, kifayət qədər həyat təcrübəm var. Ona görə də hakimiyyət naminə hakimiyyət mənə gərək deyil. Yeni dövr siyasətçiləri üçün çox cəlbedici olan hakimiyyətin bütün xarici atributları ilə mən, necə deyərlər, hələ 20 il öncə boğaza qədər \"doymuşam\". Yeri gəlmişkən, iyulun 14-ü mənim \"Bastiliyanın alınması\" günümdür - Azərbaycana başçılıq etdiyimdən düz 25 il keçir. Düzdür, on illik fasilə olmuşdur, mən Moskvada işləmişəm. Lakin bütün bunlar hamıya məlumdur, bu barədə indi danışmağa ehtiyac yoxdur. Düzünü deyim ki, 1987-ci ildən sonra fəal siyasi həyata qayıtmaq fikrində deyildim. Adətən, öz qərarlarımı dəyişmirəm, ona görə də məni bu mövqeyimi dəyişməyə məcbur edən çox ciddi səbəblər ortalığa çıxmalı idi.

- Onlar ortalığa çıxdılarmı?

- Əlbəttə. Hər şeydən öncə Azərbaycana qayıdaraq vəzirovların və mütəllibovların Vətənimlə, xalqımla nə etdiklərini öz gözlərimlə görəndə dəhşətə gəldim. 1982-ci ildə Moskvaya Azərbaycanın xalq təsərrüfatını çox yaxşı vəziyyətdə qoyub getmişdim. Gələndə gördüm ki, hamının gözü qarşısındaca zəngin respublikanın açıq-aşkar və məqsədyönlü şəkildə dağılması prosesi gedir. Yəqin ki, mən elə o zaman müdaxilə etməli, səsimi ucaltmalı idim. Lakin şərait mənim üçün çox mürəkkəb şəkil almışdı. Məsələ ondadır ki, Moskva və Bakının o zamankı rəhbərləri mənim qayıtmağımdan çox qorxurdular və qayıtmamağım üçün əllərindən gələni edirdilər. Moskvada istefa verdikdən sonra ilk dəfə Bakıya gələrkən aydın oldu ki, bu şəhərdə yaşamaq üçün heç bir yerim yoxdur (nəzərə alın ki, müasir Bakının ən azı yarısı onun rəhbərliyi altında inşa edilmişdir! - Red.). Kütləvi çıxışlara da icazə vermirdilər. Mütəllibovsa hətta mənə Bakıya gəlməyi də qadağan etmişdi. Lakin mən hər halda paytaxta uçmağı qərara alanda aeroportda məni qarşılamağa gələn adamı öldürdülər. Başqa sözlə, xalqıma qarşı böyük cinayətlərdən başqa, şəxsən mənim ünvanıma da çoxlu iyrənc əməllərə əl atılırdı. Mən hələ kütləvi informasiya vasitələrində mənə qarşı yönələn antiəliyev kampaniyasından danışmıram. Yalan və böhtanlar axınına hazır idim. Lakin hər bir xırda bəd əməl mənə qəribə görünürdü. Çünki bu respublika rəhbərliyinin nə ilə və necə məşhur olması haqqında təsəvvürlərimlə heç cür uyuşmurdu. Özü də bütün bunlar mənim himayəm sayəsində böyük siyasətə gələnlər tərəfindən baş verirdi…

- Yəqin ki, Siz əvvəllər də onların qiymətini bilirdiniz?

- Xeyr. Yeri gəlmişkən, bu, mənim siyasətə qayıtmağıma səbəb olan amillərdən biridir (ən başlıcası olmasa da). Bu cür adamların yaranmış şəraitdən istifadə edərək hakimiyyətə gəlməklərində günahımın olması hissi məni tərk etmirdi. İndi də onların Azərbaycana vurduqları ziyanı aradan qaldırmaq üçün bütün qüvvəmi sərf edirəm.

- Bütün bunlar Vəzirova və Mütəllibova aiddir. Lakin Elçibəy mənə məlum olduğuna görə sovet nomenklaturası ilə əlaqəyə heç vaxt malik olmayıb…

- Əlbəttə. O tamam başqa adamdır. Şərəfli, intizamlı və əgər bilmək istəsəniz, bədbəxt. O, hansısa məqamda ətrafında olanların girovuna çevrildi və bəlkə də öz iradəsinin əleyhinə olaraq üzərinə ağır bir yük götürdü. Respublikanı idarə etməyə hazır olmadığından bunun nədən ibarət olduğunu aydın təsəvvür etmirdi. Onun bədbəxtliyini mən bunda görürəm. Səmimiyyətinə və abırlı-həyalı olmasına isə heç bir şübhə yoxdur. Əvvəllər taleyimiz yalnız bircə dəfə kəsişib. O, bəlkə də bu barədə indiyə qədər bilmir. 1975-ci ildə mənə məlumat verdilər ki, Bakıda bir neçə nəfər, necə deyərlər, antisovet ünsürlər həbs edilib. Onların arasında Əbülfəz Elçibəy də var idi. Mən xahiş etdim ki, bu iş barədə ətraflı informasiya versinlər. Onların heç bir cinayət etmədiyinə əmin olduqdan sonra respublikanın o zamankı DTK rəhbərliyinə məsləhət gördüm ki, məsələni şişirtməsinlər. DTK başçısı məsləhətimə qulaq asdı və bütün bunlar Elçibəy və onun yoldaşları üçün yaxşı nəticələndi. Mən elə indi də Elçibəyə - keçmiş prezidentə hörmət bəsləyirəm. Onun yaşadığı Naxçıvandakı kəndi (Kələki - Tərc.) toxunulmaz zona hesab edirəm. Bir müddət bundan əvvəl Bakıda mənə qarşı sui-qəsd hazırlanmışdı. Təhqiqat zamanı aydınlaşmışdı ki, bu hadisəylə Elçibəyin əmisi oğlu da bağlıdır. Bu adam Elçibəyin Naxçıvanda yaşadığı kəndə qaçmışdı. Mən onu həmin kənddə zorla tutmamağı xahiş etmişdim. İstəmirdim ki, Əbülfəz Elçibəyə rahatsızlıq gətirim, o, buna layiq deyil.

- Hər halda Azərbaycanda hakimiyyətə qayıtmaq qərarınızın başlıca səbəbi nə olub?

- Ötən ilin bahar-yay mövsümündəki hadisələr. Əsl vətəndaş müharibəsinin başlamasını görəndə, növbəti avantüristin heç kimə məlum olmayan Talış Respublikasını yaratdığını elan etdiyini eşidəndə, Vətənimin tikə-tikə parçalanacağına qəti əmin olanda anladım ki, qayda-qanun yaratmaq vaxtı gəlib çatıb. Bunu xalq tələb edirdi. Bunu mənim ölkə qarşısında olan şəxsi borcumu anlamağım tələb edirdi. Həmin dövrdə daima, gündə bir neçə dəfə prezident Elçibəy, parlamentin sədri İsa Qəmbərov mənə zəng edirdilər. Onlar hadisələrin gedişindən çox narahat olmuşdular və Bakıya gəlməyimi qətiyyətlə xahiş edirdilər. Axır ki, gəldim və başlıcası da ən qorxulu şeydən - vətəndaş müharibəsindən və respublikanın dağılmasından yaxa qurtarmaq mümkün oldu. Əhvalat qısaca belədir. Söhbətimizin əvvəlinə qayıdarkən demək istərdim ki, bu il güman etdiyimdən də ağır il oldu.

- Bu konkret olaraq özünü nədə büruzə verdi?

- Hər şeydən öncə, onda ki, gün ərzində 18 saat işləsəm də, iqtisadiyyatla hələ də ciddi şəkildə məşğul olmağa vaxt tapmıram. Müharibə və onunla bağlı olan hər şey bütün vaxtımı və qüvvəmi alır. İqtisadiyyatla isə məşğul olmaq lazımdır. Köhnə əlaqələr dağıdılıb, yeniləri isə yaranmayıb. Azərbaycanın, xalq təsərrüfatında bu cür yüksək potensialı olan ölkənin dünya iqtisadi prosesində iştirak etməməyə, sadəcə, haqqı yoxdur. Həm də ki, ənənəvi və bizim üçün çox sərfəli dünya bazarı məntəqəsi - Rusiya və MDB ölkələri vardır. Təcili olaraq istiqaməti dəyişməyə çalışaraq, bu imkanı əldən çıxarmaq ağılsızlıq olar. Əlaqələrin bərabər və qarşılıqlı surətdə sərfəli olmasından ötrü iqtisadi islahatlar prosesində geri qalmaq yaramaz. Bərabərhüquqlu partnyorlar eyni iqtisadi dildə danışmalıdırlar. İqtisadi qanunlar paketi artıq Azərbaycan parlamentinə təqdim edilmişdir. Lakin mən bu islahatları gerçəkləşdirə biləcək gənc və yüksək dərəcəli təsərrüfat kadrlarına kəskin ehtiyac hiss edirəm.

- Deməli, Azərbaycana öz Qaydarı lazımdır?

- İqtisadiyyatı lazımi istiqamətə yönəltmək üçün zənnimcə, Azərbaycana dörd Qaydar lazımdır.

- Hazırda keçmiş SSRİ-nin müsəlman respublikalarının əksəriyyətində iqtisadiyyatın türk inkişaf modeli böyük maraq oyadır. Bu barədə Sizin fikriniz necədir?

- Bizim türk xalqı ilə də, Türkiyə Respublikasının rəhbərliyi ilə də ənənəvi dost münasibətlərimiz var. Əlbəttə, çiçəklənməkdə olan dünyəvi dövlətin nümunəsi çox cəlbedicidir, lakin mənə elə gəlir ki, biz inkişafın türk modelini bütünlüklə təkrar edə bilmərik və etməməliyik də. Azərbaycan milli-tarixi təcrübəsi olan özgə ölkədir. Nə qədər çətin və birmənalı olsa da, Rusiyanın iqtisadi islahatlar təcrübəsinin daha çox gərəkli olacağı istisna deyil.

- Yeri gəlmişkən, kadrlar haqqında. Haçansa, elan olunmuşdur ki, onlar \"hər şeyi həll edirlər\". Əvvəldən, hələ sovet dövründən Sizin haqqınızda köklü kadr dəyişikliklərinə qadir, \"sərt rəhbər\" obrazı qalmaqdadır. Lakin bu il Siz nəinki heç bir repressiyaya əl atmamısınız, hətta respublika rəhbərliyində də əsaslı dəyişikliklər etməmisiniz. Bu nə ilə izah olunur?

- Doğrudan da çoxları qorxurdular ki, Əliyev gələcək və qisas almağa başlayacaq, \"başlar kəsiləcək\", kadrlar dəyişiləcək. Rəsmi olaraq deyə bilərəm: qisas hissi öz tarixində ən ağır dövrlərdən birini yaşayan ölkənin rəhbərinə aid deyil. Bundan başqa, bu cür tarixi məqamlarda Vətənini sevən hər bir adam ölkənin rifahı naminə birləşmək üçün şəxsi rəğbət və nifrətini unutmalıdır. Mən demokratik inkişaf prinsiplərinə sadiqliyimi qətiyyətlə bildirmişəm və bu prinsipləri tapdalamağa hazırlaşmıram.

- Bəs, müxalifətlə münasibətləriniz nə cürdür?

- Müxtəlifdir. Azərbaycan demokratik ölkədir və müxalifətin öz fikrini söyləməyə hüququ var. Bunun ölkəyə və xalqa ziyan vurmadan qüvvədə olan qanunvericilik çərçivəsi daxilində həyata keçirilməsi isə başqa məsələdir. Müxalifətdə olanlarımız üçün milli-dövlət mənafeyinin kifayət qədər qiymətli olmasına səmimiyyətlə ümid bəsləyirəm və hesab edirəm ki, onlar bu mənafeləri şəxsi ambisiyalardan üstün tuta biləcəklər. Əgər belədirsə, onda hər şey qaydasında olacaq.

- Altı ildir ki, müharibə gedir. Respublikanızın ərazisinin təxminən 20 faizini qarşı tərəf işğal edib. On minlərlə adam həlak olub, milyondan çox adam doğma ocağından məhrum olub, qaçqına çevrilib. Bəs, sonra?

- Müharibəni biz başlamamışıq. Əminəm ki, onun qarşısını vaxtında almaq olardı. Lakin bu barədə indi nə demək olar? Azərbaycan hazırda özünün ərazi bütövlüyü uğrunda mübarizə aparır. Milli Ordu strukturlaşdırılıb, potensial kifayət qədərdir. Lakin mən bu bir il ərzində hərbi əməliyyatların siyasi yolla dayandırılması axtarışı ilə məşğul olmuşam və yenə də oluram. Müharibə şübhəsiz ki, çıxış yolu deyil. Bunun təkcə bizə yox, həm də rəqiblərimizə ziyanlı olmasına inanmaq istərdim. Biz ədalətli sülh istəyirik. Erməni qoşunları Dağlıq Qarabağdan başqa bütün Azərbaycan ərazilərini azad etməlidirlər. Yalnız bundan sonra Qarabağın statusu haqqında normal danışıqlar prosesi mümkündür. Zənnimcə, bu şərtlər tamamilə qəbul edilə bilər. Bəzi irəliləyişlər var. Mayın 10-dan hərbi atəş dayandırılıb. ATƏM-in Minsk qrupu və Rusiyanın iştirakı ilə fəal danışıqlar gedir.

- Ayırıcı qüvvələr ideyasına necə yanaşırsınız?

- Hələ ki, danışıqlar gedir və bu barədə, ümumi mövqe yoxdur. ATƏM müşahidəçilər barədə, Rusiya isə MDB-nin sülhməramlı qüvvələri barədə danışır. Əlbəttə, kimsə razılaşmaya riayət olunmasında təminatçı kimi lazımdır. Zənnimcə, bunlar hər halda beynəlxalq təşkilatların himayəsi altında olan hərbi qulluqçular olmalıdırlar. Qarabağ müharibəsi keçmiş Sovet İttifaqı ərazisində baş verən ən birinci və ən uzun sürən millətlərarası münaqişədir. Bu münaqişə təəssüf ki, özündən sonra gələn əksər münaqişələrin prototipinə çevrilib. Deməli, Qarabağ müharibəsindən yaxa qurtarmaq da beynəlxalq təcrübənin işlədiyi klassik sxem üzrə həyata keçirilməlidir.

- Moskva qəzetlərindən birində bu yaxınlarda belə bir məlumat oxudum: Əliyev Rusiyanın sülhməramlı bölmələrinin yeridilməsi əleyhinədir. Çünki o, hələ Qorbaçovun Siyasi Bürosu dövründən bəri münasibətləri sahmana sala bilmədiyi Yeltsinə etibar etmir. Bu iddianın əsası vardımı?

- Bu, sadəcə olaraq, cəfəngiyyatdır. Qeyd etməliyəm ki, kütləvi informasiya vasitələrində Azərbaycanla bağlı çoxlu, yumşaq desəm, yoxlanılmamış, bəzən isə açıq-aşkar yalan informasiya oxuyur və eşidirəm. Kiminsə məqsədyönlü şəkildə Azərbaycan xalqı və respublikamız barədə mənfi obraz yaratmağa cəhd göstərdiyi hiss olunur. Halbuki, Azərbaycan çoxmillətli ölkə olaraq qalır. Respublikamızda yaşayan ruslara münasibətdə heç bir zorakılıq halları yoxdur və əminəm ki, gələcəkdə də olmayacaq. Yeri gəlmişkən, deməliyəm ki, prezident seçkiləri zamanı namizədliyim respublikada fəaliyyət göstərən üç dini icma: müsəlman, xristian və yəhudi konfessiyaları tərəfindən irəli sürülmüşdür.

Boris Nikolayeviç Yeltsinlə münasibətlərimə gəlincə, bunlar çox xoş və məhsuldardır. Qorçabovun Siyasi Bürosu məsələsi haqqında… Yeltsinin partiya taleyinin həll olunduğu Mərkəzi Komitənin məşhur oktyabr (1987-ci il) plenumunda Siyasi Büronun o zamankı üzvlərinin hamısı onun əleyhinə fikir söyləmişdilər, yalnız Əliyevdən başqa. Məhz həmin plenumda mənim Siyasi Bürodan istefa məsələm qəbul edilmişdi. Sov.İKP-dən isə 1991-ci ilin yayında, avqust qiyamından ay yarım əvvəl çıxmışdım.

- Qorbaçovun yenidənqurması dalğasında hakimiyyətə gələn indiki üç Zaqafqaziya liderindən yalnız biri qalır - Levon Ter-Petrosyan. Sizə elə gəlirmi ki, Ermənistanın siyasi rəhbərliyinin dəyişilməsi Qarabağ münaqişəsinin nizama salınmasının daha uğurlu həllinə imkan verər?

- Xeyr, mənə elə gəlmir. Mənim Levon Ter-Petrosyanla şəxsi əlaqələr təcrübəm var. O, tamamilə real, praqmatik siyasətçidir. Onunla danışıqlar aparmaq və razılaşmaq olar. Əgər mənim arzularımdan söhbət açılarsa, məhz bu adamla sülh müqaviləsi imzalamaq istərdim.

- Heydər Əliyeviç, Siz uzun, gərgin və maraqlı ömür sürmüsünüz. Elədikləriniz içərisində ən mühüm nəyi hesab edirsiniz?

- Bilirsiniz, vəziyyət elədir ki, əvvəlki günlər haqqında düşünməyə, sadəcə olaraq, vaxt qalmır. Həyatımın başlıca vəzifəsini Azərbaycan xalqına onun layiq olduğu ədalətli sülhü gətirməkdə görürəm. Əminəm ki, buna nail olacağam.

Söhbəti qəzetin baş redaktoru Yuri Belyavski aparmışdır.

\"Azərbaycan\" qəzeti, 6 iyul 1994-cü il.