Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiyа Federаsiyаsı Hesаblаmа Pаlаtаsının sədri Sergey Stepаşin bаşdа оlmаqlа Rusiyа nümаyəndə heyəti ilə görüşü - Prezident sаrаyı, 28 оktyаbr 2002-ci il

Azərbaycan Prezidenti Heydər Əliyev qonaqları salamlayaraq dedi ki, Rusiya nümayəndə heyətinin səfəri Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafı üçün və Azərbaycan Hesablama Palatasının əlavə təcrübə əldə etməsindən ötrü çox faydalı olacaqdır. Prezident Heydər Əliyev Sergey Stepaşinin Rusiyanın xüsusi xidmət idarələrinə və Daxili İşlər Nazirliyinə başçılıq etdiyi vaxtlarda onunla dəfələrlə görüşdüyünü xatırladaraq, hüquq-mühafizə orqanları arasında münasibətlərin inkişafı və möhkəmləndirilməsi sahəsində Azərbaycan və Rusiya tərəflərinin xeyli iş gördüyünü vurğuladı. Bu strukturlar arasında əlaqələr yaxşı səviyyədədir və bu əməkdaşlıq Azərbaycanda ağır cinayətlər törədib, Rusiyanın müxtəlif regionlarında, o cümlədən də Moskvada gizlənmiş cinayətkarların tutulub ölkəmizə təhvil verilməsinə imkan yaratmışdır.

Azərbaycan prezidenti dedi ki, ölkəmizdə Hesablama Palatası xeyli gec yaradılsa da, onun işini sahmanlamaq mümkün olmuşdur. Rusiya Hesablama Palatası nümayəndə heyətinin Azərbaycana səfəri həm ikitərəfli münasibətlərin inkişafına, həm də Rusiya Hesablama Palatasının topladığı böyük təcrübəni azərbaycanlı həmkarları ilə bölüşməsinə kömək edəcəkdir.

Prezident Heydər Əliyev dedi: «Siz həmişə Azərbaycanın dostu olmusunuz və düşünürəm ki, yenə də bu mövqelərdə qalırsınız».

Səmimi qəbula görə təşəkkür edən Rusiya Hesablama Palatasının sədri Sergey Stepaşin Bakida görülmüş işlərdən danışdı. O, Rusiya Prezidenti Vladimir Putinin salamını yetirərək bildirdi ki, cənab Putin Moskvada baş vermiş faciəli hadisələrlə əlaqədar Azərbaycan rəhbərinin yüksək mövqeyinə görə ona təşəkkürünü çatdırmağı xahiş etmişdir. Sergey Stepaşin o ağır günlərdə Rusiyanı dəstəklədiyinə görə Heydər Əliyevə öz adından da dərin minnətdarlığını bildirdi. O dedi: «Sizin istər sovet dövründə, istərsə də indi nümayiş etdirdiyiniz belə açıq və səmimi münasibət çox əhəmiyyətlidir və mənim Azərbaycana bugünkü səfərim də dost səfəridir».

Hesablama Palatasının başçısı bildirdi ki, bu, Rusiya nəzarət orqanları rəhbərinin Azərbaycana ilk səfəridir. Səfər ərəfəsində böyük iş görülmüş və qısa müddətdə Rusiya mütəxəssisləri azərbaycanlı həmkarlarını öz işlərinin bir çox incəlikləri ilə tanış etmişlər. Səfər zamanı əməkdaşlıq haqqında saziş imzalanacaqdır.

O, Hesablama Palatası yaradılması təşəbbüsünə görə Azərbaycan prezidentinə təşəkkür edərək dedi: «Büdcə, iqtisadiyyat ilə bağlı vəziyyət barədə müstəqil mənbədən məlumat almaqdan qorxmayan dövlət başçısı məhz Sizin kimi hərəkət etməlidir». S.Stepaşinin fikrincə, «Azərbaycanda müstəqil maliyyə nəzarəti orqanının var qüvvə ilə fəaliyyətə başlaması çox vacibdir». O, Rusiya tərəfinin bu prosesdə əməkdaşlığa hazır olduğunu da vurğulayaraq bildirdi ki, bir sıra birgə nəzarət tədbirləri, o cümlədən sərhəddə vəziyyətlə bağlı tədbirlər keçirilməsi barədə razılaşma əldə olunmuşdur. Bu tədbirlərin nəticələri barədə parlamentlərə də, dövlət başçılarına da məlumat veriləcəkdir.

Rusiya Hesablama Palatasının sədri hazırda ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayaraq dedi ki, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana ilk rəsmi səfəri və Azərbaycan Prezidenti Heydər Əliyevin Rusiya Federasiyasına dövlət səfəri bu əməkdaşlıq üçün böyük stimul olmuşdur. Qonaq bildirdi ki, Rusiya Hesablama Palatasının işi təkcə büdcəyə nəzarət etmək deyil, həm də qəbul edilən qərarların iqtisadi səmərəliliyini müəyyənləşdirməkdən ibarətdir. Rusiya mütəxəssisləri Bakıda öz həmkarları ilə bu təcrübə barədə fikir mübadiləsi aparmışlar.

Prezident Heydər Əliyev Rusiya nümayəndə heyətinin səfərinin əhəmiyyətindən danışaraq dedi ki, bu səfər «istər ölkəmiz üçün, istərsə də Hesablama Palatamız üçün çox faydalıdır». Ölkədə çoxları Hesablama Palatasının funksiyalarının, səlahiyyətlərinin və imkanlarının nədən ibarət olduğunu hələ təsəvvür etmir, çünki bu, Azərbaycan üçün tamamilə yeni bir strukturdur. Azərbaycan prezidenti Rusiyanın bu sahədə təcrübəsi ilə tanışlıq baxımından nümayəndə heyətinin səfərini yüksək qiymətləndirdi.

Dövlətimizin başçısı vurğuladı ki, Vladimir Vladimiroviç Putinin əsrin başlanğıcında Azərbaycana səfərindən sonra Rusiya–Azərbaycan münasibətlərində hər iki tərəfin xeyrinə çox şey dəyişmişdir.

Azərbaycan prezidentinin bu yaxınlardakı səfəri zamanı hər iki ölkə üçün çox vacib olan «Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında saziş» imzalanmışdır. Ölkələrimizin dövlət başçılarının MDB çərçivəsində də «əlaqə saxladıqlarını xatırladan Prezident Heydər Əliyev dedi ki, bunun həm Rusiya üçün, həm də Azərbaycan üçün qarşılıqlı faydası vardır.

Azərbaycan terrorçuların Moskvadakı hərəkətlərinə biganə qala bilməzdi. Dövlətimizin başçısı vurğuladı ki, «biz nəinki bu hərəkətləri pislədik, onun narahatlığını keçirdik, sizinlə həmrəy olduğumuzu bildirdik, həm də konkret qərarlar qəbul etdik və bu da Rusiya tərəfinə məlumdur».

Prezident Heydər Əliyev Xəzər dənizində insanların həlak olmasına gətirib çıxarmış faciə – «Merkuri–2» gəmi-bərəsinin qəzaya uğramasından və xilasetmə tədbirlərindən də danışaraq dedi ki, hazırda faciənin səbəbləri araşdırılır. Faciə ilə əlaqədar Azərbaycanda matəm elan olunmuşdur.

Azərbaycanın dövlət başçısı gələn ilin büdcəsindən söhbət açaraq bildirdi ki, bu büdcə sosial yönümlüdür, daxil olacaq gəlirin yarıdan çoxu sosial ehtiyaclara sərf ediləcəkdir ki, bu da büdcədən əmək haqqı alanların hamısının maaşlarını artırmağa imkan verəcəkdir. Özü də bu artım hissediləcək dərəcədə olacaqdır. 1996-cı ildən bəri Azərbaycanda orta əmək haqqı 3,4 dəfə artmışdır, pensiyalarla bağlı vəziyyət də belədir. Lakin bütün bunlara baxmayaraq, bu artım Azərbaycan qaçqınlarının öz evlərini, öz torpağını əvəz edə və onların əziyyətlərini yüngülləşdirə bilmir.

 

AzərTAc