Polşa Ticarət Palatasında ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 27 avqust 1997-ci il

Hörmətli cənab prezident!

Möhtərəm xanımlar və cənablar!

Sabahınız xeyir olsun!

Ən əvvəl, Sizi salamlamaq və bundan məmnun qaldığımı bildirmək istəyirəm ki, Polşa Respublikasına rəsmi səfərim zamanı mənə ticarət palatasında Polşanın biznesmenləri, işgüzar adamları, şirkətlərin rəhbərləri ilə görüşməyə imkan verilmişdir.

Siz bilirsiniz ki, mən Sizin ölkənizə cənab prezident Kvasnevskinin dəvəti ilə rəsmi səfərə gəlmişəm. Bu, müstəqil, suveren Azərbaycan prezidentinin Polşaya ilk rəsmi səfəridir. Demək istəyirəm ki, dünənki gün Polşa-Azərbaycan münasibətləri baxımından öz məzmununa görə çox zəngin oldu.

Biz səmərəli danışıqlar apardıq, çox mühüm dövlətlərarası, hökumətlərarası sənədlər imzaladıq. Cənab prezident Kvasnevski də, mən də bunu Azərbaycan və Polşanın həyatında tarixi hadisə kimi qiymətləndiririk. Qarşılıqlı münasibətlərimizdə yeni mərhələ açılır, biz bütün sahələrdə əməkdaşlığımız üçün yaxşı müqavilə-hüquqi zəmin yaratdıq.

Polşa prezidentinin və Azərbaycan prezidentinin imzaladıqları sənəd - Polşa ilə Azərbaycan arasında dostluğun və əməkdaşlığın daha da inkişaf etdirilməsi haqqında bəyannamə çox böyük əhəmiyyətə malikdir. Məhz bu bəyannamə bütün sahələrdə əməkdaşlığımız üçün bünövrə qoyur. Əlbəttə ki, bu sənəddə və imzaladığımız digər sazişlərdə iqtisadiyyat sahəsində əməkdaşlıq mühüm yer tutur.

Hesab edirəm ki, iqtisadi əməkdaşlığımızı genişləndirmək, dərinləşdirmək üçün böyük imkanlar var və biz bu imkanlardan indiyədək istifadə edə bilməmişik. Dünən axşam cənab prezident Kvasnevski ilə mən əvvəlki bir çox yüzilliklər ərzində Polşa ilə Azərbaycan arasında iqtisadi əlaqələr, ticarət əlaqələri olduğunu sübut edən faktları xatırladıq. Məsələn, dedik ki, orta əsrlərdə - XV və XVI yüzilliklərdə Azərbaycandan Polşaya əl ilə toxunan gözəl Azərbaycan xalçaları, pambıq, ipək, bir çox digər məhsullar göndərilirdi. Polşadan da Azərbaycana çoxlu məhsul gətirilirdi. Bunlar iqtisadi, ticarət əlaqələrimizin dərin kökləri olduğuna sübutdur.

Lakin təəssüflər olsun ki, bizim zəmanəmizdə bu səviyyəyə hələ çatmamışıq, halbuki indi Polşanın da, Azərbaycanın da imkanları bir neçə əsr əvvəl olduğundan daha böyükdür. Buna görə də Polşaya səfərim zamanı mənim vəzifələrimdən biri Polşa ilə Azərbaycan arasında iqtisadi münasibətlərin, ticarət münasibətlərinin inkişafına təkan verməkdir.

İndi bundan ötrü hər cür şərait, imkanlar var. Polşa bir çox buxovlardan azad olmuşdur, bu buxovlar Polşa müstəqil, suveren dövlət olduğu halda da, xüsusən İkinci dünya müharibəsindən sonra da onun həyatında mövcud idi. İndi Polşa öz həyatını özü qurur, hansı yolla getməli, iqtisadiyyatı necə qurmalı, ticarəti necə aparmalı, kimlərlə ticarət etməli olduğunu özü müəyyənləşdirir. Əlbəttə, bu, 10-15 il əvvəl olduğu vəziyyətlə müqayisədə prinsipcə yeni vəziyyətdir. Mən o zamanları da bilirəm, ona görə də bu barədə danışıram.

Azərbaycan da 1991-ci ilin axırlarında öz dövlət müstəqilliyini əldə etdi, bir çox onilliklərdən, yüzilliklərdən sonra, nəhayət, müstəqil, suveren dövlət oldu. O öz taleyini özü müəyyənləşdirir, öz məsələlərini özü həll edir, kiminlə hansı münasibətlər yaratmağı özü təyin edir. İndi həm Polşanın, həm də Azərbaycanın ictimai-dövlət quruluşunu, həyatını səciyyələndirən tam müstəqillik, tam azadlıq elə bir əsasdır ki, bu əsas bizə bütün sahələrdə, o cümlədən iqtisadiyyat və ticarət sahəsində əməkdaşlığımızı inkişaf etdirməyə və danışmağa imkan verir.

Bunu necə və hansı tərzdə etmək məsələsinə gəldikdə, bu, əlbəttə, çox da çətin bir iş deyildir. Biz sadəcə olaraq bu istiqamətdə lazımi addımlar atmalıyıq. Dünən mən dedim ki, Azərbaycan böyük iqtisadi potensiala malikdir. Siz bilirsiniz ki. Azərbaycan qədimdən neft-qaz məmləkətidir. İndi Azərbaycan öz neft sənayesinin inkişafında ikinci mərhələni yaşayır.

Son üç ildə biz Xəzər dənizinin Azərbaycan sektorundakı neft və qaz yataqlarının birgə işlənməsi haqqında dünyanın aparıcı transmilli neft şirkətləri ilə bir çox iri müqavilələr bağlamışıq.

Məhz Azərbaycanın səyləri ilə indi Xəzər hövzəsi öz təkindəki sərvətləri, neft və qaz hasilatında böyük imkanlarını üzə çıxarır, dünyanın, demək olar, bütün ölkələrinin diqqətini cəlb edir. Bizim imzaladığımız müqavilələrdə dünyanın 11 ölkəsindən 17 neft şirkəti iştirak edir.

Xəzər dənizinin Azərbaycan sektorundakı neft ehtiyatları, hesablamalara görə, bir çox milyard tonlara bərabərdir. Xəzər dənizinin digər sektorlarında da, məsələn, Qazaxıstan və Türkmənistan sektorlarında da böyük ehtiyatlar var. Buna görə də indi nəinki neft və qaz yataqlarının işlənməsi və hasilatı üçün, həm də çox zəngin məhsulun dünya bazarlarına çıxarılması üçün kompleks tədbirlər hazırlanır.

Bölgəmizdə Avrasiya nəqliyyat dəhlizi yaradılmışdır. O, Şərq ilə Qərb arasında qədim İpək yolunun marşrutu üzrə Mərkəzi Asiya bölgəsini Avropa ilə Xəzər dənizi, Azərbaycan vasitəsilə birləşdirir. Bu, məhz elə bir sahədir ki, o Polşa üçün, Polşa biznesi, Polşa sahibkarları üçün maraq doğura bilər. Azərbaycanda neft və qaz sahəsində iri kimya sənayesi kompleksi var. Zənnimcə, biz bu sahədə də əməkdaşlıq edə bilərik.

Azərbaycan sənayesi çoxsahəli sənayedir. Bizdə qara və əlvan metallurgiya, maşınqayırma, böyük toxuculuq sənayesi var. Odur ki, biz əməkdaşlıq üçün çox böyük imkanlar tapa bilərik.

Azərbaycanın aqrar kompleksi də çoxsahəli səciyyə daşıyır. Bir çox əsrlər əvvəl olduğu kimi, yenə də pambıq istehsal və ixrac edirik. Azərbaycanda ipək də var. Bir çox əsrlər əvvəl buraya göndərilmiş xalçalar Azərbaycanda bu gün də istehsal olunur, özü də onlardan da yaxşı xalçalar toxunulur.

Aqrar sektorda şərabçılıq sənayesi, üzüm və şərab məhsulu istehsalı çox mühüm yer tutur. Azərbaycan meyvə, tərəvəz, təbiətin bir çox nemətləri ilə də zəngindir. Bizə sadəcə olaraq əməkdaşlığı təşkil etməyə başlamaq lazımdır, artıq bundan sonra iş prosesində bir çox imkanlar üzə çıxacaqdır. Mən hadisələri qabaqlayıb, bu imkanlardan sadəcə olaraq danışmaq istəmirəm.

Bütün bunları nəzərə alaraq, öz nümayəndə heyətimə Azərbaycan Dövlət Neft Şirkətinin prezidentini və Azərbaycan Kimya Sənayesi Şirkətinin prezidentini də daxil etmişəm. Onlar buradadırlar. Buna görə də Polşa tərəfi onlarla bilavasitə ünsiyyətdə olmaq, əlaqələr yaratmaq və danışıqlar aparmaq imkanına malikdir. Bunu əsas tuturam ki, bu, fəal əməkdaşlığımızın başlanğıcıdır və Azərbaycan müstəqil dövlət olduqdan sonra Polşa ilə Azərbaycan arasında ilk tanışlıqdır. Dediyim kimi, bu, Azərbaycan prezidentinin Polşaya birinci səfəridir. Buna görə də bu, başlanğıcdır və hesab edirəm ki, bunun ardınca bir çox yaxşı işlər həyata keçirilə bilər.

Demək istəyirəm ki, Azərbaycan iqtisadiyyatında böyük dəyişikliklər baş verir. Biz ölkəmizdə keçmişdə sosializm quruluşu zamanı mövcud olmuş təsərrüfat sistemindən, iqtisadi sistemdən imtina etmişik. İndi Azərbaycan iqtisadiyyatı bazar iqtisadiyyatının prinsipləri əsasında qurulur. Biz bütün sahələrdə iqtisadi islahatlar aparırıq, xarici sərmayələri cəlb edirik, bəyan etmişik və bu gün də bəyan edirəm ki, Azərbaycanın qapıları bütün dünyanın üzünə xarici sərmayələr üçün açıqdır.

Biz aqrar islahat aparırıq. Qəbul etdiyimiz qanuna uyğun olaraq torpaq kəndlilərə şəxsi mülkiyyətə verilir, bütün sahələrdə mülkiyyətin özəlləşdirilməsi geniş miqyasda həyata keçirilir, iqtisadiyyatı, xarici ticarəti liberallaşdırmaq üçün konkret tədbirlər görülmüş, sahibkarlıq, şəxsi təşəbbüs üçün əlverişli şərait yaradılmışdır. Bütün bunların nəticəsində biz istehsalatda və iqtisadiyyatda təxminən 1989-cu ildən başlanmış durğunluq hallarını dayandırmağa müvəffəq olmuşuq. Ötən il biz iqtisadiyyatın bütün sahələrində müəyyən artıma nail olduq, cari ilin keçən aylarında isə bu artım daha böyük rəqəmlərlə ifadə edilmişdir. Biz inflyasiyanın qarşısını almağa müvəffəq olmuşuq. Əgər inflyasiya 1994-cü ildə 1600 faiz idisə, keçən il azaldılaraq 6 faiz səviyyəsinə endirilmiş, bu il isə sıfır səviyyəsindədir.

Milli valyutamızın - manatın məzənnəsi möhkəmlənir. Ötən il o, Amerika dolları ilə nisbətdə 10 faiz bahalaşmışdır. Cari ilin keçən ayları ərzində Azərbaycanın ümumi daxili məhsulu 5,8 faiz artmışdır, sənaye və kənd təsərrüfatı istehsalında da artım nəzərə çarpır. Ötən il xarici ticarətin həcmi 30 faiz artmışdır. Biz xarici ticarət dövriyyəsində ilk dəfə olaraq müsbət saldo əldə etmişik. Vergilərdən dövlət gəliri normal surətdə, plan üzrə həyata keçirilir. Burada bizim elə bir problemimiz yoxdur.

Əlbəttə, iqtisadi çətinliklərimiz var. Siz bilirsiniz ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Ermənistan silahlı birləşmələri ərazimizin 20 faizini işğal etmişdir. Bunun nəticəsində Azərbaycanın bir milyon nəfərdən çox sakini bu torpaqlardan didərgin salınmışdır, onların əksəriyyəti çadırlarda, çox ağır şəraitdə yaşayır. Bütün bunlar iqtisadi vəziyyəti, xüsusən sosial məsələlərin həllini çətinləşdirir və təbii olaraq işsizlərin sayını artırır. Buna baxmayaraq, ötən il və bu il biz sosial sahədə də kifayət qədər böyük müsbət irəliləyişə nail olmuşuq. Əmək haqqı, əhalinin həyat səviyyəsi ardıcıl surətdə yüksəlir. Biz Beynəlxalq Valyuta Fondu, Dünya Bankı kimi dünya maliyyə mərkəzləri ilə fəal əməkdaşlıq edirik. Biz nikbin əhvaldayıq və hesab edirik ki, iqtisadi islahatların, müəyyənləşdirdiyimiz və müəyyənləşdirəcəyimiz bütün tədbirlərin ardıcıl surətdə həyata keçirilməsi əhalinin həyat səviyyəsini dönmədən yüksəldəcək və, təbii olaraq, iqtisadiyyatda artımı təmin edəcəkdir.

Dediyim kimi, biz xarici sərmayələri Azərbaycana fəal cəlb edirik. Demək istəyirəm ki, çoxlu qanun qəbul etmişik və bu qanunlar Azərbaycanda xarici sərmayələr üçün əlverişli şərait olmasını təmin edir.

Hesab edirəm ki, bunların hamısı əməkdaşlığımız üçün yaxşı əsasdır. Buna görə də bu qısa məlumatı verməklə demək istəyirəm ki, biz Polşa ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üçün möhkəm əsas yaratmaq istəyirik.

Polşa Ticarət Palatasına bugünkü görüş üçün təşəkkür edirəm və ümidvaram ki, bu palata iqtisadi münasibətlərimizin təmin olunmasında mühüm rol oynayacaqdır.

Diqqətinizə görə sağ olun.

***

Anjey Arendarski: Cənab prezident, son dərəcə maraqlı çıxışınıza görə Sizə təşəkkür edirəm. Bildirmək istəyirəm ki, biz dekabrın əvvəllərində ticarət nümayəndə heyəti təşkil edəcəyik və o, Bakıya gedəcəkdir. Cənab prezident dünən söz verdi ki, bizi qəbul edəcəkdir. Həmkarlarımız - Azərbaycan biznesmenləri isə vəd etdilər ki, müvafiq firmalar hazırlayacaqlar, ona görə də indi arzu edənlərin hamısını bu nümayəndə heyətinə dəvət edirəm.

Cənab prezidentin bir az da vaxtı var, sualı olanlar ona sual verə bilərlər.

Sual: Hörmətli cənab prezident, xanımlar və cənablar. Mən Qdanskdan gəlmişəm. Adım Tadeuş Ştokovskidir, gəmi təmiri və gəmi avadanlığı göndərilməsi ilə məşğulam. Bazar ertəsi mən Bakıda armatorlarla danışıqlar aparacağam. Sualım belədir: Azərbaycanda Sizin gəmilərin təmirinə dair proqram varmı, yoxsa bu, armatorlardan asılıdır? Bunu ona görə soruşuram ki, Sizdə vaxtilə Polşada inşa edilmiş kifayət qədər çoxlu gəmi var. Onlar Sizə neft hasilatı proqramının inkişafı üçün gərəkdir. Söhbət tankerlərdən, çoxsaylı yedək gəmilərindən gedir. Sualı da ona görə verirəm.

Heydər Əliyev: Bu suala təfərrüatı ilə cavab vermək istəmirəm. Təkcə onu deyəcəyəm ki, Azərbaycan Xəzərdə böyük miqdarda gəmiyə malikdir. Sovet İttifaqının dövründə Xəzər dənizində gəmiçilik əsasən Bakıdan həyata keçirilirdi, bir çox gəmilər tankerlərin funksiyalarını yerinə yetirir, neft və neft məhsulları daşıyır. Demək istəyirəm ki, bu daşımaların həcmi sonrakı illərdə artacaqdır. Məsələn, hazırda tankerlərimiz Qazaxıstan neftinin dəmir yolu ilə Qara dənizə, Türkiyəyə nəql edilməsi üçün onu Tengiz yatağından Bakıya daşıyır. Avrasiya nəqliyyat dəhlizi ilə daşımalar Türkmənistanın Krasnavodsk limanından Azərbaycan limanına Xəzər dənizi vasitəsilə həyata keçirilir. Orada bərə keçidi var. Biz bir neçə bərəyə malikik. Bütün bunlar sübut edir ki, Azərbaycanda gəmiçiliyin genişlənməsi və inkişafı üçün böyük perspektivlər var, buna görə də sizin Azərbaycana gəlişinizi alqışlayıram. Düşünürəm ki, siz gəldikdən sonra bizim Xəzər Gəmiçilik İdarəsi ilə, digər dövlət strukturlarımızla əməkdaşlığınız məsələlərini daha ətraflı müzakirə edə biləcəksiniz. Bəri başdan deyə bilərəm ki, bu, sizin üçün də, Azərbaycan üçün də faydalı olacaqdır.

Sual: Mən \"Elaktrim\" qrupunu təmsil edirəm. Biz elektrik stansiyaları tikirik. Mən ikinci çıxış edirəm, Azərbaycanda çərşənbə axşamı olacağam. Biz Türkiyədə çox elektrik stansiyaları tikirik. Bununla əlaqədar bir qonşu kimi Azərbaycana da gəlmək istəyirik. Mən oraya bir qrup türk sənayeçisi ilə gedəcəyəm. Bizi energetika ilə bağlı olan hər şey - qazanlar, turbinlər, kran qurğuları, elektroenergetika avadanlığı üçün armatur, kabel, habelə kimya sənayesi üçün aparatlar maraqlandırır. Biz görüşüb, məhz bu mövzuda danışmaq istəyirik.

Heydər Əliyev: Çərşənbə axşamı sizi Azərbaycanda gözləyəcəklər. İqtisadiyyat naziri buradadır. Siz onunla danışıb razılığa gələ bilərsiniz.

Sual: Bir sual vermək istərdim. Mən görürəm ki, burada meyvə emalı sənayesinin çoxlu nümayəndəsi var. Bizim bir çox firmalarımız, özü də ən iri firmalarımız bu sahədə əməkdaşlığa maraq göstərirlər. Cənab prezidentdən soruşa bilərəmmi ki, biz bu sahədə necə əməkdaşlıq edə bilərik?

Heydər Əliyev: Mən böyük imkanlara malik olduğumuzu dedim. Bizdə meyvə, üzüm olduqca çoxdur, üzümçülük sənayesi, hər cür bolluca tərəvəz var. Yeri gəlmişkən, Azərbaycanın meşə və dağlarında çoxlu cır meyvə də yetişir. Bilirəm ki, bu meyvələr Avropanın diqqətini həmişə cəlb edir. Sadəcə olaraq bu məsələni daha konkret şəkildə müzakirə etmək lazımdır. Zənnimcə, biz əməkdaşlıq üçün imkanlar tapacağıq.

Anjey Arendarski: Sağ olun, cənab prezident. Təəssüf ki, cənab prezidentin səfəri sona yaxınlaşır. Cənab prezident çox lütfkarlıq edərək razılıq verdi ki, niyyət protokolu onun iştirakı ilə imzalansın. Bu protokoldan məqsəd ikitərəfli Ticarət-Sənaye Palatasının əsasını qoymaqdır. Protokolu Azərbaycan tərəfindən iqtisadiyyat naziri, bizim tərəfimizdən isə bəndəniz imzalayacaqdır.

Polşa-Azərbaycan ticarət-sənaye palatasının təsis edilməsi haqqında niyyət protokolu imzalandıqdan sonra:

Heydər Əliyev: Möhtərəm xanımlar və cənablar! Bütün mərasim iştirakçılarını bu hadisə münasibətilə təbrik edirəm.

Anjey Arendarski: İşin bünövrəsi qoyuldu. Bizim biznesmenlər buradadırlar. Onların yarısı bazar ertəsi və ya çərşənbə axşamı Bakıya gələcəkdir, bir sözlə, hər şey yaxşıdır.

Cənab prezident, amma bir şey də var ki, yaxşı olan bütün işlər gec-tez qurtarır. Buraya gəldiyimizə görə Sizə təşəkkür etmək istərdim. Düşünürəm ki, Sizin dedikləriniz və cənab nazirlərin dedikləri, imzaladığımız sənəd əməkdaşlığımızın genişlənməsinə təkan verəcəkdir. Səfərinizdən yadigar olaraq bu badəni Polşa biznesinin nümayəndələrindən Sizə hədiyyə vermək istərdim. Düşünürəm ki, onu Azərbaycan şərabı ilə doldurmaq lazımdır.

Heydər Əliyev: Polyak badəsi - Azərbaycan şərabı.

Anjey Arendarski: Biz cənab prezidentə təşəkkür edirik.

Heydər Əliyev: Sağ olun, görüşənədək.

\"Azərbaycan\" qəzeti, 29 avqust 1997-ci il