Azərbaycan Prezidenti Heydər Əliyevin \"Kredi Kommersial De Frans\" bankının rəhbərləri və işgüzar dairələrin nümayəndələri ilə görüşdə giriş sözü - Paris, 4 dekabr 1995-ci il

Hörmətli xanımlar və cənablar!

Mən və həmkarlarım burada, Fransanın ən iri kommersiya banklarından birində sizinlə birlikdə olmağımıza şadıq. Onu nəzərdə tuturam ki, Londona səfərim kimi, Parisə də səfərim başlıca olaraq Azərbaycanla xarici ortaqlar arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ilə bağlıdır. Ümumdünya Bankı burada sərmayədarlarla, işgüzar dairələrin, maliyyə mərkəzlərinin nümayəndələri ilə xüsusi görüş təşkil etmişdir. Bu görüş Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsi problemlərinə həsr olunmuşdur. Sabah səhər əməli işə başlanacaqdır və mən orada çıxış edəcəyəm. Lakin siz Ümumdünya Bankını qabaqladınız və bu gün məni buraya dəvət etdiniz. Amma belə hesab edirəm ki, bunların biri digərinə zidd deyildir, banklarla - iri banklarla, orta banklarla, kommersiya bankları ilə nə qədər görüşlərimiz, əlaqələrimiz olarsa, respublikamızla xarici ortaqlar arasında iqtisadi və maliyyə əlaqələrinin lazımınca inkişafını təmin etmək üçün bir o qədər çox imkanımız olar.

Sizdə tam təsəvvür yaranması üçün Azərbaycan haqqında danışmalı olsam, buna lap çox vaxt gedər. Mən isə bu gün hələ görüşlər keçirməliyəm. Buna görə də qısa danışacağam, amma çalışacağam ki, ölkəmiz haqqında ümumi təsəvvürə malik olasınız.

Azərbaycan öz dövlət müstəqilliyini dörd il bundan əvvəl əldə etmiş olan bir respublikadır. Bundan əvvəl o, Sovet İttifaqının tərkibində olmuşdur və təbii olaraq, Azərbaycanın bütün iqtisadiyyatı sosializmin maliyyə-iqtisadi sistemi əsasında qurulmuşdu və mövcud idi. Azərbaycan istiqlaliyyət əldə etdikdən sonra ən əvvəl müstəqil, suveren inkişaf yoluna qətiyyətlə başladı, bütün həyat sahələrini, ictimai-dövlət quruluşunu, iqtisadiyyatı, bir sözlə, bütün sahələri demokratikləşdirmək xətti götürdü. Bu, əvvəla, Azərbaycan iqtisadiyyatının inkişafını intensivləşdirmək, Azərbaycanın iqtisadi və maliyyə sisteminin dünya iqtisadiyyatı ilə, dünya maliyyə sistemi ilə inteqrasiyasını təmin etmək zəruriliyindən irəli gəlirdi. Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin tətbiq edilməsinə yönəldilmiş iqtisadi islahatlar aparılır, dövlət mülkiyyətini özəlləşdirmək proqramı qəbul edilmişdir və bu proqram yerinə yetirilir. Xüsusi sahibkarlıq üçün şərait yaradılmış və daha əlverişli şərait yaradılacaqdır, özəl mülkiyyətin toxunulmazlığı təmin edilir, artıq bir çox özəl müəssisələr var, Azərbaycanda müxtəlif xarici şirkətlərin firmaları, xarici firma və şirkətlərlə yaradılmış mindən çox müştərək müəssisə fəaliyyət göstərir.

Bunların hamısı, nəticə etibarı ilə öz əksini noyabrın 12-də qəbul edilmiş Azərbaycan Konstitusiyasında tapmışdır. Bu, müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyasıdır. Noyabrın 12-də biz Azərbaycan parlamentinə ilk seçkilər keçirdik. Seçkilər demokratik əsasda keçdi, parlament formalaşdırıldı. Parlament öz fəaliyyətinə başlamışdır. Konstitusiyamız gələcək həyat fəaliyyətimizin bütün qanunvericilik əsaslarını müəyyənləşdirir. Bütün bunlar Azərbaycanda xarici sərmayələr üçün əlverişli şərait yaradır.

Bu məsələ Londonda Adam Smit İnstitutunun təşkil etdiyi konfransda geniş müzakirə mövzusu oldu. Dediyim kimi, sabah bu məsələ Ümumdünya Bankı tərəfindən təşkil olunan görüşdə də müzakirə ediləcəkdir. Azərbaycana xarici sərmayələr qoyulmasını stimullaşdırmaq üçün, özəlləşdirmə proqramına uyğun olaraq xarici şirkətlərin Azərbaycanda mülkiyyət əldə etməsi üçün güzəştli şərtlər yaradılır. Bu şərtlər bizim qanunda nəzərdə tutulmuşdur. Biz bəzi iri müəssisələri xarici firmaların idarəsi altına vermək niyyətindəyik və bunu planlaşdırırıq. Azərbaycanın ən iri şəhərlərindən biri olan Sumqayıtda azad iqtisadi zona yaradılır. Bu proqram BMT-nin Sənayenin İnkişafı Təşkilatının proqramına müvafiq surətdə həyata keçirilir. Biz hesab edirik ki, əcnəbi sərmayədarlar, xarici şirkətlər üçün, Azərbaycanla iqtisadi əməkdaşlıq üçün yaxşı imkanlar açılır.

Siz bilirsiniz ki, Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istifadə olunması haqqında bir il bundan əvvəl Azərbaycan Dövlət Neft Şirkəti ilə ən iri transmilli neft şirkətlərinin konsorsiumu arasında mühüm müqavilə imzalanmışdır. Bu müqavilə də artıq həyata keçirilir. Xəzər dənizindəki digər iri neft yataqlarından istifadə edilməsi haqqında bu yaxınlarda, noyabrın 10-da daha bir müqavilə imzalanmışdır. Yaxın gələcəkdə neft yataqlarına dair bir daha bir neçə müqavilə imzalamaq nəzərdə tutulur.

Azərbaycanda iri sənaye potensialı, çoxsahəli kənd təsərrüfatı, əlverişli torpaq-iqlim şəraiti və zəngin təbii ehtiyatlar var. Bütün bunlar əməkdaşlıq üçün yaxşı zəmindir. Biz ümidvarıq ki, bugünkü görüş də əməkdaşlığımızı möhkəmlətmək yolunda yeni addım ola bilər.

Yekun sözü

Mən əvvəldə dedim və indi də təkrar etmək istəyirəm ki, bizim böyük potensial imkanlarımız var. Biz bir çox illər, onilliklər ərzində idarəçiliyin sosialist forması şəraitində yaşamışıq. Bütün mülkiyyət dövlətə məxsus idi. Təxminən 1985-ci ildən etibarən, artıq on il ərzində keçmiş Sovet İttifaqında baş verən proseslər hamıya anlatdı ki, sosialist idarəetmə sistemi yaramır. İqtisadiyyatın sosialist forması da sınağa tab gətirmədi. Ona görə də keçmiş Sovetlər İttifaqının bütün respublikalarında, indi müstəqil ölkələrdə bazar iqtisadiyyatına keçmək üçün iqtisadi islahatlar aparılır. Bu istiqamətdə kim isə çox iş görmüş, kim isə geri qalmışdır. Həm də bütün hallarda bu keçid dövrü keçmiş Sovetlər İttifaqına mənsub olan ölkələrin hamısında istehsalın səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə səbəb olmuşdur. Sosial şərait pisləşmiş, əmək haqqı azalmış, adamlar pis yaşamağa başlamışlar, maddi vəziyyət pisləşmişdir. Beynəlxalq ekspertlər və bizim mütəxəssislərimiz belə bir fikrə gəlirlər ki, iqtisadi böhrandan çıxmağın və iqtisadiyyatı yaxşılaşdırmağın, iqtisadiyyatın inkişaf sürətini və təbii ki, insanların rifahını təmin etməyin, sosial məsələlərin həllinin yolu məhz iqtisadi sistemin sərbəstləşdirilməsi, bazar islahatlarının həyata keçirilməsi ilə bağlıdır.

Bax elə bu da bizi sizin yanınıza, Banka, Beynəlxalq Valyuta Fonduna gətirmişdir. Əvvəllər Sovetlər İttifaqında bütün bu banklar məlum deyildi, onları heç kim tanımırdı. Lakin indi biz sizinlə iqtisadi əlaqələr yaratmaq istəyirik. Ümid edirik ki, bu əlaqələr tez bir zamanda istehsalın səviyyəsinin artmasına və şübhəsiz ki, bütün iqtisadiyyatın yaxşılaşmasına gətirib çıxarmalıdır.

Ona görə də mən sizin hamınızı Azərbaycana dəvət edirəm. Baş nazirə tapşırıram ki, sizin burada verdiyiniz təklifləri nəzərdən keçirsin və əgər lazım gəlsə, ayrıca görüşlər keçirərik. Yəni mənim hələ üç görüşüm də olacaq, qalan bütün məsələləri baş nazirə tapşırıram ki, o, hər bir konkret halda sizin təkliflərinizi və bizim imkanlarımızı nəzərdən keçirsin. Bu, mənim ilk səfərimdir ki, Londonda da, Parisdə də xüsusi olaraq yalnız maliyyə məsələləri ilə və iqtisadi məsələlərlə məşğul oluram. Sizin hamınızı Azərbaycana dəvət edirəm.