BMT-də akkreditə olunmuş dünya dövlətlərinin daimi nümayəndələri - səfirləri ilə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - Nyu-York, BMT-nin binası, 29 iyul 1997-ci il

Hörmətli sədr!

Hörmətli səfirlər, möhtərəm xanımlar və cənablar!

Sizin hamınızı ürəkdən salamlayıram və bu gün sizinlə görüşməyə və sizin qarşınızda çıxış etməyə imkan verildiyinə görə sizə dərin minnətdarlığımı bildirirəm.

Mən prezident Bill Klinton cənablarının dəvəti ilə Amerika Birləşmiş Ştatlarında rəsmi səfərdəyəm. Bu, Azərbaycan prezidenti kimi mənim Amerika Birləşmiş Ştatlarına ilk rəsmi səfərimdir. Mən Birləşmiş Millətlər Təşkilatına öz böyük hörmətimi bildirmək və təbii olaraq, Azərbaycan haqqında, onun bugünkü həyatı haqqında danışmaq üçün Dünya Birliyinin bu mötəbər beynəlxalq təşkilatında dünən də olmuşam, bu gün də.

Mən Birləşmiş Millətlər Təşkilatının Baş katibi Kofi Annan cənabları ilə görüşmüşəm. Dünən mən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında oldum, onun üzvləri ilə görüşdüm və bu gün sizin qarşınızdayam - Birləşmiş Millətlər Təşkilatına daxil olan ölkələrin BMT-də akkreditə edilmiş daimi nümayəndələri qarşısındayam.

Mən bu imkanı yüksək qiymətləndirirəm və bu görüşü keçirmək təşəbbüsü üçün Birləşmiş Millətlər Təşkilatının islam seksiyasına təşəkkür edirəm. Fürsətdən istifadə edərək, Azərbaycan haqqında, respublikanın bugünkü həyatı haqqında, problemlərimiz haqqında bir neçə söz demək və təbii olaraq, sizin suallarınıza vaxt saxlamaq istəyirəm.

Keçmişdə Sovet İttifaqına daxil olmuş digər respublikalar kimi, Azərbaycan da dövlət müstəqilliyini SSRİ dağıldıqdan sonra əldə etmişdir. Dövlət müstəqilliyinə nail olmaq Azərbaycan xalqı üçün tarixi hadisədir və o öz dövlət müstəqilliyini qoruyub saxlamaq və möhkəmlətmək, Azərbaycanın hər hansı digər bir dövlətin hakimiyyəti və ya tabeliyi altında bir daha olmaması üçün bu müstəqilliyin pozulmasına yol verməmək əzmindədir.

Azərbaycan dövlət müstəqilliyi əldə etdiyi vaxtdan bəri hüquqi, demokratik, dünyəvi dövlət qurmaq, bütün sahələrdə demokratik islahatlar aparmaq xətti götürmüşdür. 1995-ci ildə ümumxalq referendumu yolu ilə Azərbaycanda ilk demokratik konstitusiya qəbul edildi və həmin ilin noyabrında çoxpartiyalılıq əsasında demokratik seçkilər yolu ilə Azərbaycan parlamentinə seçkilər keçirildi. Parlamentimiz fəaliyyət göstərir, burada təxminən səkkiz partiya təmsil olunmuşdur. Parlamentimiz öz qanunvericilik funksiyalarını fəal həyata keçirir.

Azərbaycan Konstitusiyasında bütün insan hüquqları nəzərdə tutulur, onun üçdə bir hissəsi bu hüquqlara həsr edilib. Azərbaycanda siyasi plüralizm prinsipi, mətbuat azadlığı bərqərar olub, rəsmən qeydə alınmış 30-dan artıq siyasi partiya, müxtəlif hərəkatlar, qeyri-hökumət təşkilatları fəaliyyət göstərirlər. Azərbaycanda 600-dək qəzet çıxır, onların mütləq əksəriyyəti müxtəlif təşkilatlara, özəl təşkilatlara, siyasi partiyalara məxsusdur və çoxu da müxalif təşkilatların, partiyaların ixtiyarındadır.

Azərbaycan çoxmillətli dövlətdir. Milli mənsubiyyətindən asılı olmayaraq bütün adamların dini etiqad azadlığı, vicdan azadlığı və hüquq bərabərliyi bizdə tamamilə təmin edilmişdir.

Azərbaycanda iqtisadi həyat seçdiyimiz strateji yolla gedir. Bu yol bazar iqtisadiyyatı yaratmaqdan, iqtisadiyyatı bazar prinsipləri əsasında yenidən qurmaqdan ibarətdir. Bütün sahələrdə iqtisadi islahatlar aparılır, mülkiyyətin özəlləşdirilməsi geniş səpgidə həyata keçirilir, torpaq islahatı haqqında qanun qəbul edilib və bu qanuna uyğun olaraq bütün torpaq xüsusi mülkiyyətə verilir. Azərbaycanda xüsusi sahibkarlıq üçün hər cür şərait yaradılıb, özəl sektorun yaradılması iqtisadi siyasətimizin strateji istiqamətlərindən biridir.

Azərbaycan bütün ölkələrlə, bütün dünya ilə inteqrasiya üçün açıqdır. Son illərdə ölkəmizə, xüsusən neft və qaz yataqlarımızın işlənməsi üçün, eləcə də iqtisadiyyatın digər bütün sahələrində əməkdaşlıq üçün böyük məbləğdə xarici sərmayələr qoyulmuşdur.

Özəlləşdirmə haqqında qanunda xarici şirkətlərin, xarici hüquqi və fiziki şəxslərin mülkiyyət almaq imkanı nəzərdə tutulur, yəni özəlləşdirmə prosesində Azərbaycan vətəndaşları olmayan adamlar da iştirak edə bilərlər.

Bütün bu iqtisadi, siyasi islahatlar, sosial sahədə islahatlar bizə Sovet İttifaqı dağıldıqdan sonra qarşılaşdığımız çətinlikləri, xüsusən də istehsal sahəsində, iqtisadiyyatda təxminən 1988-ci ildə başlanmış durğunluğu aradan qaldırmağa imkan vermişdir. 1996-cı ildə biz dönüş yaratmağa müvəffəq olduq və 1997-ci ilin birinci yarısının göstəricilərinə görə, cari il respublikamızda iqtisadiyyatın və sosial sahənin daha da inkişaf etdirilməsi ili olacaqdır. Şübhəsiz ki, bu, iqtisadi və sosial islahatlar aparılmasının nəticəsidir və təbii olaraq, bizə respublikamızın əhalisinin həyat səviyyəsini ardıcıl surətdə yüksəltməyə imkan verir.

Bununla bərabər, Azərbaycanda problemlər var. Respublikamızın mürəkkəb problemlərindən biri bizə zorla qəbul etdirilmiş Ermənistanla Azərbaycan arasındakı münaqişədir. Bildiyiniz kimi, bu münaqişə hələ 1988-ci ildə başlanıb, o vaxtlar Azərbaycan və Ermənistan Sovet İttifaqının tərkibində idi. Münaqişə erməni tərəfinin, daha doğrusu, Ermənistan Respublikasının təşəbbüsü ilə başlanıb və bundan da məqsəd Azərbaycan Respublikası ərazisinin bir hissəsini - Dağlıq Qarabağ Muxtar Vilayətini qoparıb Ermənistana birləşdirməkdir. Buna səbəb o idi ki, Dağlıq Qarabağda ermənilər də yaşayırdı. Həqiqətən, Dağlıq Qarabağda münaqişə başlanan vaxtadək bütün əhali 170 min nəfərdən ibarət idi, onların 70 faizi erməni millətindən, 30 faizi Azərbaycan millətindən olan şəxslər idi. Dağlıq Qarabağ Vilayəti Azərbaycan Respublikasının tərkibində muxtariyyət hüquqlarına malik idi və bu hüquqlardan iqtisadi həyatda da, sosial həyatda da, siyasi həyatda da istifadə edirdi, buna görə də bu münaqişəni başlamağa əsas yox idi, lakin münaqişə başlandı. Zənnimcə, bu, Sovet İttifaqının həmin dövrdəki bəzi rəhbərlərinin havadarlığı ilə, özü də görünür, məhz o vaxtlar Ermənistanda olmuş ekstremist, qəsbkar qüvvələrə yarınmaq üçün edilmişdir.

Təəssüf ki, hətta sovet hakimiyyəti illərində, - 1988-ci ildən 1991-ci ilin axırlarınadək, SSRİ hələ mövcud olan dövrdə, - bu münaqişənin qarşısını almaq mümkün olmadı və o, daha da genişlənib hərbi əməliyyatlar xarakteri aldı. Müxtəlif səbəblərə və ayrı-ayrı dövlətlər tərəfindən Ermənistana havadarlıq edildiyinə görə erməni tərəfi üstünlüyə malik oldu, bunun nəticəsində erməni silahlı birləşmələri Azərbaycan ərazisinin 20 faizini işğal etdilər. Dağlıq Qarabağdan ən əvvəl Azərbaycan millətindən olan bütün şəxslər qovuldular və o, tamamilə işğal olundu. Sonra işğalçı qüvvələr öz əməliyyatının radiusunu genişləndirdi və Dağlıq Qarabağ Vilayətinə bitişik olan təxminən yeddi inzibati rayon qəsb edildi. Ümumiyyətlə, 86 min kvadrat kilometr olan Azərbaycan ərazisinin 16 min kvadrat kilometrindən çoxu, yəni onun 20 faizi işğal olunmuşdur.

Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş Azərbaycan rayonlarında ancaq Azərbaycan millətindən olan adamlar yaşayırdılar. Bu işğal nəticəsində onların hamısı zorla, silah gücünə həmin rayonlardan qovuldu, indi Azərbaycanın müxtəlif rayonlarında yerləşdirilmişdir, onların böyük əksəriyyəti artıq neçə illərdir çadırlarda və təbii olaraq, çox ağır şəraitdə yaşayır.

Bu münaqişə, müharibə nəticəsində Azərbaycana çox böyük maddi ziyan vurulmuş, on minlərlə adam həlak olmuşdur. Mənəvi zərər də çox böyükdür. İşğal olunmuş ərazilərdə hər şey, o cümlədən yaşayış evləri, inzibati binalar, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları, bütün infrastruktur, müqəddəs yerlər, milli arxitektura, incəsənət abidələri dağıdılmış, qarət edilmişdir. Bu torpaqlarda törədilmiş vəhşilik, azğınlıq son həddə çatır.

Biz öz ərazi bütövlüyümüzü, öz suverenliyimizi qoruyaraq bu münaqişənin dayandırılmasına çalışırıq və 1994-cü ildə atəşkəsə razılıq verdik. Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında saziş bağlandı. Bu, 1994-cü ilin mayında olmuşdur. Atəşkəs rejimi indiyədək qalır və mən bunu 1988-ci ildən başlanmış qanlı müharibə fonunda tərəflərin mühüm nailiyyəti hesab edirəm.

Səciyyəvi haldır ki, atəşkəs rejimi xarici çoxmillətli sülhyaratma qüvvələri cəlb olunmadan, yəni razılaşmalar əsasında, münaqişə tərəflərinin qüvvələri ilə saxlanılır. Bu, qeyd edilməli olan mühüm müsbət amildir.

Münaqişəni dincliklə aradan qaldırmaq prosesini ATƏT-in 1992-ci ildə yaradılmış Minsk qrupu həyata keçirir. Bu məsələ ilə Birləşmiş Millətlər Təşkilatı da, Təhlükəsizlik Şurası da məşğul olmuşdur. Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən Azərbaycan rayonları işğal edilərkən BMT-nin Təhlükəsizlik Şurası bu məsələyə bir neçə dəfə baxmışdır. 1992-ci ilin təxminən axırlarından başlayaraq Təhlükəsizlik Şurasının dörd qətnaməsi - 822, 853, 874 və 884 nömrəli qətnamələri qəbul edilmişdir. Bundan başqa, bu məsələ ilə əlaqədar Təhlükəsizlik Şurası sədrinin bir neçə xüsusi bəyanatı olmuşdur. Bütün bu qətnamələrdə, bəyanatlarda erməni silahlı birləşmələrinin işğal etdikləri Azərbaycan rayonlarından çıxarılması, bu rayonların qeyd-şərtsiz azad edilməsi tələbi aydın və dürüst şəkildə irəli sürülmüşdür, lakin Təhlükəsizlik Şurasının bu qətnamələri və onun sədrinin bəyanatları həmin əraziləri işğal etmiş ermənilər tərəfindən yerinə yetirilməmişdir və həyata keçirilməmiş qalmışdır.

Bununla bərabər, BMT və Təhlükəsizlik Şurası ATƏT-ə bu məsələ ilə məşğul olmaq mandatı vermiş və 1992-ci ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dincliklə aradan qaldırılması üçün ATƏT öz tərkibində Minsk konfransı - Minsk qrupu yaratmışdır. Bütün bu müddətdə Minsk qrupu bu məsələ ilə ardıcıl məşğul olmuşdur. Ancaq təəssüf ki, müsbət nəticələr olmamışdır. 1994-cü ilin dekabrında ATƏT-in Budapeşt Zirvə görüşündə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə edilmişdir. ATƏT-in qərarı qəbul olunmuşdur. Bu qərarda məsələni Azərbaycanın ərazi bütövlüyü prinsipləri və işğalçı qoşunları onların qəsb etdikləri Azərbaycan rayonlarından çıxarmaq prinsipləri əsasında tez bir zamanda dincliklə tənzimləmək nəzərdə tutulur. Elə o vaxt işğalçı qoşunların qəsb olunmuş Azərbaycan ərazilərindən çıxarılmasında və münaqişənin dincliklə aradan qaldırılmasının təmin olunmasında istifadə etmək üçün ATƏT-in çoxmillətli sülhməramlı qüvvələrini yaratmaq haqqında qərar qəbul edilmişdir.

1996-cı ilin dekabrında ATƏT-in Lissabon Zirvə görüşündə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yenə də yüksək səviyyədə müzakirə mövzusu olmuşdur. O vaxt münaqişəni dincliklə aradan qaldırmaq prinsipləri qəbul edilmişdir. Bu prinsiplər üç bənddən ibarətdir. Birincisi, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazi bütövlüyünün tanınması. İkincisi, Azərbaycanla saziş əsasında Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində yüksək özünüidarə statusu verilməsi. Üçüncüsü, Dağlıq Qarabağın bütün əhalisi üçün təhlükəsizliyin təmin edilməsi. Təəssüf ki, ATƏT-in bütün üzvlərinin dəstəklədiyi bu sənəd, - ona 53 dövlət səs vermişdi, - Ermənistan tərəfindən rədd edildi, Ermənistan onun əleyhinə səs verdi. Təəssüf ki, Ermənistan Dağlıq Qarabağa müstəqillik statusu verilməsi iddiaları və tələbləri mövqeyində indiyədək qalmaqdadır.

Əlbəttə, biz hesab edirik ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dincliklə nizama salınması üçün kompromislər, fəal tədbirlər lazımdır. Azərbaycan həmişə kompromisli mövqelər tutur. Azərbaycanın Lissabon Zirvə görüşündə dincliklə nizamasalma prinsiplərinin qəbul edilməsinə razılıq verməsi də onun tərəfindən edilmiş kompromisdir. Dağlıq Qarabağa ən yüksək özünüidarə statusu verilməsinə razılığın özü də böyük kompromisdir, çünki bu, unitar bir dövlət kimi Azərbaycanın suverenliyinə xələl gətirir. Lakin erməni tərəfi kompromisə getmir və təkrar edirəm, Dağlıq Qarabağa müstəqillik verilməsi mövqelərində indiyədək qalmaqdadır.

Biz bu gün də kompromis mövqedə durmuşuq, amma heç vaxt razılaşa bilmərik ki, Dağlıq Qarabağa müstəqillik statusu verilsin. Biz razılaşa bilmərik ki, Azərbaycanın ərazisində ikinci erməni dövləti yaradılsın. Buna görə də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını tələb edirik.

Lissabon Zirvə görüşündən sonra ATƏT-in Minsk qrupunun həmsədrliyində dəyişikliklər baş verdi. İndi Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa onun həmsədrləridir. Biz bunu alqışlayırıq, ona görə ki, əgər dünyanın üç iri dövləti, Təhlükəsizlik Şurasının üç daimi üzvü Ermənistanla Azərbaycan arasında münaqişənin həlli üzrə Minsk konfransında həmsədrlik funksiyasını həyata keçirmək öhdəliyini öz üzərlərinə götürürsə, deməli, onlar bu məsələni həll etməlidirlər və buna qadirdirlər, odur ki, biz bu dəyişikliyi alqışladıq və buna böyük ümidlər bəsləyirik.

İyunun 20-də Denverdə \"Səkkizlər\"in dövlət başçılarının görüşündə Rusiya prezidenti Boris Yeltsin, Amerika prezidenti Bill Klinton və Fransa prezidenti Jak Şirak Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dincliklə aradan qaldırılmasının zəruriliyi haqqında birgə bəyanat vermişlər. Bu, müsbət addımdır, biz sonrakı konkret tədbirləri gözləyirik.

İyunun əvvəllərində yeni heyətdə Minsk konfransının həmsədrləri yeni təkliflər irəli sürdülər. Biz onları nəzərdən keçirmişik və iyulun 18-də onlarla regionda yenidən görüşdük, onların yeni təkliflərini aldıq. Bu təkliflər iki hissədən ibarətdir. Birinci hissədə erməni silahlı birləşmələrinin işğalı altında olan altı rayondan onların çıxarılması, bu rayonların sakinlərinin öz yaşayış yerlərinə qayıtması nəzərdə tutulur. İkinci hissə Dağlıq Qarabağın statusunun qəti olaraq müəyyənləşdirilməsinə və bununla eyni zamanda Azərbaycanın digər iki rayonu - Laçın və Şuşa rayonları haqqında məsələnin həllinə, yəni onların işğalçı qoşunlardan azad edilməsinə və bu rayonların sakinlərinin oraya qayıtmasına aiddir.

Şübhəsiz ki, bu təkliflərdə əvvəlki təkliflərlə müqayisədə müsbət məqamlar var, lakin işlənməli, tənzimlənməli olan məsələlər də var. Elə məsələlər var ki, biz onlarla razılaşa bilmərik. Buna baxmayaraq, biz bu təkliflərə müsbət cavab verdik, çünki hesab edirik ki, onlar danışıqlar prosesini gücləndirmək üçün əsas ola bilər, indi biz bu istiqamətdə əməli tədbirlər gözləyirik.

Söhbətin nədən getdiyini əyani surətdə göstərmək istərdim. Bu, Azərbaycanın xəritəsidir. Bu, Ermənistandır, bura Naxçıvan Muxtar Respublikasıdır və o, Azərbaycana məxsusdur. Müxtəlif rənglərlə boyadılmış bu Azərbaycan əraziləri erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdur. Dağlıq Qarabağın ərazisi qırmızı, Azərbaycanın Dağlıq Qarabağ ətrafında və ancaq azərbaycanlıların yaşamış olduğu inzibati rayonlarının ərazisi yaşıl, Laçın və Şuşa rayonlarının ərazisi sarı rənglə boyanmışdır. Laçın rayonu Dağlıq Qarabağla Ermənistan arasında yerləşir. Erməni tərəfi Dağlıq Qarabağla Ermənistan arasında nəqliyyat-kommunikasiya əlaqəsinin olması baxımından Laçın rayonunu özü üçün mühüm sayır.

Laçın rayonundan keçib Dağlıq Qarabağı Ermənistanla birləşdirən yol qara xətlə çəkilmişdir. Bura Şuşa rayonudur, o, Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmuşdur, lakin orada həmişə əsasən azərbaycanlılar yaşamışlar. Şuşa rayonu Azərbaycanın tarixi və mədəni mərkəzidir, orada Azərbaycan xalqının nadir memarlıq və incəsənət abidələri var. Ona görə də biz əyanilik üçün bu rayonları sarı rənglə boyamışıq, bu zaman onu əsas tutmuşuq ki, Minsk qrupunun həmsədrləri tərəfindən axırıncı dəfə təqdim olunmuş təkliflərdə söhbət məhz bundan gedir ki, yaşıl rənglə boyanmış bu rayonlar işğalçı qoşunlardan azad edilməli, bu sülhməramlı əməliyyatın həyata keçirilməsi üçün yaradılmalı olan ATƏT-in sülhməramlı qüvvələri Dağlıq Qarabağ vilayətinin sərhədində və Ermənistanla Azərbaycanın sərhədində, - mən işğal edilmiş əraziləri nəzərdə tuturam, - yerləşdirilməlidirlər. Bu təkliflərə uyğun olaraq növbəti mərhələdə Dağlıq Qarabağın statusu məsələsinə və bu məsələ ilə eyni zamanda Laçın və Şuşa rayonları ərazilərinin işğalçı qoşunlardan azad edilməsi məsələsinə baxılmalıdır.

Erməni tərəfinin həmişə irəli sürdüyü məsələ Ermənistanla əlaqə üçün Dağlıq Qarabağa dəhliz verilməsindən ibarətdir. Biz bu cür dəhlizi həmişə təklif etmişik, yeri gəlmişkən, bu gün də təklif edirik. Bu dəhliz beynəlxalq sülhməramlı qüvvələrin nəzarəti altında Laçın rayonunun ərazisində verilə bilər. Bu dəhlizin parametrləri barədə bizim konkret mülahizələrimiz də var. Odur ki, bu bölgədə sülhün və dincliyin tamamilə bərqərar edilməsi üçün sülhməramlı qüvvələrin nəzarəti altında olacaq bu dəhliz Dağlıq Qarabağın Ermənistanla müntəzəm əlaqəsini büsbütün təmin edəcəkdir.

İndi danışıqlar üçün, bu məsələnin həlli üçün məqbul mövqe məhz bundan ibarətdir.

O ki qaldı Dağlıq Qarabağa status verilməsinə, biz dəfələrlə demişik ki, bu statusu dünyada mövcud olan nümunələr əsasında, belə muxtar qurumlar üçün dünyada mövcud olan statuslar əsasında verməyə hazırıq. Belə qurumlar Rusiyanın tərkibində də var. Məsələn, Tatarıstan Rusiyanın tərkibində çox yüksək özünüidarə statusuna malikdir. Belə qurumlar Avropada da, Yer kürəsinin başqa hissələrində də mövcuddur. Yəni artıq bu cür praktika var və bu praktika tarixən təşəkkül tapmışdır. Biz bu cür statusun hər hansı modelindən istifadə edərək onu Dağlıq Qarabağ barəsində də tətbiq edə bilərik. Lakin bir daha təkrar edirəm ki, biz Dağlıq Qarabağa müstəqillik statusu verilməsi ilə əsla razılaşa bilmərik. Hesab edirəm ki, buna Dünya Birliyi də yol verməməlidir, çünki iddialar Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə, beynəlxalq hüquq normalarının prinsiplərinə və ATƏT-in prinsiplərinə ziddir.

Hazırda dünyada müxtəlif münaqişələr baş verir, onlardan bəziləri bununla bağlıdır ki, ayrı-ayrı milli qurumlar müstəqillik əldə etməyə çalışırlar. Belə hallardan heç birində bu cür tələb ödənilməmişdir. Bu, burada da ödənilməməlidir və ödənilə bilməz. Ona görə ki, erməni xalqı artıq çoxdan öz müqəddəratını müəyyənləşdirib, müstəqil Ermənistan Respublikası simasında öz dövlətinə malikdir. Daha bir, sonra isə ola bilsin üçüncü və dördüncü Ermənistan Respublikası yaradılması beynəlxalq hüquq normalarının müasir anlayışlarına heç cür sığışa bilməz.

İndi bizi narahat edən başlıca məsələ, əslində məhz bundan ibarətdir. Təbii ki, bununla bağlı digər məsələlər də var və onlar Azərbaycan üçün böyük çətinliklər yaradır. Məsələn, 1992-ci ildə Amerika Birləşmiş Ştatlarının Konqresi Azərbaycanın Ermənistanı guya blokadaya aldığına görə ölkəmiz barəsində çox ədalətsiz bir qərar qəbul etdi. ABŞ tərəfindən Azərbaycana hər hansı yardım göstərilməsinə embarqo qoyuldu. Lakin indi Amerika cəmiyyətində, Konqresdə, ABŞ hökumətində bu qərarın ədalətsizliyi barədə rəy yetişir və biz də onun ləğv edilməsinə çalışırıq. Amma bu da bu məsələ ilə bağlıdır. Yeri gəlmişkən, demək istəyirəm ki, Ermənistan o vaxtlar da Azərbaycan tərəfindən blokadaya alınmamışdı və bu gün də blokadada deyildir. Ermənistan Gürcüstan ərazisi ilə Qara dəniz limanlarına çıxmaq üçün, İran ərazisi ilə başqa ölkələrə çıxmaq üçün kifayət qədər yaxşı kommunikasiya əlaqələrinə malikdir. Buna görə də guya Ermənistanın kommunikasiya blokadası şəraitində qaldığı və buna guya Azərbaycanın təqsirkar olduğu barədə süni surətdə yaradılmış rəy gerçəkliyə qətiyyən uyğun deyildir. Bu, gerçəkliyə onda da uyğun olmayıbdır, indi də uyğun deyildir.

Yeri gəlmişkən, əgər blokadadan danışmalı olsaq, onda baxın, Azərbaycan dəmir yolu ilə Ermənistanla kommunikasiya əlaqələrinə malik idi, dəmir yolu Bakıdan başlayaraq İran Azərbaycan sərhədi boyu bu xətlə gedir, onun təxminən 40 kilometri Ermənistan ərazisindən, sonra Naxçıvan Muxtar Respublikasının ərazisindən keçib Ermənistana gedir. Erməni silahlı birləşmələri Azərbaycanın İranla həmsərhəd olan və dəmir yolunun keçdiyi Füzuli, Cəbrayıl, Zəngilan rayonlarını bir-birinin ardınca işğal edərək, bu yolu özləri dağıtmış, özləri özlərini bu dəmir yol kommunikasiyasından məhrum etmişlər. Halbuki ağır blokada vəziyyətində olan Naxçıvan Muxtar Respublikasıdır. İndi o, Azərbaycanın əsas hissəsi ilə nə avtomobil yoluna malikdir, nə də dəmir yoluna. Naxçıvan Azərbaycanla ancaq hava yolu ilə əlaqə saxlayır. Görün, kim blokada vəziyyətindədir. Əlbəttə, Azərbaycanın Naxçıvan Muxtar Respublikası. Həm də bu blokada ölkəmizə qarşı erməni təcavüzünün nəticəsidir. Bu reallıqlar barəsində sizə ona görə məlumat verirəm ki, sizdə düzgün təsəvvür olsun.

Bütün bunlardan danışaraq bəyan etmək istəyirəm ki, biləsiniz: Ermənistan-Azərbaycan münaqişəsini dincliklə aradan qaldırmaq, tam sülhə nail olanadək atəşkəs rejimini saxlamaq mövqelərində Azərbaycan qəti dayanmışdır. Bu gün sizə qəti şəkildə bildirirəm ki, biz hərbi əməliyyatların yenidən başlanmasına heç vaxt yol verməyəcəyik, biz bunu istəmirik. Biz sülh istəyirik, məsələnin dincliklə tənzimlənməsini, Ermənistanla Azərbaycan arasında, nəhayət, uzunmüddətli və möhkəm sülh əldə edilməsini istəyirik. Bu, həm Ermənistanın, erməni xalqının xeyrinədir, həm də Azərbaycanın, Azərbaycan xalqının xeyrinədir.

Tale elə gətirmişdir ki, biz əsrlər boyu, minillər boyu qonşu olaraq yaşayırıq və gələcəkdə də belə olacaqdır. Heç kim - nə ermənilər, nə də azərbaycanlılar planetin başqa bir hissəsinə köçmək fikrində deyildirlər. Ona görə də bu reallığı nəzərə almaq və bunu əsas tutmaq lazımdır. Bu münaqişə nə qədər ağır olsa da, aradan qaldırılmalıdır. Sülh yaratmaq lazımdır. Bu, Ermənistanın xeyrinədir, çünki o, Azərbaycanla çox fəal iqtisadi əlaqələrə, ticarət əlaqələrinə malik olacaqdır. Bu, Azərbaycanın da xeyrinədir. Lakin bu, Azərbaycanın ərazi bütövlüyünün tamamilə bərpa olunması, onun işğal olunmuş ərazilərinin erməni silahlı qüvvələrindən azad edilməsi, bir milyon azərbaycanlı qaçqının öz yaşayış yerlərinə, o cümlədən də azərbaycanlıların Dağlıq Qarabağ ərazisinə qayıtması, Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində yüksək dərəcəli status verilməsi şərtilə mümkündür.

Bizim mövqeyimiz qətidir, bununla birlikdə, hesab edirik ki, bütün bunlara nail olmaq üçün gələcəkdə də mümkün kompromislərə getmək lazımdır. Lakin bizim tərəfimizdən kompromis edilmişdir və biz erməni tərəfindən də kompromisə gedilməsini gözləyirik.

Sizə demək istədiyim bunlardır. Hələ çox şey deyə bilərdim, lakin vaxt saxlamaq istəyirəm ki, mənə sual verə biləsiniz, əlbəttə, əgər suallarınız varsa. Diqqətinizə görə sağ olun.

Engin Ansay (İslam Konfransı Təşkilatının BMT-dəki daimi nümayəndəsi): Hörmətli səfirlər, bildiyiniz kimi, bu, BMT-nin üzvü olan bir sıra digər dövlətlərin dəvət edilmiş nümayəndələrinin iştirakı ilə səfirlər səviyyəsində islam qrupunun geniş iclasıdır. Möhtərəm prezident Heydər Əliyev buraya gələrək bəyanatla çıxış etdi və sizə təklif etdi ki, suallarınızı verəsiniz. Əgər sualınız varsa, mən arzu edənlərə söz verirəm.

Nabil əl-Ərəbi (Misir səfiri): Azərbaycan prezidentinin ünvanına söylənilmiş təbrik sözlərinə qoşulmaq istərdim, mənə onu bu gün, dünən Təhlükəsizlik Şurasında dinləmək şərəfi nəsib oldu. Təhlükəsizlik Şurasında o öz hökumətinin mövqeyini, sülh proqramını şərh etdi, öz ölkəsindəki vəziyyətdən danışdı. Onun çıxışını dinləməyə imkan verib bizə göstərdiyi şərəfə görə ona bir daha təşəkkür etmək istəyirəm. Sağ olun.

Engin Ansay: Çıxış etmək istəyən varmı? Əgər yoxdursa, onda icazə verin, islam qrupunun üzvlərinə, prezident Əliyevə onun mühüm çıxışına görə dərin minnətdarlığımı bildirim. Onu əmin etmək istərdim ki, qrup onun toxunduğu mühüm məsələlərin nəzərdən keçirilməsini davam etdirəcəkdir.

Heydər Əliyev: Bu görüşə gəldiyinizə görə, məni çox diqqətlə dinlədiyinizə görə sizin hamınıza təşəkkür etmək istəyirəm. Mən bunda Azərbaycan Respublikasına, onun problemlərinə və xüsusən hamınızı narahat edən bir məsələyə - Ermənistanla Azərbaycan arasında münaqişənin həlli məsələsinə qayğı və diqqət görürəm. Ümidvaram ki, mənim izahatlarım, açıq, səmimi sözlərim və sülhsevər mövqeyimizi dürüst şərh etməyim sizə Birləşmiş Millətlər Təşkilatında və təbii olaraq, sizin hər birinizə öz ölkələrinizdə Ermənistanla Azərbaycan arasında münaqişənin tezliklə aradan qaldırılmasına mümkün yardımı göstərməyə kömək edəcəkdir. Biz ATƏT-in, onun Minsk konfransının imkanından istifadə edirik. Lakin bütün Dünya Birliyinin ali təşkilatı kimi Birləşmiş Millətlər Təşkilatı, təbii olaraq, daha böyük imkanlara malikdir. Siz bizim işlərimizə nəzarət edirsiniz və istəyirəm ki, münaqişənin dincliklə, ədalətlə, obyektiv surətdə aradan qaldırılmasının zəruriliyi ilə həmişə həmrəy olasınız.

Misir səfirinə Azərbaycanın ünvanına söylədiyi xoş sözlərə görə təşəkkür edirəm. Cənab sədr, Azərbaycanın ünvanına xoş sözlərinizə görə və belə görüşü təşkil edə bildiyinizə görə sizə təşəkkür edirəm. Sizə bunun üçün təşəkkür edirəm.

Reqlamentə görə, hələ 15 dəqiqə vaxtım qalır. Odur ki, ikinci məruzəni etmək istədim, amma sizə rəhm etməyi qərara aldım və buna görə də ikinci məruzəni etməyəcəyəm. Sağ olun, görüşənədək, gələn görüşlərədək.

\"Azərbaycan\" qəzeti, 31 iyul 1997-ci il