Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Livanın Baş Naziri Rafiq əl-Həriri ilə görüşdəki söhbətindən - Tehran, 11 dekabr 1997-ci il

Heydər Əliyev: Hörmətli cənab Əl-Həriri, Sizi mehribanlıqla salamlayıram. Azərbaycan  ivanla əlaqələrə ciddi maraq göstərir. Xatırladım ki, məhz bu məqsədlə mən Azərbaycanın Xarici İşlər    Naziri Həsən Həsənovu Livana səfərə göndərmişəm. Vurğulayıram ki, Azərbaycanın Misirdəki səfiri İsrafil Vəkilovu həm də Livanda səfir təyin etmişəm. Ölkələrimiz arasında bütün sahələrdə qarşılıqlı surətdə faydalı əlaqələrin inkişaf etdirilməsi üçün bir sıra ikitərəfli sənədlərin imzalanmasının vacib olduğunu bildirirəm.

Əl-HəririGörkəmli dövlət xadimi Heydər Əliyevlə görüşümdən şərəf duyduğumu nəzərə çarpdırıram. Qeyd edim ki, Azərbaycanla əməkdaşlığın durmadan möhkəmləndirilməsinə  Livanda xüsusi əhəmiyyət verilir. Elə bu məqsədlə də Azərbaycanın Xarici İşlər Naziri Həsən Həsənovla apardığım danışıqlar barədə Sizə məlumat verməyi özümə borc bilirəm. Əmin olduğumu bildirirəm ki, İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının VIII zirvə görüşü müsəlman aləminin həmrəyliyinin möhkəmləndirilməsində mühüm rol oynayacaqdır. Qeyd edirəm ki, nüfuzlu beynəlxalq təşkilatlarda Azərbaycan-Livan əlaqələrinin daha da sıxlaşdırılması zəruridir.

Heydər Əliyev: Ermənistanın Azərbaycana təcavüzü və bu təcavüzün doğurduğu problemlər müstəqil Azərbaycan Respublikasının və onun xalqının qarşısında duran ən ağrılı və çətin problemlərdir. Bu münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar aparılır. Onların gedişi ümidvericidir. Həmsədrlərin irəli sürdüyü təkliflər də bu münaqişənin tezliklə aradan qaldırılması qayğısından irəli gələn maraqlı təkliflər hesab edilə bilər. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi bu münaqişəni tezliklə aradan qaldırmağa yol vermir. Nəzərə çarpdırıram ki, nüfuzlu beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti və bir çox böyük dövlətlər Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına xüsusi diqqət yetirmələri, bu məsələnin həllinin vacibliyini bir daha nümayiş etdirir. Əmin olduğumu bildirirəm ki, İslam Konfransı Təşkilatının VIII zirvə görüşü Ermənistanın təcavüzünü qətiyyətlə pisləyən əhəmiyyətli sənədlər qəbul edəcək və üzv dövlətlər Azərbaycanın haqq işini dəstəkləyəcəklər. Hörmətli cənab Əl-Həriri, mən Sizi Azərbaycana rəsmi səfərə dəvət edirəm.

Əl-Həriri: Mən bu dəvəti məmnunluqla qəbul edirəm və bildirirəm ki, 1998-ci ildə mütləq Azərbaycana gələcəyəm.