Qurban bayramı münasibəti ilə xalqa təbrik - 20 may 1994-cü il

Rəhmli, mərhəmətli Allahın adı ilə!

Allah-təalanın dinimizi tamamlayıb mükəmməl etdiyi, İslamı bir din kimi bizim üçün bəyənib seçdiyi bu əziz gündə bütün müsəlman baçı və qardaşlarımızı ürəkdən təbrik edir, onlara cansağlığı və xoşbəxt həyat arzulayıram.

Hamımız üçün müqəddəs olan Qurban bayramı günlərində ən ümdə arzu və diləklərimiz doğma Azərbaycanın ərazi bütövlüyünə qarşı edilən sui-qəsdlərin dəf olunması, ölkəmizdə sülhün, əminamanlığın bərqərar olması, xalqın social-iqtisadi sıxıntılar məngənəsindən xilas olaraq asudə və firavan həyata qovuşmasıdır. Mən əminəm ki, bu arzular Allahın mərhəməti və köməyi, xalqımızın qeyrəti və zəhməti sayəsində yaxın gələcəkdə həyata keçəcəkdir. Azərbaycan xalqının böyük qəhrəmanlıq salnaməsi, əzmkarlıq və müdrikliklə zəngin ulu tarixi bu inam üçün möhkəm zəmindir.

Mübarək Qurban bayramı adətən insanlar arasında umu-küsülərin, kin-küdurətin aradan qaldırılması, yaxınların yad olunması, çəmiyyətdə mehribanlıq və qardaşlıq tellərinin möhkəmləndirilməsi üçün ən gözəl münasibət olmuşdur.

Qoy bu ilki mübarək Qurban bayramı da müstəqil Azərbaycanımızın tərəqqisi naminə milli həmrəyliyin daha da möhkəmləndirilməsi işinə xidmət etsin!

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.