ANS şirkətlər qrupunun və Çingiz Mustafayev adına fondun təsis etdiyi \"2002-ci ilin adamı\" mükafatının və diplomunun təqdim olunması mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 11 yanvar 2003-cü il

Hörmətli xanımlar və cənablar!

Mən sizi bu gün bu mərasimdə səmimi qəlbdən salamlayıram və belə bir qeyri-adi görüşdə hamımızın bir yerdə olmağından çox məmnunam.

Azərbaycan prezidenti kimi mən Azərbaycanda mükafatlar verirəm, insanları təltif edirəm - hamısını mən edirəm. Amma indi Azərbaycanda ilk dəfədir ki, məni təltif ediblər və mənə mükafat veriblər. Ona görə bu, həqiqətən, çox əlamətdar hadisədir və bu münasibətlə mən Çingiz Mustafayev fonduna, ANS şirkətlər qrupuna öz təşəkkürümü, minnətdarlığımı bildirmək istəyirəm.

Bu hədiyyə mənim üçün çox qiymətlidir. Ən birincisi, onun adına görə. Çingiz Mustafayevin adını daşıyan fond Azərbaycanda uzun illərdir fəaliyyət göstərir. Bu fond Milli Qəhrəmanın, Azərbaycanın istedadlı jurnalistlərindən birinin xatirəsinə yaranmış fonddur. Çingiz Mustafayevin qısa müddətli həyatı, Ermənistanın Azərbaycana təcavüz etdiyi ilk illərdə bir jurnalist kimi çox cəsarətli və məharətli fəaliyyəti nümunə olmuşdur, böyük örnək olmuşdur. Hesab edirəm ki, bu, həqiqətən, Azərbaycanın bütün jurnalistləri üçün böyük nümunə olmalıdır.

Vətən yolunda şəhid olan hər bir insan qəlbimizdə, xalqımızın qəlbində yaşayır və yaşamalıdır. Ancaq belələrinin, müharibənin qızğın dövründə qorxmadan özünü odun-alovun içinə ataraq, həqiqətləri xalqa və dünyaya çatdırmaq arzusu ilə yaşayan Çingiz Mustafayev kimi insanın xatirəsi bizim üçün daha da əzizdir. Ona görə də bu hədiyyə mənim üçün böyük əhəmiyyət kəsb edir.

ANS Azərbaycanda ilk müstəqil televiziya kanalıdır. ANS-in yaranma tarixi məlumdur. O müxtəlif formalarda hələ 1990-cı illərin əvvəllərindən fəaliyyət göstərməyə başlamışdı. Bu da məhz Çingiz Mustafayevin qardaşı Vahid Mustafayevin və digərlərinin səyləri nəticəsində mümkün olmuşdu. Bilirəm, onların qarşısı alınmışdı, verilişləri bir neçə dəfə bağlanmışdı, qadağan edilmişdi, ancaq onlar öz tutduqları yoldan çəkilməmişdilər. Demək, onlar da Çingiz Mustafayevin xüsusiyyətlərinə sadiq olaraq, öz yolları ilə inadla getmişlər və Azərbaycanda özəl televiziya şirkətlərinin yaranmasının əsasını qoymuşlar.

Təbiidir ki, özəl teleşirkətlər heç də hamının xoşuna gəlmir. Bəzən elə burada olanları da narahat edir, bəzi verilişləri mənim özümün də xoşuma gəlmir. Mən bunu açıq etiraf etməliyəm. Ancaq nə etmək lazımdır? Dözmək lazımdır. Çünki bizim demokratiyanın, söz azadlığının, insan azadlığının yollarından biri də budur. Biz bu yola düşmüşük, Azərbaycanda dövlət müstəqilliyini əldə edəndən sonra bunu bəyan etmişik. Mən bunu Azərbaycanın prezidenti kimi deyirəm, bəyan etmişik ki, bizim yolumuz demokratiya yoludur, siyasi plüralizm yoludur, insan haqlarına hörmət yoludur, bazar iqtisadiyyatı, sərbəst iqtisadiyyat yoludur. Qurduğumuz, yaratdığımız hüquqi, demokratik, dünyəvi dövləti ancaq bu yolla inkişaf etdirmək olar. Biz bu yolda çox işlər görmüşük. Ancaq bu yol heç vaxt, heç vaxt hamar olmayıbdır. Əgər biz bu yolla gedərək, kənardan tənqidləri eşitməsək, buraxılan səhvlər haqqında deyilən haqq sözləri eşidib, qavrayıb, onlardan nəticə çıxarmasaq, ancaq öz bildiyimiz kimi etsək, onda təbii ki, çox səhvlər buraxarıq. Elə indiyə qədər də səhvlər buraxılıbdır. Mən etiraf edirəm ki, bizim getdiyimiz bu yolda səhvlərimiz də olubdur, qüsurlarımız, nöqsanlarımız bu gün də var, hamısı var. Amma hakimiyyətdə olanlar, icra orqanlarında işləyənlər bunları bəzən ya görə bilmirlər, görsələr də, əhəmiyyət vermirlər. Ancaq bizə azad mətbuat, o cümlədən, xüsusən müstəqil telekanallar vaxtlı-vaxtında müəyyən məsələləri xatırlatmasa, tənqid etməsə, yenə də deyirəm, səhvlər daha da çox olar.

Məsələn, mən dünən axşam ANS-ə baxırdım. Bayılda sürüşmə ilə əlaqədar bir süjet göstərdilər ki, oradan insanları çıxarmaq istəyirlər, onlar müqavimət göstərib, hay-küy salıblar, polis gəlibdir. Sonra onun dalınca ikinci bir süjet getdi. Biz Mingəçevirdə qaçqınlar üçün yer ayırmışıq ki, evlər tikilsin və onlar orada indi qaldıqları dövlət binalarından, məktəblərdən çıxsınlar. Xüsusən də orada avarçəkmə üzrə çox əhəmiyyətli idman bazamız var. O, beynəlxalq xarakter daşıyan bir idman bazasıdır. Onları vaxtilə orada yerləşdiriblər. Həm də onların yaşadığı yerlər münasib deyildir. Amma indi onlar üçün tikilən evləri televiziyada bəzən göstərirlər. Onlar həmin evlərə köçməlidirlər. Orada da narazılıq var ki, guya o yer düz seçilməyibdir, şoranlıqdır, filandır. Mən bu iki süjeti gördüm. Fikirləşdim ki, sabah soruşacağam ki, bu məsələ nədir. Ancaq heç sabaha qoymadım, bir saatdan sonra baş nazir Rasizadəni evində telefonla narahat etdim. Dedim ki, mən televiziyaya baxırdım, ANS kanalına baxırdım. Belə şeyləri gördüm. O dedi ki, mən də gördüm. Mənə izahat verdi ki, insanlar anlaşılmaz hərəkətlər edirlər. Mən onun dediyini deyirəm. Bayılda zona var, sürüşmə gedir. Orada bir-iki dəfə böyük sürüşmədən faciələr oldu. İndi orada aparılan müşahidələr göstərir ki, sürüşmə yenə ola bilər. İnsanlar da sürüşmə ehtimalı olan yerlərdə yaşayırlar. Onları başqa yerlərə köçürmək üçün yer planlaşdırılmışdır, amma oradakılar istəmirlər. Yerli icra orqanları təbiidir ki, nəzarət etməyiblər, pis işləyiblər və insanlar oradan çıxmaq əvəzinə, yeni qanunsuz evlər tikiblər. Orada tikilənlərin hamısı qanunsuzdur. Rasizadə deyir ki, oranın nə kanalizasiyası var, nə su xətti var, nə də başqa şeyləri var. Amma oradan köçmək də istəmirlər.

Mən televiziyadan belə başa düşdüm. Orada qışqıran deyir ki, mənim pulumu ver, köçüm. Çünki onlara pul vermək lazımdır ki, gedib başqa yerlərdə ev alsınlar. Bu, problem deyil, verilən o pula gedib ev ala bilərlər. Ancaq indi bilmirəm, orada vəziyyət nə təhərdir, bunu demək istəmirəm. Mən bunları Rasizadəyə dedim. Əlbəttə, Rasizadə bunu görmüşdü. Amma dedi ki, yaxşı, biz bunu edirik, daha televiziyada vermək nəyə lazımdır. Mən dedim, sən indi belə deyirsən, ancaq onlar bunu verməsəydilər, biz də görməzdik. Sənə gəlib deyirlər ki, edirik. Sən də mənə deyirsən ki, edirik. Biz də rahatlanırıq. Amma bunlar göstərəndən sonra məcburuq bu işə qarışaq və aydınlaşdıraq ki, həqiqət nə yerdədir. Əgər doğrudan da həqiqət icra orqanlarının tərəfindədirsə, onda bildirək ki, belədir. Yox, elə deyilsə, belə deyək. Yəni mən dünənki hadisəni deyirəm. Axşam Rasizadə də istirahət edir, mən də istirahət edirəm. Ancaq ANS-ə baxıram və bunu görürəm, baş nazirə telefon edirəm və ona bu barədə göstərişlər verirəm. Demək, bu fakt özü özlüyündə özəl televiziya kanalının, - sizin, yaxud, o birisinin, o birisinin, - bizə köməyidir.

Ona görə də mən bu faktla bir də təsdiq etmək istəyirəm ki, sərbəst, azad mətbuat və o cümlədən özəl televiziya kanalları demokratik ölkədə geniş yayılmalıdır, inkişaf etməlidir və bizim hamımızın ümummilli mənafelərimizi təmin etmək üçün birlikdə çalışmalıdır. Amma bu sahədə qüsurlar da var. Xüsusən bəzi qəzetlər müəyyən məsələlərdə ifratçılığa yol verirlər. Jurnalistika etikası tamamilə pozulur. Beləliklə, bəlkə də bəzi hallarda və bir çox hallarda ədalətli tənqidləri də qəbul olunmur. Amma mən buna böyük bir proses kimi baxıram.

Mən dedim, ANS televiziya kanalı bir gündə inkişaf etməyibdir. 13 ildir yaranıbdır. Amma görün, birinci ildən indiyə qədər bu televiziya kanalı nə qədər dəyişibdir. O cümlədən ondan sonra yaranmış \"Spase\", \"Lider\", \"Azad Azərbaycan\" kanalları. Demək, görürsünüz, siz bu cığırı açmısınız. Sizin dalınızca da gedirlər. Mənə deyirlər, rayonlarda da belə kanallar var. Bölgələrə, rayonlara xidmət edirlər.

Ona görə mən sizin telekanal haqqında öz fikrimi deyirəm, hörmət və ehtiramımı bildirirəm, müsbət işlərinizi qiymətləndirirəm. Amma məsləhət görürəm ki, nöqsanlarınızı da aradan qaldırın. Bəzən jurnalistlərə belə gəlir ki, onlar nöqsansızdır. Onda mənim yadıma Məşədi İbad düşür. Bilirsiniz də, Məşədi İbad deyir ki, mənim eybim nədir? Fikirləşir, fikirləşir və deyir ki, mənim eybim eyibsizlikdir. İndi əgər siz də özünüzü tamamilə eyibsiz hesab etsəniz, onda Məşədi İbad olacaqsınız. Mən istəmirəm ki, siz Məşədi İbad olasınız.

Mən bəlkə də sizin vaxtınızı çox alıram. Ancaq mənə belə gəlir ki, bu sözlər burada deyiləsi sözlərdir və mən bunları deməli idim.

O məsələləri ki, siz yüksək qiymətləndirmisiniz və bununla əlaqədar məni \"İlin adamı\" elan etmisiniz, siz burada da məsələləri düzgün tutmusunuz. Yəni mən görürəm ki, siz məsələlərin hansının Azərbaycana nə qədər, hansı səviyyədə faydalı olduğunu müəyyən etmək qabiliyyətinə maliksiniz. Həqiqətən, siz qeyd etdiyiniz məsələlər Azərbaycan üçün çox əhəmiyyətli məsələlərdir.

Məsələn, Xəzərin statusu ilə əlaqədar. Siz təsəvvür edin, biz Azərbaycanın neft strategiyasını həyata keçirərək, 1994-cü ildə böyük müqavilə imzaladıq və bunu \"Əsrin müqaviləsi\" adlandırdılar. Bu, dünyada bir bomba kimi partladı və təbiidir ki, bunun ətrafında müzakirələr aparmağa başladılar. O vaxta qədər Xəzərdə nə qədər neft var, nə qədər neft çıxarmaq olar, nə etmək olar - bunları heç kəs yadına salmırdı. O cümlədən Xəzəryanı dövlətlər - Rusiya da və başqa dövlətlər də.

Amma bilin, biz bu müqaviləni imzalayanda orada yazılmışdı ki, buradan hasil olan neft gələcəkdə Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə ixrac ediləcəkdir. Əgər biz onu müqavilədə yazmasaydıq, bu müqavilə heç bir perspektivə malik olmazdı. Hansısa bir yerdə böyük neft ehtiyatının, qaz ehtiyatının olması, təbiidir ki, o yerin zənginliyidir. Amma onun istifadə edilməsi və dünya bazarına çıxarılması imkanları olmasa, onun üstündə oturacaqsan, elə ac qalacaqsan. Biz də bundan istifadə etmək imkanlarını tapdıq, dünyanın böyük neft şirkətlərini cəlb etdik və neftin ixrac olunması yolunu da müəyyən etdik. Ona görə də bu, böyük narazılıqlar meydana çıxardı.

Biz indi Rusiya ilə çox yaxşı bir sənəd imzaladıq. Ancaq 1994-cü ildə müqavilə imzalanandan 4-5 ay sonra Rusiya bizə nota vermişdi. Nəinki bizə, İngiltərəyə, bp-yə də nota vermişdi ki, siz qanunsuz iş görmüsünüz, Xəzərin statusu müəyyən olunmamış müqavilə imzalamısınız.

Mənim xatirimdədir, onun üstündən 6 ay keçmişdi, mən İstanbulda Böyük Britaniyanın o vaxtkı xarici işlər naziri ilə görüşdüm. Gördüm ki, o mənimlə pərişan bir vəziyyətdə danışır. Deyir ki, nə edəcəyik? Dedim, nə barədə? Deyir ki, bəs Rusiya belə bir nota veribdir, biz necə işləyəcəyik?! Mən dedim ki, siz narahat olmayın, biz işləyəcəyik. Amma ondan sonra nə qədər belə danışıqlar gedibdir, nə qədər müzakirələr gedibdir. Nəhayət, açıq deyim, Vladimir Putin Rusiyaya prezident seçiləndən sonra, 2001-ci ilin əvvəlində onun Azərbaycana ilk səfərindən sonra biz Rusiya ilə bu danışıqları sürətləndirə bildik. Yəni konstruktiv bir məcraya gətirə bildik. Nəhayət, sənəd imzaladıq. Qazaxıstanla da imzaladıq. İndi üç dövlət eyni fikirdədir.

Güman edirəm ki, biz bu danışıqları İranla da, Türkmənistanla da davam etdirəcəyik. Ümumiyyətlə, bununla qurtarmır. Xəzəryanı beş dövlət vaxtaşırı görüşüb danışmalıdır. Ayın 13-də Bakıya İranın xarici işlər nazirinin nümayəndəsi Səfəri ilə heyət gəlir. Biz burada danışıqlar aparacağıq. Sonra Azərbaycanda Xəzəryanı dövlətlərin ekspertlərinin görüşünü keçirmək nəzərdə tutulubdur. Bunu da edəcəyik. Beləliklə, güman edirəm, bu problemi həll edəcəyik. Ancaq siz qeyd etdiyiniz müqavilənin imzalanması həqiqətən tarixi bir hadisədir.

Mən o birilərini sadalamaq istəmirəm. Hər birinin böyük əhəmiyyəti var. Məsələn, Qəbələ RLS-i barədə. Bəziləri indi də deyirlər ki, düz etməyiblər, nə etməyiblər. Yaxşı, biz etmişik, nə olubdur? On ildi elə-belə qalmışdı, nə o tərəfə keçə bilirdik, nə də bu tərəfə. Amma indi ildə 7 milyon dollar icarə haqqı alırıq, suyun pulunu verirlər, elektrik enerjisinin pulunu verirlər - hər bir şeyi verirlər və orada öz işlərini görürlər. O işlərin görülməsinin də zərəri yoxdur. Nə bizim təbiətə zərəri var, nə ətraf mühitə zərəri var. Əksinə, əgər ümumi, qlobal nöqteyi-nəzərdən, təhlükəsizlik nöqteyi-nəzərindən baxsanız, o təkcə Rusiya üçün yox, Qərb dövlətləri üçün də çox əhəmiyyətlidir.

Bakı-Tbilisi-Ceyhan, bəli, bu da çox böyük düyünə düşmüş bir məsələ idi. Ancaq biz bunu addım-addım irəliyə apardıq. Görün, nə qədər vaxt keçibdir. 1998-ci ildə biz - Türkiyə, Qazaxıstan, Gürcüstan, Azərbaycan Ankarada birinci anlaşmanı imzaladıq, hətta Özbəkistanı da ona cəlb etdik. Orada Amerika Birləşmiş Ştatları çox fəal iştirak edirdi. Çünki onu imzalamaq çox çətin idi. Amerika Birləşmiş Ştatlarının o vaxtkı energetika naziri görüşlər keçirirdi, iştirak edirdi və orada o da imzasını qoydu.

1999-cu ildə İstanbulda ATƏT-in zirvə görüşündə biz - Türkiyə, Azərbaycan, Gürcüstan saziş imzaladıq. Sonra bəyannamə də imzaladıq. Ona Qazaxıstan da qoşuldu. Bunların hamısına Amerika Birləşmiş Ştatlarının prezidenti Bill Klinton da imzasını qoydu. Amma görün, ondan neçə il keçdi. Biz layihənin həyata keçirilməsi üçün bu işləri addımbaaddım, ilbəil, ardıcıl surətdə görmüşük. Bunun nəticəsi də gəlib çatdı. Biz keçən ilin sentyabrında boru kəmərinin təməlini qoyduq. Birbaşa tikinti işləri mart ayında başlayır, 2005-ci ildə qurtaracaq və neft Bakı-Tbilisi-Ceyhan kəməri ilə Ceyhan limanına axacaqdır. Bu, həm iqtisadi nöqteyi-nəzərdən, həm də siyasi nöqteyi-nəzərdən tarixi bir hadisədir. Biz bunları etmişik və çox sağ olun ki, siz də bunları qiymətləndirmisiniz.

Qalan məsələlər haqqında vaxtınızı daha almaq istəmirəm. Bir də deyirəm, görünür ki, siz bu məsələlərin ümummilli əhəmiyyətə malik olmasını düzgün tuta bilirsiniz və indi də düzgün tutmusunuz, obyektiv olmusunuz. Bəzi hallarda obyektiv olmursunuz, amma bunda obyektiv olmusunuz. Bəlkə də mənim bir mükafatım olsaydı, obyektivliyinizə görə burada sizə bir mükafat da verərdim.

Vahid, mən sənin ailəni burada görməkdən çox məmnunam. Çingiz Mustafayevin anası, atası, qardaşı, əmisi Arif Mustafayev, o, keçmişdə Mərkəzi Komitədə 13 il mənim köməkçim işləyibdir, buradakılar onu tanıyırlar, - hamısı buradadır, mən sizi bir də salamlayıram və çox şadam ki, sizin ailənizdən belə böyük işlər meydana çıxıbdır. Təşəkkür edirəm. Çox sağ olun.