Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə bu ölkədə işgüzar səfərdən Bakıya qayıdarkən Binə hava limanında kütləvi informasiya vasitələri nümayəndələrinə verdiyi müsahibə - 9 iyun 2002-ci il

Heydər Əliyev: Salam, axşamınız xeyir olsun!

Mən düşünürdüm ki, belə gecə vaxtı siz gəlməyəcəksiniz. Yəni siz istirahət edəcəksiniz, mən də buradan şəhərə gedəcəyəm. Ancaq dedilər ki, gəlmisiniz.

Mənim səfərim haqqında bizim televiziya yetərincə məlumat veribdir. Ona görə siz çox şeyi eşitmisiniz, görmüsünüz. Geniş məlumat verməyə ehtiyac yoxdur. Ancaq qısaca deyə bilərəm ki, dünən mən Sankt-Peterburqa getdim. Bizi orada qarşıladılar, görüşdük. Bir az şəhərlə tanış olduq. Mən gedib vaxtilə oxuduğum məktəbin binasını ziyarət etdim. Gələn kimi, heç otelə girməmiş - mən «Astoriya» otelində qalacaqdım, ora otelə çox yaxındır, təxminən 200-250 metrdir - gedib oralara baxdım, o tərəfləri bir az gəzdim. Sonra axşam Neva çayında bizi gəzintiyə apardılar. Çox gözəl bir şəhərdir. İndi orada bəyaz gecələrin vaxtıdır. Çox gözəldir. Mən gənc vaxtı orada oxuyanda həmin gecələrdə həmişə gəzirdik, bazar günləri hətta gecə istirahət edirdik. Bunları xatırladım.

Sankt-Pelerburqu görmək mənim üçün çox təsiredici idi. Çünki çoxdandır görməmişdim. Ancaq əsas işimiz bu gün idi. Səhər saat 10-da Piskaryov qəbiristanlığına getdik. Oranı tanıyırsınız, bu barədə danışmağa ehtiyac yoxdur.

Sankt-Peterburqun gözəl bir guşəsində, televiziyada görmüsünüz, yaşıllıqların içində, gözəl bir yerdə Nizami Gəncəvinin heykəlini ucaldıblar. Saat 12-də mən oraya gəldim, cənab Putin də gəlmişdi. Sankt-Peterburqun qubernatoru da gəlmişdi. Görüşdük, Nizami Gəncəvinin heykəlini açdıq. Ondan sonra prezident Putinin iqamətgahına getdik, orada söhbət etdik, danışıqlar apardıq.

Bizimkilər baxmışdılar, iki saatdan çox təkbətək söhbət elədik. Çox yaxşı, çox əhəmiyyətli söhbətimiz oldu. Bir çox məsələlər haqqında söhbət etdik, fikir mübadiləsi apardıq. Prezident Putin son vaxtlar bir çox ölkələrdə, eləcə də Moskvada çox böyük görüşlər keçiribdir. Elə biz gələn gündən öncə Moskvada Şanxay qrupuna üzv olan dövlətlərin başçıları görüşmüşdülər. Bütün bunlar haqqında mənə müəyyən məlumatlar verdi.

Bizim məsələləri də müzakirə etdik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini, Xəzər dənizinin statusu məsələsini müzakirə etdik. İqtisadi əlaqələrimizin son vaxtlardakı gedişinə də baxdıq, mal dövriyyəsinin vəziyyətinə, başqa məsələlərə - çox şeylərə baxdıq. Hesab edirəm ki, bu, Azərbaycan üçün çox əhəmiyyətli görüş oldu, söhbət oldu.

Sonra Prezident Putin nahar təşkil etdi. Bir müddət birlikdə futbola baxdıq. Düzdür, mən futbola baxanda yarımçıq çıxıb getdim. Çünki bizim diaspor ilə görüşəcəkdim. Rusiyanın uduzmaq məqamını mən görməmişdim. Bizim qaldığımız «Astoriya» otelində böyük bir salon var. Diasporumuzun nümayən-dələri orada toplaşmışdılar.

Rusiyada böyük bir fond var, 2001-ci ildən fəaliyyət göstərir. Fondun beynəlxalq Andrey Pervozvannı mükafatı var, ancaq ictimai xadimlərə, din xadimlərinə, mədəniyyət xadimlərinə verirlər. Amma son illər dövlət xadimlərinə də veriblər. Prezident Putinə veriblər, Çinin sədri Tszyan Tszeminə və başqa iki-üç nəfər dövlət başçısına veriblər. Məni də bu mükafatla təltif etmişdilər və əvvəlcədən mənə xəbər vermişdilər. Həmin o fondun başçıları, nümayəndələri oraya gəlmişdilər, mükafatı mənə təqdim etdilər.

Ondan sonra bizim diasporun nümayəndələri ilə görüşdük. Sankt-Peterburqda bizim çox yaxşı diasporumuz var. Hər halda, oraya 200-ə qədər adam toplaşmışdı. Onların əhval-ruhiyyəsi, bir-birinə münasibətləri mənim çox xoşuma gəldi. Bir qismi dünya azərbaycanlılarının birinci qurultayında iştirak etmişdir, öz təəssüratları haqqında danışdılar. Mən əsasən onların oradakı yaşayışı, vəziyyəti ilə maraqlanırdım. Vəziyyətlərindən çox razı idilər. Dedilər, qubernator Yakovlev onlardan çox razıdır. Yaxşı tanışlıqları var - Yakovlevin özü də orada idi, mən diasporun nümayəndələri ilə görüşəndə də iştirak edirdi - ona görə çox sevindim.

Düzdür, Yakovlev deyir ki, orada 100 min qeydiyyata alınmış azərbaycanlı var. Ancaq qeydiyyata alınmamış nə qədərdir, bilmirlər. Amma diasporun nümayəndələri mənə dedilər ki, Sankt-Peterburqda 200 mindən çox azərbaycanlı var. Bu çox gözəl haldır. Mən bunu dəfələrlə demişəm, burada müxalifət qüvvələri bizi tənqid edirlər ki, ölkədən iki milyon azərbaycanlı xaricdə yaşayır. Mən isə onlara bir-iki dəfə cavab vermişəm və bu gün də deyirəm ki, çox yaxşı ki, xaricdə yaşayırlar. Bu mənim hələ otuz il əvvəlki siyasətimin bir xətti olubdur ki, azərbaycanlılar yalnız ölkəmizin çərçivəsində qalmasınlar, dünyaya çıxsınlar, dünyanı görsünlər.

İndi bəzən biz şikayətlənirik ki, məsələn, ermənilərin böyük diasporu var, bizim yoxdur. Bu doğrudur. Ermənilərin diasporu yüz ildən çoxdur formalaşıbdır. Necə deyərlər, onlarla yarışa girmək olmaz. Bunu da bilmək lazımdır. Amma bəziləri deyirlər ki, yox, biz də bunu edə bilərik. Bu bir az qeyri-təbiidir. Biz çox şey edə bilərik, amma nəyi ki, edə bilmərik, onu da bilməliyik. Ancaq Azərbaycan diasporunu tədricən formalaşdırmaq indi mümkündür və bu proses gedir. Əgər indi Sankt-Peterburqda 200 min azərbaycanlı yaşayırsa, demək, bu orada azərbaycanlıların varlığını göstərir.

Mən gördüm ki, onların arasında böyük iş adamları var, müəssisə rəhbərləri var, elm sahəsində işləyən adamlar var. İşləyirlər, yaşayırlar, Rusiyanın vətəndaşlarıdırlar. Bunun nəyi pisdir, niyə buna pis deyək? Hamımız Bakıda yığışsaq, nə olar?! İndi kimin imkanı var, yaxud müxtəlif səbəblərdən gedib başqa şəhərlərdə məskunlaşırsa, bunun nəyi pisdir?! Bu çox yaxşıdır. Bir tərəfdən deyirlər, diaspor yoxdur, ikinci tərəfdən də, bizi günahlandırırlar ki, iki milyon azərbaycanlı xaricdədir. Mən onlarla vaxtaşırı məmnuniyyətlə görüşürəm.

Vaxtilə Kiyevə getmişdim. Onlarla orada görüşdüm. Məsələn, Ukraynada 500 min azərbaycanlı yaşayır. Özü də bizim orada çox mütəşəkkil diasporumuz var. Hər vilayətin özünün cəmiyyəti var, cəmiyyətin başçısı var. Onların da hamısı Kiyev-dəki mərkəzi təşkilatla əlaqədədirlər. Məsələn, indi oradakı bizim diaspor Ukraynanın ictimai-siyasi həyatına təsir edir. Vaxtilə seçkilərdə onlara xəbər göndərdim ki, Leonid Kuçmaya səs versinlər. Hamısı da səs verdi. Kuçma da onlara minnətdarlıq məktubu göndərdi. Bunun nəyi pisdir?! Yaxşıdır.

Ona görə də diaspor ilə görüşümüz çox səmimi oldu, çox açıq oldu. Bir az zarafat etdik, bir az güldük və çox yaxşı hisslərlə vətənə döndüm.

Sual: Cənab Prezident, Sizi qarşılayanlar arasında «LUKoyl» şirkətinin prezidenti Vahid Ələkbərov da var idi. Siz Rusiya prezidenti ilə də görüşdünüz. Bu səfərinizdən sonra «LUKoyl»un Bakı-Tbilisi-Ceyhan layihəsinə qoşulmasını gözləmək olarmı?

Cavab: Bilirsiniz, biz çox məsələləri müzakirə etmişik. İndi mənim səfərimdən sonra nəyi gözləmək olar, nəyi gözləmək olmaz - bu, başqa məsələdir. «LUKoyl» şirkətinin prezidentinin orada olub-olmaması onun Bakı-Tbilisi-Ceyhana qoşulub-qoşulmaması ilə əlaqədar deyildir. Vahid Ələkbərov Bakıya tez-tez gəlir. Bizim neft şirkətinin rəhbərləri ilə görüşür. Bəzən gəlib mənimlə də görüşür. Ona görə belə bir problem yoxdur ki, guya biz onu görmürük, amma Sankt-Peterburqda onunla görüşdük və bu məsələni həll etməliydik. Bəli, o məni qarşılayanlar arasında var idi. Bu gün o, danışıqda yox idi. Biz prezident Putinlə danışığımızın axırına çatanda bir məsələ var idi. İkimiz də bu məsələyə toxunduq. Ona görə də Vahidi axtardılar, tapdılar, o da oraya gəldi və bizimlə yeməkdə də iştirak etdi.

Sual: Cənab Prezident, deyirlər ki, Xəzərin Rusiya sektorunda qaz ehtiyatları gözlənilir və Rusiya bunun Bakı-Ərzurum marşrutu ilə nəql edilməsi məsələsinə baxa bilər, amma onların paket təklifləri var. Bu doğrudurmu?

Cavab: Bilirsiniz, bunların hamısı fərziyyələrdir. Qaz ehtiyatı gözlənilir, qaz çıxacaq, ya çıxmayacaq, bu qazı haraya göndərəcəklər, bunlar elə məsələlərdilər ki, indi bu barədə söhbət aparmaq olmaz.

Sual: Cənab Prezident, Siz dediniz ki, diasporun nümayəndələri ilə görüşdünüz. Sizin səfəriniz ərəfəsində Sankt-Peterburqda üç azərbaycanlı öldürülmüş, Moskvada isə dörd azərbaycanlı qətlə yetirilmişdir və orada xüsusi əməliyyat gedir. Orada qeydiyyatsız yaşayan azərbaycanlıların böyük narahatlıqları var. Belə narahatlıq Sizə çatdırıldımı və hər hansı xahiş olundumu ki, Siz bu barədə Sankt-Peterburqun qubernatoru ilə danışasınız?

Cavab: Bilirsiniz, onlar bu barədə mənə heç bir narahatçılıq çatdırmadılar, heç bir problemləri haqqında demədilər. Mən sizə deyirəm, diaspor ilə görüşəndə qubernator da orada idi. Sonra qubernator məni hava limanında yola salmağa gəldi. Diasporun nümayəndələri, qubernator hamısı mənimlə bir yerdə idilər. Hətta hava limanında diasporun əsas nümayəndələri gəlib yığışdılar, dedilər ki, gəlin bir yerdə xatirə şəkli çəkdirək. Onlar qubernator ilə yan-yana durdular, şəkil çəkdirdik. Amma belə bir məsələ qaldırmadılar.

Ancaq sizə bir şey deyim. Bilirsiniz, haradasa, kimsə kimi öldürübdür. Bizdə belə söz var - qətlə yetiriblər, bu bir az ciddi sözdür. Bu o deməkdir ki, yəni adamı qəsdən öldürüblər. Siz də bunu dərhal televiziyanızda birinci nömrəli məsələ kimi verirsiniz. Axı bu həyatdır.

Bilirsiniz, indi Azərbaycanda ictimai-siyasi sabitlik yaranıbdır. Allaha şükürlər olsun ki, biz cinayətkarlığın qabağını ciddi şəkildə almışıq. Lakin ölüm hadisələri, yaxud kimsə kimisə vurub – belə hallar olur. Amma başqa yerlərdəki kimi deyildir. Yəqin ki, bizim televiziya ilə verəcəklər, orada bizim diasporun başcısı Vaqif var. O, çıxış edəndə dedi ki, mən kəndimizə getdim Borçalı mahalındandır, kəndlərinə gediblər, yığışıblar, imkanları olduğuna görə, oraya bir az kömək ediblər. O, kənddən gedəndən sonra gəlib atasını oğurlayıblar. Yəqin ki, pul əldə etmək üçün. Sonra gedib atasını xilas edibdir. O deyir ki, bundan sonra atamın yanına qoruyucu qoydum. Amma sonra Azərbaycana gəldi, indi ona qoruyucu, heç bir şey lazım deyil, rahat yaşayır. Bax, bu gün Sankt-Peterburqda olan danışıqdır. Ona görə haradasa kim kimisə vurdu, öldürdü - həyatda belə şeylər var və həmişə olubdur. Deyirlər ki, Sankt-Peterburqda 200 min azərbaycanlı yaşayır. Kimsə bunlardan hansınısa vurub öldürübsə, bunu böyük hadisəyə çevirmək olmaz. Bu, adi cinayətdir və bunu da araşdırmaq lazımdır. Bunu şişirtmək lazım deyildir. Siz bu-rada hay-küy salırsınız ki, qətlə yetirdilər, fılan etdilər. Amma o kişilər orada mənə heç bir söz deməyiblər. Bax, bu elə onu göstərir ki, sizin bu hay-küyünüzə ehtiyac yoxdur. Onlar mənə qətiyyən heç bir söz demədibr. Dünən oraya gələndə də onlar məni qarşılayırdılar. Deyə bilərdilər ki, bəli, Siz qubernator ilə görüşəcəksiniz, Prezident Putinlə görüşəcəksiniz. Bizim problemimiz var, onlara deyin. Onlar heç bir şey demədilər. Biz bu gün də bir yerdə idik.

Sual: Cənab Prezident, İranın ekspertlərdən ibarət nümayəndə heyəti iyunun 11 -də Bakıya gələcəkdir. Bu səfər zamanı müzakirələrdə Xəzərin statusu ilə bağlı müsbət nəticə gözləmək olarmı?

Cavab: Bilirsiniz, biz müsbət nəticə istəyirik və bizim ekspertlər İranda çox işlədilər. Hiss olundu ki, bu işi davam etdirə bilərlər. Ona görə də biz orada belə qərara gəldik ki, iyunun 11-də onlar Bakıya gəlsinlər və burada ekspertlərlə işlərini davam etdirsinlər. Mən arzu edərdim ki, ekspertlər yaxşı bir nəticəyə gəlsinlər.

Sual: Cənab Prezident, Rusiya prezidenti ilə bu barədə müzakirələr aparıldımı?

Cavab: Ümumiyyətlə, Rusiya prezidenti ilə gorüşümüzdə Xəzərin statusu barəsində söhbət oldu. Əlbəttə, mən İrana səfərim haqqında ona məlumatlar verdim. O da mənə çox məlumatlar verdi.

Sual: Cənab Prezident, İranın neft naziri belə bir bəyanatla çıxış edib ki, onlar yeni texnologiyalara 300 milyon dollar sərmayə qoyublar və Xəzərin dərin qatlarında işləyəcəklər. Azərbaycanlı ekspertlər isə bildiriblər ki, bu dərin qatlar İran sahillərində ola bilməz. Bu yataqlar Azərbaycanın sahillərindədir. Sizə bu barədə hansısa məlumat verilibmi?

Cavab: Bilirsiniz, mən belə şeylərə fıkir vermirəm. Nə üçün? Xəzərin dərin qatında işləmək üçün gərək üç il kəşfıyyat aparasan, bunun üçün gərək dərin qatda işləyən, yəni quyu qaza bilən qurğu olsun. Biz burada «Dədə Qorqud», «İstiqlal», «Qurtuluş» qurğularını yaratdıq. Bilməlisiniz ki, indi Xəzər dənizinin dərin qatlarında quyu qazmaq üçün, işləmək üçün bu üç qazma qurğusundan savayı, heç bir qurğu yoxdur. Bu, İranda da yoxdur. İndi nə cür ola bilər ki, bir gündə gəldi, Xəzərin dərin qatlarında işləməyə başladı?

Sual: Cənab Prezident, iyunun 15-də əfv haqqında yeni fərman gözlənilirmi?

Cavab: Əfv fərmanını bu yaxınlarda verdim. Elə hər gün əfv fərmanı gözləyəcəksiniz?!

Sual: Cənab Prezident, Rusiya-NATO əməkdaşlığı barədə Prezident Putin Sizə məlumat verdimi? Bu, Cənubi Qafqaz regionunda təhlükəsizlik məsələlərinə hansı yeniliklər gətirə bilər?

Cavab: Bəli, biz bu barədə söhbət etmişik. Prezident Putin də mənə çox şeylər danışıbdır. Ancaq burada sizə deyiləsi bir şey yoxdur.

Sual: Cənab Prezident, Siz dediniz ki, Dağlıq Qarabağla bağlı müzakirələr aparılmışdır. Elə həmin vaxt Robert Köçəryan Belarus kütləvi informasiya vasitələrinə müsahibə verib və belə bir ifadə işlədib ki, biz bir il əvvəl problemin həllinə daha yaxın idik. Amma nədənsə, nəticə alınmadı. Sonra isə deyib ki, biz son qərar verməyə hazırlaşırıq. Sizcə, hansısa ciddi addımların atılacağını gözləmək olarmı, yoxsa bu, sadəcə adi ifadələrdir?

Cavab: Hər deyilən sözdən böyük bir nəticə çıxarmaq lazım deyildir. İndi bu sözləri deyir, yəqin ki, vaxt gələcək, biz onunla görüşəcəyik. Onda baxarıq, nəyə hazırdırlar, nəyə hazır deyillər.

Sual: Cənab Prezident, Dağlıq Qarabağ məsələsinin həllində Rusiyanın mövqeyində dəyişiklik varmı?

Cavab: Rusiya həmişə o mövqedədir ki, bu münaqişə tezliklə qurtarmalıdır.

Sual: Cənab Prezident, Putinlə danışıqlarınızın bir hissəsi prezidentlər Buş ilə Putin arasında keçirilmiş görüşə həsr olunubdur. Bildiyimizə görə onların görüşü zamanı Ermənistan-Azərbaycan münaqişəsi də müzakirə olunmuşdur. Onların görüşlərinin bu münaqişənin həllinə təsiri ola bilərmi?

Cavab: Bəli, Putin-Buş görüşlərində Dağlıq Qarabağ məsələsi müzakirə olunubdur. Ancaq onlarda elə bir qərar yoxdur. Bilirsiniz, onlar öz bəyanatlarında yazıblar ki, hər iki prezident Azərbaycan və Ermənistan prezidentlərini çevik hərəkət etməyə, məsələni həll etməyə çağırır. Belə olan halda Amerika Birləşmiş Ştatları və Rusiya öz yardımlarını göstərməyə hazırdır. Bundan artıq sizə bir şey deyə bilmərəm.

Artıq gecdir. Gedin yatın, sabah birinci gündür, istirahət edin ki, yaxşı işləyəsiniz. Sağ olun.