Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Londondan Bakıya qayıdarkən Binə hava limanında jurnalistlərin suallarına cavabı - 28 fevral 2000-ci il

Sual: Cənab prezident, Amerika Birləşmiş Ştatlarına işgüzar səfərinizin yekunları barədə nə deyə bilərsiniz?

Cavab: Axşamınız xeyir olsun. Düşünürəm ki, səfər haqqında sizdə müfəssəl məlumat vardır. Çünki mənim orada keçirdiyim görüşlər, danışıqlar haqqında bizim televiziya, mətbuat operativ olaraq məlumat veribdir. Siz onları oxumusunuz, ola bilər, televiziya vasitəsilə dinləmisiniz, görmüsünüz. Ona görə, bilmirəm, bunu təkrar etməyə ehtiyac var, yoxsa yox.

Sadəcə, onu deyə bilərəm ki, bu səfər çox uğurlu səfərdir. Biz İstanbulda görüşmüşdük. Qısa bir fasilədən sonra Amerika prezidenti cənab Bill Klintonla yenidən görüşüb bütün məsələlər barəsində çox ətraflı söhbət etdik. Xanım Olbraytla, sonra Sendi Berger ilə, nazirlər – müdafiə naziri Kohen, enerji naziri Riçardson, kənd təsərrüfatı naziri Qlikman ilə, \"Eksimbank\"ın prezidenti ilə, bir çox siyasi xadimlərlə, o cümlədən Bjezinski, keçmiş müdafiə naziri Slezincer, keçmiş müdafiə nazirinin müavini Volfoviç ilə, jurnalistlərlə – mən həm \"Vaşinqton post\"da oldum, həm də \"Nyu-York Tayms\"ın jurnalistləri gəlmişdilər – çox görüşlər oldu, yaxşı da müzakirələr oldu. Mən bunların hamısından razıyam.

Bizim üçün əsas məsələlər, bilirsiniz, birinci növbədə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması, Xəzər dənizindəki enerji ehtiyatlarından istifadə edilməsi, Bakı-Ceyhan boru xətti, Transxəzər qaz xətti, Amerika-Azərbaycan ikitərəfli həm iqtisadi, həm siyasi əlaqələr – bütün bunlar bizim danışıqlarımızın əsas mövzuları olubdur. Mən bu danışıqların hamısından çox məmnunam və səfərimdən də çox məmnunam.

Sual: Cənab prezident, biz Sizi həmişəki kimi sağlam, gümrah görməkdən çox şadıq və Sizə Allahdan uzun ömür, cansağlığı arzulayırıq. Cənab Bill Klintonla görüş, danışıqlar zamanı 907-ci maddənin ləğvi ilə bağlı məsələyə toxunuldumu?

Cavab: Mütləq. 907-ci maddə ilə bağlı nəinki onunla, kim ilə görüşmüşük, - hətta mətbuat nümayəndələri ilə də – hamısında danışmışıq. 907-ci maddə indi bizim üçün elə bir prinsipial maddə olubdur və Amerikanın bütün ictimaiyyəti də – bu işdən uzaq adamlarla bəzən danışırsan, görürsən o da 907-ci maddəni bilir. Yəni bu illərdə 907-ci maddədən biz dünya mətbuatında, siyasət dairələrində, hətta iqtisadiyyat dairələrində o qədər güclü bəhs etmişik – o mənada ki, bu 907-ci maddənin Azərbaycan üçün ədalətsiz bir qərar olduğunu o qədər sübut edə bilmişik ki, bu barədə söhbət hər yerdə gedibdir.

Mən orada konqresmenlərlə görüşə bilmədim. Mən gələn gündən bir gün öncə bir-ikisi var idi, amma imkan olmadı. Çünki o vaxt konqresmenlər tətildə idilər, istirahətdə idilər. Ancaq, əlbəttə ki, həm Ağ evdə danışıqlarda bu barədə söhbət gedibdir, həm də bütün başqa dairələrdə. Vəziyyət belədir ki, hər dəfə 907-ci maddəni hökumət götürmək istəyir, ancaq Konqres buna getmir. Çünki erməni lobbisi güclüdür. İndi bilirsiniz ki, Amerikada prezident seçkiləri prosesi başlayıbdır. Güman edirəm, siz orada erməni assambleyasının namizədinin Buşa məktubunu və Buşun ona cavabını oxumusunuz. Oxumusunuzmu? Yəqin oxumamısınız. Oxumusunuzsa, çox yaxşı. Ümumiyyətlə, bilirsiniz, biz aldığımız bütün o informasiyaları mətbuata vermək lazımdır. Mən orada demişdim ki, bir xülasə düzəldin. Onları mətbuata vermək lazımdır ki, camaat mətbuatda elə bir bu müsbət şeyləri görməsin. Mətbuatda insanlar görsün ki, Azərbaycanın başında nələr var, Azərbaycana qarşı hansı qüvvələr hərəkət edir. Başa düşürsünüz, ümumiyyətlə, gələcəkdə bütün bu cür məlumatları ki, biz alıb oxuyuruq – daim mətbuata vermək lazımdır. Qoy insanlar bilsinlər. Dediyim o xülasəni də mütləq bu günlərdə hazırlayın və mətbuata verin.

Erməni assambleyasına Qor da böyük bir məktub yazıbdır ki, \"Mən prezident olanda ermənilərə belə yardım edəcəyəm, elə yardım edəcəyəm, nə bilim, genosid barəsində öz fikirlərimi deyəcəyəm\". Sonra o, erməni assambleyası qubernator Buşa – hansı ki, indi respublikaçılardan əsas namizəddir – ona məktub yazıbdır. O da geniş bir cavab yazıb, - onların hamısını dərc edərsiniz, - geniş bir cavab yazıbdır. \"Erməni xalqı dünyada ən qədim, ən dəyərli xalqdır\" – bu cür qiymətlər verir və söz verir ki, prezident olsa, əməkdaşlıq edəcəkdir, genosid məsələsində yenə də çalışacaqdır. Hər halda, onlar bu \"genosidi\" birbaşa tanımırlar, tanıdıqlarını bildirmirlər, amma bu problemin olduğunu, \"genosid\" adı olmasın, ancaq guya 1915-ci ildə, 1918-ci ildə \"ermənilərin Türkiyədə qırılmasını\" bunlar açıq elan edirlər.

Bilirsiniz ki, Fransa parlamentində də bu məsələ qalxmışdı. Bizim parlament burada çox yaxşı hərəkət etdi. Biz danışdıq və qərar qəbul etdilər, göndərdilər. Həm də deputatların imzaları ilə məktublar göndərdilər. Türkiyədə də çox ciddi bəyanatlar vermişdi və orada məsələ dayandırıldı. İndi 24 aprel qarşıdadır. Bu məsələ ermənilər tərəfindən, bilirsiniz, çox canlandırılır və onlar da hər dəfə deyirlər. Erməni lobbisi Amerikada çox güclüdür və ona görə də hökumət onunla hesablaşır. Onların Konqresdə gücü var. Belədir, bilirsiniz, təəssüflər olsun ki, bizim Azərbaycanda çoxları, bəlkə də əksəriyyəti bu erməni probleminin Azərbaycan üçün nə qədər ağır bir problem olduğunu dərk edə bilmirlər. Bəziləri elə deyirlər \"Niyə erməni bunu etdi, sən bunu etmədin? Siz nə etdiniz?\" və s.

Məni orada Cons Hopkins Universitetinin Beynəlxalq Əlaqələr İnstitutuna dəvət etmişdilər. Çox böyük bir tədbir oldu. Orada salon ağzına qədər dolu idi. Çox böyük maraqla gəlmişdilər. Mənim çıxışımı veriblər, yəqin eşitmisiniz. Təsəvvür edin, mən ayın 14-də ora getmişəm. Vaşinqtona gələn gündən bir gün sonra ora getmişəm. Orada nə bilim, beş-altı, yeddi-səkkiz, bəlkə də on-on iki erməni şüarlarla, filanlarla durublar: \"Heydər Əliyev, qayıt öz ölkənə\", \"Heydər Əliyev, sən niyə Dağlıq Qarabağda erməniləri qırırsan?\", \"Heydər Əliyev, sən niyə bunu edirsən?\" – qışqırırlar, qışqırırlar. Orada mühafizə sistemi çox güclüdür, onların hamısının qarşısını almışdılar. Amma mən avtomobildən düşəndən sonra o binaya getmədim, onlara doğru getdim, onlara əl etdim. Amma onlar yenə də qışqırırlar. Biz universitetdə iki saatdan çox olduq. Çıxanda yenə də görürəm, - onlar durublar, qışqırırlar.

Mən keçən dəfə də rəsmi ziyarətə gedəndə, bilirsiniz ki, onlar hələ mən getməmişdən iki-üç ay əvvəl məktublar göndərmişdilər – 50 min məktub göndərmişdilər. Amma Ermənistan prezidenti Amerikaya getsin, Fransaya getsin, İngiltərəyə getsin, hansı bir ölkəyə getsin – üç nəfər azərbaycanlı gedib bir dənə şüarla onun əleyhinə bir şey deyəcək, yoxsa yox? Deməyəcəklər, qətiyyən deməyəcəklər. İndi təsəvvür edin, Amerikada azərbaycanlılar çox yaşayır. Azərbaycan prezidenti gəlibdir, mən demirəm ki, onlar hamısı toplaşsın – onsuz da bu dəfə mənim vaxtım yox idi. Amma mən onları yığanda da çox adam toplaya bilmirdim. Ancaq bu ermənilər haradan bilirdilər ki, Heydər Əliyev gəlir? Bu, mətbuatda var. Demək, gör nə qədər izləyirlər. Biliblər ki, mən o universitetə gedəcəyəm, qabaqcadan hazırlaşıblar, şüarlar yazıblar, gedib orada durublar. Yenə də deyirəm, mənim o universitetin binasına girib-çıxmağım iki saatdan çox oldu. Çünki universitetin rektoru ilə bir az söhbət etdik, sonra getdim orada çıxış etdim, ondan sonra da bir az söhbət etdik, - cəmi iki saat oldu. Onlar iki saat yarım orada durmuşdular. Hələ mən ora gəlməmişdən də nə qədər öncə durmuşdular. Bilirsiniz, bax, belədir dünyada vəziyyət. Bu erməni lobbisi hər yerdə güclüdür.

Mən bununla onu demək istəmirəm ki, indi biz gördüyümüz işləri görməməliyik. Amma sadəcə, gərək xalqımız, millətimiz dərk etsin ki, bizim qarşımızda duran, bizə düşmən olan hansı gücə malikdir. Öz ölkəsində yox, başqa ölkələrdə. O ölkələrdə ki, orada dünyanın böyük siyasəti müəyyən olunur.

907-ci maddə, təbiidir, biz daim bu məsələni qoyuruq və güman edirəm ki, indi orada – prezident Klinton da dedi – o maddənin bir neçə hissəsini zəiflədiblər. Yəqin ki, sizin xəbəriniz var ki, bu il Azərbaycana yardım bir az artıbdır, - bu, mətbuatda var, - Ermənistana da bir az azalıbdır. Ermənistanda buna görə bir hay-küy qaldırıblar ki, \"niyə, nə təhər, nə üçün?\" O maddələrin bir hissəsi zəifləyən zaman bu, Amerikanın bəzi dövlət təşkilatlarının müəyyən sahələrdə Azərbaycana yardım etməsinə imkan verəcəkdir. Ancaq, bilirsiniz, bu maddə bizim üçün daha çox maddi xarakter, maliyyə xarakteri daşımır, mənəvi xarakter daşıyır. Görürsünüz, tarixdə belə hallar olur – bir vaxt buraxılan səhvi neçə illərlə düzəltmək olmur.

Mən bunu demişəm, - 1992-ci ildə tamamilə ağılsız olaraq həmin hərəkəti etdilər, dəmir yolunu bağladılar. Mən onda Naxçıvanda yaşayırdım. Dəmir yolu onsuz da işləmirdi: bir dəfə qatar gedəndə üç dəfə tutub saxlayırdılar. Onu da saxlayanların əksəriyyəti bizim Xalq Cəbhəsinin silahlı dəstələri idilər. Bilirsiniz də, nə üçün saxlayırdılar? Mən bunu açmaq istəmirəm. Ona görə də dəmir yolunun işləməsi-işləməməsi Ermənistan üçün heç bir şey deyildi. Ermənistan onsuz da o müharibəni aparmaq üçün ayrı-ayrı ölkələrdən, xüsusən Rusiyadan yetərli qədər yardım alırdı. Amma yolda hərəkəti saxlamaqla Konqresdə erməni lobbisinə imkan verildi ki, həmin maddəni keçirsin. Keçirdilər və indi onu çıxartmaq mümkün deyildir. Ümumiyyətlə, Amerikada konqresmenlər danışırlar ki, hansısa bir maddəni, ola bilər, konqresmenlərin başı qarışıq olanda, yorğun olan vaxtda keçirmək asandır. Amma o maddə yazılandan sonra onu çıxarmaq çox çətin olur. Onda ayılırlar və fikirləşirlər ki, yox, daha bunu qəbul etmişik, çıxartmaq mümkün deyil. Beləliklə, hesab edirəm ki, biz ardıcıl, davamlı surətdə bu işlə məşğul olaraq öz istədiyimizə nail olacağıq.

Sual: Cənab prezident, Siz burada olmayan vaxtda çeçen mücahidlərinin Azərbaycanda müalicə edilməsi ilə əlaqədar məlumatlar yayılmışdı və bu məlumatlar Rusiyanın ORT televiziya kanalının Azərbaycanda olan müxbirindən sızmışdı. Bu barədə açıqlama verməyiniz mümkündürmü?

Cavab: Nə deyim? Azərbaycanda olan müxbir, azərbaycanlı bəzən olmayan şeyi yazır. Mən də oxumuşam. Hansısa müxbir gedib deyir ki, \"mən ora müraciət etdim, dedilər yoxdur. Bura müraciət etdim, dedilər yoxdur. Amma, nə bilim, 5 nömrəli xəstəxanaya getdim, hansı xəstəxanaya getdim, orada gördüm ki, bunlar var\".

Bilirsiniz, necə deyərlər, mən etiraf etmişəm və bunu Moskvada, Rusiya prezidentinin səlahiyyətlərini həyata keçirən Putinə demişəm ki, bizdə yaralı çeçenlər var. Yaralı adamı qəbul etməmək antihumanist bir şeydir. Ancaq biz bunları kütləvi surətdə qəbul etmirik. Birinin burada qohumu var, birinin dostu var, bir vasitə ilə gəlir və bizim sərhəddə yoxlanılır. Əgər doğrudan da o, yaralı, ağır yaralıdırsa, onda, necə deyərlər, bu, insanlıq keyfiyyətindən kənardır ki, biz onu qəbul etməyək. Biz onu qəbul etmişik. Mən bunu gizlətmirəm, etiraf etmişəm və öz təşəbbüsümlə demişəm. Amma indi bir azərbaycanlı jurnalistin gedib haradasa nəyisə qurdalayıb çıxarıb, nə bilim, Moskvanın hansı qəzetində, yaxud da başqa yerdə yazması... İndi baxın da, bizim millətimizin içərisində, təəssüflər olsun, nə qədər qeyri-vətənpərvər adamlar var. Bu da bizim bəlamızdır.

Sual: Cənab prezident,Transxəzər qaz kəməri ilə əlaqədar Türkmənbaşının son açıqlamaları barədə nə deyə bilərsiniz?

Cavab: Siz bu açıqlamaları eşitmisiniz. Amma bir məsələ də bəlkə sizə məlumdur ki, \"Britiş petroleum\" şirkəti \"Şahdəniz\" yatağında ikinci quyunu qazandan sonra orada çox böyük qaz ehtiyatları olduğunu görübdür. Ona görə də ayın 25-də Ankarada təqdimetmə mərasimi keçiriblər və elan ediblər ki, onlar keçmişdən qalan qaz boru kəməri vasitəsilə birbaşa Türkiyə bazarına çıxacaqlar – şübhəsiz ki, bizimlə birlikdə. Onların nümayəndələri Vaşinqtonda mənim yanıma gəldilər və bəyan etdilər ki, bu, - onlar haradasa Alyaskanın yanında belə bir yataq açmışdılar – tarixdə öz tutumuna, həcminə, perspektivinə görə ikinci yerdə duran bir yataqdır. Onlar bu işə arxayın olduqlarına görə indi həmin qazı necə ixrac etmək barədə düşünürlər. Xahiş ediblər, mən iki-üç gündən sonra onları burada qəbul edəcəyəm. Onlar mənim qarşımda da bir təqdimetmə mərasimi keçirmək istəyirlər. Ona görə də biz birinci növbədə öz işimizi aparırıq.

O ki qaldı Türkmənbaşı, bu onun öz işidir. Hər halda, mən bunu anlaya bilmirəm ki, ölkənin prezidenti noyabr ayında bir sazişə böyük təntənə ilə imza atsın, amma iki ay sonra gedib başqa bir sənədi imzalasın, bundan imtina etsin. Yenə də deyirəm –hər halda bu, çox qeyri-ciddi bir məsələdir. Ancaq Londonda həmin Transxəzər qaz kəmərini inşa etmək istəyən \"Pi es ci\" şirkəti var – onu Türkmənistan dəvət edibdir. Onlar əvvəllər bir neçə dəfə Bakıya da gəlmişdilər. Onların nümayəndələri Londonda yerləşirlər. Xahiş etmişdilər, mən onları dünən Londonda qəbul etdim. Bu görüş televiziya vasitəsilə bütünlüklə yazılıbdır. Mən sadəcə, geniş danışdım və imkan verdim bizim televiziya həmin görüşü çəksin, ictimaiyyətimiz onun dilindən bilsin ki, iş nə yerdədir. O, bunun nə olduğunu təsdiq edir. Onlar bu yaxınlarda Rusiya ilə 20 milyard kubmetr qaz haqqında müqavilə imzalayıblar. Hətta istəyirlər ki, sonra 30 milyard kubmetr qaz barədə də sənəd imzalasınlar. Ona görə də bu layihəni ləğv etmirlər, ancaq bunu hərəkətə gətirmək istəmirlər. Amma həmin \"Pi es ci\" şirkəti və Amerika tərəfi bu işi belə buraxmır. Onlar bir neçə gündən sonra buraya gələcəklər. Mən onları qəbul edəcəyəm. Güman edirəm ki, bəlkə bunlar hamısı manevrdir, yoxsa nədir.

Sual: Cənab prezident, mən həmkarımın verdiyi suala qayıtmaq istəyirəm. Çeçenlərin Azərbaycan xəstəxanalarında müalicəsi barədə məlumat Rusiyanın ORT kanalının Azərbaycandakı müxbirləri tərəfindən sızdırıldıqdan sonra \"Vremya\" proqramının aparıcısı dünən belə bir ifadə işlədib ki, Azərbaycanın ANS televiziya kanalı həmin müxbirlərə guya hansısa təzyiqlər göstərir. Biz əminik ki, ORT kanalına müsahibə verməyə söz verən Azərbaycan prezidenti bu barədə öz fikrini, öz münasibətini bildirəcəkdir. Bu haqda nə deyə bilərsiniz?

Cavab: Mən müsahibə barədə heç kəsə söz verməmişəm. Onu da bilməlisiniz ki, müsahibə almaq üçün mənə çox müraciət edirlər, çoxundan imtina edirəm. Onlar mənə müraciət etməyiblər. Bəlkə mən burada olmayanda müraciət ediblər. Amma mən onlara söz verməmişəm. İnana bilərsiniz, bir halda ki, bizə qarşı belə ədalətsizlik ediblər, mən onlara müsahibə verməyəcəyəm.

Sual: Cənab prezident, burada olmadığınız müddətdə Robert Koçaryan Sizin onunla apardığınız danışıqların bəzi məqamlarını açıqlayaraq bildiribdir ki, Siz onunla ərazi mübadiləsi məsələsinə toxunmusunuz. Respublika mətbuatında bu məsələ son günlər o tərəf - bu tərəfə çox çevrilir və guya söhbətin Mehri və Laçın dəhlizlərindən getdiyi bildirilir. Bu məsələyə Sizin münasibətinizi bilmək istərdik.

Cavab: Robert Koçaryan Ermənistanın prezidentidir, nə istəyir – onu da deyir. Amma mən bilmirəm ki, o nə deyibdir. Onun dediklərinin bizim danışıqlarımıza və aramızda olan müəyyən razılığa münasibəti, hesab edirəm ki, yoxdur. Dediyinə o, cavab verir, mən ki, belə söz deməmişəm. Hamınız götürüb yazırsınız ki, \"o belə getdi, bu belə getdi\". Mən ki, bir şey deməmişəm.

Sual: Cənab prezident, Bakı–Ceyhan neft kəməri ilə bağlı nə deyə bilərsiniz?

Cavab: Bilirsiniz ki, Bakı-Ceyhan neft kəməri barədə Bakıda danışıqlar getdi. Gürcüstan real olmayan bəzi təkliflər irəli sürdü. Ona görə də bu danışıqlar kəsildi. Sonra isə mən ayın 25-də Vaşinqtondan çıxarkən bizim səfir məlumat verdi, - prezident Bill Klintonun bu işlə məşğul olan xüsusi nümayəndəsi səfir Vulf telefon edib, xahiş edibdir ki, Türkiyədə yenidən görüş keçirilsin. Amma onlara deyiblər ki, Azərbaycan nümayəndələri getmək istəmirlər. Mən Baş nazir Artur Rasizadəyə telefon etdim, ona dedim ki, doğrudur, bizim nümayəndə heyətinin belə cavab verməsinə bəlkə də əsas vardır. Çünki bir dəfə, iki dəfə, üç dəfə görüşdülər, hamısı da eyni şey idi. Amma Vulf demişdi ki, guya Amerika tərəfi onlarla danışıq aparıbdır, məsələ həll ediləcəkdir. Mən göstəriş verdim, bizim nümayəndə heyətimiz indi orada, İstanbuldadır. Abid Şərifovu da, Valeh Ələsgərovu da oraya göndərmişik. Danışıqlar davam edir.

Sual: Cənab prezident, məlum olduğu kimi, Siz Vaşinqtonda Türkiyənin Amerikadakı səfiri ilə görüşmüsünüz. Maraqlıdır, bu görüşdə hansı məsələləri müzakirə etmisiniz?

Cavab: O mənə \"keçmiş olsun\" deməyə gəlmişdi. Türkiyə prezidenti hörmətli dostum cənab Süleyman Dəmirəl, Baş nazir Bülənd Ecevit, parlamentin sədri Yıldırım Akbulut, xarici işlər naziri İsmayıl Cəm göz əməliyyatı keçirməyimlə əlaqədar mənə məktublar göndərmişdilər. Ancaq təbiidir ki, biz çox geniş söhbət etdik. Söhbətimiz nə olacaqdı? Türkiyə ilə Azərbaycanın əlaqələrində elə bir problem yoxdur. Amma biz dostluğumuzu, qardaşlığımızı, birgə hərəkətimizi hər dəfə təsdiq edirik. Eyni zamanda, orada söhbətimizin çoxu \"genosid məsələsi\"nə həsr olundu. Çünki həmin günlər bu məsələ orada yenə də qalxmışdı. O, mənə erməni Lobbisinin nə qədər kəskin işlər gördüyü barədə bir çox məlumatlar verdi. Səfir orada bunu daha yaxşı hiss edir. Çünki bu \"genosid məsələsi\" Türkiyəyə qarşıdır. O da Türkiyənin Amerika Birləşmiş Ştatlarında səfiridir. Səfir mənə bu barədə çoxlu məlumatlar verdi. Hesab edirəm ki, bu söhbətimiz də çox dəyərli oldu.

Sual: Cənab prezident, martın 15-də Beynəlxalq Valyuta Fondu tərəfindən Azərbaycana kredit  ayrılması nəzərdə tutulurdu. Lakin belə bir məlumat yayılır ki, Azərbaycan Dövlət Neft Şirkətində aparılan auditor yoxlamaları nəticəsində hansısa uyğunsuzluqlar ortaya çıxıbdır. Ona görə də Beynəlxalq Valyuta Fondu bu krediti verməkdən, deyəsən, imtina edibdir.

Cavab: Siz bu məsələni Artur Rasizadədən soruşun. Çünki mən bu məsələ ilə məşğul olmağı ona tapşırmışam.

Yaxşı, görürəm ki, suallarınız təkrar olunur. Amma siz bir sualı vermədiniz ki, mənim səhhətim necədir? Deyə bilərəm ki, səhhətim çox yaxşıdır. Bu barədə də məlumat verilibdir. Mənim gözümdə son vaxtlar bir az problem yaranmışdı. Türkiyədə həkimlər baxanda dedilər ki, necə deyərlər, geniş analiz aparmaq lazımdır. Amerikada olarkən həmin Cons Hopkins Universitetində – bu, çox böyük bir universitetdir, onun bir çox şaxələri vardır – məni çıxış etməyə dəvət etmişdilər. Eyni zamanda, dedilər ki, oranın çox yüksək dərəcəli göz klinikası var. Orada mənim gözlərimə baxdılar, dedilər ki, bəli, katarakt əmələ gəlir, ona görə də onu götürmək lazımdır. Götürdülər. Gözlərim də çox yaxşıdır, elə əvvəl də yaxşı görürdüm, amma indi sizin hamınızın gözünüzün içini də, çölünü də görürəm. Orada işlərimi qurtarandan sonra ayın 25-də Klivlendə uçdum, bir neçə saat orada oldum. Məni orada müalicə edən həkimlər məni bütün müayinələrdən keçirdilər. Bilirsiniz ki, orada çox yüksək səviyyəli tibb avadanlığı, həkimlər var. Orada da məni başdan-ayağa – təkcə ürəkdə cərrahiyyə əməliyyatı ilə əlaqədar yox, bütünlüklə, necə deyərlər, hamısını – müayinədən keçirdilər. O əməliyyatdan on ay keçibdir. Onlar dedilər ki, biz bunu heç belə gözləmirdik. Sizin vəziyyətiniz bizim gözlədiyimizdən qat-qat yaxşıdır. Onlar belə şeyi çox edirlər, dedilər, nadir halda belə olur. Məsələn, əməliyyatdan altı ay, on ay, bir il sonra biz nə gözləyirik – biz gözlədiyimizdən çox-çox yaxşıdır. Ona görə də səhhətim çox yaxşıdır. İstəyənlər sevinsinlər, istəməyənlər kor olsunlar. Sağ olun.