Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ATƏT-in kütləvi informasiya vasitələrinin azadlığı üzrə nümayəndəsi Fraymut Duveni və onun müşavirini qəbul edərkən söhbətindən - Prezident sarayı, 23 fevral 1999-cu il

Heydər Əliyev: ATƏT-lə Azərbaycan arasında əməkdaşlıq gündən-günə inkişaf edir. Sizin Azərbaycana səfəriniz də əməkdaşlığımızın inkişafına yardım edəcəkdir. Mənə məlumdur ki, siz burada bir çox görüşlər keçirmisiniz. Düşünürəm ki, Azərbaycan, onun bugünkü reallığı haqqında yetərli qədər məlumatınız var. Mən də sizinlə bu görüşü məhz əlaqələrimizin inkişaf etməsi məqsədi ilə keçirirəm.

Fraymut Duve: Cənab prezident, çox sağ olun ki, vaxt tapıb məni və müşavirim cənab Stenli Şraygeri qəbul edirsiniz. Stenli Şrayger ABŞ-dandır. Mən isə alman siyasətçisiyəm, hazırda ATƏT-də çalışıram, onun üç təsisatından birinin rəhbəriyəm. Bu təsisatlar ATƏT-in tərkib hissəsini təşkil edir. Bizdə üç əsas ofis var. Onlardan biri insan hüquqları ilə, ikincisi milli azlıqlarla, ATƏT-in praktikasında ilk dəfə yaradılmış üçüncü ofis isə jurnalistikanın və mətbuatın azadlığı ilə məşğul olur və buna cavabdeh mənəm.

Cənab prezident, Sizin hökumətinizə xüsusi minnətdarlığımı bildirmək istəyirəm ki, o da bu təsisatın yaranmasına kömək edir və Sizin xarici işlər naziri şəxsən mənə səs vermişdir. Bu təsisatın yaranmasına 32 ölkənin nümayəndələri səs verib və biz üzv ölkələrin hamısında iş aparacaq, azad jurnalistika uğrunda çalışacağıq.

Biz bütün ölkələrin, o cümlədən Sizin ölkənin tarixinə, mədəniyyətinə, xüsusilə ədəbiyyatına çox böyük hörmətlə yanaşırıq. Sizin ölkənin çox valehedici tarixi, gözəl mədəniyyəti və dərin ədəbiyyatı var. Biz Sizin hökumətlə yaxşı əlaqələr yaratmışıq. Bir neçə dəfə qeyri-hökumət təşkilatları və mətbuat azadlığı haqqında məsələlər barədə sizin hökumətə müraciət etmişik. Hökumət dərhal cavab vermişdir. Ümumiyyətlə, çox səmərəli əməkdaşlıq etmişik.

Hazırda Sizin ölkənin düşdüyü vəziyyəti çox yaxşı anlayıram. Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında münaqişə tezliklə aradan qaldırılacaqdır.

Heydər Əliyev: Əvvəla, onu bildirmək istəyirəm ki, biz Azərbaycan hökuməti olaraq ATƏT-in tərkibində mətbuat azadlığını təmin edən bir orqanın yaranmasına səs vermişik, sizin bu təsisatın başçısı seçilməyinizə də səs vermişik. Bunun özü Azərbaycan hökumətinin demokratiya, siyasi plüralizmə və mətbuat azadlığına münasibətini açıq-aydın göstərir.

Azərbaycan yeddi ildir ki, dövlət müstəqilliyi şəraitində yaşayır. Yəqin yaxşı bilirsiniz ki, bu yeddi il müddətində Azərbaycanın həyatında çox gərgin dövrlər olmuş və ağır proseslər keçmişdir. Azərbaycanın həyatını daha da gərginləşdirən, ictimai-siyasi vəziyyəti ağırlaşdıran bir cəhət də Ermənistan-Azərbaycan münaqişəsidir, bu münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması, işğal edilmiş torpaqlardan bir milyondan artıq azərbaycanlının zorla çıxarılması və indi onların çadırlarda ağır şəraitdə yaşamasıdır.

Bütün bu ictimai-siyasi, sosial-iqtisadi çətinliklərə baxmayaraq, biz ölkəmizdə demokratik, hüquqi dövlət qurmaq prosesini həyata keçiririk. Şübhəsiz ki, belə dövlət quruculuğu prosesi müəyyən bir zaman tələb edir. Amma siz görürsünüz ki, ötən qısa dövrdə biz xeyli iş görə bilmişik və bir çox nailiyyətlər əldə etmişik.

Mən bununla sizə onu bildirmək istəyirəm ki, Azərbaycan hökuməti elan etdiyi bu prinsipə sadiqdir, demokratiya yolu ilə gedir və demokratiyanın tələblərindən irəli gələn bütün prinsiplərə həm riayət edir, həm də onları Azərbaycanda yaradır. Bunlardan biri də mətbuat azadlığı problemidir. Biz bu problemlə ciddi məşğuluq. İndi Azərbaycanda mətbuat tam azaddır, jurnalistlər azaddır, öz fikirlərini, sərbəst ifadə etmək imkanına malikdirlər. Doğrudur, bu proses asan həyata keçmir, çünki həyatda təbii bir hadisə var: yeni yaranan şey özünə həmişə çətinliklərlə yol açır. Bir neçə il bundan öncə Azərbaycanda mətbuat azadlığı tam deyildi, bu azadlığı biz tədricən əldə edirdik. Son illər Azərbaycanda azadlıq tam təmin olunmuşdur.

Amma mətbuat azadlığından kim nə qədər düzgün, səriştəli istifadə edir - bu, şübhəsiz ki, başqa məsələdir. Şübhəsiz ki, bu istiqamətdə səhvlər də buraxılır, ayrı-ayrı mətbuat nümayəndələri vətəndaşlıq tələblərindən kənara çıxırlar. Bunlar da cəmiyyətdə bəzi ziddiyyətlər yaradır. Ancaq şəxsən mən belə hesab edirəm ki, bunların hamısı keçicidir. Bir tərəfdən bütün cəmiyyət mətbuatın tam azadlığına alışır və alışacaqdır. İkinci tərəfdən isə mətbuat nümayəndələri, jurnalistlər tam azadlıqdan get-gedə daha dolğun, düzgün və mənəviyyat çərçivəsində istifadə edəcəklər. Ona görə də indi Azərbaycanda bu prosesdə mövcud olan bəzi nöqsanlar, səhvlər təbii xarakter daşıyır. Zaman lazımdır ki, bunlar hamısı ləğv olsun və mətbuat tam azad mətbuat kimi cəmiyyətə daim xeyir versin.

Siz Azərbaycan televiziyasının işinin təkmilləşdirilməsi haqqında fikirlərinizi bildirdiniz. Mən bunlarla razıyam. Biz də belə fikirdəyik ki, Azərbaycanın dövlət televiziyası öz işini daim təkmilləşdirməli və dünyanın inkişaf etmiş dövlətlərinin televiziyalarının səviyyəsinə çatdırmalıdır. Biz çox arzu edərdik ki, Azərbaycan televiziyası Bi-Bi-Si-yə oxşasın. Amma bunun üçün də zaman lazımdır, sizin dediyiniz kimi, vəsait də lazımdır. Yaxşı bilirsiniz ki, Bi-Bi-Si bir ilə, iki ilə, beş ilə bugünkü Bi-Bi-Si olmayıbdır. O da böyük, çoxillik inkişaf, təkamül yolu keçibdir. Ancaq bizim üçün əlverişli cəhət ondan ibarətdir ki, televiziyamızın hansı səviyyəyə qalxması üçün artıq dünyada bir çox nümunələr, örnəklər var. Güman edirəm, buna da çatacaqdır.

Siz Almaniyanın mətbuat tarixindən danışdınız. Bəli, bunlar bizə də məlumdur. Siz Almaniyada faşist diktaturasının ən dəhşətli cəhətlərini görmüsünüz, onun dünya xalqları üçün nə qədər təhlükəli olduğunu hiss etmisiniz. Biz də on illərlə başqa bir totalitar rejim çərçivəsində yaşamışıq və bu rejimin ənənələrindən daim uzaqlaşmağa çalışmışıq. Mən öncə sizə dedim və bir də təkrar edirəm ki, ona görə də biz demokratiya, azadlıq yolu tutmuşuq. Ancaq Azərbaycana birinci, öz dövlət müstəqilliyini qoruyub saxlamaq lazımdır. Bilirsiniz ki, bizim kimi ölkələrdə bu, birinci dərəcəli məsələdir. Biz sovetlər birliyi dağılan zaman müstəqilliyimizi almışıq. Amma 200 il çar Rusiyasının, sonra da sovetlər birliyinin tərkibində yaşamışıq və şübhəsiz ki, onların bizim üzərimizdə həmişə böyük nəzarəti olubdur. Keçmişdə sovetlər ittifaqına mənsub olmuş indiki müstəqil ölkələrin müstəqilliyinə təəssüf ki, vaxtaşırı qəsd, təcavüz halları özünü büruzə verir. Ona görə də müstəqilliyimizi qorumaq bizim üçün əsas məsələdir.

Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq lazımdır. Bunun üçün də gərək Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqlar azad olunsun, Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin və bir milyondan artıq azərbaycanlı öz yerinə-yurduna qayıtsın.

Biz bu istiqamətdə çox iş görürük. Birincisi odur ki, 1988-ci ildə başlanmış müharibəni 1994-cü ilin may ayında saxladıq. 1994-cü ilin may ayından indiyə qədər Ermənistan-Azərbaycan münaqişəsində atəş yoxdur. Bu, böyük nailiyyətdir ki, biz müharibəni dayandırmışıq, indi qan tökülmür, insanlar həlak olmur. Biz sülhə nail olmaq və məsələni yalnız sülh yolu ilə həll etmək istəyirik. Müharibənin yenidən baş verməsinin tərəfdarı deyilik.

Ancaq bilirsiniz ki, bizim qarşımızda böyük çətinliklər var. Ermənistanla Azərbaycan bir-biri ilə hərbi münaqişədə olduğu zaman Rusiya son 3-4-5 ildə Ermənistana həddən çox silahlar vermiş, Ermənistanda öz hərbi bazasını yerləşdirmişdir və son aylarda orada ən müasir raketlər və qırıcı təyyarələr yerləşdirilmişdir. Biz bu hərəkətlərə qarşı etiraz edirik. Ancaq təəssüflər olsun ki, Rusiya tərəfi bu etirazlarımıza məhəl qoymur.

Beləliklə, görürsünüz ki, Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesi çətin şəraitdə gedir. Amma buna baxmayaraq, biz tutduğumuz yola sadiqik və Azərbaycanda demokratiyanı tam bərqərar edəcəyik. Biz də diktaturanın əleyhinəyik, demokratiya tərəfdarıyıq və bu yolla da gedəcəyik.

\"Azərbaycan\" qəzeti, 24 fevral 1999-cu il.