Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin MDB üzvü olan ölkələrin dövlət başçılarının Moldova zirvə görüşündə Qazaxıstan televiziyası müxbirinin Azərbaycan və Qazaxıstan prezidentlərinə zirvə görüşü barədə sualına cavabları - 23 oktyabr 1997-ci il

Heydər Əliyev: Bugünkü görüş çox mühüm idi. MDB-nin problemləri haqqında, xüsusən onun təşəkkülünə maneələr, amillər haqqında ilk dəfə olaraq açıq, çox kəskin, prinsipial, qərəzsiz söhbət getdi. Dövlət başçılarının, demək olar, hamısı iclasda, təkrar edirəm, çox açıq çıxış etdilər. Hər kəs öz mövqeyini açıqladı. Əgər onların dediklərini cəmləşdirməli olsaq, ümumi fikir belə idi ki, bizim birliyi daha demokratik etmək lazımdır ki, hüquq bərabərliyi olsun, hər bir dövlətin milli mənafelərinə hörmət edilsin. MDB-nin müstəqil dövlətləri hamı tərəfindən məhz müstəqil dövlətlər kimi tanınsın, birliyi hansısa ittifaqa çevirmək cəhdləri olmasın. Xüsusilə vacibdir ki, ambisiya təzahürləri, imperiya əhval-ruhiyyəsi və sairə olmasın. Ticarət, gömrük problemlərinə, iqtisadi münasibətlərə çox diqqət yetirildi.

Nursultan Nazarbayev: MDB ölkələri dövlət başçılarının əvvəlki iclası yarım il öncə olmuşdur və mən orada çox kəskin tənqidlə çıxış etmişdim. Bu gün mən bildirirəm ki, həmin təkliflərin heç biri yerinə yetirilməyib. Dövlət başçıları da o fikirləri bu mənada dəstəklədilər ki, birliyin tərkibində bir-biri ilə müharibə aparan dövlətlər ola bilməz. Dövlət başçılarının hamısı tərəfindən imzalanmayan qərarları da qəbul etmək lazım deyildir. Mən təklif etdim ki, bugünkü gündəliyə salınmış məsələləri hökumət başçıları müzakirə etsinlər. Prezidentlər qlobal problemləri müzakirə etməli və siyasəti müəyyənləsdirməlidirlər. Ən başlıcası isə, prezidentlər tənqid etdilər ki, “ikilər” “dördlər” ittifaqları etimada kömək etmir. Bu, həqiqətən belədir. Onda gəlin yeganə məsələni həll edək - ümumi iqtisadi məkan yaradaq, bütün dövlətlər arasında gömrük və tarif siyasətini razılaşdıraq ki, ticarət etmək mümkün olsun. Bununla əlaqədar qərara alındı ki, müvafiq sənədlər imzalanmasını və hökumət başçılarına verilsin, növbəti iclas isə gələn ilin yanvarında yeganə gündəliklə - Şevardnadzenin, Kərimovun, Heydər Əliyeviçin, mənim və Kuçmanın qaldırdığmız məsələlər üzrə keçirilsin. Bu son dərəcə kəskin məsələləri MDB-nin gələn iclasında həll etmək, hamı barəsində eyni etimad yaratmaq, iqtisadi ittifaq məsələlərini, respublikaların daxilində olan digər məsələləri həll etmək lazımdır. Bunlar münaqişələr, müharibə, bir-birini başa düşməmək məsələləridir. Birinə bir cür münasibət bəsləyirlər, digərinə başqa cür, birini silahlarıdırır, digərini tərksilah edirlər. Əgər biz hər bir dövlətin ərazi bütövlüyünə tərəfdarıqsa, - bu, ATƏT-in və MDB-nin prinsipləridır, - hər bir dövlətin sərhədlərinin toxunulmazlığına tərəfdarıqsa, onda bu məsələləri həll etməyə qadir olmalıyıq. Yox, əgər bunu etmiriksə, onda həmin dövlətlər Dünya Birliyinə, başqa dövlətlərə müraciət edirlər. Xüsusən Rusiya bundan inciyir. Ona görə də hesab edirəm ki, bu mənada çox vacib, açıq, ciddi söhbət getdi. Hər kəs ürəyindəkinin hamısını dedi.