Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 500 illiyinə həsr edilmiş təntənəli yığıncaqda nitqi - Moskva, Sütunlu Salon, 17 noyabr 1994-cü il

Əziz dostlar, əziz moskvalılar, əziz rusiyalılar, Moskvada yaşayan əziz həmvətənlər, azərbaycanlılar!

Füzulinin 500 illik yubileyi münasibətilə Azərbaycan xalqından, müstəqil Azərbaycan dövlətindən səmimi salamı və hərarətli təbrikləri qəbul edin. Rusiya və Azərbaycan xalqları gözəl dostluq, əməkdaşlıq ənənələrinə, mədəniyyət sahəsində qarşılıqlı münasibətlərin zəngin tarixinə malikdirlər. Bu işdə xalqımıza həyatın bütün mərhələlərində mədəniyyət, ədəbiyyat, incəsənət xadimləri kömək etmişlər.

Bu gün biz fasilədən sonra, müəyyən müddətdən sonra yenidən birlikdəyik və dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illiyini birlikdə qeyd edirik. Şairin yubiley ilini YUNESKO Füzuli ili elan etmişdir. Füzulinin yubileyi Azərbaycanda, bir çox digər ölkələrdə geniş qeyd edilir, lakin bu, Azərbaycan xalqı üçün xüsusilə dəyərli və əhəmiyyətlidir ki, Füzulinin yubileyi Moskvada - zəngin mədəni və ədəbi ənənələri olan şəhərdə də qeyd olunur. Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin bir çox nəsillərinin həyatı və yaradıcılığı bu şəhərlə bağlıdır.

Azərbaycan ədəbiyyatına, respublikamızın mədəniyyətinə belə qayğı göstərdiklərinə və bu gözəl gecəni təşkil etdiklərinə görə Rusiya dövlətinə, hamıya ürəkdən təşəkkür edirik. Mən Rusiya Federasiyasının prezidenti, çox hörmətli Boris Nikolayeviç Yeltsinə gecəmizin iştirakçılarına göndərdiyi səmimi təbrikə görə minnətdaram. Bu təbrikdə o, dahi Azərbaycan şairinə, Azərbaycan xalqına, Azərbaycan mədəniyyətinə öz münasibətini və bütün Rusiya xalqının münasibətini ifadə etmişdir.

Moskvanın, Rusiyanın ən gözəl saraylarından biri Rusiyanın, digər xalqların incəsənət, mədəniyyət xadimlərinin yubileylərinə, həyat və yaradıcılıqlarının əlamətdar ildönümlərinə həsr olunmuş bir çox unudulmaz gecələri xatırladır. Bu salonda Azərbaycan mədəniyyəti korifeylərinin yubileyləri dəfələrlə bayram edilmişdir. Lakin bugünkü gecə xüsusi əhəmiyyətə malikdir. Bu gün Rusiya paytaxtında Məhəmməd Füzulinin 500 illiyi, müstəqil Azərbaycan dövləti şairinin yubileyi qeyd olunur. Bunun xüsusi mənası var. Elə bunun özü də ona dəlalətdir ki, Azərbaycan və rus xalqlarını, Rusiya və Azərbaycan xalqlarını birləşdirən dostluq telləri möhkəm və pozulmazdır, bu telləri heç nə qıra bilməz. Bu tellər əbədi olacaq və gündən-günə möhkəmlənəcəkdir.

Bütün Yer kürəsində, o cümlədən də keçmiş Sovet İttifaqının ərazisində baş verən ictimai-siyasi proseslər müxtəlif bölgələrdə, eləcə də bizim Qafqazda adamların həyatını, təbii olaraq çətinləşdirir, haradasa düşmənçilik, qarşıdurma şəraiti yaradılır. Biz burada, Moskvada Füzulinin 500 illiyini qeyd edərkən qəti şəkildə bildiririk ki, bütün bu hallar keçib gedəndir, onlar əsrlər boyu xalqlar arasında toplanmış, yaradılmış nə varsa, hamısını - dostluq, qarşılıqlı hörmət, qarşılıqlı yardım hisslərini sarsıda bilməz. Buna görə də belə düşünürəm ki, biz hamımız bu çətinlikləri əl-ələ verib birlikdə aradan qaldıracağıq, ümumbəşəri dəyərlərə xidmət etmək, ümumbəşəri amallara xidmət etmək üçün birləşəcəyik.

Rus və Azərbaycan xalqlarının incəsənət və mədəniyyəti, ədəbiyyatı bir-biri ilə elə sıx bağlanmış, bir-biri ilə elə möhkəm çulğaşmışdır ki, bu əlaqələri məhv etmək mümkün deyildir. Elə bugünkü gecə də buna ən inandırıcı və parlaq sübutdur.

Mən buraya rus xalqına, Rusiya xalqlarına, Moskvaya, moskvalılara Azərbaycan xalqının bəslədiyi dərin ehtiram hissi ilə gəlmişəm. Bu hisslər Azərbaycan xalqının rus xalqına münasibətini həmişə səciyyələndirmişdir. Bu hisslər indi də, müstəqil dövlətlərin hüdudları daxilində yaşadığımız dövrdə də yaşayır, bizi bir-birimizə bağlayır və bizi birləşdirir.

Mən bugünkü gecəyə görə sizə təşəkkür etmək, moskvalılara, rusiyalılara təşəkkür etmək və keçmiş zamanlarda bizi birləşdirmiş olan və bu gün də birləşdirən dostluğa görə rus xalqına, bütün Rusiya xalqlarına böyük hörmət, böyük minnətdarlıq hisslərini çatdırmaq istəyirəm.

Bugünkü gecəyə görə çox sağ olun! Sizə xoşbəxtlik və firavanlıq, Rusiya Federasiyasının xalqlarına uğurlar, sizə uğurlar, rus xalqına, rus mədəniyyətinə, rus ədəbiyyatına, rus incəsənətinə xoşbəxtlik və firavanlıq arzulayıram.

Sağ olun!

\"Azərbaycan\" qəzeti, 19 noyabr 1994-cü il.