Xalq artisti Arif Məlikova - Bakı şəhəri, 12 sentyabr 1998-ci il

Hörmətli Arif Məlikov!

Sizi - müasir Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətləri olan görkəmli sənətkarı 65 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Siz Üzeyir Hacıbəyov və Qara Qarayev məktəbinin ənənələrini layiqincə davam etdirərək hələ gənc yaşlarınızda böyük sənət uğurları qazanmısınız. Milliliklə müasirliyin vəhdətinin gözəl nümunəsi olan \"Məhəbbət əfsanəsi\" baletiniz Azərbaycan müsiqisinin şöhrətinin artmasında müstəsna rol oynamışdır.

Musiqi dilinin zənginliyi, obrazlarının cazibədarlığı və hisslərin poetik ifadəsi ilə səciyyələnən bu balet dünyanı fəth edərək teatr səhnələrində indi də müvəffəqiyyətlə tamaşaya qoyulmaqdadır. Sonrakı dövrlərdə bəstələdiyiniz balet əsərlərinin taleyi də uğurlu olmuşdur. Dövrümüzün dərin ziddiyyətlərini əks etdirən simfoniya və simfonik poemalarınız beynəlxalq festivallarda, bir çox ölkələrin musiqi salonlarında daim səslənir. Romans və mahnı janrında əsərlərin müəllifı kimi siz dinləyicilərin dərin rəğbətini qazanmısınız. Kinofilmlərə və dram tamaşalarına yazdığınız musiqi də yaradıcılığınızın mühüm bir qolunu təşkil edərək musiqi xəzinəmizi zənginləşdirir.

Azərbaycanda gənc bəstəkar kadrların yetişdirilməsi sahəsindəki xidmətləriniz yüksək təqdirə layiqdir. Sizin ictimai fəaliyyətiniz əsl vətəndaşlıq mövqeyini əks etdirir. Azərbaycan xalqının ağır \"Qara yanvar\" günlərində təcavüzə qarşı etirazınız, haqq-ədalətə çağırışlarınız ən yüksək kürsülərdən cəsarətlə səslənirdi.

Ümidvaram ki, fitri istedad, milli musiqimizə sonsuz bağlılıq, sənət yollarında əldə etdiyiniz böyük təcrübə ilə səciyyələnən yaradıcılığınız Azərbaycan mədənıyyətinin daha da zənginləşməsinə bundan sonra da xidmət edəcəkdır.

Sizə cansağlığı, xoşbəxtlik və yaradıcılıq uğurları arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.