Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yaponiyanın \"Sumitomo\" şirkətinin prezidenti Miyuxara Kinci ilə görüşdəki söhbətindən - Tokio, Azərbaycan Prezidentinin iqamətgahı, 25 fevral 1998-ci il

Hörmətli cənab Kinci!

Mən sizi, şirkətin bu görüşdə iştirak edən digər nümayəndələrini səmimi-qəlbdən salamlayıram. Mənim, Azərbaycan prezidentinin Yaponiyaya ilk rəsmi səfərimi tarixi hadisə kimi qiymətləndirməyinizi məmnunluqla qəbul edirəm və minnətdarlığımı bildirirəm.

Sizin verdiyiniz məlumatdan, Azərbaycan haqqında söylədiyiniz xoş sözlərdən, respublikamızla hələ 1970-80-ci illərdə, habelə son illər əməkdaşlıq etməyinizdən, xüsusilə Bakı məişət kondisionerləri zavodunun modernləşdirilməsi üçün verdiyiniz təkliflərdən məmnun qaldığımı vurğulayır və ürəkdən təşəkkür edirəm. Həmin zavod 1970-ci illərdə tikilib istifadəyə verilmiş və onun avadanlığı Yaponiyanın \"Toşibo\" şirkətinin köməyi ilə qurulmuşdu. İndi müəssisənin modernləşdirilməsinə çox böyük ehtiyac duyulur və sizin təkliflərinizi yüksək qiymətləndirirəm. Vaxtilə həmin zavodun istehsal etdiyi məhsulların əsas hissəsi müxtəlif ölkələrə ixrac olunurdu. İndi bu zavodun fəaliyyətinin yenidən dirçəldilməsi üçün onun modernləşdirilməsi çox vacibdir. Ona görə də irəli sürülən təkliflər faydalıdır və onların ətraflı öyrənilməsi üçün müəyyən müzakirələr aparılmalıdır.

\"Sumitomo\" şirkətinin Bakı şəhərində kommunikasiya sisteminin və infrastruktur sahələrinin yenidən qurulması - ən müasir texnologiya əsasında rabitə xətlərinin yaradılması, \"Şimal\" buxar-qaz elektrik stansiyasının tikintisi, Naxçıvan hava limanının yenidən qurulması işlərində yaxından iştirak etməyə hazır olduğunuzu bir daha yüksək qiymətləndirirəm, təkliflərinizi alqışlayıram. Ümidvaram ki, zəngin təbii ehtiyatlara malik olan, bazar münasibətləri yolunu seçən və Dünya Birliyi ilə əlaqələrinin daim möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verən Azərbaycan Respublikası ilə Yaponiya arasında yaranmış yaxşı münasibətlər əməkdaşlığımızın daha da genişlənməsinə səbəb olacaqdır. Sizə faydalı fəaliyyətinizdə uğurlar arzulayıram.