Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 20 Yanvar faciəsinin 5-ci ildönümü ilə bağlı çıxışı - Şəhidlər Xiyabanı, 20 yanvar 1995-ci il

Əziz bacılar, qardaşlar, əziz vətəndaşlar, şəhid ailələri, onların qohum-qardaşları!

Bu gün Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsinin ən yüksək zirvəyə qalxdığı günün - 20 Yanvar hadisələrinin 5-ci ildönümünü qeyd edirik. Bu gün Azərbaycanın müstəqilliyi uğrunda, xalqımızın hüquqlarının müdafiəsi uğrunda, milli azadlıq uğrunda mübarizəyə qalxmış, həlak olmuş, şəhid olmuş övladlarımızın, soydaşlarımızın qəhrəmanlıq gününü qeyd edirik. 20 Yanvar hadisələrinin 5-ci ildönümü münasibətilə bütün Azərbaycan xalqı, Azərbaycan vətəndaşları o faciəli günləri yad edir. Şəhidlərin ruhuna dua oxuyur. Şəhidlərin qəhrəmanlığı ilə fəxr edir və Bakıda, Azərbaycanın bütün şəhərlərində, bütün məntəqələrində şəhidlərin ruhu qarşısında baş əyir.

Əziz bacılarım, biz sizinləyik. Sizin dərdiniz bizim dərdimizdir. Bütün Azərbaycan xalqının dərdidir.

... Bura minlərlə adam toplaşıbdır. Axı, dərdimiz birdir. Bu dərdimizi qeyd edək. Ondan sonra bu məsələyə baxarıq. Bilin ki, bu gün biz böyük tarixi hadisəni qeyd edirik. Bu gün biz şəhidlərin məzarı qarşısındayıq. Biz bu gün gəlmişik onların ruhu qarşısında baş əyək. Olarmı ki, belə bir zamanda, belə bir məqamda ayrı-ayrı hissiyyatlarınızla bu məsələdə qarışıqlıq yaradasınız?

Mən sizin heç birinizi günahlandırmıram. Hərənin öz dərdi var, həyatımız çətindir. Şəhid ailələrinin problemləri çoxdur. Bu beş il ərzində siz də qəm içərisindəsiniz, biz də qəm içərisindəyik. Ancaq bilin, biz bu gün tarixi hadisə münasibətilə bura toplaşmışıq. Hər bir şəhidin tökülən qanı Azərbaycanın müstəqilliyini təmin edibdir. İndi Azərbaycan müstəqil dövlətdir. Siz bu müstəqil dövlətin azad vətəndaşlarısınız. Bu azadlıq bizim üçün hər şeydən üstündür, bizim böyük nailiyyətimizdir, böyük qələbəmizdir və bu azadlıq naminə, bu müstəqillik naminə biz qurbanlar vermişik. Bundan sonra da verəcəyik. Hər bir adam şəhid olmağa hazır olmalıdır ki, xalqımız daim azad olsun, daim müstəqil olsun. Ona görə də dərdinizi anlayıram. Mən sizdən də çox dərd çəkirəm. Ancaq gəlin bu gün ümummilli, ümumxalq hadisəsini qeyd edək, ayrı-ayrı məsələlərə isə sonra baxaq.

Azərbaycan xalqı üçün bu gün həm qəhrəmanlıq səhifəsidir, həm də böyük faciə səhifəsidir. 20 Yanvarda Azərbaycanın azadlıqsevər, vətənpərvər insanları o dövrdə xalqımıza qarşı göstərilən ədalətsizliyə görə, Azərbaycan torpaqlarına erməni silahlı qüvvələrinin təcavüzünün qarşısı alınmadığına görə və milli azadlığa nail olmaq üçün ayağa qalxdılar, etirazlarını bildirdilər. Üsyan etmək istədilər. Onları boğmaq üçün, əzmək üçün Sovet İttifaqının qoşunları, sovet ordusunun hissələri ölkəmizə basqın etdi, Azərbaycanı sıxmaq, xalqımızı bölmək istədi. Azərbaycan xalqı qurbanlar verdi. O gün faciəli gün oldu, biz şəhidlər verdik, qan töküldü. Azərbaycanın torpağı, Bakı şəhəri qana bələndi. Ancaq eyni zamanda bizim qəhrəman övladlarımız özünü qurban verərək Azərbaycan xalqının milli azadlığı üçün, Azərbaycanın müstəqilliyi üçün yol açdılar. O şəhidlər burada - Azərbaycanın, Bakının ən mötəbər, gözəl guşəsində əbədiyyətə qovuşublar. Biz onların məzarları qarşısındayıq.

Biz bu məzarları daim yad edəcəyik. Bura Azərbaycan xalqı üçün böyük bir ziyarətgaha çevrilibdir. Xalqımızın tarixində çox əzəmətli, qiymətli abidələr var. Ancaq Şəhidlər Xiyabanı, XX əsrin sonunda Azərbaycan xalqının milli azadlıq uğrunda özünü qurban vermiş şəhidlərinin məzarları, Azərbaycan Respublikasının, Azərbaycan torpağının ən müqəddəs yeridir və ən qiymətli abidəsidir.

Biz bu gün bu abidəyə, bu məzarların qarşısına gəlmişik. Bu gün biz bu qəhrəman, cəsur, rəşadətli Azərbaycan övladlarının məzarı qarşısındayıq. Onların qəhrəmanlığının əbədi yaşayacağını bir də bəyan edirik və onlara deyirik ki, sizin qəhrəmanlığınız nəticəsində, şəhidliyiniz nəticəsində indi xalqımız öz milli azadlığına nail olubdur.

Azərbaycan müstəqil dövlətdir, öz ərazi bütövlüyünü qorumağa çalışır, öz müstəqilliyini möhkəmlətməyə çalışır. Bu şəhidlərdən sonra Azərbaycan öz torpaqlarını qorumaq üçün bir çox şəhidlər veribdir. Ona görə də 20 Yanvar şəhidləri ilə yanaşı, Azərbaycanı erməni təcavüzündən qorumaq uğrunda mübarizəyə qalxan, döyüşlərə gedən Azərbaycanın qəhrəman oğulları, şəhid olanlar da burada, bu Şəhidlər Xiyabanındadır. Şəhidlər şəhidlərlə yan-yanadır. Bu da təbiidir. Çünki hamısı Azərbaycanın xoşbəxt gələcəyi uğrunda həlak olublar, şəhid olublar və bu məzarlarda uyuyurlar. Mən bu hadisələr münasibətilə 20 Yanvar şəhidlərinin ruhu qarşısında, məzarları qarşısında, Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda erməni təcavüzkarları ilə mübarizəyə qalxaraq həlak olanların məzarları qarşısında bütün Azərbaycan xalqına başsağlığı verirəm. Şəhidlərin ailələrinə başsağlığı verirəm. Buraya toplaşan Azərbaycan vətəndaşlarına başsağlığı verirəm. Azərbaycan dövləti özü-özünə başsağlığı verir.

Biz bu dərdi, bu qəmi daim qəlbimizdə saxlayacağıq. Ancaq eyni zamanda bu şəhidlərin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnək olub. Bundan sonra da örnək olacaqdır. Mən tam əminəm ki, Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını qorumaq üçün, Respublikamızın müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Daim qəhrəmanlıq nümunələri, vətənpərvərik nümunələri göstərəcəklər. Ona görə də bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğurursa, nə qədər ağır itkidirsə, o qədər də xalqımız üçün, qəhrəmanlıq nümunəsi kimi, örnək kimi bizim milli sərvətimizdir, milli iftixarımızdır. Biz bu gün buraya həm qəm hissi ilə, həm də böyük iftixar hissi ilə gəlmişik. Biz fəxr edirik ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Biz fəxr edirik ki, Azərbaycan xalqı öz milli mənliyini, öz milli azadlığını qorumaq üçün həlak olmağa, şəhid olmağa hazırdır. Biz fəxr edirik ki, bizim qəhrəmanlarımız var, biz fəxr edirik ki, bu azadlıq yolunda özünü qurban etmiş şəhidlərimiz var, onların qəhrəmanlığı, onların ruhu bizim qəlbimizdə daim yaşayacaq. Onlar əbədiyyətə qovuşublar. Onların xatirəsi bizim üçün əbədidir.

Ona görə də mən sizə başsağlığı verərək, eyni zamanda sizi təbrik edirəm ki, Azərbaycan xalqı bundan sonra özünü qorumağa qadirdir.

Azərbaycan xalqı öz mənliyini müdafiə etməyə qadirdir. Azərbaycan xalqı öz müstəqilliyini müdafiə etməyə qadirdir. Sizə bir daha başsağlığı verirəm. Başınız sağ olsun. Allah bu xiyabanda uyuyan övladlarımıza rəhmət eləsin. Allah Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda, Azərbaycan torpaqlarının müdafiəsi uğrunda həlak olmuş, şəhid olmuş adamların hamısına rəhmət eləsin. Allah Azərbaycan xalqına səbr versin. Allah sizə, valideynlərə, şəhidlərin ailələrinə, qohum-əqrəbasına səbr versin. Səbr versin ki, biz xalqımızı daha xoşbəxt gələcəyə apara bilək, səbr versin ki, biz xalqımızı bu bəladan çıxara bilək. Səbr versin ki, Azərbaycan xalqı öz müstəqilliyini möhkəmləndirib əbədi edə bilsin. Allah şəhidlərə rəhmət eləsin.