Azərbaycan Prezidenti Heydər Əliyevin Avropa Parlamentinin nümayəndə heyəti ilə görüşdə söhbətindən - 22 may 2001-ci il

Heydər Əliyev: Hörmətli qonaqlar, siz Azərbaycana xoş gəlmisiniz. Avropa Birliyinin belə mötəbər, çoxsaylı nümayəndə heyətinin Azərbaycana gəlməsini çox müsbət qiymətləndirirəm. Amma sizin qarşınızda o qədər kağız görürəm ki, əgər onların hamısına baxsaq, gərək üç saat danışaq. Bunu zarafat edirəm, nə qədər istəsəniz danışarıq.

Avropa Birliyi ilə Azərbaycanın əlaqələri 1996-cı ildə bizim əməkdaşlıq haqqında imzaladığımız sənəd əsasında qurulubdur. Mən çox məmnunam ki, biz bunu vaxtilə imzalamışıq. Gərək ki, Lüksemburqda imzaladıq. Mən orada iştirak edirdim, özüm imzaladım. Bundan sonra da bizim əməkdaşlığımız inkişaf edir. Konkret nəticə nöqteyi-nəzərindən Avropa Birliyi ilə əməkdaşlıq başqa beynəlxalq təşkilatlara nisbətən daha da nəticəlidir.

Hələ 1992-1993-cü illərdən başlayaraq Avropa Birliyinin bizim regiona, Qafqaz, Orta Asiya regionuna marağı artmışdır. Bir neçə proqramların - TASİS proqramının, TRASEKA proqramının, İNOQEYT proqramının yaranması Avropa Birliyinin, həqiqətən, bizim regiona çox diqqətlə yanaşmasını göstərir. Biz bu proqramların həyata keçirilməsində fəal iştirak edirik. Ölkəmizin coğrafi vəziyyəti, coğrafi-strateji vəziyyəti belədir ki, bu proqramlar Azərbaycansız həyata keçirilə bilməz.

Burada xeyli işlər görülübdür. Biz bu sahədə Avropa Birliyindən iqtisadiyyatımızın bəzi sahələrini inkişaf etdirmək üçün aldığımız yardımları və kreditləri də qiymətləndiririk.

Nəhayət, bilirsiniz ki, biz Avropa Birliyi ilə birlikdə 1998-ci ilin sentyabr ayında Azərbaycanda böyük bir konfrans keçirdik. Bu konfransın əsas məzmunu TRASEKA proqramı üzrə böyük tarixi İpək yolunun bərpa olunması məsələsi idi. Mən çox məmnunam ki, bu konfrans Azərbaycanda keçirildi. Biz burada, hesab edirəm ki, çox vacib bir saziş imzaladıq. Qədim İpək yolunun bərpası ilə əlaqədar təşkilat yaratdıq, onun katibliyi Azərbaycanda yerləşir. Bir müddət bundan öncə o katibliyə yaxşı bir bina verdik və o binanın açılışında özüm şəxsən iştirak etdim.

Biz böyük İpək yolunun bərpası proqramına çox ciddi yanaşırıq. Hesab edirik ki, bunun böyük perspektivi var. Bu, Şərqlə Qərbi, Avropa ilə Asiyanı birləşdirən, məsafəcə ən yaxın və təhlükəsizliyi təmin edən bir marşrutdur.

Ancaq biz Avropa Birliyi ilə əməkdaşlığımızı təkcə bu proqramlar çərçivəsində nəzərdə tutmuruq. Siz Avropa Birliyinin parlamentinin nümayəndələrisiniz.

Mən çox məmnunam ki, Azərbaycan parlamenti ilə sizin aranızda çox işgüzar əlaqələr yaranıbdır və dünən, bu gün burada çox yaxşı konfrans keçirilibdir, məsələlər müzakirə olunubdur. Biz bunları özümüz üçün çox əlamətdar hadisə hesab edirik və Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığına böyük ümidlərlə baxırıq.

Bilirsiniz ki, biz yanvar ayında Avropa Şurasına həqiqi üzv kimi qəbul olunduq. Avropa Şurasında çox dövlət var, 43 dövlət var. Oraya daxil olmaq üçün xeyli vaxt imtahanlardan keçdik. Bəzən də \"imtahan edən müəllimlər\" bizə qarşı ədalətli deyildilər. Amma onlara sübut etdik ki, biz Avropa Şurasının üzvü olmağa layiqik. Bilirəm ki, Avropa Birliyinin 15 üzvü var, amma növbədə də çox ölkə var. Sizin şərtləriniz daha da ciddidir. Biz realistik. Hesab etmirik ki, biz buna tezliklə nail ola bilərik. Amma Avropa ailəsinin üzvü kimi Azərbaycan, təbiidir ki, bu istiqamətdə də irəliləmək istəyir. Ona görə parlamentlərarası əlaqələrin çox böyük əhəmiyyəti var. Güman edirəm ki, siz bu iki gündə Azərbaycanın bugünkü reallığını görürsünüz. Təbiidir ki, bizim ölkəmizdə hər şey istədiyimiz kimi deyildir. Ancaq hər halda, son beş-altı ildə Azərbaycanda iqtisadi inkişaf var və bizim yaxşı perspektivlərimiz var.

Sizə artıq bunu deyiblər ki, bizim bütün bu işlərimizə mane olan Ermənistan-Azərbaycan münaqişəsidir. Güman edirəm, bilirsiniz ki, bu münaqişənin günahkarı biz deyilik. Ermənistan Azərbaycanın torpaqlarının bir hissəsini, Dağlıq Qarabağı özünə birləşdirmək üçün bu münaqişəni başlayıbdır. Sonra bu münaqişə qanlı müharibəyə çevrilibdir və müxtəlif səbəblərdən Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizini işğal etməyə nail olubdur. İşğal edilmiş torpaqlardan bir milyon insan zorla yerindən çıxarılıb və indi artıq yeddi-səkkiz ildir ki, qaçqın vəziyyətində, əksəriyyəti çadırlarda yaşayır.

Təbiidir ki, XXI əsrin əvvəlində dünyada, Qafqaz bölgəsində belə bir münaqişənin olması özlüyündə indi gedən proseslərə uyğun deyildir. Amma təəssüf ki, biz beynəlxalq ictimaiyyəti bu münaqişənin sülh yolu ilə həll olunması üçün fəal cəlb edə bilməmişik. Müharibənin yenidən başlanması nə Ermənistan üçün, nə də Azərbaycan üçün heç də xeyirli ola bilməz. Amma eyni zamanda, Azərbaycanın torpaqlarının bir qisminin işğal olunmasına və oradan Azərbaycan vətəndaşlarının zorla çıxarılmasına, onların ağır vəziyyətdə yaşamasına biz dözə bilmərik. Ona görə də biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Güman edirəm ki, Avropa Birliyi də bu məsələlərə öz münasibətini bildirməli və öz fəaliyyətini göstərməlidir.

Düşünürəm ki, bizim şəhərimizlə də tanış oldunuz. Hər halda, şəhər pis deyildir. Brüssel də yaxşı şəhərdir, amma Bakı, Azərbaycan da pis deyildir. Buyurun.

Ursula Şvayser (Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin həmsədri): Cənab Prezident, hər şeydən öncə, icazə verin, bu gün bizi qəbul etdiyinizə görə nümayəndə heyətinin adından Sizə təşəkkürümü bildirim. Bu görüşün və bizim səfərimizin uğurlu təşkil olunmasında göstərdikləri xidmətə görə xüsusi olaraq Avropa Birliyinin buradakı səfirlərinə də təşəkkürümü bildirirəm. Son dövrlər Azərbaycan tarixi günlərini yaşayır. Burada olduqca mühüm hadisələr baş verir. Siz doğru qeyd etdiniz, bu ilin əvvəlində Azərbaycan Avropa Şurasında üzvlüyə başlayıbdır. Bu da Sizin həyatınızda tarixi hadisə olubdur. Bilirik ki, qeyd etdiyiniz münaqişənin dinc yolla aradan qaldırılması üçün son dövrdə intensiv danışıqlar aparılır. Ermənistan prezidenti ilə danışıqlarınızdan da xəbərimiz var. Hesab edirik ki, bu bölgədə hələlik tərəfdaş olmayan iki ölkənin rəhbərləri arasında sülh danışıqlarının davam etdirilməsinin özü də mühüm hadisədir və biz bu danışıqların aparılmasını alqışlayırıq.

Biz burada olduğumuz dövrdə sizin parlamentin nümayəndələri ilə işgüzar danışıqlar aparmışıq. Bilirik, danışıqlarda da duymuşuq ki, sizin iki əsas probleminiz var. Birincisi, şübhəsiz ki, Qarabağ problemidir. Biz arzu edirik ki, bu münaqişə, bu problem tezliklə dinc yollarla həll olunsun.

Düşünürəm ki, bu münaqişənin dinc yolla aradan qaldırılması üçün Sizin kimi şəxsiyyətlərə böyük ehtiyac var. Məhz böyük şəxsiyyətlərin iradəsi sayəsində bu problemi aradan qaldırmaq mümkün ola bilər.

Hesab edirik ki, sizin xalqınız dövlətinizin hansı inkişaf mərhələsinin başlanğıcında olduğunu yaxşı anlayır. Bu baxımdan biz Azərbaycanda gördüklərimizi nikbinliklə qarşıladıq. Azərbaycanın böyük gələcəyin başlanğıcında olduğunu gördük.

Şübhəsiz ki, bizim nümayəndə heyətimizin üzvlərinin Sizə ünvanlamaq istədikləri bəzi suallar olacaqdır. Mən istərdim, öncə nümayəndə heyətinin üzvlərini Sizə təqdim edim. Cənab Stefano Zappala Avropa Parlamentinin üzvüdür. O, İtaliyanı təmsil edir. Avropa Parlamentində Ətraf Mühitin Qorunması Komitəsinin üzvüdür. Cənab Olivyer Dupui də İtaliyanın təmsilçisidir. O, Avropa Parlamentində mənim də fəaliyyət göstərdiyim Konstitusiya Komitəsinin üzvüdür. Xanım Mari-Ann İsler Bequin Fransanı təmsil edir. Cənab Zappala kimi, o da Ətraf Mühitin Qorunması Komitəsinin üzvüdür. Cənab Dmitrios Kulurianos isə Yunanıstanı təmsil edir. O, Avropa Parlamentində - Kənd Təsərrüfat Komitəsinin üzvüdür.

Çox məmnunam ki, bizim bugünkü nümayəndə heyətimizdə cənab Per Qarton da iştirak edir. O, Avropa Parlamentinin Xarici əlaqələr və insan haqları komissiyasının üzvüdür. Bundan əlavə, o, Avropa Parlamentində Cənubi Qafqaz üzrə məruzəçi qrupunun rəhbəridir. Cənab Qarton Avropa Parlamentinin Xarici əlaqələr və insan haqları komissiyasında Azərbaycana və Cənubi Qafqaza aid məruzə ilə çıxış etdikdən, orada müzakirələr aparıldıqdan sonra biz bu ilin sentyabr-oktyabr aylarında Avropa Parlamentində ümumi müzakirələrin keçirilməsini planlaşdırırıq.

Hesab edirik ki, bu müzakirələr Avropa Birliyi ilə Azərbaycan arasında əməkdaşlıqda mühüm rol oynayacaqdır. Bildirmək istəyirəm ki, biz bu payız keçiriləcək müzakirələrdən çox şey gözləyirik. Çünki bu yaxınlarda Avropa Birliyinin üçlüyü regionda olmuşdur. Yunanıstandan olan səfirimizin verdiyi məlumatlara əsasən bilirik ki, son həftələr burada sülh danışıqları ilə əlaqədar intensiv işlər aparılıbdır. Bundan əlavə, son dövrlər sizin ölkənizi çoxlu nümayəndə heyətləri, o cümlədən mənim təmsil etdiyim Almaniyanın da böyük nümayəndə heyəti ziyarət edibdir. Hesab edirik ki, payızda müzakirələrə çıxarmaq üçün çoxlu məsələlərimiz olacaqdır.

Hesab edirəm ki, nümayəndə heyətinin səfəri zamanı biz Azərbaycan ilə əməkdaşlığımızın çoxtərəfli qaydada aparılması üçün bütün sahələrə nəzər salmaq imkanı əldə etdik. Burada müxtəlif mövzular ətrafında müzakirələr apardıq. Hesab edirəm ki, Sizin dəstəyinizlə biz Azərbaycan ilə əməkdaşlığımızın yeni mərhələsini başlaya bilərik.

Heydər Əliyev: Mən belə başa düşdüm ki, suallar verəcəksiniz. Onda bunu belə başa düşürəm ki, siz Avropa Birliyinə bizim yaxınlaşmağımız üçün imtahana gəlmisiniz. Buyurun.

Olivyer Dupui (Avropa Parlamentinin üzvü, İtaliya): Cənab Prezident, hesab edirəm, tamam əksinə olacaqdır. Yəni imtahanı Sizin özünüzün aparmağınıza ehtiyac olacaqdır. Çünki Avropa çox ləng işləyir. Bu gün Avropanın özündə belə inteqrasiya prosesləri heç də böyük sürətlə getmir. Təəssüflər ki, Avropada, Brüsseldə heç də hamı sizin ölkənizin nə qədər böyük əhəmiyyət kəsb etdiyini anlamır.

Heydər Əliyev: Bunu çox düz deyirsiniz.

Olivyer Dupui: Ona görə də biz məhz Sizdən, eyni zamanda sizin müttəfiqiniz olan Gürcüstandan daha ciddi siqnallar gözləyirik. Yəni Avropa Birliyinə və Brüsselə ünvanlanmış siqnal ki, onun nəticəsində orada oturan insanlar sizin regionun nə qədər mühüm əhəmiyyət kəsb etdiyini daha yaxşı anlasınlar. Hesab edirəm ki, Avropa Birliyinə üzv qəbul olunmağın özü böyük bir prosesdir. Amma biz həm Azərbaycandan, həm də sizin müttəfiqiniz Gürcüstandan gözləyirik ki, sizin hökumətlər Avropa Birliyinə rəsmi surətdə üzv olmaq üçün prosesə və danışıqlara başlamaqla əlaqədar müraciət qəbul etsinlər. Düşünürəm ki, əgər Sizin tərəfinizdən və Gürcüstanın rəhbərliyi tərəfindən Avropa Birliyinə üzvlük üçün Polşa, Bolqarıstan kimi ölkələrin keçdiyi uzun bir prosesə başlamaq müraciəti olsa, onda Brüsseldə sizin regionun - Azərbaycanın və Gürcüstanın nə qədər böyük əhəmiyyət daşıdığını daha aydın dərk edə bilərlər. Hər halda bu, regionunuzun əhəmiyyətinin başa düşülməsində mühüm elementlərdən biri ola bilər. Ona görə də gərək Siz bir az bizə dərs verəsiniz. Biz gərək Sizdən bəzi dərsləri alaq.

Heydər Əliyev: Hörmətli qonağımız, təşəkkür edirəm. Mən məmnunam ki, siz bizim regiona, xüsusən Azərbaycan və dostumuz olan qonşu Gürcüstana bu qədər əhəmiyyət verirsiniz.

Mən sizin fikirlərinizlə razıyam ki, Brüsseldə, Avropa Birliyində bizim regionun və bizim ölkələrimizin, Azərbaycanın və Gürcüstanın Avropa üçün nə qədər vacib ölkələr olduğunu hələ indiyə qədər tam dərk edə bilmirlər.

Ancaq düzü, Avropa Birliyi haqqında belə bir təsəvvür var ki, ölkələr bir neçə il çalışırlar Avropa Birliyinə daxil olsunlar, ola bilmirlər.

Biz Avropa Şurasına daxil olanda bizi o qədər o tərəfə-bu tərəfə çəkdilər ki, gözümüz qorxub. Ona görə cəsarət etmirik. Amma siz bu cür bəyanat verəndən sonra, əlbəttə ki, bizdə də daha çox cəsarət əmələ gələcəkdir.

Mən deyə bilmərəm ki, Azərbaycan, ya Gürcüstan Avropa Birliyinə müəyyən bir nümunə ola bilər, yaxud dərs verə bilər. Çünki bu birliyin tərkibində Avropanın ən inkişaf etmiş ölkələri var. Biz hələ inkişaf mərhələsindəyik. Amma gələcəyimizə çox nikbin baxırıq. Ona görə də mən sizin bu məsləhətinizi məmnuniyyətlə qəbul edirəm. Təşəkkür edirəm.

Dmitrios Kulurianos (Avropa Parlamentinin üzvü, Yunanıstan): Biz hamımız Yer kürəsi adlanan bir məkanda yaşayırıq. XXI əsr ideologiyaların sonu kimi deyil, amma ehkamçı fikirlərin sonu kimi başladı. Avropa təkcə xəritə deyil, o bir ideyadır, ideologiyaların məzmunudur və Ümumavropa mədəniyyəti deməkdir. Biz də Avropada yaşayan xalqların seçilmiş nümayəndələriyik, onları təmsil edirik. Biz Ümumavropa ideyasını, Ümumavropa mədəniyyətini və ideologiyasını bütün dünyaya yaymağı çox istəyirik. Biz coğrafiyaların qurbanı olmaqla razılaşmaq istəmirik. O baxımdan tam əmin ola bilərsiniz ki, sizin ölkənizdə və regionunuzda da Avropa ideologiyasının və Avropa mədəniyyətinin geniş yayılması üçün əlimizdən gələni edəcəyik.

Heydər Əliyev: Hörmətli deputat, təşəkkür edirəm. Mən sizin fikirlərinizlə razıyam. Sizinlə bizim aramızda böyük fərq vardır. O da ondan ibarətdir ki, XX əsrdə biz 70 il ehkamın təsiri altında yaşamışıq. Sizin ölkələrdə də ehkamlar olubdur. Sizin ölkələr də böyük mərhələlərdən keçibdir. Məsələn, İkinci dünya müharibəsini götürsək, faşizm həm Almaniyada idi, həm İtaliyada idi, həm də Avropanın başqa ölkələrində idi. Bu da sizin ölkələrə məxsus olan ehkam idi. Yəni bizim öz ehkamımız olub, sizin də öz ehkamınız olubdur. Amma siz İkinci dünya müharibəsindən sonra bu ehkamlardan tezliklə xilas ola bildiniz. Avropa, sizin ölkələriniz İkinci dünya müharibəsindən sonra böyük yol keçiblər və böyük tərəqqi əldə ediblər.

Ancaq biz cəmisi 10 il bundan öncə ehkamdan xilas olmuşuq. Bu on il də bizim üçün rahat illər olmayıbdır. Buna görə də siz, təbiidir ki, bütün sahələrdə bizdən irəlidəsiniz. Bizim Avropa ailəsində olmaq arzumuz da məhz tezliklə sizin dəyərlərinizə daha da yaxınlaşmaqla bağlıdır. Amma bunun təkcə bizim üçün yox, sizin üçün də, Avropa üçün də çox böyük faydası olacaqdır.

Bizim kimi ölkələrin Avropa Birliyinə daxil olması, hesab edirəm ki, Avropanın mənəviyyat, ənənələr cəhətindən zənginləşdirilməsinə gətirib çıxaracaqdır. Azərbaycanın bugünkü reallığı Avropa və Şərq milli dəyərlərinin sintezindən ibarətdir. Hesab edirəm ki, Avropa dəyərlərinin üzərinə bunu əlavə etsək, bu da oraya qatılsa, Avropa dəyərləri daha da zəngin olacaqdır. Buna görə biz əməkdaşlıq edirik. Siz də gərək bizə yardım edəsiniz. Çünki 1945-1946-cı illərdə sizin atdığınız addımları biz indi - XX əsrin sonunda, XXI əsrin əvvəlində atırıq. Təbiidir ki, biz sizdən sürətlə gedəcəyik. Çünki elə olmasa, biz gəlib sizə çata bilmərik. Amma buna baxmayaraq, bizə sizin yardımlarınız çox lazımdır.

Dmitrios Kulurianos: Cənab prezident, bir söz demək olar? O içkiləri ki qatışdırıb içirlər, onlar daha ləzzətli olur.

Heydər Əliyev: Mən buna razıyam.

Dmitrios Kulurianos: Marafon yarışında kimin qaçışa birinci başlaması o qədər önəm kəsb etmir. Kimin finişə birinci çatması əhəmiyyətli olur.

Heydər Əliyev: Doğrudur. Amma eyni zamanda, birisi marafona bir saat əvvəl başlayırsa, o biri marafonçu nə qədər güclü olsa da, gəlib ona çata bilməz. Amma içkilər haqqında dediyinizlə razıyam. İtaliyada bunu mən çox yoxlamışam. Yunanıstanda da yaxşı içkilər var. Doğrudur, səfir məni hələ oraya aparmayıbdır. Amma bilirəm ki, orada çox yaxşı içkilər var.

Merkurios Karafotias (Yunanıstanın Bakıdakı səfiri): Zati-aliləri, Siz bizə razılıq verdiyiniz an biz Sizi orada salamlamaqdan, qarşılamaqdan məmnun olarıq. Biz bunu özümüzə yalnız şərəf bilərik.

Heydər Əliyev: Mən bunu bilirəm. Təşəkkür edirəm.

Xanım Mari-Ann İsler Bequin (Avropa Parlamentinin üzvü, Fransa): Cənab prezident, icazə versəydiniz, mən fransızca danışardım.

Cənab prezident, artıq ikinci dəfədir ki, biz Azərbaycana gəlmək və Sizinlə görüşmək şərəfinə nail oluruq. Elə buna görə də Sizə dərin minnətdarlığımı bildirirəm. Sizinlə elə əvvəlki görüşlərimizdə də razılaşmışdıq və belə bir fikir irəli sürmüşdük ki, Azərbaycanda bir xartiya, regional ətraf mühit xartiyası imzalayaq.

Cənab prezident, biz artıq bununla bağlı müxtəlif yerlərdə müzakirələr aparmışıq, fikir mübadiləsi etmişik. Ümumiyyətlə, biz sizin Cənubi Qafqaz regionunun ekologiyası, ətraf mühitin çirklənməsi problemləri haqqında geniş danışmışıq. Zənnimcə, bu, hamımızın marağına cavab verərdi ki, biz doğrudan da belə mərkəzin yaradılmasına gəlib çıxaq.

Cənab prezident, o vaxt bununla bağlı Sizinlə söhbət aparanda, qəti cavab verməsəniz də, bu mövzuya çox maraq göstərdiniz. Böyüklüyünüz bir də ondan ibarət oldu ki, həmin görüşümüzdən sonra Brüsselə qayıtdıqdan yalnız bir neçə gün keçmiş xəbər tutduq ki, Siz həmin xartiyanı imzalamısınız.

Cənab prezident, elə buna görə də mən indi artıq bu büroda - mərkəzdə işləyənlərin hamısının adından Sizə öz dərin minnətdarlığımı bildirirəm. Mən Sizin nəzərinizə çatdırmaq istəyirəm ki, bu gün artıq Tbilisidə ekologiya, ətraf mühitin çirklənməsi problemləri ilə məşğul olan belə bir mərkəz fəaliyyət göstərir. Sizinlə bu görüşümüzdən istifadə edərək xahiş edirəm ki, bəlkə bu mərkəzin Azərbaycanda, yəni Bakıda da ofisinin açılmasına razılıq verəsiniz. Mənə elə gəlir ki, ekologiya, ətraf mühitin çirklənməsi məsələləri Azərbaycan üçün də çox böyük aktuallıq kəsb edir və biz də sizinlə birlikdə bu sahədə fəallıq göstərərdik. Ümumiyyətlə, müəyyən proqramlar hazırlayarıq, müəyyən texniki kömək edərik. Zənnimcə, bununla biz yaxşı nəticələrə gəlib çıxa bilərik.

Cənab prezident, o vaxt Siz qeyd etmişdiniz ki, ümumiyyətlə, Azərbaycan regional proqramları imzalamaq məsələsinə yalnız Ermənistan-Azərbaycan münaqişəsinin həllindən sonra baxa bilər, yəni belə bir addım ata bilər. Lakin biz Sizin böyüklüyünüzü bir daha gördük, hiss etdik. Çünki doğrudan da həyatda, bizim indiki dövrümüzdə elə məsələlər vardır ki, onlar bəlkə daha təcili, daha vacib məsələlərdir. Ona görə də Siz bu siyasi məsələnin həll olunmamasına baxmayaraq, belə bir addım atıb bu proqramı, xartiyanı imzaladınız.

Heydər Əliyev: Hörmətli xanım, təşəkkür edirəm. Sizin bu fikirləriniz çox əhəmiyyətlidir. İndi ətraf mühitin qorunması bütün bəşəriyyət üçün bir nömrəli məsələdir.

O cümlədən Azərbaycanın buna çox böyük ehtiyacı var. Burada, həm Azərbaycanın ərazisində ətraf mühitin qorunması məsələsi durur, həm də başlanğıcını Türkiyədən götürən, Gürcüstan və Ermənistan torpaqlarından keçərək Azərbaycana gələn Kür, Araz çayları həmin ölkələrdə çox çirklənir. Biz isə o çayların sularından insanların su təchizatında istifadə edirik. Həm də ki, kənd təsərrüfatı sahəsində bu sulara böyük ehtiyacımız vardır. Mən sülh yaranana qədər Ermənistanla bütün başqa sahələrdə əməkdaşlıq etməyin əleyhinəyəm. Amma bu sahədə əməkdaşlıq etməyə hazıram. Hələ keçmişdə, Sovetlər İttifaqı zamanı Ermənistan öz ərazisindən keçən Araz çayını çox çirkləndirirdi. Onların ərazisində kiçik qızıl yataqları tapılmışdı. Orada qızıl mədənindən çıxarılan filizin yuyulması üçün Arazın qırağında zavod yaratmışdılar. Çünki bu proses zamanı çoxlu su lazımdır və filiz yuyularkən yaranan su ən zəhərli sudur.

O vaxt biz bir dövlətin tərkibində olduğumuza görə, mən çox səylər göstərdim. SSRİ Nazirlər Soveti bu işə qarışdı və müəyyən tədbirlər gördük. İndi isə mən bilmirəm ki, orada nə vardır. Amma əməkdaşlıq etsək, qarşılıqlı inspeksiya keçirə, çox məsələləri aradan qaldıra bilərik.

Yaxud da Xəzər dənizinin çirklənməsi məsələsi… Xəzər dənizi 5 Xəzəryanı dövlətə mənsubdur. Bu dövlətlər arasında indiyə qədər həm ekologiya barəsində, həm neft-qaz hasilatı barəsində heç bir müqavilə olmadığına görə, hərə öz ərazisindən çirkab sularını dənizə axıdır. Eyni zamanda Xəzər dənizində dünyada çox nadir hesab olunan balıqlar məhv olmaq təhlükəsi altındadır.

Mən bilirəm ki, Qərbdə balıq kürüsünü çox sevirlər. Amma işlər belə getsə, bunun qarşısını almasaq, 5-6 ildən sonra balıq kürüsü olmayacaqdır. Ona görə də bu, böyük bir problemdir. İndi bütün bəşəriyyət qarşısında duran bir nömrəli problemdir. Neçə xartiya istəyirsinizsə, mən imzalayım. Ancaq əməli iş görmək lazımdır. Amma gərək bir təşəbbüskar mərkəz olsun. Biz Azərbaycanda bu mərkəzi mütləq yaradarıq. Amma Tbilisidə olan mərkəz, Azərbaycanda olan mərkəz, başqa yerlərdə olan mərkəzlər - gərək bunların işləri əlaqələndirilsin.

Əgər Avropa Birliyi bu məsələ ilə konkret, əməli surətdə məşğul olsa, bu, bəşər tarixində Avropa Birliyinin böyük xidməti olacaqdır.

Per Qarton (Avropa Parlamentinin üzvü, İsveç): Cənab prezident, mən öz həmkarlarımla tam razıyam ki, bu region bizim üçün önəmli əhəmiyyət daşıyan bir regiondur. Sizin fikrinizlə razıyam ki, sizin regionunuz Avropada kifayət qədər tanınmayıbdır. Ona görə də mən Avropa Birliyi, Avropa Parlamenti üçün hazırlayacağım məruzədə bu regionun nə qədər böyük əhəmiyyət daşıdığına xüsusi diqqət yetirəcəyəm.

Avropada bu regionla əlaqədar daha çox geniş yayılmış məlumat bu regionda uzun müddətdən bəri davam edən, təəssüf ki, hələ də tam sülhlə nəticələnməyən və çox mürəkkəb bir münaqişənin davam etməsi barədədir. Ondan da xəbərimiz vardır ki, son dövrlər Siz şəxsən çoxlu səylər göstərirsiniz, Ermənistan prezidenti ilə birlikdə bu münaqişənin dinc yolla, sülh yolu ilə aradan qaldırılması üçün çoxsaylı görüşlər keçirmisiniz və sonuncu görüşünüz Floridada olmuşdur. Bildiyimizə görə, Ermənistan prezidenti ilə sülh danışıqlarını davam etdirmək üçün Cenevrədə də növbəti görüşünüz gözlənilir.

Cənab prezident, mən bu çoxsaylı sülh görüşləri barədə - həm Ermənistan prezidenti ilə Sizin keçirdiyiniz birbaşa görüşlər, həm də ümumiyyətlə, sülh səyləri barədə çoxlu hesabatlar oxuyuram. Bu hesabatlardan belə duyulur və bir fikir formalaşır ki, münaqişənin sülh yolu ilə aradan qaldırılmasına çox nikbin yanaşırlar. Hətta belə fikirlər də səslənir ki, Ermənistan prezidenti ilə Siz sülhün əldə edilməsi üçün olduqca yaxınlaşmısınız. Bununla birlikdə, belə bir fikir də mövcuddur ki, Ermənistan prezidenti ilə sülhə nə qədər yaxınlaşsanız da, hər iki ölkədə onun həyata keçirilməsinə maneçilik törədə biləcək, ona etiraz edən ciddi və güclü qruplar vardır. Onlar bu sülh prosesinin, əldə oluna biləcək hər hansı sazişin həyata keçirilməsinə etiraz edə bilərlər. Beləliklə də Sizi və Ermənistan prezidentini çıxılmaz, çətin bir vəziyyətə sala bilərlər. Şübhəsiz ki, mən sülh danışıqlarının müfəssəl təfərrüatı barədə danışmağınızı istəmirəm. Bilirəm ki, bu, məxfi görüşlərdir, məxfi danışıqlardır. Amma hesab edirəm ki, əgər bizə Ermənistan prezidenti ilə apardığınız danışıqların, ümumiyyətlə, sülh prosesinin indiki durumu barədə məlumat versəydiniz, bu, vəziyyəti daha dolğun dərk etməkdə bizə çox yardımçı olardı.

Heydər Əliyev: Bilirsinizmi, mən bu gün görüşümüzün əvvəlində bildirdim ki, bu münaqişəni Ermənistan başlayıbdır, Azərbaycan başlamayıbdır. Nəticədə Ermənistan həm Dağlıq Qarabağı, həm də onun ətrafında olan digər əraziləri - Azərbaycan torpaqlarının 20 faizini işğal edibdir. Orada yaşayan insanları həmin torpaqlardan zorla çıxardıbdır. Müharibə zamanı, döyüşlər gedərkən çoxlu qan tökülübdür. 1994-cü ilin may ayında biz atəşin dayandırılması haqqında razılığa gəlmişik. O vaxtdan indiyə qədər, artıq 7 ildir ki, biz atəşkəs şəraitində yaşayırıq. Onu da qeyd etmək istəyirəm ki, bizim aramızda başqa ölkələrin sülhməramlı qüvvələri yoxdur. Atəşkəsi biz, yəni Azərbaycan və Ermənistan qoruyub saxlayırıq. Bütün bu 7 ildə biz ATƏT-in Minsk qrupu vasitəsilə məsələnin sülh yolu ilə həll olunması üçün danışıqlar aparırıq. Nəhayət, 1999-cu ildən Ermənistan prezidenti ilə Azərbaycan prezidenti arasında vaxtaşırı bilavasitə görüşlər keçirilir və danışıqlar aparılır. Son görüşümüz Amerika Birləşmiş Ştatlarında, Floridada Minsk qrupunun həmsədrləri olan Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa nümayəndələrinin iştirakı ilə olmuşdur.

Ermənistan prezidenti ilə biz danışıqlara başlayanda belə fikirdə olduq ki, sülh əldə etmək üçün qarşılıqlı kompromislərə getmək lazımdır. Əgər belə bir razılıq əldə olundusa və biz buna nail ola bilməmişiksə, deməli, hansı tərəfin kompromisə nə qədər getməsini biz müəyyən edə bilməmişik. Ermənistan öz üstünlüyündən istifadə edərək, - yəni Azərbaycanın torpaqlarını işğal edibdir, onun silahlı qüvvələri orada oturubdur, Azərbaycanın əhalisi öz yerindən-yurdundan olubdur, - çox böyük tələblər ortaya qoyur. Azərbaycan isə, əlbəttə ki, bu şərtlərlə razı ola bilmir. Ona görə də biz bu məsələni indiyə qədər həll edə bilməmişik.

1999-cu ilin sonunda biz bir variantda çox yaxınlaşmışdıq. Ancaq sonra Ermənistan bu variantdan imtina etdi. Məsələ bu qədər uzandığına görə və Azərbaycan əhalisi, bir milyondan çox insan ağır vəziyyətdə yaşadığına görə, təbiidir ki, bizim cəmiyyətdə narazılıq artır.

Ermənistanın torpağı işğal olunmayıbdır. Əhalisi qovulmayıbdır. Doğrudur, Azərbaycandan köçüb gedən bəzi ermənilər Ermənistan üçün müəyyən problemlər yaradıblar. Amma əsas zərər Azərbaycana dəyibdir. Ona görə də bu, nəzərə alınmalıdır.

Nəzərə alınmır, məsələ uzanır. Azərbaycanda da böyük narazılıq get-gedə artır. İnsanlarda yenidən müharibə etmək, işğal olunmuş torpaqları müharibə yolu ilə azad etmək əhval-ruhiyyəsi genişlənir.

Bizim müxalifət, təbiidir ki, bundan istifadə edir. Bizi sağdan da, soldan da tənqid edir. Hətta ittiham edir ki, nə üçün bu münaqişəni indiyə qədər həll etmirsiniz. Gəlin, müharibəni başlayaq, gedək torpaqları işğaldan azad edək. Bu isə cəmiyyətin bəzi təbəqələrinə sirayət edir. Ona görə də təhlükəli bir vəziyyət yaranıbdır. Mətbuatdan görünür ki, Ermənistanda da bəzi qüvvələr hətta Ermənistanın kiçik bir kompromisə getməsinə razı deyillər. Buna görə də vəziyyət belədir.

Əgər biz həqiqətən tarazlı kompromisə gələ bilsək, onu həyata keçirmək yenə də çox çətin olacaqdır. Amma onda əldə olunmuş razılığı həyata keçirmək üçün mübarizə aparmaq olar. Əgər belə olmasa, onda prezident kimi mən də, - baxmayaraq ki, mənə çox böyük ümidlər bəsləyirlər, çox hörmət edirlər, - bu vəziyyətdə heç bir şey edə bilmərəm və etmərəm də. Ona görə də müharibə amili get-gedə artacaqdır.

Ona görə də mən Minsk qrupunun həmsədrlərindən, - bunlar böyük dövlətlərdir, Rusiyadır, Amerika Birləşmiş Ştatlarıdır, Fransadır, bunların Ermənistana təsir etmək imkanları vardır, - həmişə xahiş edirəm ki, onlar öz imkanlarından istifadə etsinlər. Onlar isə deyirlər ki, iki prezident hansı razılığa gələrsə, biz onu qəbul edəcəyik.

Belə olan halda onda 1992-ci ildə nə üçün ATƏT-in Minsk qrupu yaradılırdı? Belə olan halda nə üçün üç böyük dövlət - Rusiya, Fransa, Amerika Birləşmiş Ştatları öz üzərinə bu vəzifəni götürüblər?

Ona görə də çox çətin vəziyyət yaranıbdır. Hər halda mən bunları deməklə sizdə belə bir təsəvvür yaratmaq istəmirəm ki, daha hər şey tükənibdir. Sizin sualınıza cavab verərək mən real vəziyyəti bildirirəm. Ancaq hesab edirəm ki, məsələnin sülh yolu ilə həll olunması üçün bundan sonra da çalışmaq lazımdır.

Per Qarton: Üzr istəyirəm, bir əlavə sual da vermək istəyirəm. Sizin sülh səylərinizin dəstəklənməsi üçün indiyə qədər gördüyümüz işlərdən əlavə, Avropa Birliyindən hansı işlərin görülməsini istərdiniz?

Heydər Əliyev: İşləri biz görmüşük. Siz bizə kömək edin ki, sülh yaransın. Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqlar azad edilsin və bir milyon azərbaycanlı öz yerinə-yurduna qayıtsın. Baxmayaraq ki, onların yaşadıqları yerlərdə hər şey dağıdılıb, hər şey viran olubdur. Ancaq onlar, sadəcə, öz torpaqlarına qayıtmaq istəyirlər. Mənim sizdən istədiyim budur.

Ursula Şvayser: Çox sağ olun. Hesab edirəm ki, bu gün çox səmərəli müzakirələrimiz və danışıqlarımız oldu. Bizim üçün olduqca əhəmiyyətli idi ki, mövcud hazırkı vəziyyətin dəyərləndirilməsini bilavasitə Sizdən eşidək, mövcud reallıqları Sizin necə qiymətləndirdiyinizi bilək. Bundan sonra biz öz aramızda əlavə müzakirələr aparacağıq. Sizin səylərinizin və arzularınızın həyata keçirilməsi üçün hansı işləri görə biləcəyimiz barədə əlavə müzakirələr aparacağıq.

Mən çox məmnunam ki, cənab Qartonun hazırlayacağı məruzə çox ətraflı olacaqdır. Beləliklə, bu, təkcə Avropa Parlamenti, Avropa Birliyi üçün hazırlanmış məruzə olmayacaq, bu, mövcud vəziyyətin bütün dünyaya aydınlaşdırılmasında, açıqlanmasında rol oynayacaqdır. Sizə təşəkkür edirik.

Heydər Əliyev: Cənab Qarton, mən sizin əsas sualınıza cavab verdim - Avropa Birliyi nə edə bilər? Xahiş edirəm, buna çox ciddi yanaşasınız. Sağ olun.