Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin \"Sevil\" Azərbaycan Qadınları Məclisi şöbələrinin sədrləri ilə görüşdə çıxışı - Prezident sarayı, 1 iyun 1998-ci il

Əziz bacılar!

Mən sizin hamınıza təşəkkür edirəm, zəhmət çəkib mənim yanıma gəlmisiniz. Bilirsiniz ki, mən sizin hər birinizlə görüşməkdən məmnun oluram. Çünki qadınlar cəmiyyətimizin ən gözəl, ən güclü və çox hissəsini təşkil edirlər. Qadınlar haqqında mənim fikirlərim hamıya məlumdur. Mən bunu dəfələrlə izah etmişəm, söyləmişəm, öz fikirlərimi sizlərə, bütün ictimaiyyətə çatdırmışam. Ona görə də bunları təkrar etməyə ehtiyac yoxdur. Sadəcə olaraq, onu bilin ki, mən bütün fəaliyyətimdə həmişə qadınlara arxalanmışam, onları özümün dayağım hesab etmişəm. Bunlar sadəcə sözlər deyildir, mən onları sınaqdan keçirmişəm. Mənim həyatımın çox ağır və çətin anları olubdur. Bütün bu mərhələlərdə qadınlar özlərini həmişə çox etibarlı göstəriblər və bu sınaqlardan şərəflə çıxıblar. Azərbaycanın prezidenti kimi, indi mən birinci növbədə qadınların cəmiyyətdə rolunun artmasına çalışıram. İkincisi, sizə çox ümid edirəm, bel bağlayıram, sizi dayağım hesab edirəm. Şübhə etmirəm ki, siz həmişə mənimlə olacaqsınız, mən də sizinlə olacağam.

Hesab edirəm ki, \"Sevil\" Azərbaycan Qadınları Məclisinin yaranması Azərbaycanın tarixində əlamətdar bir hadisədir. Mən bu Məclisin gələcəkdə daha da genişlənməsini, inkişaf etməsini dəstəkləyirəm və sizin fəaliyyətinizi təqdirəlayiq hesab edirəm. Güman edirəm ki, həm bu məclis, həm Qadın Problemləri üzrə Dövlət Komitəsi çərçivəsində, həm də digər qadın təşkilatları ilə birlikdə Azərbaycanda fəallığı daha da artıracaqsınız, qadınlar həyatımızın bütün sahələrində daha da fəal iştirak edəcəklər. Mən əminəm ki, Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunda, iqtisadi islahatlarda və digər proseslərdə siz həmişə fəal olacaqsınız və ön sıralarda gedəcəksiniz.

Mən sizin hamınıza cansağlığı, səadət, həyatmızda uğurlar arzulayıram. İstəyirəm ki, həmişə belə gözəl olasınız. Qadın üçün gözəllik də çox vacibdir. Sağ olun, təşəkkür edirəm.