Fikrət Əmirovun \"Sevil\" operasının yeni quruluşda ilk tamaşasına baxdıqdan sonra teatrın yaradıcı kollektivi ilə görüşdə söhbət - Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, 15 noyabr 1998-ci il

Axşamınız xeyir olsun!

Sizin hamınızı təbrik edirəm. Ümumiyyətlə, bizim mədəniyyət və incəsənət işçilərini, Opera və Balet Teatrının kollektivini, sizi - \"Sevil\" operasının yeni tamaşasını hazırlayanları bu əlamətdar hadisə münasibətilə təbrik edirəm. Sizə cansağlığı və gələcək yaradıcılıq fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Bu tamaşanın yeni quruluşda hazırlanması çox əlamətdar hadisədir. \"Sevil\" operası Azərbaycan Opera və Balet Teatrının səhnəsində çoxdan göstərilmir. Bu, çox dəyərli bir sənət əsəridir, Azərbaycanın musiqi və opera sənətinə böyük töhfədir. Ona görə də əsərin yenidən canlanması, səhnəyə gəlməsi Azərbaycanın mədəni həyatında, incəsənətində, ümumiyyətlə, respublikamızın ictimai həyatında mühüm hadisədir. Tamaşaya məmnuniyyətlə baxdım, sizi dinlədim və çox böyük təəssüratlar altındayam. 45 il öncə \"Sevil\" operası yarananda da mən onun ilk tamaşasında olmuşam. Rəhmətlik Fikrət Əmirovla mənim şəxsi münasibətlərim və dostluğum var idi. O, bu operanı yazarkən, hələ əsər səhnəyə qoyulmamış, bir neçə dəfə görüşlərimizdə opera üzərində işləməsi haqqında mənə danışmışdı, söyləmişdi. 50-ci illərin əvvəllərində bu operanın yaranması ictimaiyyətə artıq məlum idi. Ona görə də operasevərlər bu əsəri səbirsizliklə gözləyirdilər. Hamı düşünürdü - göəsən əsər necə alınacaq? Çünki \"Sevil\" öz süjetinə görə yeni əsər deyil. Bu pyesi Cəfər Cabbarlı yaradıbdır. Deyə bilərəm ki, Cəfər Cabbarlının \"Sevil\" pyesi Azərbaycanın ictimai-siyasi həyatında çox böyük rol oynamışdır. Qadın azadlığı, insan mənəviyyatı mövzusunun qələmə alınmasında Cəfər Cabbarlının xidmətləri böyükdür. Onun pyeslərinin hər biri, demək olar ki, \"Sevil\" tamaşası qədər böyük əhəmiyyətə malik əsərlərdir. Ancaq \"Sevil\" pyesinin yarandığı dövrdə - 1920-30-cu illərdə Azərbaycanda gedən ictimai-siyasi proseslərdə, qadınların azadlığının əldə olunması prosesində bu əsər çox böyük rol oynamış, güclü təsir bağışlamışdır. Deyirdilər ki, o vaxt qadınlar Bakıda indi bizim bərpa etdiyimiz Hacı Zeynalabdin Tağıyevin teatrına çadra altında gəlirdilər. Bunu siz də tamaşada göstərdiniz. Əsər o qədər təsirli idi ki, tamaşaya baxan qadınlar heç nədən - atasından, qardaşından, ərindən çəkinmədən zaldan çadralarını atıb çıxırdılar. Bu barədə mətbuatımızda, kitablarda çox yazılıb. Ona görə də \"Sevil\" pyesi bizə, şəxsən mənə məlum idi. Xatirimdədir, 30-cu illərdə dəfələrlə \"Sevil\" pyesinə baxmışam. Böyük təəssüratlarım var. Ancaq \"Sevil\" pyesinin opera əsəri kimi təqdim olunmasını biz müəyyən qədər təsəvvür edə bilmirdik. Çünki yazılmış operaların çoxusunun mövzusu əfsanələrdən götürülmüşdür. Deyək ki, \"Leyli və Məcnun\", yaxud \"Əsli və Kərəm\", \"Şahsənəm\", \"Aşıq Qərib\", \"Şah İsmayıl\"... \"Koroğlu\" da böyük qəhrəmanlıq əfsanəsinə həsr olunmuşdur. Ona görə də müasir həyata dair belə bir əsərin opera vasitəsilə çatdırılmasını mən təsəvvür edə bilmirdim. Xatırlayıram, \"Sevil\" operasının ilk tamaşasını, yaradıcı kollektivi, operanın müəllifi Fikrət Əmirovu həmin bu salon çox böyük ehtiramla qarşıladı. O vaxt Rəşid Behbudov ilk dəfə idi ki, operada çıxış edirdi. Həmin dövrdə o, estrada artisti hesab olunurdu. Hamı düşünürdü ki, estrada artisti operada necə çıxış edəcək? Amma зox gözəl oxudu. Firəngiz Əhmədova o vaxt opera artisti kimi məlum idi. O da, başqaları da öz rollarını çox gözəl ifa etdilər. Mən indi onların hamısının adlarını demək istəmirəm. Mən o ilk tamaşanı da dinləmişəm. Həmin vaxtdan 45 il keçibdir. Deyirlər ki, əsər 20 ildir səhnədə olmayıbdır. İndi siz bunu yaratmısınız, çox da gözəl yaratmısınız. 45 il bundan öncə gördüyümü də, eşitdiyimi də unutmamışam, o mənim xatirimdədir. O da gözəl idi, bu da gözəldir. Siz böyük iş görmüsünüz, ictimai həyatımıza, mədəniyyətimizə böyük töhfə vermisiniz. Hamınızı təbrik edirəm və bu xidmətinizə görə sizə təşəkkürümü bildirirəm. Burada hərə öz əməyini sərf edibdir, rejissor da öz işinin öhdəsindən yaxşı gəlibdir. Mənə dedilər ki, tamaşanın ümumi musiqi rəhbəri Fərhad Bədəlbəylidir. Əsərin musiqisində, mizanlarında, ümumiyyətlə, məzmununda da müəyyən dəyişikliklər var. Onları da mən hiss edirəm. Opera müasirləşibdir. Bunun özü də böyük işdir. Dekorasiyalar da çox gözəldir. Teatrda belə dekorasiyalardan çoxdan idi ki, uzaqlaşmışdıq və bunun həsrətində idik. Bu səhnədə keçmişdə tamaşaya qoyulan əsərlər gözəl dekorasiyalarla tərtib olunurdu. Lakin bir vaxt dedilər ki, eləcə səhnə boş olsun və ifaçılar tamaşanı göstərsinlər. Amma indi gözəl dekorasiyalardan istifadə olunur, rəssamın da işi yaxşıdır. Əsərin əsasını təşkil edən, şübhəsiz ki, musiqidir. Orkestr çox gözəl çaldı. Dirijor da yaxşı idarə edirdi. Amma bunların hamısını səhnədə göstərən, söz yox ki, siz ifaçılarsınız. Xuraman Qasımova həmişə olduğu kimi, bu gün bizi yenə də heyrətə gətirdi, çox sevindirdi.

Xuraman Qasımova: Möhtərəm prezident, çox sağ olun.

Heydər Əliyev: Bu, opera janrında Xuraman xanımın birinci çıxışı deyil. O, çox rollarda və həmişə də yüksək səviyyədə çıxış edibdir. Ancaq bu gün yeni bir tamaşada, yeni bir rolda iştirak edir.

Xuraman Qasımova: Heydər Əliyeviç, sevinirəm ki, mənim ifamda bu tamaşanı Siz ikinci dəfədir ki, görürsünüz. Mən Sizin yadınıza salmaq istəyirəm, bu əsər 17 il bundan əvvəl opera teatrının səhnəsində göstərilmişdi. Bilirsiniz ki, müəyyən səbəblərə görə tamaşa uzun müddət repertuardan çıxarıldı. Çox razıyam ki, sənət yoldaşlarım əsəri yenidən, təkrar yaratmaq üçün əmək sərf etdilər. Bu əsəri yenidən canlandırdıqlarına görə mən xüsusilə tamaşanın dirijoru Cavanşir Cəfərova və musiqi rəhbəri Fərhad Bədəlbəyliyə öz təşəkkürümü bildirirəm. Amma 17 il bundan əvvəl - Azərbaycanın 60 illiyində mən bu əsərdə Sevil və Dilbər rollarında çıxış etmişəm. Sevil rolunu Fidan xanım da oynamışdı, o zaman Validə Paşayeva Gülüş rolunu oynayırdı. Bu, 17 il bundan qabaq olmuşdur. Çox sevinirəm ki, əsər yeni quruluşda səhnəmizdə təkrar tamaşaya qoyulmuşdur.

Heydər Əliyev: Bunların hamısı düzdür. Amma 45 il öncə göstərilən \"Sevil\" operası mənim xatirimdə daha yaxşı qalıbdır. Siz yada saldınız, mən onu da xatırlayıram. Lakin o tamaşadan bu tamaşanı böyük bir dövr ayırır. Respublikamız son on ildə çox böyük proseslərdən keçibdir. Opera teatrı bir müddət işləməyib, yaşamayıbdır. Belə bir dövrü biz yaşadıq. İndi mədəniyyət inkişaf edir. Mən tənəffüs zamanı opera və balet teatrına, ümumiyyətlə, mədəniyyətimizə sponsorluq edən şirkətlərin nümayəndələri ilə görüşdüm, söhbət etdim. Opera teatrımıza, mədəniyyətimizə yardım etdiklərinə görə onlara təşəkkürümü bildirdim. Mən Polad Bülbüloğluna da deyirdim ki, mədəniyyət işçilərimiz, incəsənət xadimlərimiz, müğənnilərimiz, musiqiçilərimiz yəqin bilirlər ki, mən son 4-5 ildir dünyanın böyük şirkətlərini Azərbaycana gətirirəm. Bunun ölkəmizə, onun iqtisadiyyatına, söz yox ki, böyük faydası var. Ölkəmiz, xalqımız gələcəkdə, bir neçə ildən sonra bu faydanı daha çox hiss edəcəkdir. Gördüyümüz işlərin faydası 5-10 ildən sonra daha da artacaqdır. Neft çıxarmaq, iqtisadiyyatı inkişaf etdirmək üçün respublikamıza gətirdiyimiz şirkətlərin mədəniyyətimizə, o cümlədən opera teatrına qayğısı, teatrın nəzdində \"qayğı fondu\" yaratması hazırladığınız tamaşanın meydana gəlməsinə kömək edibdir. Belə bir çətin mərhələdən keçərək incəsənətimizi, mədəniyyətimizi yaşatmaq, bu gün \"Sevil\" operasını belə gözəl təqdim etmək böyük işdir. Ona görə də mən bunu qeyd edirəm. Azər Zeynalov da Balaş rolunu çox gözəl ifa etdi. Yəqin ki, Balaş rolunu Azər ilk dəfədir ifa edir.

Azər Zeynalov: Bəli, cənab prezident, ilk dəfədir.

Heydər Əliyev: İlk dəfədir… Bu rolu Rəşid Behbudovun, sonra Lütfiyar İmanovun sizin iştirak etdiyiniz tamaşada oynaması yadımdadır.

Xuraman Qasımova: Bəli, onda Fidan xanım Sevil rolunda oynayırdı, mən isə Dilbər rolunda.

Heydər Əliyev: Görürsünüzmü, indi yeni nəsil, gənc ifaçılar, musiqiçilər yetişib. Azər Zeynalov operada da gündəngünə özünü gözəl göstərir. Bunu da mən çox qiymətləndirirəm. Dilbər rolu da çox gözəl ifa olundu. Bu, bir qədər maraqlı obrazdır. Hər obrazın özünəməxsus xüsusiyyəti var. O xüsusiyyəti açmağın özü, şübhəsiz ki, ifaçının ən böyük nailiyyətidir. Obrazın müsbət və ya mənfi olmasının fərqi yoxdur. Müsbəti müsbət, mənfini mənfi kimi göstərmək hər ifaçının, artistin, aktrisanın böyük məharətidir. Dilbəri də çox gözəl göstərdilər, vaxtınızı almaq istəmirəm, başqalarını da həmçinin. Mən sizin hamınıza təşəkkür edirəm. Bir daha sizi təbrik edirəm.

Xuraman Qasımova: Bu balamızı da təbrik edək.

Polad Bülbüloğlu: Gündüz rolunun ifaçısı balaca İsmayıl Azər Zeynalovun oğludur.

Heydər Əliyev: Hə, sənin oğlundur? Necə gözəl, sərbəst, çəkinmədən oynadı. Elə bil doğrudan da artistdir.

Fərhad Bədəlbəyli: Amma ona qonorar vermirlər.

Heydər Əliyev: Böyüyəndən sonra qonorar da alacaqdır. Təbrik edirəm. İki saatdan çoxdur ki, buradayıq, \"Sevil\" operası Azərbaycanın opera sənətinin ən parlaq əsərlərindən biridir.

Müqayisə etmək istəmirəm, mən sənətşünas, musiqişünas deyiləm və bu vəzifəni də öz üzərimə götürmək istəmirəm. Ancaq hesab edirəm ki, Fikrət Əmirov \"Sevil\" operası ilə yaradıcılığının ən yüksək zirvəsinə qalxmışdır. Çünki bu əsər həm müasir həyatımızın mцvzusu, həm də milli musiqimizin üzərində qurulmuşdur. Operanın ən dəyərli cəhəti də bundan ibarətdir. Fikrət Əmirov dünyasını dəyişib, Allah ona rəhmət eləsin. Vaxt ötdükcə belə insanların xidmətləri daha aydın görünür. Yaşadığı dövrdə insanı bəzən o qədər də yaxşı anlamırlar, qiymətləndirmirlər. Ancaq mənim vicdanım təmizdir. Respublikaya rəhbərliyə gəlməzdən əvvəl də Fikrət Əmirovla çox yaxın dostluq etmişəm. Təsəvvür edin, 1969-cu ildə respublikaya rəhbərliyə başlamışdım. Əgər 1953-cü ildən Fikrət Əmirovla yaxın əlaqədə idimsə, ilk tamaşasında iştirak edib onu təbrik etmişdimsə bu da bizim əlaqələrimizi göstərir. O vaxt da mən ona çox mənəvi dayaq olurdum. Hətta bəzi fikirlərini, dərdlərini mənə danışırdı. Amma respublikaya rəhbərlik etməyə başladıqdan sonra, bilirsiniz ki, mən həmişə mədəniyyətə böyük qayğı göstərmişəm. Məhz bu qayğı nəticəsi idi ki, o, sonra \"Nizami\" simfoniyasını, \"Min bir gecə\" baletini yaratdı. Onun böyük istedadı, potensialı vardı. Ancaq bu potensialı reallaşdırmaq üçün ona kömək etmək lazım idi. Biz o vaxtlar ona bu köməyi, yardımı etdik. O, doğrudan da Azərbaycanın incəsənətində, mədəniyyətində, musiqisində böyük iz qoyub getmişdir. Buna görə də mən bu gün onu xüsusi xatırlayıram. 45 il bundan öncə səhnəyə gətirdiyi əsər bu gün də yaşayır. \"Sevil\" operasını sizin kimi incəsənət xadimlərimiz yaşadır. Hamınızı təbrik edirəm. Sağ olun.