Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyə Respublikasına qısamüddətli işgüzar səfərə yola düşməzdən əvvəl Binə Hava Limanında jurnalistlərə məlumatı - 27 noyabr 1999-cu il

Heydər Əliyev: Mətbuat xidmətinin məlumatı verilibdir. Mən İstanbulda olanda Türkiyənin prezidenti, əziz dostum Süleyman Dəmirəl məndən xahiş etmişdi ki, bu gün Ankaraya gedim, orada ekologiya və torpaq eroziyası ilə əlaqədar bir toplantı var, onda iştirak edim. Onun vətəni İspartada böyük bir universitet var, sabah onun yeni bir fakültəsinin təməli qoyulacaqdır. İsparta Universiteti mənə fəxri doktor adı veribdir. İsparta Süleyman Dəmirəlin vətənidir. Onun qardaşı orada bir xəstəxana tikib, bunun açılışı olacaqdır. İspartada Süleyman Dəmirəl adına Mədəniyyət Mərkəzi yaradılıb, o da açılacaqdır.

O, xahiş edib ki, mən bu tədbirlərdə iştirak edim. Mən bunu məmnuniyyətlə qəbul etmişəm, çünki, bilirsiniz, bizim şəxsi dostluğumuz var. Bir də ki, Süleyman Dəmirəl təkcə mənim yox, bütün Azərbaycan xalqının dostudur. İspartanı ziyarət etmək, onun vətəninə getmək mənim üçün çox böyük şərəfdir. Ona görə də mən gedirəm və sabah axşam da dönəcəyəm. Başqa məqsəd yoxdur.