Azərbaycan - Böyük Britaniya münasibətləri

Münasibətlərin tarixi: Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında ilk əməkdaşlıq əlaqələri XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan çar Rusiyası tərkibində olduğu zamanlar yaranıb. XX əsrin ilk illərində ingilis şirkətləri Bakının neft müəssisələrinə 60 milyon manat kapital qoymuşdular. 1904-cü ildə İngiltərə ağ neftə olan tələbatının 47%-ni Bakının hesabına ödəyib. Azərbaycanda Krekinq qurğusunun texniki avadanlığını istehsal etmək üçün ilk lisenziyanı "Gikkers limited" adlı ingilis şirkəti alıb.

1918-ci ilin yanvar ayında ingilis ekspedisiyası Bağdaddan Bakıya gəlib. Azərbaycan neft mədənlərinin Birləşmiş qüvvələrin (Almaniya və Osmanlı imperiyası) əlinə keçməsinin qarşısını almaq məqsədi güdən bu ekspedisiya general Lioner Danstervilin başçılığı ilə qısa müddətli döyüşlərdən sonra həmin ilin sentyabrında İrana getməli olub. 30 oktyabrda Mudros sülh müqaviləsi imzalandıqdan sonra Britaniya döyüş bölməsi ikinci dəfə Bakıya qayıdıb və 1920-ci ilə qədər burada qalıb. Bu çətin dövrdə general Tompsonun başçılığı altında Britaniya hərbi missiyası Azərbaycanda stabilliyin əldə olunmasında mühüm rol oynayıb.

İkitərəfli siyasi münasibətlər: Böyük Britaniya Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 31-də tanıyıb. Azərbaycanla Böyük Britaniya arasında 11 mart 1992-ci ildə diplomatik münasibətlər barədə saziş imzalanıb. Bakıda kiçik ofislə kifayətlənməli olan Ser Brayn Fol Britaniyanın Azərbaycandakı ilk səfiri olmuşdur. Böyük Britaniyanın Azərbaycandakı səfirliyi 1992-ci ilin sentyabrında ticarət nümayəndəliyi kimi fəaliyyətə başlayıb. Krallığın Rusiyadakı səfiri həm də Azərbaycanın səfiri təyin olunub və etimadnaməsini 1992-ci ilin iyulunda Azərbaycan Prezidentinə təqdim edib. Londonda Azərbaycan səfirliyi isə 1994-cü ilin yanvar ayından fəaliyyət göstərir.

1993-cü ildə Heydər Əliyev Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb. Görüş Ermənistanın Azərbaycana qarşı təcavüzünün qızğın dövründə, erməni silahlı birləşmələrinin Azərbaycanın Ağdam rayonuna hücumları vaxtı keçirilib. Heydər Əliyev Britaniyanın Azərbaycanda daimi səfirinin fəaliyyətə başlamasının zəruriliyini bildirməkdən əlavə, həmin məsələ ilə də bağlı ingilis diplomatına məlumat verib. Səfir Tomas Yanq Heydər Əliyevə Britaniya hökumətinin Azərbaycanın sərhədlərinin toxunulmazlığını tanıdığını bildirib və həmin dövrdə BMT Təhlükəsizlik Şurasının sədri kimi Birləşmiş Krallığın öz səlahiyyətlərindən məsələnin həllində kömək üçün istifadə edəcəyini bildirib. Tomas Yanqın bəyanatına uyğun olaraq Britaniya hökuməti 27 iyul 1993-cü ildə Ağdamın Ermənistan tərəfindən işğal olunmasına etirazını bildirib. Bir gün sonra isə BMT TŞ-də müzakirələr nəticəsində sədrlik edən Britaniyanın da təsiri ilə həmin rayonun işğalına qarşı 853 saylı qətnamə qəbul olunub.

Azərbaycan Prezidenti Heydər Əliyev 22-25 fevral 1994-cü ildə ilk dəfə həmin ölkədə rəsmi səfərdə olub. Səfər zamanı o, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Con Meycor, xarici işlər və birlik işləri üzrə naziri Duqlas Hördlə görüşərək danışıqlar aparıb. Səfər zamanı Heydər Əliyev və Con Meycor iki ölkə arasında əməkdaşlıq məsələlərini tənzimləyən başlıca sazişi - Azərbaycan Respublikası və Böyük Britaniya arasında "Dostluq və əməkdaşlıq haqqında birgə bəyannamə"ni imzalayıblar. Heydər Əliyev Böyük Britaniyaya ilk səfərində Azərbaycanın Birləşmiş Krallıqla əməkdaşlıqda əsas məqsədini ifadə edib: "...Böyük Britaniyanı dünya siyasətində sanballı, siyasi çəkisi olan ölkə, dünya iqtisadi sistemində çox mühüm yer tutan, zəngin tarixi və ənənələri olan ölkə, hərtərəfli əməkdaşlıq yaratmaqla ondan çox şey öyrənmək mümkün olan ölkə hesab edirik."

19-24 iyul 1998-ci ildə Heydər Əliyevin Böyük Britaniyaya ikinci rəsmi səfəri baş tutub. Səfər ölkələr arasında ikitərəfli münasibətlərin inkişafında əsaslı rol oynayıb. Belə ki, Heydər Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası II Yelizaveta ilə rəsmi görüşündə kraliça Azərbaycan Prezidentinə onun Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu sahəsində fəaliyyətinin diqqətlə izləndiyini bildirib. Səfər zamanı Azərbaycan Prezidenti Böyük Britaniyanın Baş naziri Toni Bleyerlə də görüşüb. Toni Bleyer Böyük Britaniyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib.

2004-cü ilin dekabrında Azərbaycanın prezidenti kimi Böyük Britaniyaya səfəri zamanı İlham Əliyevin ölkənin baş naziri Toni Bleyerlə görüşündə 1998-ci ildə imzalanmış "Dostluq münasibətləri və tərəfdaşlıq haqqında bəyannamə" yenidən təsdiqlənib. Bleyer və İlham Əliyev eyni zamanda ikitərəfli münasibətlərin əsası kimi Birgə Kommunike də qəbul ediblər. Prezident İlham Əliyev həmin səfərində Britaniya Kral Beynəlxalq Münasibətlər İnstitutunda (Chatham House) "Yeni Azərbaycan - regional və qlobal münasibətlərdə" mövzusunda çıxış edib.

Böyük Britaniyanın Xarici və Dövlət Məsələləri üzrə Nazirliyinin Avropa məsələləri üzrə dövlət naziri Cim Mörfi 2008-ci il mayın 7-də Azərbaycana səfər edib. Bakıda keçirdiyi görüşlərdə dövlət naziri Azərbaycanın və Ermənistanın Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməli olduğunu və bunun da bölgənin inkişafına təkan verəcəyini qeyd edib. O, Azərbaycanın ərazi bütövlüyünün mübahisə mövzusu olmadığını, Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu və bunun da Böyük Britaniyada da, dünya ictimaiyyətində də qəbul edildiyini nəzərə çatdırıb.

12-13 iyul 2009-cu il tarixdə Prezident İlham Əliyev Böyük Britaniyaya növbəti səfəri çərçivəsində Baş nazir Qordon Braunla görüşüb. Azərbaycanın antiterror koalisiyasında iştirakına toxunan Qordon Braun ölkəmizin bu istiqamətdə fəaliyyətinin Böyük Britaniya hökuməti tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Prezident İlham Əliyevi demokratiya sahəsində əldə edilmiş uğurlar münasibətilə təbrik edən Baş nazir Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsini müsbət hal kimi dəyərləndirib.

2012-ci il iyulun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Böyük Britaniyaya işgüzar səfərə yola düşüb. İyulun 28-də Londonda XXX Yay Olimpiya Oyunları çərçivəsində “Azərbaycan günü” keçirilib və Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. 3-6 avqust tarixində isə Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeron ilə görüşüb.

2014-cü il sentyabrın 4-də Prezident İlham Əliyev Böyük Britaniya krallığında - Uelsdə NATO sammitinin açılışında iştirak edib. Tədbirdə Alyansa üzv olan və İSAF proqramında iştirak edən tərəfdaş ölkələrdən, BMT və digər beynəlxalq təşkilatlardan nümayəndələr iştirak ediblər. NATO-nun Zirvə toplantısının Əfqanıstan üzrə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.

2016-cı il 3-5 fevral tarixlərində Prezident İlham Əliyev BMT-nin baş katibi Pan Gi Munun, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun, Almaniya Federativ Respublikasının Kansleri Angela Merkelin, Norveç Krallığının Baş naziri Erna Solberqin və Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın dəvəti ilə Londonda keçirilən “Suriyaya və regiona dəstək” konfransında iştirak etmək üçün fevralın 3-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında səfərdə olub.

Növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti 2018-ci ilin 26 aprel tarixində Böyük Britaniya Baş nazirinin dəvəti əsasında bu ölkəyə işgüzar səfər edib. Səfər çərçivəsində Prezident İlham Əliyev Britaniyanın Baş naziri Tereza Mey, Britaniya XİN-in Avropa və Amerika üzrə dövlət naziri Alan Dankan, Beynəlxaq Ticarət və İnvestisiyanın Təşviqi üzrə dövlət naziri Baroness Rona Feyrhed, Britaniya Parlamentinin Lordlar və İcmalar Palatasının çoxsaylı nümayəndələri, BP şirkətinin rəhbəri Bob Dadli, eləcə də Buckingam sarayında York hersoqu Şahzadə Endryü ilə görüşlər keçirib. Həmin gün Prezident İlham Əliyevin və Baş nazir Tereza Meyin iştirakı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR, “BP Exploration (Azerbaijan) Limited” şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında saziş imzalanıb.

Böyük Britaniyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair rəsmi mövqeyi beynəlxalq hüquq prinsiplərinə əsaslanır, bu ölkə Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü tanıyır və münaqişənin həllinə nail olmaq yolunda ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir. Azərbaycanla Birləşmiş Krallıq arasındakı münasibətləri bütövlükdə strateji xarakterli münasibətlər adlandırmaq olar.

İqtisadi münasibətlər: Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Azərbaycanda ən böyük xarici investorlardan biridir. Böyük Britaniya Azərbaycana yatırılan investisiyanın həcminə görə liderliyi saxlamaqdadır və bu rəqəm 27 milyard ABŞ dollarını keçib. Bugün Azərbaycanda 500-ə yaxın Britaniya sərmayəli şirkət var və onların arasında qeyri-neft sektorunda fəaliyyət göstərənlərin sayı çoxdur. Hazırda da qeyri-neft sahəsində ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə böyük diqqət verilməkdədir. İndiyədək Azərbaycan və Böyük Britaniya arasında 10-a yaxın biznes forum və investisiya sammiti təşkil edilib.

Enerji sektoru iki ölkə arasındakı aparıcı əməkdaşlıq sahəsi hesab olunur. 1994-cü ildən başlayaraq Azərbaycan və Böyük Britaniya enerji sahəsində uğurlu əməkdaşlıq modeli yaradıblar.

1994-cü ilin fevralında Böyük Britaniyaya səfəri çərçivəsində Heydər Əliyev "Britiş Petroleum" şirkətinin prezidenti ilə görüşü zamanı bu nüfuzlu qərb şirkəti ilə sıx əlaqələrin yaradılmasına tərəfdar olduğunu, bu əlaqələrin Azərbaycanın neft sənayesinə, eləcə də respublikada sosial sahələrin əsaslı surətdə inkişafına müsbət təsir göstərəcəyini bildirib. 1994-cü ildə "Əsrin Müqaviləsi"nin - Azəri-Çıraq-Günəşli (AÇG) yatağının işlənməsi üçün "BP" şirkətinin rəhbərlik etdiyi Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti ilə Hasilatın Pay Bölgüsü Sazişi imzalanıb.

“Əsrin Müqavilə”si imzalanan vaxtdan Britaniyanın “BP” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən əsas neft-qaz layihələrinin operatoru olmaqda davam edir. Bu əməkdaşlığın davamı olaraq 14 sentyabr 2017-ci ildə Bakıda SOCAR və BP-nin əməliyyatçısı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının 2050-ci ilədək işlənilməsini nəzərdə tutan yeni Sazış imzalanıb. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Şahdəniz qaz layihəsi, Azəri-Çıraq-Günəşli neft yataqları bütövlükdə British Petroleum şirkətinin ən böyük xarici layihəsi hesab olunur.

1995-ci il 28 noyabr tarixdə Heydər Əliyev Adam Smit İnstitutunun təşkil etdiyi "Azərbaycanda investisiya imkanları" mövzusunda konfransda iştirak etmək üçün Birləşmiş Krallığa işgüzar səfər edərək bir sıra mühüm görüşlər keçirib. Konfransın gedişində Azərbaycan - Böyük Britaniya Ticarət - Sənaye Şurasının yaradılması haqqında Memorandum imzalanıb.

3-5 iyun 2002-ci ildə ənənəvi illik "Neft-Qaz 2002" sərgisində iştirak etmək məqsədilə Britaniyanın sənaye və energetika naziri Brayan Vilson Bakıya səfər edib və Prezident Heydər Əliyev tərəfindən qəbul olunub. Bundan sonra da Britaniya nazirləri mütəmadi olaraq Xəzər Neft və Qaz sərgisində iştirak ediblər.

Mədəni əlaqələr: 1993-cü ildən Bakıda fəaliyyət göstərən Britaniya Şurası, Azərbaycanda ingilis dillinin tədrisi və azərbaycanlı gənc mütəxəssislərin Böyük Britaniyada təhsillərini davam etdirməsi məqsədi ilə müxtəlif proqramlar həyata keçirib. Azərbaycan və Böyük Britaniyaya məxsus bir sıra universitetlər arasında həyata keçirilən müxtəlif mübadilə proqramları çərçivəsində Azərbaycanlı tələbələr Britaniyada, Britaniya tələbələri isə Azərbaycan universitetlərində təhsil ala biliblər.

Prezident Heydər Əliyev və Böyük Britaniyanın Baş naziri Con Meycor tərəfindən 23 fevral 1994-cü ildə imzalanmış "Təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığa dair saziş" Britaniya ilə Azərbaycan arasında mədəni əməkdaşlığın hüquqi əsasını qoyub. Azərbaycan və Britaniya xalqları arasında təhsil, elm və mədəniyyət sahələrində əlaqələrin inkişafında tarixi əhəmiyyət daşıyan bu saziş imzalandığı gündən iki ölkə arasında qarşılıqlı anlaşmaya geniş zəmin yaradıb. Bundan sonra Böyük Britaniyanın xarici ölkələrlə elmi-mədəni əlaqələrini təşkil edən əsas təşkilat olan British Council Azərbaycanda fəaliyyətini genişləndirib. Sazişin 14-cü maddəsinə əsasən British Council iki ölkə arasında təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlıqda Böyük Britaniya hökumətinin əsas vasitəçisidir. Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə British Council-ın səmərəli fəaliyyəti Heydər Əliyev və Birləşmiş Krallığın baş naziri Toni Bleyerin 1998-ci ilin iyulun 21-də imzaladıqları birgə bəyannamədə də qiymətləndirilib. Bəyannamənin 10-cu maddəsində qeyd olunmuşdur: "Hər iki lider British Council-in Azərbaycanda ingilis dilinin tədrisi, təhsil, elm, texnika və mədəniyyət sahələrini əhatə edən genişlənmiş fəaliyyətini xüsusilə bəyəndilər".

2014-cü ildən etibarən ölkəmizin dəvət aldığı "Vindzor Kral Atçılıq Şousu”nda gözəl Qarabağ atları öz məharətini göstərərək izləyiciləri özünə valeh edə bilib. Azərbaycan Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi və rəqs ansamblından ibarət nümayəndə heyətinin hər il sərgiləndirdiyi bənzərsiz şou-proqramlar və çıxışlar bu möhtəşəm tədbirin artıq ayrılmaz hissəsi olub. 2019-cu ilin may ayında keçirilən tədbir üçün Azərbaycan nümayəndə heyəti tərəfindən xüsusi olaraq, "Azərbaycanın kəlağayısı və Qarabağ atları” adlı şou-kompozisiya hazırlanıb.

Ümumi tarixi arayış may 2020-ci ildə yenilənib.