Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin MDB üzvu olan ölkələrin dövlət basçılarının zirvə görüşündə iştirak etmək üçün Kişinyova yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərə müsahibəsi - 22 oktyabr 1997-ci il

Sual: Cənab prezident, Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin dövlət başçılarının Kişinyov zirvə görüşünün keçirilməsində məqsəd nədir? Azərbaycan Prezidenti digər dövlətlərin başçılarının fikrini hansı əsas məsələyə yönəltmək niyyətindədir?

Cavab: Məqsəd aydındır. Müstəqil Dövlətlər Birliyi daimi fəaliyyət göstərən bir birlikdir. Ona görə də dövlət başçılarının görüşü təbii haldır və bu, vaxtaşırı olmalıdır. Çünki bir sıra məsələlər yığışıb qalır, onları müzakirə etmək, məsləhətləşmək, müvafiq qərarlar qəbul etmək lazımdır. Məqsəd bundan ibarətdir.

Orada gündəlikdə bir çox məsələlər nəzərdə tutulub, onlar müzakirə ediləcəkdir. Dövlət başçılarının bu ilin martında Moskvada keçirilən görüşündə biz Müstəqil Dövlətlər Birliyinin işinin daha da səmərələşdirilməsi və effektli olması haqqında çox mülahizələr irəli sürmüşdük. Ancaq çox təəssüf edirəm ki, bu istəklər, arzular yerinə yetirilmir. Mənim fikrimcə, Müstəqil Dövlətlər Birliyi hələ ki, öz səviyyəsinə gəlib çata bilməyibdir. Ola bilər, bunun müəyyən obyektiv, subyektiv səbəbləri var. Güman edirəm ki, bu görüş zamanı bu barədə geniş fikir mübadiləsi olacaq, hesab edirəm ki, açıq danışıq gedəcəkdir. Hərə öz fikrini bildirməlidir. Biz həmişə demişik, şəxsən mənim fikrim budur ki, bu birliyin fəaliyyətinin uğurlu olması üçün gərək demokratik prinsiplər birlikdə, bərabər hüquqlu, tam bərqərar edilsin. Heç bir dövlətin hegemonluğu və yaxud üstünlüyü yolverilməzdir. Birliyə daxil olan ölkələrin hamısı bərabər hüquqludur. Müstəqil Dövlətlər Birliyi demokratik prinsiplər əsasında inkişaf edə bilər. Ancaq buna hələ ki, nail olmaq mümkün deyil.

Sual: Cənab prezident, MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının ötən iclasında Ermənistanın qanunsuz silahlanması ilə bağlı rəy verilməsi barədə söhbət getmişdir. Bu iclasda həmin məsələni qaldıracaqsınızmı? Ümumiyyətlə, bu silahlanma mövzusu necə davam edəcəkdir?

Cavab: Bu, bizim üçün çox vacib və narahatedici məsələdir. Biz bu məsələni Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin dövlət başçılarının mart ayındakı iclasında qaldırmışdıq. Sonra mən iyul ayında Rusiyada rəsmi səfərdə olarkən Moskvada Prezident Boris Yeltsinlə görüşümdə də bu məsələni qaldırmışam. Bilirsiniz ki, Rusiya, Azərbaycan, Ermənistan birgə komissiyası yaradılmışdır. Ancaq təəssüf ki, Rusiyanın, şübhəsiz, Ermənistanın da bu məsələnin aşkar olunmasına o qədər də böyük arzusu yoxdur. Ona görə də komissiyanın işi çox zəif gedir. Biz bundan çox narazıyıq, öz fikirlərimizi bildirmişik. Biz tələb edirik ki, bu məsələlər tezliklə aşkar edilsin.

Hər şey aydındır, - silahlar gizli yolla verilib. Bu barədə artıq bir çox sübutlar, dəlillər meydana çıxıbdır. İstintaq bunları aşkara çıxarıbdır. Rusiyanın rəhbərliyi öz üzərinə sadəcə, cəsarətli bir yük götürməli və bildirməlidir ki, həqiqətən belə şeylər olub. Biz bu silahların geri qaytarılmasını tələb edirik, o da bunu təmin etsin.

Sual: Cənab prezident, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi sahəsində Ermənistanın mövqeyinin necə olması barədə suala cavabınızı bilmək hamı üçün maraqlı olardı. Bu mövqedə dəyişiklik varmı?

Cavab: Ümidvericidir. Ter-Petrosyanla Strasburqda apardığım danışıqlar mənə əsas verir ki, onun özündə həqiqətən belə bir fikir formalaşıbdır ki, bu məsələ həll olunmalıdır və ATƏT-in Minsk qrupu həmsədrlərinin təklifləri əsasən qəbul edilibdir.