Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin məşhur İspaniya müğənnisi Xulio İqlesias ilə görüşdəki söhbəti Prezident sarayı 25 iyul 1999-cu il

Heydər  Əliyev: Hörmətli cənab Xulio İqlesias!

Hörmətli qonaqlar!

Mən sizi Azərbaycanda bir daha səmimi-qəlbdən salamlayıram. Mən çox məmnunam ki, siz – dünyanın ən böyük ulduzlarından biri,  nəhayət, Azərbaycana da gəlmisiniz və burada Azərbaycanın musiqisevərləri ilə görüşmüsünüz.

Allah sizə çox gözəl səs veribdir və çox gözəl istedad veribdir.  Gözəl səsinizlə,  gözəl istedadınızla siz həqiqətən,  dünyanın ən məşhur,  ən sevimli,  ən gözəl müğənnilərindən biri olmusunuz.  Bunu dünyanın hər yerində bilirlər. O cümlədən Azərbaycanda da bilirlər və sizin sənətinizi çox yüksək qiymətləndirirlər. Ona görə də sizin Azərbaycana ziyarətiniz,  Azərbaycan musiqisevərlərinə sevinc gətirməyiniz və Azərbaycanla tanış olmağınız bizim üçün çox əhəmiyyətlidir.

Mən xüsusən onu qeyd etmək istəyirəm ki,  siz ölkəmizə gələn kimi ilk növbədə,  Azərbaycanın ağır vəziyyətdə yaşayan insanları ilə,  yəni Ermənistan–Azərbaycan münaqişəsi nəticəsində doğma yurdlarından zorla çıxarılıb indi çadırlarda yaşayan insanlarla görüşə getdiniz. Bu onu göstərir ki, siz nəinki böyük sənətkar, müğənni, musiqiçi, eyni zamanda böyük ictimai xadimsiniz və dünyada hər bir ölkədə olan ictimai, siyasi, sosial məsələlər də sizi maraqlandırır. Bu, məni çox sevindirir.

Mən şəxsən sizi neçə illərdir ki,  tanıyıram.  Eləcə də,  demək olar ki,  dünyanın insanlarının çoxu sizi sənətinizə görə tanıyır. Ancaq sizin bir şəxsiyyət kimi bu qədər çoxşaxəli bir insan olduğunuzu mən burada öz gözlərimlə gördüm.

Siz dünən mənə dediniz ki, 32  ildir oxuyursunuz. 32  ildir böyük zəhmətlər çəkirsiniz.  Mən şəxsən,  ümumiyyətlə,  incəsənət aləminin    insanları ilə,  musiqi,  teatr sənətkarları ilə həmişə çox maraqlanmışam və onların çoxunun həyatı ilə tanışam. Yaxşı bilirəm ki, səhnədə öz sənətini axşam bir-iki-üç saat nümayiş etdirən sənətkar,  demək olar ki,  bir gecədə on günlük iş görür.  İnsanların çoxu teatra,  konsertə gəlir,  müğənnini dinləyir, zövq alır. Elə bilir ki, asan bir şeydir:  gəldi,  səhnəyə çıxdı,  oxudu və bununla da iş qurtardı. Ancaq şəxsən mən bilirəm, - bir dəfə səhnəyə çıxmaq üçün ən böyük artist, ən böyük müğənni, ən böyük sənətkar nə qədər hazırlaşır, nə qədər gərgin saatlar keçirir və öz sənətini nümayiş etdirir.

Ona görə də, mənim fikrimcə,  sizin müğənniliyinizin 32 illik tarixini ikiyə, üçə vurmaq lazımdır. Yəni, ola bilər, 64 il olsun, yaxud daha çox olsun.

Bir şey də çox qəribədir və çox da sevindiricidir ki,  siz 32  il oxuyaraq,  - özü də məlumdur ki,  siz o müğənnilərdən deyilsiniz ki, ayda bir dəfə, iki dəfə oxuyasınız. Məsələn, opera müğənniləri vardır, ayda onların iki-üç çıxışı olur və ondan sonra istirahət edirlər.  Amma siz daim oxuyursunuz,  - 32 il oxuyaraq səsinizi bu qədər gözəl saxlamısınız və səhhətinizi bu qədər gözəl saxlamısınız. Mən buna görə sizə çox heyranam və sizi həyatınız boyu əldə etdiyiniz nailiyyətlər münasibətilə ürəkdən təbrik edirəm.

Sizin dünən Azərbaycan tamaşaçılarına verdiyiniz konsert ən yüksək qiymətə layiqdir.  Mən salonda oturmuşdum, fikirləşirdim, - siz iki saat yarım səhnədən çıxmadınız, iki saat yarım daim oxudunuz. Gör bu nə qədər böyük əməkdir! Özü də əvvəl oxumağa necə başladınız, sonda da elə bitirdiniz. Siz özünüz gördünüz ki,  salondakılar sizi necə hərarətlə qarşılayırdılar, sizi necə sevinclə dinləyirdilər.

Bəzən bizim böyük konsertlərimiz olur – bir saat otuz dəqiqə,  bir saat iyirmi dəqiqə.  Orada müxtəlif nömrələr göstərirlər.  Amma bir saat iyirmi dəqiqədən sonra adamı yorur. Sizi isə iki saat yarım dinləyəndən sonra mən şəxsən yorulmadım.  Əksinə,  daha da ruhlandım,  daha da çox enerji aldım.  Güman edirəm, salondakıların hamısı belə idi.

Sizin konsertiniz qurtarandan sonra biz dərhal görüşdük. Mən gördüm ki, siz bir az yorulmusunuz. Ancaq siz gördünüz ki, mən yorulmamışam. Nə üçün? Sizin musiqiniz o qədər gözəl ruh veribdir. Bunlara görə sizə təşəkkür edirəm və sizin dünənki çox gözəl konsertinizi, çıxışınızı ürəkdən təbrik edirəm.

Mən məmnunam ki,  siz bugünkü Azərbaycanı,  Bakını da müəyyən qədər görə biləcəksiniz,  ya görürsünüz.  Biz öz vətənimizi çox sevirik.  Hesab edirik ki,  Bakı dünyanın ən gözəl şəhərlərindən biridir və xüsusən indi,  Azərbaycan dövlət müstəqilliyi əldə edəndən sonra,  azad,  sərbəst olandan sonra biz özümüzün sahibiyik. Belə olan halda, əlbəttə ki, bizdə indi bütün iqtisadi,  siyasi sistem dəyişildiyi halda Bakı çox yaxşı inkişaf edir.

Siz dünən doğru buyurdunuz ki,  Azərbaycanın bir müstəqil ölkə kimi çox böyük gələcəyi vardır.  Bu həqiqətdir. Biz bunu bilirik. Amma sizin də bu ifadəni iĢlətməyiniz sizin nə qədər dərin mənaya malik, müdrik adam olduğunuzu göstərir.  Mən çox arzu edərdim ki,  siz Azərbaycanı daha da yaxşı tanıyasınız.  Dünən səhnədən Azərbaycan xalqı haqqında dəyərli sözlər dediniz və sizə bildirə bilərəm ki,  sizin o sözləriniz də həqiqətə uyğundur.

Mən sizi bir də təbrik edirəm və bir daha sizinlə görüşüb tanış olmağımdan sevinc hissi duyuram.

Xulio    İqlesias: Çox sağ olun, cənab Prezident. Mənim Sizə deyiləcək bir neçə sözüm vardır.

Həmişə mənim ürəyimdə və beynimdə olubdur ki, bu ölkəyə səfər edim. Mən bundan sonra öz həmkarlarıma, biznesdə olan dostlarımın hamısına deyəcəyəm ki,  Azərbaycana səfər etmək çox maraqlı və çox gözəldir. Azərbaycanın həm xalqı, həm də Prezidenti çox gözəldirlər.

Siyasətçi olmayıb müğənni olmağım heç də o demək deyil ki, mən insanlar barədə düşünmürəm. Əlbəttəki, mən qaçqınların düşdüyü vəziyyəti,  onların əzab-əziyyətlərini,  onların günbəgün yaşadığı çətinlikləri dərindən duyuram.  Ümidimi itirmirəm ki,  onlar çox tezliklə evlərinə qayıdacaqlar.  Mən uşaqların sifətlərinə

diqqətlə baxdım, hamının sifətini gördüm. Onların sifətlərində yalnız bir şey yazılmışdı: onlar o ümiddədirlər ki, tezliklə evlərinə qayıdacaqlar. Hara gedirəmsə-gedim, bu haqda hamıya deyəcəyəm. Çünki bu ölkədə oldum, bu ölkəni sevdim,  bu ölkənin xalqını bəyəndim.  Çox şadam ki,  buraya gəldim.  Çox şadam ki,  cənab Prezident, Sizinlə tanış oldum.

Cənab Prezident, Sizə, bu ölkəyə, bu ölkənin qonaqpərvərliyinə minnətdaram. Sizin gözəl, hər şeyi görəbiləcək gözləriniz vardır.

Heydər   Əliyev: Siz bunu dünən də mənə dərhal dediniz. Mən özüm heç o qədər də təsəvvür edə bilmirəm ki, mənim siz dediyiniz kimi gözlərim vardır. Gözlərim itidir, ancaq gözəlliyini deyə bilmərəm.

Xulio   İqlesias: Cənab Prezident, bilirsinizmi, əgər prezidentin gözləri gözəl olmasa, onun üçün çox çətin olar. İnsanlar həmişə insanı gözündən oxuyurlar.

Cənab Prezident,  mən də Sizi təbrik edirəm.  Çox sağ olun ki,  məni dəvət etdiniz.  Bütün adamlara –nazirlərə,  mənim konsertlərimə gələn şəxslərin hamısına ayrı-ayrılıqda minnətdarlığımı bildirmək istəyirəm.

Həqiqətən,  Azərbaycana valeh oldum və insanların hamısını sevdim,  onların gözlərini bəyəndim.  Cənab Prezident, ilk növbədə Sizin gözlərinizi bəyəndim.

Heydər  Əliyev: Çox sağ olun, təşəkkür edirəm.